Category: İdman

  • Azərbaycan komandası bədii gimnastika üzrə “Grand Prix” yarışlarında 5-ci olub

    Moskvada bədii gimnastika üzrə “Grand Prix” yarışları baş tutub.

    Median.Az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi bu turnirdə qrup hərəkətləri proqramında 2-ci heyətli komandamız təmsil edib. Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova, Ayna Cəfərova və Humay Əliyevadan ibarət qrup komandası həm 4 gürz-3 halqa, həm də 5 topla çıxışlarına görə finala vəsiqə qazanıblar. Qızlarımız hər iki çıxış üzrə final mərhələsində 6-cı olublar.

    Qrup hərəkətləri komandamız həmçinin, çoxnövçülükdə turniri 5-ci yerlə başa vurublar.

  • Millimizin futbolçusu xarici kluba transfer oldu – FOTO

    Azərbaycanın 21 yaşadək millisinin futbolçusu Tural Bayramlı legioner karyerası yaşayacaq.

    Median.Az oxu.az-a istinadla xəbər verir ki, o, Latviyanın “Daoqavpils” klubuna transfer olub.

    Bu barədə Daoqavpils təmsilçisinin sosial şəbəkə hesabı məlumat yayıb. Lakin, həm yarımmüdafiəçi, həm də hücumçu mövqeyində çıxış edən 21 yaşlı futbolçumuzla bağlanan müqavilənin müddəti açıqlanmayıb.

    Qeyd edək ki, Tural Bayramlı bunadək “Sumqayıt” klubunda çıxış edirdi.

  • Yurçeviçli millimizin Bakıdakı ilk rəqibi məlum oldu

    Azərbaycan milli komandası martın 25-də yoldaşlıq oyunu keçirəcək.

    Millimiz “Bakcell Arena”da Litva millisi ilə qarşılaşacaq.

    Qarşılaşma saat 18:00-da başlayacaq.

    Qeyd edək ki, bu matçdan əvvəl Nikola Yurçeviçin başçılıq etdiyi millimiz ilk sınağını Xorvatiyaya qarşı verəcək. Həmin görüş martın 21-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

  • Arvadını döyən idmançının dostu: Anar 500 manatı ödəməyə hazır idi

    Arvadını döydüyü üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs olunmuş budo döyüş növləri üzrə dördqat Avropa və dünya çempionu Anar Süleymanov bir neçə gündür, ölkə gündəmini zəbt edib.

    Oxu.az bu məqsədlə sanda döyüş növü üzrə beynəlxalq dərəcəli hakim olan Anar Süleymanovun dostu, kikboksinq üzrə əməkdar idman ustası Fuad Zeynalovla danışıb.

    – Fuad müəllim, Anara iyirmi günlük həbs cəzası verilib. Bu barədə nə düşünürsünüz, sizcə, doğru qərardır?

    – Anara əvvəl 500 manat cərimə kəsilmişdi və bu cəzaya da razı idi. Heç kim Anar Süleymanovun tərəfini saxlamır. Cinayət varsa, cəzasını çəkməlidir. Əsas ekspertiza rəyi idi. Orada da həyat yoldaşına dərəcəsi bilinməyən yüngül xəsarət yetirdiyi bildirilmişdi. İki dəfə bu rəydən şikayət olundu və eyni rəy verildi. Yəni heç bir ciddi xəsarətdən söhbət gedə bilməz. Bütün saytlar yazır ki, Anar arvadını döyüb. Arvadını döyəni iyirmi sutka saxlamırlar axı…

    – Əvvəl 500 manat cərimə cəzası idisə, sonra niyə bu, iyirmi sutkalıq həbslə dəyişdirildi?

