Category: İdman

  • “Neftçi” autsayderlə bacarmadı

    Futbol üzrə Azərbaycan çempionatında 17-ci tura start verilib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərinə görə, günün ilk qarşılaşmasında “Keşlə” doğma meydanda “Sumqayıt”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

    Oyunda hesabı 28-ci dəqiqədə “Keşlə”nin futbolçusu Amil Yunanov açıb. Matçın 73-cü dəqiqəsində Əfran İsmayılov hesabı bərabərləşdirib.

    Qarşılaşmanın son dəqiqələrində isə Nikola Mitroviç penalti zərbəsini dəqiq yerinə yetirib və “Keşlə”yə qələbə qazandırıb.

    Günün ikinci qarşılşamasında isə lider “Neftçi” səfərdə autsayder “Zirə”nin müqavimətini qıra bilməyib. Matç qolsuz bərabərliklə yekunlaşıb.

    “Neftçi”nin xal itirməsindən turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qarabağ” yararlana bilər. “Flaqman”dan bir oyun az keçirən Qurban Qurbanovun yetirmələri liderdən 4 xal geri qalır.

    Son çempion bu fərqi minimuma endirmək üçün sabah doğma meydanda “Qəbələ”ni mütləq məğlub etməlidir.

    Fevralın 17-də keçiriləcək daha bir qarşılaşma da isə, “Səbail” və “Sabah” komandaları üz-üzə gələcəklər.

    1  Neftçi  17   38
    2  Qarabağ  16   34
    3  Səbail  16   24
    4  Qəbələ  16   23
    5  Sabah  16   20
    6  Keşlə  17   15
    7  Sumqayıt  17   15
    8  Zirə  17   14

  • Rusiya gimnastı: “Bakıda yarışların təşkili çox yaxşıdır”

    Bakıda keçirilən yarışlar digərlərindən onunla fərqlənir ki, burada tamaşaçıların çox gözəl dəstəyi olur.

    Median.Az bildirir ki, bunu Trend-ə rusiyalı gimnast Susanna Koçesok deyib.

    O, yarışda yaxşı çıxış etdiyini bildirib:

    “Finala çıxmaq şansım var. Hələlik bütün idmançıların çıxışlarının bitməsini gözləyirəm. Bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün lisenziya qazanmağa çalışacağam”.

    Gimnast əlavə edib ki, Bakıda hər zaman beynəlxalq yarışlar çox yaxşı təşkil olunur:

    “Bakıda yarışların təşkili çox yaxşıdır. Azərbaycan çox qonaqpərvər ölkədir. Hər dəfə buraya gələndə ilk gün gəzintiyə çıxıram”.

    Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

  • Azərbaycan klubu müqavilə bağladığı iranlı futbolçunu 15 günə geri göndərdi

    “Sumqayıt” transfer etdiyi futbolçunu Azərbaycan Premyer Liqasında oynada bilməyəcək.

    Yanvarın 29-da İrandan olan milliyyətcə azərbaycanlı Peyman Keşəvərzlə bağlanmış 6 ay + 1 illik müqavilə pozulub.

    Buna səbəb klub rəhbərliyinin transferdən sonra futbolçunun cari mövsüm artıq iki klubda oynadığını bilməsidir.

    Belə ki, 22 yaşlı müdafiəçi cari mövsümün əvvəlində Omanın “Yasan Əl-Vaste” klubunda çıxış edib, daha sonra Təbrizin “Göstəriş Fulad” komandasına keçibmiş. Futbol qaydalarına görə isə bir oyunçu cari mövsüm maksimum iki klubda oynamış ola bilər.

    “Sumqayıt” üçüncü klub olduğundan, onun Azərbaycanda 2018/19 mövsümü üçün futbol oynaması mümkünsüzə çevrilib. Beləliklə, 15 gün sonra klub bu futbolçunu yola salıb.

    Qeyd edək ki, belə bir hal cari mövsümdə ikinci dəfə baş verir. “Keşlə” klubu Emin Mehdiyevi transfer etsə də, daha əvvəl Türkiyənin həvəskar və Azərbaycanın I divizionunda oynadığından, bu futbolçunu oynada bilməmiş və məcburiyyətdən müqavilə bağladığı futbolçunu icarəyə verməli olmuşdu.
    //oxu.az

  • Avropa çempionumuz Dünya Kubokunun finalında

    Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda bu gün start verilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna uğurlu start verib.

