Category: İdman

  • Bakıda keçiriləcək yarışda qaliblərə cırtdan veriləcək – FOTO

    Bakıda baş tutacaq paracüdo üzrə Qran-Prinin qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan Cırtdanın kimanoda olan kuklası hədiyyə ediləcək.

    Əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib.

    O, öz əl işi olan kimanolu Cırtdan kuklasını Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyinə təqdim edib. B.Şıxıyeva cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün kimanolu cırtdan oyuncağı hazırlaya biləcəyini söyləyib.

    MPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin B.Şıxıyeva tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyilə B.Şıxıyeva yetmiş ədəd həmin hədiyyədən hazırlayacaq.

    Xatırladaq ki, bu ilin 11-13 may tarixlərində Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışı keçiriləcək. Tokio 2020 Paralimpiya Oyunlarına lisenziya xalı qazandıran bu cür yarış şəhərimizdə ilk dəfədir ki, keçirilir. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.

  • Mübahisəli oyun epizodu hakimi çətin vəziyyətdə qoydu – VİDEO

    Meksika çempionatının “Qvadalaxara” – “Toluka” matçı zamanı gözlənilməz hadisə baş verib.

    Oyunun bitməsinə 10 dəqiqə qalmış “Qvadalaxara”nın qapıçısı Raul Qudinyo topu elə dəf edib ki, onun xətti keçib-keçmədiyini həmin an müəyyən etmək mümkün olmayıb.

    Bu üzdən oyunun hakimi videotəkrar sisteminə müraciət etmək qərarına gəlib. O, səkkiz dəqiqə epizoda baxıb və nəticədə qolu qeydə almayıb.

  • Futbolçunu Kardiffə aparan təyyarə yoxa çıxdı

    Fransanın “Nant” klubundan “Kardiff”ə transfer olunan 28 yaşlı futbolçu Emiliano Salanı Uelsə aparan təyyarə La Manş boğazı üzərindən uçarkən radarlardan itib.

    İngiltərə Premyer Liqası təmsilçisinə 15 milyon funt-sterlinqə keçən hücumçu dünən yerli vaxtla saat 21:00-da Kardiff şəhərinə gəlməli idi.

    Lakin saat 20:00-da “PA 46 Malibu””markalı özəl təyyarə ilə əlaqə kəsilib.

    Axtarış-xilasetmə işlərinə iki helikopter və gəmi cəlb olunub. Hələlik heç bir nəticə əldə edilməyib.

  • Dünya çempionumuzda dopinq aşkarlandı

    Daha üç idmançımız Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) tərəfindən cəzalandırılıb.

    Bunlar velosipedçi Qadir Mustafayev və güləşçilər – Umar İsrailovla Cəlal Süleymanovdur.

    Hər üç idmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib.

    Qadir Mustafayevin orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanıb. Cəzası dörd il olan idmançının sanksiya müddəti 19 noyabrdan hesablanmağa başlayıb.

    Umar İsrailovda drostanolon metaboliti aşkarlanıb. Onun da cəzası dörd illikdir. Ötən ilin fevralında 125 kq çəki dərəcəsində Azərbaycan çempionu olmuş dağıstanlı sərbəst güləşçinin cəzası 2022-ci ilin martın 28-də başa çatacaq.

    2016-cı ildə Belarusun paytaxtı Minskdə keçirilmiş pəhləvan güləşi üzrə ilk dünya çempionatının qalibi olmuş Cəlal Süleymanovda isə oksandrolon metaboliti tapılıb. Diskvalifikasiya zamanı iştiraka qarşı qadağanı pozduğu üçün onun cəzası digər iki idmançıdan çox olub. İki il əvvəl 61 kq-da Azərbaycan ikincisi olmuş sərbəst güləşçi səkkiz illik cəzalandırılıb. Onun cəzası ötən ilin 18 yanvarından hesablanmağa başlayıb.

