Category: İdman

  • Nurməhəmmədov karyerasını bitirməsi barədə

    UFC üzrə rusiyalı çempion Həbib Nurməhəmmədov karyerasını bitirməsi barəsində danışıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Sovetskiy sport” nəşri məlumat yayıb.

    İdmançı deyib ki, o, karyerasını yüngül çəkidə bitirmək istəyir.

    “Çəkini 66 kiloqrama endirmək çox çətindir. Hətta çəkim 70 kiloqram olanda mən, demək olar ki, ölürəm. Hazırda mənim çəkim 83 kiloqramdır. Əgər çəkimi 77 kiloqram etsəm, döyüşə çıxanda 82 kiloqram ağırlığında olacam.

    Ancaq Vudli və ya Kamaru Usman kimi döyüşçülərin adi halda çəkisi 91-92 kiloqramdır. Onlar 77 kiloqrama kimi çəki ata bilir və döyüşə çıxanda 88-89 kiloqram ağırlığında olurlar. Əgər onlara qarşı döyüşə çıxsam, bizim aramızda 7-8 kiloqram fərq olacaq. Bu, çox əhəmiyyətlidir. Buna görə mən çəkimi 70 kiloqramda saxlamaq və bu çəkidə karyeramı başa vurmaq istəyirəm”, – Nurməhəmmədov bildirib.

  • “Neftçi”nin futbolçusu: Supermarketdə və tikintidə işləmişdim

    “Neftçi”nin braziliyalı futbolçusu Dario Junior ölkəsinin tvebrasil.com.br saytına müsahibəsində karyerası ilə bağlı maraqlı bir məqama aydınlıq gətirib.

    27 yaşlı cinah hücumçusu əvvəlcə Azərbaycan Premyer Liqasının XIII turunun “Sabah”la görüşündən (2:1) danışıb.

    O, 73 dəqiqə oynadığı bu görüş və çempionluq istəkləri barədə bunları bildirib:

    “Biz fasiləyə iki top üstünlüklə yollana bildik. Ancaq bir oyunçumuz (cinah müdafiəçisi Tural Axundovu nəzərdə tutur – S.M.) qırmızı vərəqə aldığından, paltardəyişmə otağına bir nəfər azlıqda yollandıq. İkinci hissədə hər iki komandanın heyətində dəyişikliklər oldu və rəqib fərqi azaltdı. İndi II pillədəki əsas rəqibimizdən beş xal öndəyik.

    Əsas rəqibimiz ötən cümə axşamı “Sportinq”ə Avropa Liqasında 1:6 hesabı ilə uduzmuş “Qarabağ”dır. Bu mənfi nəticə onlara təsir etməyib. Çünki onlar da son turda 5:1 hesabı ilə qalib gəldilər. Əsas rəqibimiz də bizim kimi çempion olmaq istəyir. Azərbaycan çempionu olmaq üçün qarşıdakı oyunlarımızın əksərində mümkün qədər qalib gəlib əsas rəqibimizlə aradakı fərqi qorumalıyıq”.

    Daha sonra Dario futbola gəlişindən danışıb:

    “18 yaşımda valideynlərimdən ultimatum aldım. Ya futbolda müvəffəqiyyət qazanmalı, ya da daimi iş tapmalı idim. Əvvəl bir supermarketdə işləmişdim, daha sonra tikintidə işləməyə başlamışdım. Bundan sonra isə “Unian San Juan” klubunda futbol oynamışdım. Ancaq dünyanın məşhur klublarından olan “Korintians”ın oyunçusu olduqdan sonra ailənin istəyini yerinə yetirə bildim”.

    Qeyd edək ki, tam adı Dario Frederiko da Silva olan futbolçu ilk dəfə ölkəmizə 2015-ci ildə gəlib. Onun Azərbaycandakı ilk klubu hazırda I divizionda çıxış edən “Kəpəz” olub.
    //oxu.az

  • Zabit Səmədov karyerasını başa vurur

    Azərbaycanlı kikboksçu Zabit Səmədov karyerasını başa vurduğunu açıqlayıb.

    Dekabrın 2-də “Akhmat Fight Show” çərçivəsində azərbaycanlı “Mauqli” Yevqeni Orlovu nokauta göndərib.

    Döyüşdən sonra o, “Belarus 5” telekanalına müsahibə verərkən karyerasını başa vuracağını bildirib.

    “Son zamanlar mənim başqa məqsədlərim yaranıb. Bu, çox maraqlı idi, ancaq indi həyatım dəyişib. Mən Azərbaycandan öz klubumu yaradacam. Orada peşəkar məşqçilər işləyəcək, döyüşçülər isə klubumun adından çıxış edəcəklər. Mən menecer işi ilə məşğul olacam və öz brendimi inkişaf etdirəcəm. Düşünürəm ki, rinqdə bir və ya iki döyüş keçirəcəm və karyeramı başa vuracam”, – Z.Səmədov deyib.//oxu.az

  • Azərbaycan millisinin Avro-2020 oyunlarının – TƏQVİMİ

    Futbol üzrə Azərbaycan yığmasının Avro-2020-nin seçmə mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

    Qurban Qurbanovun yetirmələri ilk oyunu martın 21-də Xorvatiyada, sonuncu matçını isə noyabrın 19-da Slovakiyada keçirəcək.