    – Onlar apellyasiya şikayəti verdilər. Bundan sonra işə yenidən birinci instansiya məhkəməsində baxıb cəzanı iyirmi günlük həbsə dəyişdilər. Bu dəfə Anarın vəkili apellyasiya şikayəti verdi ki, dərəcəsi bilinməyən xəsarətə görə belə cəza verilməsi düz deyil. Adam öldürməyib, bir şey etməyib. Qarşı tərəfdə sınma, göyərmə izi yoxdur. Anar vurduğu bir şilləyə görə 500 manat cərimə cəzası ödəməyə hazır idi. Həyat yoldaşını vurduğunu boynundan atmır. Amma bizim üçün əsas ekspertizanın rəyi idi.

    – Onlar avqustun sonlarında evlənmişdilər. Tərəflərin arasındakı davanın səbəbi nədir?

    – Belə şeylərə çox qarışmaq istəmirəm. Mən məsələyə neytral bir insan kimi yanaşıram. Qız da yaxşı insandır.

    – O da kikboksçu olub, səhv etmirəmsə…

    – Adi kikboksçu olub, heç bir nəticəsi olmayıb. Anarın tələbəsi idi. Evlənəndən bir-iki gün sonra aralarında mübahisə başlayıb, yola getməyiblər. Deyəsən, qız bir az kobudluq edib, yəqin Anar da qarşılıq verib. Bir sözlə, ailə münaqişəsi olub.

    – Tərəflər boşanıb?

    – İki-üç aydır ki, aralarında boşanmaya dair məhkəmə prosesi gedir. Qız tərəfi deyirdi ki, səni tutduracağıq. Arzularına çatdılar. Qanunla belə məsləhət görülübsə, yəqin ki, haqlıdırlar. Amma söhbət bundan gedir ki, bir şillə vurmağa görə saytlarda başlıqlara “arvadını döyən” yazmaq doğru deyil. Hamı da fikirləşir ki, yəqin, onu salıb ayağının altına, döyüb. Bu da idmançının imicini ləkələyir. Heç olmasa, “ailə münaqişəsində bir şillə vuran” yazsınlar. Əslində, arvadını yazmaq da düz deyil. Çünki onların boşanmaya dair məhkəmə prosesi gedir. Qız tərəfi Anardan şikayət edən kimi o, dərhal boşanmağa dair ərizə ilə müraciət edib.

    – Bakı Apellyasiya Məhkəməsindən çıxdıqdan sonra yayılan videoda sizin ona “şeir yazarsan, orada vaxtın çox olacaq” kimi atmacanız var. O nə şeirlərdir?

    – O, şeir yazır. Səhifəsində yazdığı şeirləri paylaşır. Qəşəng yazır. Çox istedadlı uşaqdır, şeir yazır, qarmon çalır.

    – O həbs olunana kimi kikboksinq üzrə qızlar millimizin baş məşqçisi idi?

    – Bəli. Onun yetirməsi olduğu qızlar da Anarın xətrini çox istəyir. Söhbət bundan gedir ki, Anar sülh adamıdır, dava salan, qəddar adam deyil. Onun tərəfini saxlamaq kimi olmasın, bədbəxt, fağır adamdır. Onun bir dəfə də olsun qəddarlığını, kiməsə yumruq, kəllə atdığını görməmişəm.

    Kiminləsə mübahisəsi düşər, bu normaldır. Amma bu insanda davakarlıq, aqressiya yoxdur. Onun danışıq tonu da sakitdir. Qışqıranda da sakit qışqırır. Bu adam cəllad deyil axı. Onu ləkələdilər. Anarı bu formada təqdim etmək düz deyildi.

  • Rusiyada hokkeyçi matç zamanı öldü – VİDEO

    Rusiyanın Novosibirsk şəhərində “Rodnik” buz arenasında keçirilən həvəskar matç zamanı 55 yaşlı hokkeyçi ölüb.

    TASS bu barədə İstintaq Komitəsinin regional idarəsinə istinadən məlumat yayıb.

    Məlumata görə, fakt üzrə cinayət-prosessual yoxlamalar aparılıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın yekununda prosessual qərar çıxarılacaq.

    Hokkeyçinin “Udarnik” və “Titanlar” həvəskar komandaları arasında keçirilən oyun zamanı dünyasını dəyişdiyi bildirilir.