    Qeyd edək ki, bununla da AMADA yarandığı müddətdən cəzalanan idmançıların sayı 42-yə çatıb. Velosiped idmanında üçüncü, güləşdə isə 12 idmançı indiyədək dopinqə düşüb.//oxu.az

  • 300 min avroluq futbolçu rəsmən “Neftçi”də – VİDEO

    Yunanıstanlı futbolçu Vanqelis Platellasın “Neftçi”yə keçidi rəsmiləşib.

    Paytaxt klubu yeni transferini sosial şəbəkə hesabında yayımladığı video ilə açıqlayıb.

    Ancaq sağ cinah vingeri ilə imzalanmış müqavilənin detalları barədə hələlik məlumat verilmir.

    Qeyd edək ki, Vanqelis Platellasın son klubu Yunanıstan təmsilçisi OFİ olub. Ellada mətbuatı üç gün əvvəl “Neftçi”nin bu transfer üçün qarşı tərəfə 50 min avro ödədiyi və Azərbaycanda bağlayacağı ilyarımlıq müqavilə müddətində 300 min avro maaş alacağı barədə məlumat yayıb.

  • Üçüncü Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təklif edildi

    Avropa Olimpiya Komitəsi (AOK) Azərbaycana III Avropa Oyunlarını keçirməyi təklif edib.

    İlin sonunda AOK Azərbaycan da daxil olmaqla əlli üzvünə III Avropa Oyunlarının 2023-cü ildə keçirilməsi üçün tenderdə iştirak etməyə çağırış edən məktub göndərib.

    Artıq Polşa Katovitse şəhərinin namizədliyini irəli sürüb. Polşa Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Poreba və Katovitse merinin müavini Mariuş Skiba yanvarın 18-də AOK-un qərargahı olan İtaliyanın paytaxtı Romaya bu təkliflə gedib.

    Qeyd olunub ki, bu ilin əvvəlində Qılıncoynatma üzrə Dünya Kubokuna ev sahibliyi etmiş Katovitse digər Polşa şəhəri ilə də birgə bu yarışı keçirə bilər. Həmçinin paytaxt Varşavanın cənubundan 290 km aralıda olan Katovitsenin bu il Ümumdünya Anti-Dopinq Agentliyinin prezident seçkilərinin keçiriləcəyi konfransa ev sahibliyi etməsi şəhərin əhəmiyyətini artırıb.

    Həmçinin AOK-un italiyalı baş katibi Raffaele Panyotsi bildirib ki, başqa bir neçə Avropa ölkəsindən də onlara müraciət olub. AOK-un sloveniyalı prezidenti Yanez Kotsiyançiç isə yaxşı maliyyə imkanları vəd edən təkliflər aldığını bu ayın əvvəllərində qeyd edib.

    Müraciət üçün son tarix isə bu ilin 28 fevralıdır. Yanvarın 25-də AOK İcraiyyə Komitəsi namizədləri müzakirə edəcək. İyunun 20-də isə təşkilatçı ölkənin adı açıqlanacaq.

    Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.
     
    ///oxu.az

  • “Beşiktaş”da maaş ala bilməyən futbolçu küsüb getdi

    “Beşiktaş” klubu hücumçu Vaqner Lav ilə yollarını ayırıb.

    34 yaşlı braziliyalı hücumçu məvacibini ala bilmədiyi üçün müqaviləni ləğv edib.

    Lav Braziliyanın “Korintians” klubuna qayıdacaq. Onun bu klubla iki il müddətinə müqavilə bağlayacağı bildirilir.

    Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm “Beşiktaş”ın heyətində 15 oyunda meydana çıxıb və yeddi qol vurub.

  • Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”dan ayrılır – VİDEO

    “Qarabağ”ın qapıçısı Hanes Haldourson karyerasını ölkəsində davam etdirə bilər.

    Median.Az xəbər verir ki, bu iddia ilə İslandiyanın frettabladid.is saytı çıxış edib.

