Category: İdman

  • Millimizin baş məşqçisi: Azərbaycan niyə də Avropa çempionatına çıxmasın?

    Azərbaycan millisindəki yoluma Zaqrebdə başlamaq gözəldir.

    Bunu Azərbaycan millisinə baş məşqçi təyin olunmuş xorvatiyalı mütəxəssis Nikola Yurçeviç novilist.hr saytına müsahibəsində deyib.

    Yurçeviç AÇ-2020-nin final mərhələsinə yüksəlmək istədiklərini söyləyib:

    “Robi (millimizin sabiq baş məşqçisi Robert Prosineçkini nəzərdə tutur – S.M.) Azərbaycanda dərin iz qoyub, insanlar onu sevib və hələ də sevirlər. Buna görə işimə başlamağım çox asan olacaq. Azərbaycan yığmasını çalışdırmaq imkanı qazandığım üçün çox sevinirəm. Bu, əla hadisədir və məndə əlavə motivasiya yaradıb. Gözləntilər nədir? AÇ-2020-nin seçmə mərhələsində qrupumuzda yer alan hər komandanın arzuları var. Bu da başadüşüləndir.

    Xorvatiya qrupda ən güclü komandadır, bunu xüsusi qiymətləndirməyə ehtiyac yoxdur. Ancaq biz də hər kəsi təəccübləndirməyin yollarını axtaracağıq. Azərbaycan niyə də Avropa çempionatına çıxmağın xəyallarını qurmasın? Təbii ümid bu deyil?”

    52 yaşlı çalışdırıcı yığma ilə bağlı onu narahat edən məqamlara da toxunub:

    “Azərbaycan yığması keçmişdə də rəqiblərini təəccübləndirməyi bacarıb. Elə Xorvatiya ilə Bakıdakı son oyunu (həmin matç 0:0 başa çatmışdı – red.) xatırlatmaq kifayətdir. Burda əsas problem belə nəticələrin davamlılığının olmamasındadır. Milliyə ən çox oyunçu verən “Qarabağ” və “Neftçi”nin bəzi matçlarını izləmişəm. Onların heyətində çox yaxşı, təcrübəli futbolçular var. Ancaq millidə heyətin genişliyi məsələsində problem var. Ümid edirəm ki, komandamla razılaşıb, seçmə mərhələ oyunlarına çıxacağıq”.

    Xatırladaq ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ilk görüşünü martın 21-də Zaqrebin “Maksimir” stadionunda dünya ikincisi Xorvatiyaya qarşı keçirəcək.

    /oxu.az

  • Olimpiya mükafatçımız milliyə məşqçi təyin olundu

    Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib.

    58 yaşlı mütəxəssis Əli İsmayılov və Şahin İmranovla birgə çalışacaq.

    Əli İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada idi. 2008-ci il Olimpiadasının bürünc mükafatçısı olmuş Şahin İmranov bu vəzifədə Etibar Abdullayevi əvəzləyib.

    Qeyd edək ki, Etibar Abdullayev işini baş məşqçi Vaqif Şirinovla birgə əsas yığmada davam etdirir.

  • Çempionlar Liqasının oyunlarını göstərəcək kanallar – siyahı

    Çempionlar Liqasının 1/8 finalında bu gecə keçiriləcək oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.

    Qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:

    AZƏRBAYCAN

    “CBC Sport”

    00:00. “Ayaks” – “Real”

    “İdman Azərbaycan”

    00:00. “Tottenhem” – “Borussiya” (Dortmund)

    TÜRKİYƏ

    BeIN Sports 1

    00:00. “Ayaks” – “Real”

    BeIN Sports 2

    00:00. “Tottenhem” – “Borussiya”

    RUSİYA

    “Matç TV”

    00:00. “Ayaks” – “Real”

    “Futbol 1”

    00:00. “Ayaks” – “Real”

    “Futbol 2”

    00:00. “Tottenhem” – “Borussiya”

    /azxeber.com

  • Şahmatçı Günay Məmmədzadə Azərbaycan çempionu adına layiq görülüb – FOTO

    Fevralın 12-də şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı başa çatıb.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, 18 şahmatçının mübarizə apardığı yarışda liderliyi əldən verməyən Günay Məmmədzadə 8,5 xalla Azərbaycan çempionu adını qazanıb.

    Xanım Balacayeva 6,5 xalla ikinci yeri tutub. Onunla eyni xala malik olan Gövhər Beydullayeva isə üçüncü pillədə qərarlaşıb.

    Oyunlar başa çatdıqdan sonra yarışların bağlanış mərasimi keçirilib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək builki ölkə çempionatında güclü şahmatçıların mübarizə apardığını vurğulayıb. Qeyd edib ki, 2019-cu ildə şahmat üzrə qadın yığmamızı bir sıra nüfuzlu turnirlər gözləyir. O deyib ki, ölkə çempionatında şahmatçılarımız yüksək potensial nümayiş etdiriblər. Vitse–prezident növbəti ölkə çempionatının dairəvi sistem üzrə keçiriləcəyini qeyd edib.