    Azərbaycan millisinin “E” qrupunda tam oyun cədvəli:

    21 mart. Xorvatiya – Azərbaycan

    8 iyun. Azərbaycan – Macarıstan

    11 iyun. Azərbaycan – Slovakiya

    6 sentyabr. Uels – Azərbaycan

    9 sentyabr. Azərbaycan – Xorvatiya

    13 oktyabr. Macarıstan –  Azərbaycan

    16 noyabr. Azərbaycan – Uels

    19 noyabr. Slovakiya – Azərbaycan

    Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.

    Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək.
    //oxu.az

  • Zabit Səmədov rusiyalı rəqibini nokauta saldı – VİDEO

    Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirib.

    “Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – “Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.

    Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.

    Qeyd edək ki, gecənin digər görüşündə 73 kq çəki dərəcəsində mübarizə aparan Elxan Əliyev isə əlavə raundda İran əsilli Almaniya vətəndaşı Cihad Akipaya xal hesabı ilə uduzub.//oxu.az

  • Futbolda dəhşət anları: futbolçunun boynu qırıldı (Video)

    Cənubi Koreyada yüksək liqaya vəsiqə uğrunda “Kvancu” – “Tecon Sitizen” oyununda xoşagəlməz hadisə yaşanıb.

    Qaynarinfo xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi Li Sın-Mo hava mübarizəsi zamanı yerə uğursuz düşüb. Nəticədə onun boynu qırılıb. Huşunu itirən futbolçu bir müddət nəfəs ala bilməyib. Həkimlərin ilkin yardımından sonra Sın-Mo xəstəxanaya çatdırılıb və orada ayılıb.

    Oyun isə “Tecon Sitizen”in qələbəsi ilə yekunlaşıb – 1:0.

  • “Matç TV” Bakıdan reportaj hazırladı – VİDEO

    Rusiyanın məşhur idman kanalı olan “Matç TV” Bakı haqqında 15 dəqiqəlik süjet hazırlayıb.

    Süjetdə 2020-ci ildə Bakıda Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa Çempionatının dörd oyunu barədə söz açılıb.

    Proqramın aparıcısı izləyicilərə Azərbaycan barəsində, ölkəmizdə yetişən meyvələr və ədviyyatlar, həmçinin oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu haqqında məlumat verib.

    O, azərbaycanlı xanımların hansı səviyyədə futbol azarkeşi olması ilə maraqlanıb, əfsanəvi Tofiq Bəhramov barəsində maraqlı məlumatlar təqdim edib.

    Proqramın sonunda AFFA-nın baş katibi Elxan Məmmədov Rusiya millisinə Avro-2020-yə düşməyi və final oyununu Bakıda keçirməyi arzulayıb.//oxu.az

  • “Qarabağ” – “Sportinq” oyununa nə qədər bilet satılıb?

    “Qarabağ” – “Sportinq” oyununa satılan biletlərin sayına aydınlıq gəlib.

    Oxu.az-a klubdan verilən xəbərə görə, Bakı Olimpiya Stadionunda keçiriləcək matça cəmi 10 min bilet satılıb.

    Qeyd edək ki, bu görüş saat 21:55-də başlayacaq.

  • “Qarabağ” futbolçuları meydana şəhid övladları ilə çıxacaq

    Bu gün 21:55-də 70 min azarkeş tutumu olan Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın Portuqaliyanın “Sportinq” klubu ilə oyununun başlanğıcı simvolik olacaq.

    Qurban Qurbanovun yetirmələri meydana çıxarkən onları Ağdamdan olan məcburi köçkün uşaqlar müşayiət edəcəklər.

    “Futbol ulduzları ilə yanaşı, meydana Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin övladları da çıxacaq. Onların arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi – yeddi yaşlı Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi – altı yaşlı Bağırov Əli Elşən oğlu və əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu – 12 yaşlı Oruclu Nihad Raquf oğlu da olacaqlar”, – oxu.az-a Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilib.

    Həmçinin qeyd edilib ki, bu aksiyanın məqsədi futbolda varislik ənənəsinin rəmzi kimi komandanı dəstəkləmək, futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirməkdir.

    “Bu təklif dövlət komitəsi tərəfindən hazırlanıb və “Qarabağ” klubu tərəfindən dəstəklənib. Məlumdur ki, Azərbaycanda idmana xüsusi qayğı var və gənc nəslin idmana marağı gündən-günə artır. Və burada Azərbaycan prezidenti İlham Əliyev kimi, vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var”, – təşkilatdan bildirilib.

  • Dünya şahmat tacı uğrunda görüşün qalibi məlum oldu

    Dünya şahmat tacı uğrunda görüşün qalibi məlum olub.

    Norveçli Maqnus Karlsen amerikalı şahmatçı Fabiano Karuanaya qalib gəlib.

    İlk 12 partiya heç-heçə nəticələndiyindən görüşün taleyi tay-breykdə həll olunub.
    Karslen dörd partiyadan üçündə rəqibindən üstün olub və nəticədə dünya şahmat tacına yiyələnib.

    Qeyd edək ki, Karlsen artıq 5 ildir şahmat üzrə dünya çempionu titulunu qoruyub saxlayır.