    Çıxışı ona təsnifat mərhələsində 74,9 xal qazandırıb. Ötən ilin Avropa çempionu olan Malkin bu göstərici ilə ikinci yeri tutub.

    Bununla da Azərbaycan gimnastika məktəbinin yetirməsi olan Malkin final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsi sabah saat 12:00-dan etibarən başlayacaq.
    //oxu.az

  • Bakıda Dünya Kuboku başladı

    Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı başlayıb.

    Bu gün açılış mərasimi keçirilib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış nitqi ilə çıxış etdikdən sonra ölkəmizin himni səsləndirilib və bununla da yarış açıq elan edilib.

    Turnirdə otuz ölkədən 200-dən artıq atlet iştirak edəcək. Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Builki yarışa marağın səbəbi isə kubokun Tokio Olimpiadasına təsnifat xarakterli olmasıdır.

    Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edirlər.

    İki gün davam edəcək yarışlarda bu gün təsnifat, sabah isə final mərhələləri keçiriləcək.

    Qeyd edək ki, 2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli səkkiz Dünya Kuboku yarışları keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

  • Rafael Ağayev bürünc medal üçün döyüşəcək

    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində karate üzrə Premyer Liqa turniri başlayıb.

    Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından olan nüfuzlu yarışın ilk günü Firdovsi Fərzəliyev (-67 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komanda görüşlərə qatılıb.

    Kata millimiz mübarizə apardığı qrupda üçüncü yeri tutub. Vahid Ayvazovun yetirmələri sabah bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.

    Beşqat dünya çempionumuz Rafael Ağayev isə ötən Paris Premyer Liqasında gümüş medal qazansa da, bu dəfə nəticəsini yaxşılaşdıra bilməyib. O, xorvat İvan Martinats (1:0), italyan Andrea Minardi (4:0) və türk Ərman Eltemura (2:0) qalib gəlsə də, yarımfinalda iranlı Bəhmən Əsgəriyə 0:2 hesabı ilə uduzaraq finala çıxa bilməyib. Ağayev sabah bürünc medal uğrunda fransalı Loqan da Kosta ilə görüşəcək.

    Qeyd edək ki, bu yarışda 86 ölkədən 737 karateçi iştirak edir.

  • Millimizin baş məşqçisi: Bəhanə üçün yer yoxdur

    Yunan-Roma güləşi üzrə yığmamız qarşıdakı yarışlara hazırlığı davam etdirir. Millimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir.

    Bir müddət öncə İranda “Təxti kuboku”nda, Türkiyədə Vəhbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayan komandamızın bir neçə üzvü fevralın 22-24-də Macarıstanın Dyor şəhərində keçiriləcək Qran Pridə mübarizə aparacaq.

    Yığmamızın baş məşqçisi Şaban Donat geridə qalan yarışlar və gələcək planlarla bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

    “Bu turnirlərə qatılmaqda əsas məqsəd nəticə qazanmaq yox, çatışmazlıqları görmək idi. Bu yarışlar üçün xüsusi hazırlıq görməmişdik. Əsas diqqətimizi böyük turnirlərə ayırmışıq.

    Bununla belə “Təxti kuboku”nda Arif Niftullayevin (-97 kq) çıxışını fərqləndirə bilərəm. Ağır çəkilərdə rəqabətin yüksək səviyyədə olmadığını nəzərə alsaq, Arifin İranda yaxşı güləşməsi bizi sevindirdi. Önümüzdə 23 yaşadək güləşçilərin qitə birinciliyi var.

    Ondan sonra isə böyüklərin Avropa çempionatı gəlir. Bu yarış bizim üçün çox vacibdir. Dünya çempionatından əvvəl sınaq xarakteri daşıyacaq. İyunda keçiriləcək II Avropa Oyunları da ilin ən önəmli yarışlarından biridir. Bu Oyunlarda da uğurlu çıxış etmək lazımdır. Astanada keçiriləcək mundialda isə Olimpiadaya maksimum sayda – altı lisenziya qazanmağa çalışacağıq.

