Category: İdman

  • “Qarabağ”ın qapıçısı Bakıda adam vurdu

    “Qarabağ”ın futbolçusu Hanes Haldourson Bakıda qəza törədib.

    Median.Az xəbər verir ki, İslandiya millisinin qapıçısı Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub.

    Yaralanan şəxs hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı “Qarabağ”ın qapıçısı idarə etdiyi, 10 UC 909 nömrə nişanlı “Volkswagen Tuareg” markalı avtomobillə vurub.

    Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və “Port Baku” kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.

    Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar. Faktla bağlı zəruri ekspertizalar təyin edilib.

    Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Oxu.Az-a açıqlamasında xəbərsiz olduğunu, məsələni araşdırdığını bildirib.

    Qeyd edək ki, bu məsələni ilk olaraq Publika.az saytı ictimailəşdirib.

  • Ramil Quliyev “İlin atleti” mükafatının finalçısı oldu

    Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyev “İlin atleti” mükafatının ardıcıl ikinci dəfə finalçısı olub.

    Bununla bağlı Türkiyə Atletika Federasiyası məlumat yayıb.

    Bildirilib ki, 10 nəfər arasından seçilən dördlüyə 28 yaşlı Ramildən başqa, fransalı Kevin Mayer, isveçli Armand Duplantis və norveçli Yakob İngebriqtsen daxil olub.

    Qeyd edək ki, “İlin atleti” mükafatı oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində baş tutacaq Avropa Atletika Birliyi Qalasında təqdim olunacaq.

  • Zidan Bakıya gəlir

    Fransa millisinin əfsanəvi futbolçusu, Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan Bakıya gələcək.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, onun səfəri 2019-cu ilin mayında Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlıdır.

    Belə ki, Avroliqanın finalı ilə bağlı yaxın aylarda Bakıda fan-zona açılacaq. Məhz bu münasibətlə Zidanın da Bakıya gələcəyi gözlənilir.

    Qeyd edək ki, o, Bakıya tək gəlməyəcək. AFFA hazırda ona yaxın məşhur sima arasında seçim aparır. Onlardan bir neçəsinin gəlişinə razılıq veriləcək. Zinəddin Zidan artıq razılıq verilmişlər siyahısındadır.

  • Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı – QİYMƏTLƏR

    Bu gündən etibarən “Formula-1” üzrə Azərbaycan Qran-Prisi 2019 üçün bilet satışına start verilib.

    Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

    O bildirib ki, ilk olaraq Azərbaycan vətəndaşları bilet ala biləcək:

    “Dördüncü ilin yarış hazırlıqlarına başlayırıq. 2017-ci ildəki yarışımız ilin yarışı adlandırıldı. 2018-ci ildəki yarışımızın da bu ada layiq görüləcəyinə inanırıq. Bilet satışını 21 faiz artırmışıq. Xaricdəki bilet satışını da 30 faiz artıracağıq.

    Bu gündən etibarən Azərbaycan üçün bilet satışına başlayacağıq. Buranın əhalisi üçün erkən bilet alanlar üçün nəzərdə tutulan kampaniyadan başqa, 25 faiz endirim olacaq.

    İlkin endirim kampaniyası dörd gün müddəti əhatə edəcək. Bu müddətdə biletlər tribunadan asılı olaraq 190-660 AZN olacaq. Azyaşlılar üçün qiymət 130-470 AZN təşkil edəcək. Ayaqüstü zona üçün biletlərin qiyməti 80-160 AZN aralığında olacaq”.

    O bildirib ki, yenə Rusiyadan ən çox bilet satışına maraq göstərəcəyi gözlənilir. Daha sonra Almaniya, Hollandiya, BƏƏ, Mərkəzi Asiya ölkələrindən maraq var.

    Qeyd edək ki, xarici vətəndaşlar üçün bilet satışının vaxtı daha sonra açıqlanacaq.//oxu.az

  • Erməniləri məyus etmiş boksçumuz Avropa çempionatının finalında

    Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib.

    Azərbaycan millisinin yarımfinala yüksələn üç üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir.

    Belə ki, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Çurova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Saranudan (Moldova) üstün olub – 4:1. O, finalda ingiltərəli Co Makqreyli sınağa çəkəcək.

    80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. 1/8 finalda türkiyəli Əmir Büyükdağa, 1/4 finalda belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib.

    Allahverdiyev gərgin keçən döyüşdə 3:2 hesabı ilə qələbə qazanıb. Yığma üzvü çempionluq üçün Patrik Mayerslə (İrlandiya) qüvvəsini sınayacaq.

