Category: İdman

  • Federasiya ölkə çempionatını boykot edən klublara xəbərdarlıq etdi

    Bu gün Azərbaycan Basketbol Federasiyasında (ABF) qurumun prezidenti Nadir Nəsibovun iştirakı ilə iclas keçirilib.

    İclasda əsas məsələ ölkə çempionatının ikinci dövrəsinin iştirakçı beş klubu tərəfindən boykot edilməsi ilə bağlı olub.

    İclasa klub nümayəndələri dəvət edilsə də, heç bir komanda üzvü iclasa qatılmayıb. Nəticədə ABF bəyanat yayıb:

    “ABF kişilər arasında XXVI ölkə çempionatında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirir. ABF hesab edir ki, ölkə çempionatını boykot edərək üsyan qaldırmaq idman hərəkatına zidd və qanunsuzdur.

    Hal-hazırda federasiya gənclərdən ibarət yığma komandanın Bakıda keçiriləcək Avropa Olimpiya Yeniyetmə Festivalının hazırlığına başlıca önəm verir. Basketbol Federasiyasına qarşı atılan təxribat xarakterli hərəkətlər bu dövlət səviyyəli idman tədbirinin hazırlıq prosesinə zərbə vurmaqdadır. Bununla əlaqədar, bütün məsuliyyət basketbol ictimaiyyəti adından danışmaq səlahiyyətini mənimsəyən bəzi basketbol “xadimlərinin” üzərinə düşür.

    Bütün sivil dünyada qəbul edilmiş qaydalara əsasən, istənilən idman təşkilatı onun təsdiq edilmiş nizamnaməsinə əsasən fəaliyyət göstərir. Federasiya rəhbərliyinin dəyişdirilməsi növbəti hesabat-seçki konfransında bu qurum üzvlərinin səsverməsi yolu ilə həyata keçirilir.

    Azərbaycan Basketbol Federasiyası basketbol ictimaiyətimizə müraciət edərək, ayrı-ayrı şəxslər tərəfindən çempionatın boykotuna sövq edən addımları qətiyyətlə pisləyir.

    ABF bütün Azərbaycan basketbolsevərlərini basketbola hörmətlə yanaşaraq, dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasətinə dəstək verməyə çağırır”.

    Qeyd edək ki, ölkə çempionatının reqlamentinə əsasən, boykot edən komandaları texniki məğlubiyyət və cərimə gözləyir.

  • “Qarabağ”a 600 min avro pul ayrıldı

    UEFA Ağdamın “Qarabağ” klubuna pul ayırıb.

    UEFA-nın 20.12.2018-ci il tarixli məktubuna əsasən, Avropa Liqasının 2018/2019-cu il mövsümünün qrup mərhələsində bir qələbə qazandığına görə “Qarabağ” Futbol Klubuna 570 min avro pul vəsaiti ayrılıb.

    Əlavə olaraq, “Qarabağ” FK-nın qələbələrinin sayına əsasən, əlavə bonuslar 52 min avro həcmində hesablanıb. Beləliklə, UEFA-dan ayrılmış ümumilikdə 622 min avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

    Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində yeganə qələbəsini Poltavada Ukraynanın “Vorskla” komandası üzərində qazanıb – 1:0.

  • “Neftçi” məşhur braziliyalı futbolçunun oğlunu almaq istəyir

    Sabiq futbol ulduzu, Braziliya millisinin, “Barselona” və “Milan” klublarının eks üzvü Rivaldonun oğlu “Neftçi”də çıxış edə bilər.

    Median.Az Bolqarıstanın temasport.com saytına istinadən xəbər verir ki, Bakı klubu Sofiyanın “Levski” klubunda çıxış edən Rivaldinyoya maraq göstərir.

    Lakin bu futbolçunun 2020-ci ilin yayınadək “Levski” ilə müqaviləsi mövcuddur. Bu səbəbdən futbolçunun icarəyə götürüləcəyi ehtimal edilir.

    Qeyd edək ki, Rivaldinyo atası Rivaldo kimi hücumçudur. 23 yaşlı futbolçu ölkəsindən başqa, Portuqaliyanın “Boavişta” və Rumıniyanın “Dinamo” klublarında çıxış edib.

    Tam adı Rivaldo Vitor Moska Fereyra Junior olan futbolçunun ciddi uğuru artıq ləğv olunmuş Rumıniya Liqa Kubokunu qazanması olub. Braziliyalı Bolqarıstan nəhəngi ilə ötən ilin yanvarın 27-də 2,5 illik müqavilə bağlasa da, cəmi 12 matçda meydana çıxıb və bir qol vurub. O, cari mövsüm cəmi dörd matçda meydanda olub./oxu.az

  • Hansı oyun, hansı kanalda? – TV AFİŞA

    Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

    Median.Az komanda.az-a istinadən sizi canlı yayımlanacaq qarşılaşmaların siyahısı ilə tanış edir:

    14 yanvar

    İngiltərə, Premyer Liqa
    00:00 “Mançester Siti” – “Vulverhemtpon” (İdman Azərbaycan, Match! TV, Futbol 1, S Sport)

    İtaliya kuboku
    00:00 “Roma” – “Entella” (TRT Spor)

    İspaniya, La Liqa
    00:00 “Real Sosyedad” – “Espanyol” (CBC Sport, beİN Sports 1, Futbol 3)

  • Azərbaycan çempionatında oyun baş tutmadı – Rəhbərliyin istefası tələb edilir (VİDEO)

    Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb.

    Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. “80-lər” və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı qafqazinfo-ya basketbol millimizin üzvlərindən biri verib.

    O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər.

    Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün basketbolçularla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir.

