Category: İdman

  • Sabah Bakıda beynəlxalq turnir start götürəcək

    Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXII açıq Respublika turniri keçiriləcək.

    Median.Az xəbər verir ki, yarış 20 yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

    Avqustda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramında yer alan altı çəki (45, 48, 51, 55, 60 və 65 kq) üzrə baş tutacaq mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edəcək.

    Görüşlər saat 10:00-da başlayacaq. Yarımfinal və medal görüşləri 17:00-dan start götürəcək. Turnirin açılış mərasimi sabah saat 16:00-da olacaq.

    İlk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşində qaliblər müəyyənləşəcək. İlk üç yeri tutanlar diplom və medalla mükafatlandırılacaq.

    Qeyd edək ki, Müşfiq İsayev Milli Olimpiya Komitəsinin vitse-prezidenti, həmin qurumun Ədalətli Oyunlar Komissiyasının sədri, sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu Xəzər İsayevin kiçik qardaşı olub.

  • Azərbaycan klubu 400 min avroluq futbolçu aldı

    Qazaxıstanın “Kaysar” klubunun futbolçusu Con Kamara karyerasını Azərbaycanda davam etdirəcək.

    “Keşlə” Syerra Leonedən olan dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilədə razılıq əldə olunub.

    Qeyd edək ki, otuz yaşlı Con Kamara Qazaxıstan Premyer Liqada son iki mövsümə 53 görüşdə meydanda olub və bir qol vurub. Bu futbolçunun transfer qiyməti 400 min avro kimi qiymətləndirilir.

    Bu futbolçu Qazaxıstandan əvvəl Livanın “Tadamon Sur”, Yunanıstanın “Apollon Smirnis”, PAS (Lamia), “Aris” və Latviyanın “Riqa” klublarında çıxış edib. O, 2013-cü ildən çağırıldığı Syerra Leone millisində on oyun keçirib və bir qol vurub.//oxu.az

  • Həbibin Makqreqorla ikinci döyüşü keçirilə bilər

    UFC çempionatının rəhbəri Deyna Uayt rusiyalı Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla mümkün döyüşü barədə danışıb.

    Median.Az “Fighting”a istinadən xəbər verir ki, o, bu döyüşün keçirilib-keçirilməməsi məsələsinin ABŞ-ın Nevada ştatının Atletika Komissiyasının iclasından asılı olduğunu bildirib.

    “Baxaq görək necə alınacaq. Biz hələ Nevadanın Atletika Komissiyasının iclasında iştirak etməmişik. İclas keçirilsin, sonra baxaq necə olacaq. Hər şey cəzaların müddətindən asılı olacaq. Hər şey qaydasında olsa, döyüş baş tutacaq”, – deyə Uayt qeyd edib.

    O həmçinin bildirib ki, növbəti döyüşdə H. Nurməhəmmədovun rəqibi Maks Hollouey və Toni Ferqyusson ola biləcək.

  • Ronaldu “Instagram”da rekord vurdu

    “Yuventus”un və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun “Instagram” sosial şəbəkəsindəki hesabı 150 milyon izləyici toplayıb.

    Median.Az Championat.com-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu izləyicilərinin sayına görə dünyada bu rəqəmə çatan ilk insandır.

    Ronaldu bu baxımdan amerikalı müğənni və aktrisa Selena Qomesi (144,5 milyon izləyici) qabaqlayaraq liderlik mövqeyini qoruyub.

    Futbolçular arasında “Instagram” izləyicilərinin sayına görə K.Ronalduya ən yaxın olanlar Braziliya yığmasının və “PSJ”nin hücumçusu Neymar (108 milyon) və Argentina yığmasının və “Barselona”nın hücumçusu Lionel Messidir (105 milyon).

  • Ailəsi Şumaxerin sağlıq durumu ilə bağlı açıqlama yayıb

    “Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin sağlıq durumu ilə bağlı məlumatların məxfi saxlanılmasının səbəbi bilinib.