    Macarıstandakı turnir reytinq xarakterlidir. Bu yarışda uğur qazanmaq ona görə lazımdır ki, dünya və Avropa çempionatlarında püşkatma zamanı reytinqi yüksək olan güləşçilərlə ilk mərhələlərdə qarşılaşmırsan.

    Sabah Şəriəti (-130 kq) bu il ilk yarışına Dyorda çıxacaq. Gələcəyinə ümid bəslədiyimiz güləşçilərdən İslam Abbasov (-87 kq) da bu yarışda çıxış edəcək. İstəyirik ki, çatışmayan tərəflərini görək və aradan qaldıraq. Daha bir gənc güləşçimiz Murad Məmmədova (-60 kq) da Macarıstanda şans verməyi düşünürük. Çalışmalıyıq ki, yığmada hər çəkidə 2-3 güclü güləşçi olsun. Çünki zədə və xəstəlikdən heç kim sığortalanmayıb. Macarıstandan qayıdandan sonra yeni hazırlıq sistemi tətbiq edəcəyik. Özbəkistan, Türkiyə, Gürcüstan və Ukrayna güləşçiləri ilə birgə toplanış gözlənilir.

    Aşağı çəkilərdə rəqabət baxımından problem yoxdur. Azərbaycan idman ölkəsidir. Bu növlərin də başında güləş gəlir. Burda orta bir şey yoxdur, ya yaxşısan, ya da pis. Yaxşı olmaq məcburiyyətindəyik. Bəhanə üçün yer yoxdur”.

  • Arvadını döyən dünya çempionu həbs edildi

    Azərbaycanın kikboks üzrə dörd qat dünya çempionu Anar Süleymanov həbs olunub.

    Bu barədə “Qafqazinfo” məlumat yayıb.

    A.Süleymanov arvadı Ş.-nı döyməkdə ittiham olunur. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.

    Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi iki ay evli olub:

    “Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, “kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq”. Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.

    Zərərçəkmiş Ş. 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.

    A.Süleymanov Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi olub.

  • Qurban Qurbanovun oğlu İspaniya klubuna dörd qol vurdu

    İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) növbəti oyununu keçirib.

    İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

    Millimizin qollarını Musa Qurbanlı (4), İdris İnqilablı və Kamran Quliyev vurub.

    Oyundan sonra dörd qola imza atmış Qurban Qurbanovun oğlu olan Musa Qurbanlı AFFA-nın saytına fikirlərini bildirib:

    “Komandada yaxşı ab-hava var. İlk oyunda İspaniya yığması kimi güclü komandaya qarşı oynadıq. Uduzsaq da, layiqli mübarizə apardıq. “Ranero” ilə oyuna gəlincə, qələbə qazanmaq həmişə xoşdur. Qarşıda bizi Şotlandiya yığması ilə çətin oyun gözləyir. Həmin oyunda da maksimum nəticə qazanmaq istəyirik.

    Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya, Rumıniya kimi güclü komandalarla qarşılaşacağıq. Onlara qarşı var gücümüzlə mübarizə aparacağıq. Təbii ki, əsas məqsədimiz qrupdan çıxmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışında əldə etdiyimiz təcrübə elit-raundda bizə faydalı olacaq”.

    Qeyd edək ki, Avropa çempionatının elit-raunduna hazırlaşan U-19 millimiz hazırlıq çərçivəsində əvvəl İspaniya U-19-na 0:2 hesabı ilə uduzmuşdu. Komandamız sonuncu oyununu fevralın 17-də şotlandiyalı həmyaşıdlarına qarşı keçirəcək.

  • Azərbaycanın güllə atıcıları dünya kubokunda

    Azərbaycan Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandası dünya kubokunda iştirak edir.

    Median.Az xəbər verir ki, yığmamız ötən gün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. Dünya kuboku yarışları 13-24 fevral tarixləri arasında BƏƏ-nin Əl-Əin şəhərində keçirilir.

    Dünya kunokunda ölkəmizi güllə atıcıları Əkbər Muradov, Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva təmsil edir.