Category: İdman

  • Qurban Qurbanov: “Araz Abdullayevi performansından narazı olduğum üçün cəzalandırdım”

    “Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və 2 xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sabah” komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

    47 yaşlı mütəxəssis qış fasiləsindən sonrakı 4 matçda komandasının çıxışını belə dəyərləndirib: “Oyunumuzun daha yaxşı, hər bir futbolçumuzun isə yüksək səviyyədə oynamasını istəyirəm. Fasilədən sonrakı 4 oyunda 12 xal qazanmaq istəyirdik. Razı qaldığım və qalmadığım məqamlar var”.

    “Qarabağ” bu nəticədən sonra “Neftçi” ilə xallarını bərabərləşdirmələrinə rəğmən, 1-ci pilləyə yüksələ bilməyib. Qurbanov çempionluq yolunda əsas rəqiblərinin yox, yalnız öz oyunlarını düşündüklərini diqqətə çatdırıb: “Biz ilk növbədə, öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik”.

    Baş məşqçi Araz Abdullayevin əvəzedici heyətə göndərməsindən və əvəzetmələrdən tam yararlanmamasından da söz açıb: “Arazın çıxışından bir qədər narazı idim. Onu dünən əvəzedici heyətə göndərdim. Əvəzetmələrə gəldikdə, hücumu gücləndirə biləcək iki futbolçu var idi. Onlardan Abdullah Zubir zədəli idi. Oyunun bitməsinə 10 dəqiqə qalmış qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzləmə etmədim”.

    Qurbanov hazırda “Sabah”ın heyətində çıxış edən Coşqun Diniyevin keçmiş komandası “Qarabağ”a qarşı xüsusi motivasiya ilə çıxış etməsini isə normal sayıb: “İstənilən futbolçu keçmiş komandasına qarşı motivasiya ilə hazırlaşır”.

    Qeyd edək ki, Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyununda “Sabah” “Qarabağ”ı qəbul edib.

  • Aşumovanın oğlu Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək

    Azərbaycanı Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının atıcılıq üzrə idman növündə hansı idmançıların təmsil edəcəyi müəyyənləşib.

    Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərovun oxu.az-a verdiyi xəbərə görə, 22-29 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarınınn atıcılıq növlərində beş idmançımız mübarizə aparacaq.

    Bunlar Emin Cəfərov, Nurlana Cəfərova (hər ikisi dairəvi stend atıcılığı), Aydan Camalova (stend atıcılığı), Ruslan Lunyov və Nigar Bağırovadır (hər ikisi güllə atıcılığı).

    Onu da bildirək IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medal qazanmış Ruslan Lunyov 2004-cü ilin Olimpiya mükafatçısı İradə Aşumovanın oğludur.

    Qeyd edək ki, daha əvvəl 22-23 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarında iştirak edəcək samboçularımızın adını açıqlamışdıq.

  • Bu da İranda bayrağımız üçün mübarizə aparan 11 yaşlı Zəhra – VİDEO

    Bir müddət əvvəl İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda iştirak edən 11 yaşlı həmyerlimiz Zəhra Salmanova vətənpərvər bir addım atıb. O, yarışın keçirildiyi zalda bayrağımızın erməni bayrağından aşağıda asılmasına etiraz edib və bayrağın yerinin dəyişdirilməsinə nail olub. Hətta o, erməni rəqibini də məğlub edərək qızıl medal qazanıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş karate üzrə yarışda örnək bir addım atıb. O, turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etiraz edib. Zəhra Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.

    Bayraq daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli bütün rəqiblərinin üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

    Zəhranın sözlərinə görə, müxtəlif idman yarışlarında iştirak etsə də, bu yarışın və medalın yeri onda tam fərqlidir.

    Zəhra deyir ki, idman artıq onun həyatının ən önəmli hissəsinə çevrilib. Amma bununla bərabər dərslərini də yaxşı oxuyur.

  • Bakıya gedən yol: Avropa Liqasının 1/8 finalının püşkü atıldı

    Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

    Püşkü Avroliqanın səfiri, “Valensiya” və “Sevilya” ilə üç dəfə UEFA Kubokunu qazanmış ispaniyalı veteran qapıçı Andres Palop çəkib.

    Beləliklə, 16 komanda növbəti mərhələdə bir-birinin rəqibini öyrənib. Püşkün nəticəsi belə olub.

    “Çelsi” (İngiltərə) – “Dinamo” (Ukrayna)

    “Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)

    “Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya)

    “Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)

    “Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)

    “Sevilya” (İspaniya) – “Slaviya” (Çexiya)

    “Arsenal” (İngiltərə) – “Ren” (Fransa)

    “Zenit” (Rusiya) – “Vilyareal” (İspaniya)

    Qeyd edək ki, bu mərhələnin görüşləri martın 7-də və 14-də keçiriləcək. UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
    //oxu.az

  • Azərbaycanın Olimpiadada iştirakçı sayı məhdudlaşdırılıb

    Azərbaycanın ağırlıqqaldırma idman növündə Olimpiadada iştirakçı sayı məhdudlaşdırılıb.

    Buna səbəb 2008-ci il Pekin Olimpiadasından sonra iyirmidən çox idmançıda dopinq-testin müsbət çıxmasıdır.

    Bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının baş direktoru Attila Adamfi deyib. Topla Hokkey Federasiyasının vitse-prezidenti də olan macarıstanlı mütəxəssis bildirib ki, 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasında hər bir ölkə maksimum səkkiz idmançı ilə təmsil oluna bilər.

    Lakin 2008-ci ildən bəri iyirmidən çox idmançısı dopinqə düşmüş MDB ölkələri – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Rusiyaya iki atletdən çox təmsil olunmağa icazə verilmir.
    //oxu.az

  • Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçilib

    Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən ilin ən yaxşı federasiyası seçilib.