    Bildirilir ki, İslandiya millisinin kapitanı son ölkə çempionu “Valur” və ya “Reykyavik”ə keçə bilər. Həmkarlarımız başqa təkliflərə baxmayaraq, “Valur”un şərtlərinin Haldoursonun ürəyincə olduğunu və ilkin razılığın əldə edildiyini vurğulayıb.

    34 yaşlı qapıçının təklifi barədə milli komandanın sözçüsü Olafur Qardarson məlumatı təsdiqləyib. O, yayda iki illik müqavilə bağlayan futbolçunun “Qarabağ”dan ayrılacağını istisna etməyib:

    “Önümüzdəki günlərdə və ya aylarda Hanesin durumunda dəyişiklik ola bilər. İsveç, Norveç və digər ölkələrdən də təkliflər gəlib. Ancaq onun “Qarabağ”la 18 aylıq müqaviləsi var

    İslandiya komandalarından daha çox “Reykyavik” və “Valur” ona maraq göstərir. Lakin hələ heç bir klubla müqavilə bağlanılmayıb”.

    Qeyd edək ki, dünya çempionatında Lionel Messinin penaltisini qaytarmaqla daha çox şöhrət qazanan Hanes Haldoursonun özü də əvvəl mətbuata açıqlamasında “Qarabağ”dan ayrılmaq istədiyini bildirib.

    O, yanvarın 19-da Çexiyanın “Bohemians” komandası ilə görüşün 67-ci dəqiqəsində braziliyalı qapıçı Vaqner da Silvanı əvəzləyərək meydana çıxıb və qapısını toxunulmaz saxlayıb.//oxu.az

  • Klublarımız Antalyada: 2 qələbə, 1 heç-heçə

    Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klubları yoxlama oyunları keçirir.

    Median.az xəbər verir ki, bu gün 3 klubumuz meydana çıxıb.

    Topaz Premyer Liqasının debütantı “Sabah” Macarıstan təmsilçisi MTK ilə üz-üzə gəlib. Bunadək keçirdiyi oyunlarda uduzmayan paytaxt təmsilçisi uğurlu seriyasını davam etdirib. Rəqib hesabı açmasına baxmayaraq, təmsilçimiz onları buna peşman edib – 3:1. “Sabah”ın qollarına Vadim Abdullayev, Marko Deviç və Cavid İmamverdiyev imza atıb.

    Qeyd edək ki, Bakı klubu Antalyadakı ilk oyununda Türkiyə “Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gəlmiş, ardınca Qazaxıstan “Tobol”u ilə heç-heçə etmişdi – 2:2.

    Digər Premyer Liqa təmsilçisi “Səbail” isə İsveçrənin “Sürix” klubu ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə yekiunlaşıb. Təmsilçimizin qoluna Ağabala Ramazanov imza atıb.

    Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunu olub. “Səbail” İlk matçında Macarıstan klubu “Aqvital”a 3:2 hesabı ilə qalib gəlmişdi.

    “Qarabağ” iəs Çexiyanın “Bohemians” klubu ilə görüşüb. Hesabı çexlər açsa da, “Qarabağ” 36-cı dəqiqədə Filip Ozobiçin qolu ilə bərabərliyi təmin edib. 62-cı dəqiqədə Donald Gerye ikinci qolu vurub. Son dəqiqədə isə Simeon Slavçev fərqlənib – 3:1.

    “Qarabağ” Antalyadakı ilk oyununda Macarıstanın “Uypeşt” klubuna 0:1 hesabı ilə uduzmuşdu.

  • Tata Steel Masters 2019: Rəcəbovdan qələbə, Məmmədyarovdan…

    Yanvarın 19-da ənənəvi “Tata Steel Masters 2019” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.

    Median.az xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən növbəti turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun macarıstanlı Rixard Rapporta qarşı oyununda heç-heçə qeydə alınıb.

    Digər təmsilçimiz Teymur Rəcəbov isə hindistanlı Santoş Viditi məğlub edərək aktivinə 1 xal yazdırıb.

    Yeddi turun yekununda Ş.Məmmədyarov 3,5, T.Rəcəbov 4 xal toplayıb.