    Ölümün səbəbi hələlik açıqlanmır. Bundan əvvəl – dekabrın 10-da analoji hadisə Perm şəhərində yaşanmışdı. Gecə Hokkey Liqasının “Şahinlər” klubunun oyunçusu PKS komandasına qarşı matç zamanı keçinmişdi.

  • Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı

    Madridin “Real” klubunun keçmiş çalışdırıcısı Zinəddin Zidan məşqçi fəaliyyətini İngiltərə çempionatında davam etdirə bilər. Həftəsonu Britaniya mətbuatında onun “Çelsi”yə keçidi ilə bağlı danışıqların getdiyi haqqında xəbər yayılmışdı.

    “The Sun” nəşrinin məlumatına əsasən, Zinəddin Zidan “Çelsi” ilə müqavilə bağlaması üçün London klubundan iki şərtin yerinə yetirilməsini istəyib.

    Zidan klubun heyətinin gücləndirilməsi üçün rəhbərliyin transfer və ya icarələrə 200 milyon funt sterlinq (təxminən 440 milyon manat – red.) ayırmasını istəyib. İkinci şərti isə “Çelsi” rəhbərliyinin “Real”a keçidi gündəmdə olan belçikalı yarımmüdafiəçi Eden Azarı komandada saxlaması olub.

    Hazırkı çalışdırıcı Mauritsio Sarri paytaxt klubu rəhbərliyinin etimadını itirib. “Zadəganlar” Premyer liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

  • Olimpiya çempionumuz Antalyada gümüş medal qazandı

    Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open” beynəlxalq turnirində uğurla çıxış edib.

    Türkiyədəki yarışda 14-ü kişi və 6-sı qadın olmaqla, ümumilikdə iyirmi taekvondoçu ilə təmsil olunan komandamızın altı üzvü medal qazanıb.

    Kişilərin yarışında mübarizə aparan taekvondoçumuz Milad Beiqi Hərçəqani (-80 kq) və qadın idmançımız Patimat Abakarova (-53 kq) rəqiblərinə qalib gələrək yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Olimpiya çempionumuz Radik İsayev (+87 kq) və Həşim Məhəmmədov (-58 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.

    Digər təmsilçimiz Məhəmməd Məmmədov (-68 kq) və Ramin Əzizov (-87 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənib.

    Beləliklə, 51 ölkədən 1615 idmançının qatıldığı, sayca altıncı olan G1 kateqoriyalı turnirdə millimiz aktivinə iki qızıl, iki gümüş və iki bürünc medal əlavə edib. Yığmamız fevralın 19-da Vətənə qayıdacaq.

    Ölkəmizi bu yarışlarda beynəlxalq dərəcəli hakimlərdən Gündüz Abdullayev, Oh Kvanq Çeol, Coşqun Nadirov və Nigar Hacıyeva təmsil edib.

    Qeyd edək ki, fevralın 11-12-də Antalyada təşkil edilən “Prezident kuboku” uğrunda yarışda qüvvəsini sınayan Azərbaycan taekvondoçuları turnirdə dörd medal qazanmışdı.

  • Batut gimnastikası yarışlarının kişilər və qadınlar arasında fərdi proqramda finalçıları müəyyən olub

    Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası yarışlarının kişi və qadın gimnastları arasında fərdi proqramda finalçıları müəyyən olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, təsnifat yarışlarının yekunlarına görə kişilər arasında finala Belarus gimnastı Vladislav Qonçarov (1-ci yer – 114.470 bal), Çin təmsilçisi Donq Donq (2-ci yer – 113.070 bal), rusiyalı gimnast Andrey Yudin (3-cü yer – 112.560 bal), Yeni Zelandiya təmsilçisi Dilan Şmidt (4-cü yer – 112.130 bal), çinli Tu Syao (5-ci yer – 111.890), yaponiyalı Daiki Kişı (6-cı yer – 111.625 bal), Yaponiya təmsilçisi Tütsuya Sotomura (7-ci yer – 111.335 bal), belarusiyalı Aleks Rabtsau (8-ci yer – 111.020 bal) yüksəliblər.