    AGF-dən verilən məlumata görə, federasiya ardıcıl ikinci dəfə ilin ən yaxşısı adına layiq görülüb.

    Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə on ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.

  • Dünya futbol ulduzları Bakıya gələcəklər

    UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar futbolsevərlər üçün bir sıra yeniliklər baş verməkdədir. Belə yeniliklərdən biri də martın 3-də saat 12:30-da Bakının mərkəzində “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma olacaq. Həmin oyunda yerli və əcnəbi futbolçuları çıxış edəcəklər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Eydur Qudyonsen, Maykl Essien, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 nəfər isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, “Avropa Liqası Final 2019″a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

    Paytaxt sakinləri hər kəsə açıq olacaq bu maraqlı qarşılaşmanı yalnız izləməyəcəklər. Eyni zamanda, müsabiqədə iştirak etməklə futbol ulduzları ilə eyni meydanı paylaşmaq şansı qazanacaqlar.

    Yarış iştirakçıları üçün müsabiqə iki istiqamətdə keçiriləcək. Birinci şərtə görə, iştirakçılar fevralın 23-24-də Topaz Premyer Liqasının XVIII turunda oyunların baş tutacağı stadionlardan birində (oyun zamanı) selfi çəkdirməli, şəkli şəxsi “Facebook” hesabında “#joinallstar” həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər.

    İştirak üçün digər seçim isə futbol bacarıqları ilə bağlıdır. Belə ki, iştirakçılar futbol oyunu zamanı hər hansı maraqlı futbol hərəkətlərini və ya qol vurduqları anı videoya çəkməli, eyni qaydada videonu şəxsi “Facebook” hesabından #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər. Videoda iştirakçının üzü aydın görünməli və görüntü 10 saniyəni keçməməlidir.

    İlk müsabiqənin qalibi təsadüfi seçim əsasında müəyyənləşəcək. İkinci müsabiqənin qalibini isə münsiflər heyəti təyin edəcək. İştirakçılar müsabiqələrdən yalnız birində iştirak edə bilərlər. www.finalbaku2019.az saytında qeydiyyatdan keçməyən iştirakçıların paylaşımı qəbul olunmayacaq. Qeydiyyatdan keçmək üçün https://goo.gl/forms/4Y6NCWnefozlxzpB2 keçidinə daxil olmaq, qeydiyyat formasını doldurmaq və ən əsası, “Facebook” paylaşımının linkini müvafiq xanada qeyd etmək lazımdır.

    Müsabiqənin qaydaları ilə bağlı ətraflı məlumatı www.finalbaku2019.az/allstar keçidindən əldə etmək mümkündür.

    “Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 12:00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, www.finalbaku2019.az saytında fəaliyyət göstərən “Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün mükafatlandırılacaq.

  • Manenin evi soyuldu

    “Liverpul”un hücumçusu Sadio Manenin evi oğrular tərəfindən soyulub.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, hadisə “Liverpul” – “Bavariya” qarşılaşması zamanı baş verib. Oğurluq zaman evdə heç kim olmayıb. Oğrular evdən telefon, saat və maşın açarlarını götürüblər.

    Qeyd edək ki, 26 yaşlı seneqallı futbolçunun 2017-ci ilin noyabr ayında da başına belə bir hadisə gəlmişdi.

  • Dastin Porye və El Yakuinta UFC-dən getmək istəyirlər

    Mütləq döyüş çempionatının (UFC) amerikalı idmançıları Dastin Porye və El Yakuinta UFC ilə olan müqavilələrini ləğv etmək istəyirlər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki idmançı döyüşlərin sayının az olmasından narazıdırlar.

    “Mən UFC ilə müqaviləmi ləğv etmək istəyirəm. Qurumun rəhbərliyi məni Yakuinta ilə döyüşdürmək istəyir? Razıyam, amma bir şərtlə ki döyüşün qonorarın artırsınlar. Lakin heç kim bu barədə mənə rəsmi qaydada təklif etməyib”, – deyə Dastin Porye bildirib.

    İndiyədək 29 döyüş keçirən 30 yaşlı Dastin Porye 24 qarşılaşmada qalib gəlib, 5 görüşdə isə məğlub olub. El Yakuinta isə 18 döyüşün 14-də rinqi qələbə ilə tərk edib.

  • AVRO-2021: Qadınlardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib

    Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

    İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında baş tutan püşkatma mərasimində 5-ci səbətdə yer alan yığma D qrupuna düşüb. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv İspaniya, Çexiya, Polşa və Moldovaya rəqib olub.

    Püşkatmada iştirak edən 48 yığma 9 qrupa bölünüb:

    A qrupu: Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, Estoniya

    B qrupu: İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, Gürcüstan

    C qrupu: Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adaları

    D qrupu: İspaniya, Çexiya, Polşa, Moldova, AZƏRBAYCAN

    E qrupu: Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, Kipr

    F qrupu: İsveç, İslandiya, Macarıstan, Slovakiya, Latviya

    G qrupu: Fransa, Avstriya, Serbiya, Qazaxıstan, Makedoniya

    H qrupu: İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, Litva

    I qrupu: Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, Monteneqro

    Azərbaycan millisi 2009-cu ildən sonra ilk dəfə seçmə mərhələdə qüvvəsini sınayacaq. Eyni zamanda Kosovo da tarixində ilk dəfə püşkatmada yer alıb.

    Qeyd edək ki, qrup qalibləri və 2-ci yeri tutan ən yaxşı nəticəyə malik 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. Digər 6 qrupun 2-ciləri isə 2021-ci ildə İngiltərədə təşkil olunacaq final mərhələsinə yüksəlmək üçün pley-off oynayacaqlar.