  • Karateçilərimiz Qran-Pridən on medalla qayıtdı – FOTO

    Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Xorvatiyada keçirilən XXVIII Qran-Pri turnirindən yüksək nəticə ilə dönüb.

    Samobor şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, eləcə də, fiziki məhdudiyyətli karateçilər arasında keçirilən bu turnirdə kata və kumite millilərimiz on medal qazanıb.

    Mükafatlardan dördü qızıl, biri gümüş, beşi isə bürüncdür.

    Roman Heydərov (kata) həm 18-20 yaşlı gənclər, həm də böyüklər arasında yarışların qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsmayılov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb.

    Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -57 kq) qızıl medal, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, -47 kq), 16-18 yaşlı gənclərdən Mədinə Sadıqova (-48 kq) və Tural Yaqubov (-68 kq), 18-20 yaşlı gənclərdən isə Müseyib Məmmədov (-60 kq) və Emil Güləhmədov (-84 kq) bürünc mükafat qazanıb.

    Qeyd edək ki, karateçilərimizi 8-10 fevral tarixlərində Danimarkanın Albor şəhərində keçiriləcək Avropa çempionatı gözləyir. Bu məsul yarışa hazırlığın bir hissəsi kimi Xorvatiya Qran-Prisinə qatılan aşağı yaşlı milli komandalar iki gün sonra təlim-məşqləri davam etdirəcək.




  • Sabiq dünya çempionundan Makqreqora ağır ittiham

    Boks üzrə sabiq dünya çempionu Poli Malinyaci MMA döyüşçüsü Konor Makqreqorun ittihamlarına cavab verib.

    Malinyaci Makqerorun narkotik istifadəçisi olduğunu bildirib.

    “Bəlkə də sən zənginsən, lakin kokain istifadəçisisən”, – deyə sabiq dünya çempionu özünün “Instagram” səhifəsində yazıb.

    Malinyaci Makqreqorun hər cümə günü kokaindən istifadə etdiyini bildirib.

    Xatırladaq ki, bir müddət öncə Makqreqorun Malinyaci ilə döyüşə çıxa biləcəyi barədə məlumatlar yayılmışdı.

  • İlin ilk yarışı üçün İsrailə gedəcək millimizin heyəti bəlli oldu

    24-26 yanvar tarixlərində cüdo idman növündə ilin ilk beynəlxalq turniri keçiriləcək.

    Cüdo millimiz İsrailin paytaxtı Təl-Əvivdə Qran-Pri yarışına çıxacaq.

    Millimiz orada 18 idmançı – 12 kişi və altı qadın cüdoçu ilə təmsil olunacaq. Həmin idmançılar bunlardır:

    Kişi millimiz: Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi -60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi -90 kq), Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq);

    Qadın millimiz: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva, Buyanxişiq Purevsuren (hər ikisi -52 kq), İçinxorlu Munxtsedev (-57 kq), İrina Kindzerskaya (+78 kq).

    Qeyd edək ki, bu yarışda 55 ölkədən 438 cüdoçu yarışacaq. Bunlardan 245-i kişi, 193-ü isə qadın idmançı olacaq.//oxu.az

  • Milli komandamızın sabiq üzvü karyerasını Türkiyədə davam etdirəcək

    Futbol üzrə milli komandamızın sabiq üzvü Tuğrul Erat karyerasını Türkiyədə davam etdirəcək.

    AZƏRTAC xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İkinci liqada mübarizə aparan “Karagümrük” klubuna keçib.

    Bu barədə aşağı dəstə təmsilçisinin vitse-prezidenti Cengiz Günaydın şəxsi “İnstagram” səhifəsində məlumat verib.

    Qeyd edək ki, əsas millimizdə 4, U-21-də isə 3 oyun keçirən T.Eratın son klubu Almaniya Regional Liqasında çıxış edən “Ştrelen” olub.

  • 22 karateçimiz Xorvatiyada Qran Pri turnirində iştirak edəcək

    Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalar 11-13 yanvar tarixlərində Xorvatiyaya məsul yarışa yollanıb. Samoborda 28-ci Qran Pri turnirində 22 idmançı iştirak edəcək.

    Bu barədə Trend-ə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.

    Kumite üzrə baş məşqçi Anar Allahverdiyev yeniyetmələrdə 5 idmançının, müxtəlif yaşlı gənclərdə isə 14 karateçinin yarışa qatılmasına üstünlük verib. 14-15 yaşlı yeniyetmələrdə Ramil Balakişiyev (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (-47 kq), 16-17 yaşlı gənclər arasında Fərid Əbdülkərimov (-55 kq), Əminağa Quliyev (-61 kq), Tural Yaqubov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıqova (-48 kq), Ayla Rzazadə (-59 kq), 18-20 yaşlı gənclərin yarışında isə Müseyib Məmmədov (-60 kq), Qəşəm İskəndərov (-75 kq), Murad Hacızadə (+84 kq), Emil Güləhmədov (+84 kq), İnci Əzizova (-55 kq), Bəsti İsmayılova (-61 kq), Zamira Rzayeva (-68 kq) tatamiyə çıxacaq.

    Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələrdə Emin Namazovun, 16-17 yaşlı gənclərdə Ceyhun İsgəndərovun, 18-20 yaşlı gənclərdə Roman Heydərovun yarışda mübarizə aparmasını məqbul sayıb. Qran Pri turnirinə həmçinin kata üzrə məşqçi Anar Əhmədov, milli hakimlər MirCabbar Seyidov, Seymur Məmmədov, və Mehman Mədətov da yola düşüb.

    Xorvatiyada Qran Pri turnirində 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi iştirak edəcək.