    Sonra çıxış edən yarışların baş hakimi Lütfiyar Rüstəmov ölkə çempionatının yüksək səviyyədə keçirildiyini, gənc şahmatçıların inamla mübarizə apardıqlarını qeyd edib.

    Sonda qalib və mükafatçılar diplom, fəxri fərman və pul hədiyyələri ilə mükafatlandırılıblar.

  • “Vaxtında məlumat verilsəydi, iclasa qatılardım” – Qurban Qurbanov

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin dünənki iclasına qatılmamasının səbəbini açıqlayıb.

    Median.Az fanat.az-a istinadən bildirir ki, təcrübəli mütəxəssis açıqlamasında ona vaxtında məlumat verilmədiyi üçün yığıncaqda iştirak etmədiyini bildirib:

    “İclasın olacağını gec dedilər. Saat 3-də Zabit Səmədovun məktəbinin açılışına qatıldım. Sonra isə şəhərdən kənarda oldum. Mən də bu barədə məlumat verdim, gəlməyəcəyim halda problemin olub-olmayacağını soruşdum. Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim”.

    Qurbanov “Adətən komitənin iclasında iştirak etməyən üzvlərdən qəbul olunacaq qərarlarla bağlı fikirlərini soruşurlar. Sizdən nəsə soruşdularmı” sualına isə belə cavab verib: “Bu məsələlər adətən yerində müzakirə olunur. Ona görə də məndən heç nə soruşmayıblar. Artıq qərar qəbul olunub”.

    Qeyd edək ki, İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Nikola Yurçeviç milli komandamıza baş məşqçi təyin olunub.

  • Nazirlik əməkdaşı “İlin döyüşü” nominasiyasının qalibi oldu – VİDEO

    FHN-in əməkdaşı, “Qələbə” idman klubunun təmsilçisi,Əməkdar idman ustası, peşəkar kikboksinq üzrə altıqat dünya çempionu, “Kobra” ləqəbli Pərviz Abdullayev “İlin döyüşü” nominasiyasının qalibi olunub.

    Median.Az xəbər verir ki, o 2018-ci il aprelin 20-də Moskvada keçirilmiş mötəbər “ACB KB15” turnirində 77 kiloqram çəki dərəcəsində dünya kəməri uğrunda mübarizədə rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırovu məğlub edərək qələbə qazanmışdı. İdmançımız əldə etdiyi uğura görə “İlin döyüşçüsü” nominasiyasına layiq görülüb.//yenicag.az

  • Azərbaycan ağırlıqqaldıranı yenə cəzalandırıldı – Dopinq işi

    Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq üzvü İntiqam Zairov daha iki il müddətinə diskvalifikasiya olunub.

    Median.Az “report”a itinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib. 34 yaşlı veteran idmançıdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizi müsbət nəticə verib. Orqanizmində xlordehidrometil-testosteron maddəsi aşkarlanan təcrübəli ağırlıqqaldıranın 24 aylıq cəzası 23 dekabr 2023-cü ildən hesablanacaq.

    Zairov bunadək daha iki dəfə dopinqdən istifadəyə görə cəzalandırılıb. O, 13 aprel 2013-cü ildə xlordehidrometil-testosterondan yararlandığı üçün 2 illik sanksiya ilə üzləşib. 21 dekabr 2015-ci ildə isə orqanizmində xlordehidrometil-testosteron və nandrolon dekanoat tapılması səbəbindən o, 8 il müddətinə diskvalifikasiya olunub.

    Qeyd edək ki, İntiqam Zairov dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün 2008-ci il Pekin Yay Olimpiya Oyunları və 2012-ci il London Yay Olimpiya Oyunlarında müvafiq olaraq, tutduğu 9-cu və 6-cı yerlərdən məhrum edilib. O, 2013-cü il Avropa çempionatında qızıl medal qazansa da, orqanizmindən istifadəsi qadağan olunmuş maddənin tapılması səbəbindən 2 illik cəzalanıb. Cəza müddətini başa vurduqdan sonra Zairov 2015-ci il dünya çempionatına qatılıb. Amma bu dəfə təcrübəli ağırlıqqaldıran dopinq-testi müsbət nəticə verdiyi üçün 9-cu yerdən məhrum edilib. Onun “London-2012″dəki dopinq-testinin müsbət nəticə verməsi ilə əlaqədar cəza hələ açıqlanmayıb.

    2017-ci il sentyabrın 30-da Azərbaycan Belarus, Ermənistan, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.

    Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

  • Millimizin yeni baş məşqçisi: Hücumameyilli futbol oynayacağıq

    Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç Bakı Olimpiya Stadionunda ilk mətbuat konfransına çıxıb.

    O, ilk olaraq AFFA ilə razılaşdırdığı müqavilənin müddətindən danışıb:

    “AFFA ilə 1 illik müqaviləni razılaşdırmışıq. Daha sonra bu müqavilənin müddətini uzada bilərik. Bilirik ki, AÇ-nin seçmə mərhələsində işimiz çətin olacaq. Çünki dünya reytinqində dördüncü yerdə olan Xorvatiya ilə düşmüşük. Bizim mövqeyimiz reytinqdə elə də yaxşı deyil.