    Təsnifat yarışlarının yekunlarına görə qadınlar arasında finala çinli idmançı Qianqi Lin (1-ci yer – 107.130 bal), çinli Linqlinq Lyu (2-ci yer – 105.400 bal), kanadalı Rozanna Meklennan (3-cü yer – 105.165 bal), belarusiyalı Mariya Maxarinskaya (4-cü yer – 105.550 bal), rusiyalı Susanna Koçesok (5-ci yer – 104.330 bal), yaponiyalı Tisato Doixita (6-cı yer – 104.055 bal), rusiyalı İrina Kundius (7-ci yer – 103.795 bal), yaponiyalı Mequ Uyama (8-ci yer – 103.480 bal).

    Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

    Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

    Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

    İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

    Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

    2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

    Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

  • Danışılmış oyuna görə Azərbaycandan qovulmuş futbolçu Bakı klubunda

    “Səbail” PFK daha bir legioner futbolçunu heyətinə qatıb.

    Median.Az xəbər verir ki, Bakı klubu nigeriyalı Oke Akpoveta ilə mayın 31-dək müqavilə imzalayıb.

    27 yaşlı nigeriyalı hücumçu 2009-2011-ci illərdə Nigeriyanın “Vari Vulvz” klubunda çıxış etdikdən sonra 2011-ci ildə Danimarkanın məşhur klublarından olan “Bronbü” ilə dörd illik müqavilə bağlayıb. Lakin qol vura bilmədiyi üçün 2014-cü ilin yanvarın 6-da müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.

    Elə həmin ay vaxtı ilə Azərbaycan Premyer Liqasında çıxış etmiş, türkiyəli məşhur məşqçi Güvənç Kurtarın çalışdırdığı Bakının “Rəvan” klubu onunla 18 aylıq müqavilə bağlayıb.

    Çempionatımızda 11 oyuna cəmi bir qol vurmuş futbolçu 2014-cü ilin aprelin 24-də ölkə kubokunun yarımfinal mərhələsinin “Bayıl Arena”da keçirilən cavab matçında (1:3) hücumlara çıxmamaqda suçlanmış və həmin ay bileti alınaraq yaşadığı Danimarkaya göndərilmişdi. Bununla da onun müqaviləsi pozulmuşdu.

    Həmin vaxt aylıq qazancı 7500 dollar olmuş Akvotenın həmin ərəfədə 35 min dolları əlində tutaraq sosial şəbəkədə nümayiş etdirməsi birmənalı qarşılanmamışdı.

    Ümumiyyətlə, Güvənç Kurtar sonradan Azərbaycan mətbuatına verdiyi müsahibədə bir neçə oyunçusunun pulla alındığını bildirməklə onların arasında Akpovetanın da olduğunu bildirməyə çalışmışdı.

    Uğursuz Azərbaycan karyerasının ardından Akpoveta Danimarkanın I divizion klubları – “Brönshöy” və “Lünqbü”də çıxış edib, 2016-cı ilin yanvarında İsveçin “Frey” klubuna icarəyə verilib. O burda 13 oyuna 12 qol vurmaqla karyerasının ən yaxşı performansını göstərib.

    Belədə İsveçin digər I divizion klubları “Dalkörd”, “Helsinqbory” və “Eskilstüna” klublarında çıxış edib. Növbəti mövsümdən İsveç elitasında çıxış edəcək sonuncu klub 22 oyuna üç qol vurmasına baxmayaraq, onu komandadan uzaqlaşdırıb.//oxu.az

  • “Sumqayıt”da yeni müdafiəçi

    Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçi Elvin Bədəlovla müqavilə imzalayıb. 23 yaşlı futbolçu komandada 34 nömrəli formada çıxış edəcək.

    Qeyd edək ki, E.Bədəlovun son klubu “Sabah” olub.