    Median.Az-ın Reporta istinadən məlumatına görə, bu barədə almaniyalı sabiq pilotun ailəsi rəsmi sayt vasitəsi ilə açıqlama yayıb.

    Bildirilir ki, proses Şumaxerin istəyi ilə tənzimlənir:

    “Şumaxerin ən etibarlı əllərdə olduğuna və ona köməklik göstərmək üçün hər şey etdiyimizə əmin ola bilərsiniz. Xahiş edirik, anlayın, biz Mixaelin istəyini nəzərə alaraq, onun sağlamlığı ilə bağlı məlumatları məxfi saxlayırıq”.

    Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

  • Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi açıqlanıb

    “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun dünya reytinqindəki mövqeyi dəyişməz qalıb.

    Median.Az
    report-a istinadən xəbər verir ki, bu barədə “Football World Rankings” saytı yazıb.
    46 yaşlı mütəxəssis 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb. Komandası Azərbaycan Premyer Liqasında çıxış edən daha bir mütəxəssis də “minlik”də qərarlaşıb. Bu, “Neftçi”yə rəhbərlik edən Roberto Bordindir. İtaliyalı məşqçi 123 xalla 961-ci pillədə qalıb.

    Qeyd edək ki, siyahıya 14840 xalla İspaniyanın “Barselona” komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

  • Makqreqor və Nurməhəmmədov təkrar döyüşə bilər

    UFC-nin builki qalibi Həbib Nurməhəmmədov və rəqibi, irlandiyalı boksçu Konor Makqreqor yenidən üz-üzə gələ bilərlər.

    Bu barədə UFC-nin rəhbəri Deyn Uayt məlumat verib.

    “Onların 2019-cu ildə yenidən qarşılaşması istisna deyil. Hər şey plan üzrə irəliləsə, döyüş olacaq”, – o bildirib.

  • Azərbaycanlı döyüşçü yaponiyalını rinqə çıxmağa peşman etdi – VİDEO

    Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev yaponiyalı Nobumitsu Osava üzərində qələbə qazanıb.

    Döyüş Yaponiyanın Saytama şəhərində Rizin 14 turniri çərçivəsində keçirilib.

    Musayev rəqibini ikinci raundda nokauta göndərib.

    Bu, Tofiq Musayevin MMA qaydaları keçirdiyi döyüşlərdə 14-cü qələbəsidir. Azərbaycanlı yalnız üç döyüşdə məğlub olub.

    //oxu.az

  • Məmmədyarov dünya çempionatında gümüş medal qazandı

    Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Sankt-Peterburqda keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb.

    Yarışın son günündə üç qələbə və iki heç-heçəyə imza atan Ş. Məmmədyarov xallarını 10,5-ə çatdırıb.

    Rusiyalı Daniel Dubov dünya çempionu olub, amerikalı Hikaru Nakamura isə bürünc mükafata sahiblənib.

    Qeyd edək ki, dünya şahmat tacının sahibi norveçli Maqnus Karlsen rapid növündə beşinci yer tutub.

  • Həbibi İŞİD üzvü bilib saxladılar

    Rusiyanın sərhəd xidmətinin əməkdaşları rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu tanımayıb. Xarici görünüşünə görə onun İŞİD qruplaşması üzvü olmasından şübhələnərək dindirmək qərarına gəliblər.

    Median.Az xəbər verir ki, bu haqda “Ploxoy Leytenant” Telegram-kanalında məlumat yayılıb.

    Nurməhəmmədov dağıstanlı dostları ilə birlikdə Türkiyəyə uçmaq istəyib, ancaq nəzarətçilər onun məşhur idmançı olduğunu bilməyərək sorğu-suala tutublar.

    Əraziyə gələn əməliyyatçılar Nurməhəmmədovu tanıyaraq, onunla şəkil çəkdirib və sərhəd nəzarətindən qısa zamanda keçməsinə şərait yaradıblar.

    “O Mişa və daha iki əməkdaşla şəkil çəkdirdi, qalanlarını söyüb başından elədi və Türkiyəyə uçdu”, – deyə Telegram kanalında yayılan məlumatda bildirilir.