    Bakıda iki oyuna baxmışam. Xorvatiyada olanda isə “Qarabağ” – “Neftçi” oyununu izləmişəm. Bu matç, xüsusən, çox xoşuma gəldi. Çünki yığma üzvləri çıxış edirdi.

    Bakıda toplanış keçirəcəyik. Hansı tarixdə və neçə gün oynayacağımız daha sonra bilinəcək. Azərbaycanda oynayan 20-yə yaxın futbolçu nəzərimdədir. Artıq onlar barədə ilkin informasiyam var. Azərbaycandan kənar oyunçularla da bağlı məlumat toplayacam.

    Bir köməkçi məşqçim Xorvatiyadan olacaq. O Mario Tokiçdir, Zaqreb “Lokomotiv”inin baş məşqçisi olub. Digər iki məşqçi – fiziki hazırlıq və oyunların təhlili üzrə məşqçilər də Xorvatiyadan olacaq. Onlar millinin toplanışlarına qatılacaqlar. Digərləri yerli məşqçilər olacaq. Bunu AFFA müəyyənləşdirəcək.

    Mən tək Robert Prosineçki yox, onun millimizdəki köməkçisi olmuş Qordon Sipriçdən Azərbaycan haqqında məlumatlar almışam. Prosineçki ilə Xorvatiya millisində uzun müddət çıxış etmişəm. O mənə Azərbaycandakı futbol, həyat, Bakı haqda hər şeyi danışıb.

    Mən ondan Azərbaycan mətbəxi barədə soruşmuşam. O buranın mətbəxini tərifləyib.

    Türkiyədə çalışdığımdan, bilirəm ki, mətbəxlər oxşardır. Amma deyərdim ki, Xorvatiya mətbəxi də əladır.

    Qurban Qurbanovla hələ ki görüşmək imkanım olmayıb. Bilirəm ki, o, Azərbaycanın ən güclü məşqçilərindən biridir. Amma yaxın həftələrdə Premyer Liqa məşqçiləri ilə görüşmək planım var.

    Maaşım rəsmi müqavilə bağlandıqdan açıqlanacaq. Açığı, maaş məsələm az müzakirə olundu və dərhal razılığa gəldik.

    Mən də Prosineçki kimi həyat yoldaşımla Bakıda yaşayacağam. Qızlarım Zaqrebdə təhsil alır. Onlar arada bizi görməyə gələcəklər.

    Rəqiblərdən fərqli olaraq, taktiki sxemimiz dəyişəcək. Əsasən hücumameyilli oynayacağıq. Amma Xorvatiya ilə oyunda bu sistemdən yararlana bilmərik”.
    //oxu.az

  • Azərbaycanlı atlet Fransada keçirilən beynəlxalq turnirin qalibi olub

    Azərbaycanlı atlet Nazim Babayev Fransanın Metz şəhərində keçirilən beynəlxalq elit turnirin qalibi adını qazanıb.

    Median.Az xəbər verir ki, Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə N.Babayev üçtəkanla tullanma yarışında 16,67 metr nəticə ilə birinci yeri tutub. O, bu nəticə ilə fransalı atlet Mamadu Dia Çerif (16,09 metr) və belaruslu Dimitri Platinskini (15,87 metr) qabaqlayıb.

    Qeyd edək ki, Nazim Babayev ötən il Avropa çempionatında 4-cü yeri tutmuşdu.

  • Türkiyə futbol millisi başsız qaldı

    Türkiyənin futbol millisi baş məşqçisiz qalıb.

    Median.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti millinin rumıniyalı baş məşqçisi Mirça Luçesku ilə bu gün keçirilən görüşdən sonra müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vermək qərarına gəlib.

    Görüşdən sonra Luçesku bu sözləri deyib:

    “Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək hədəfi ilə çıxdığımız yolda işlərimizi bitirdiyimi düşünürəm. Yaxınlaşmaqda olan AVRO-2020-nin seçmə mərhələsi öncəsi yeni baş məşqçinin yolunu açmaq üçün qarşılıqlı anlaşaraq bu qərarı verdik.

    TFF prezidenti Yıldırım Dəmirörən və İdarə Heyəti üzvlərinə mənə inandıqları və dəstəklədiklərinə, köməkçilərimə də mənə yardım etdiklərinə görə təşəkkür edirəm. Türkiyənin qəlbimdə daim xüsusi bir yeri olacaq”.

    Qeyd edək ki, “Qalatasaray” və “Beşiktaş”ı Türkiyə çempionu etmiş Mirça Luçesku 2017-ci ilin avqustun 2-də Fatih Terimi əvəzləyərək qardaş millinin baş məşqçisi təyin olunub. O, təyinatı zamanı Türkiyə millisinin məşqçilik karyerasında çalışdıracağı sonuncu komanda olduğunu bəyan edib.