    Digər boksçumuz Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib. Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran ən ağırçəkili idmançımız macarıstanlı Levent Kisə uduzub – 1:4. O, yarımfinalda yarışla vidalaşdığından III yeri tutub.

    Qeyd edək ki, Avropa birinciliyinə bu gün yekun vurulacaq.//oxu.az

  • Nurməhəmmədovun meneceri ilə 50 Cent arasında gərginlik – FOTO

    Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov meneceri Əli Abdel-Əzizi reper 50 Cent-lə münaqişədə müdafiə edib.

    Reperin Həbibin Bellator döyüşlərində iştirak etməsi üçün təklif etdiyi iki milyon dollara ərəb menecer belə cavab vermişdi:

    “İki milyona reper ancaq Həbibə “Coca-Cola” şüşəsi aça bilər. Həbib 50 milyon dollardan aşağı UFC-ni tərk etməyəcək”.

    Məşhur amerikalı reper isə Abdel-Əzizin həmin müsahibəsindən şəklini “Instagram”da yerləşdirərək, ona belə cavab verib:

    “Təmsilçiliyin daha bir pis nümunəsi. Bu axmaq ucuz kostyumda böyük pullardan danışır”.

    Həbib Nurməhəmmədov isə bu postun altında yazıb:

    “Heç vaxt qardaşım haqda pis danışma”.

    Menecer də bu posta şərh yazıb:

    “Mənimlə danışmaq istəyirsənsə, məni “tag” edə bilərsən. Sən iki milyon dedin, amma Həbib bu klounu (Konor Makqreqoru nəzərdə tutur – S.M.) döyməzdən qabaq 15 milyon qazanıb. Düşünürsən ki, iki milyon verməklə diqqəti özünə cəlb edəcəksən. Sənin üçün pis deyil”.

    Bundan sonra 50 Cent bu postu silib.


    //oxu.az

  • “Formula-1” başqa çempionatla birləşdirilə bilər

    Gələcəkdə “Formula-1” və “Formula-E” çempionatları vahid seriyada birləşə bilər.

    Bunu 2016-cı ilin “Formula-1” çempionu Niko Rosberq bildirib:

    “Ola bilər ki, bu iki çempionat birləşəcəyi üçün biz “Formula-E” yarışlarının “Formula-1”dən məşhur olacağını görməyək. “Formula-1”in elektrik mühərriki ilə işləyən maşınlara üstünlük verdiyi zaman gəldiyində, sadəcə, hər iki seriyanın birləşməsi baş verəcək.

    “Formula-1” üçün elektrik mühərriklərinə keçid mühüm və mürəkkəb addım olacaq. Dünyada ekologiya ilə bağlı ciddi problemlər mövcuddur və müvafiq tədbirlər görülməlidir. Əgər bütün dünyada elektromobillərin satışına başlanarsa, onda “Formula-1” üçün daxili yanma mühərriklərindən istifadənin heç bir anlamı qalmayacaq. Unutmaq olmaz ki, hər iki seriyanın bir sahibi var. Bu, Con Maloundur”.

    Qeyd edək ki, Niko Rosberq 2016-cı ildə “Formula-1”də çempion olduqdan sonra karyerasını başa vurub. O, bundan sonra “Formula-E” çempionatına investisiya qoymağa başlayıb. Hazırda sözügedən çempionatın maliyyə dəyəri 750 milyon avrodur.//oxu.az

  • Həbib Nurməhəmmədov Floyd Meyvezerə şərt qoydu – FOTO

    UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezerlə Las-Veqasda döyüşməkdən imtina edib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə H. Nurməhəmmədov özünün Instagram səhifəsində yazıb.

    “Floyd, amma Veqas yox, onlar mənim pulumu vermək istəmirlər”, – deyə o bildirib.

  • Ramil Şeydayev Rusiyada yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib

    Rusiyanın “Krılya Sovetov” futbol klubunun oyunçusu Georgi Tiqiyev avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün saxlanılıb.

    Samara klununun müdafiəçisinin qanında alkoqolla yanaşı amfitamin də tapılıb.

    Məhkəmə icraçılarının saytında yer alan məlumata görə, “Krılya Sovetov” klubunun digər futbolçuları da ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını pozublar. Onların arasında Azərbaycan millisinin oyunçusu Ramil Şeydayev də var.

  • Üç boksçumuz Avropa çempionatında medal qazandı

    Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinalçıların adlarına aydınlıq gəlib.

    1/4 final mərhələsinin yekununa əsasən, Azərbaycan millisinin üç üzvü mübarizəni davam etdirəcək.

    Belə ki, yarımfinala gedən yolda dörd boksçumuz rinqə çıxıb. Onlardan Əli Zamanov (48 kq) Krasimir Çurovla (Bolqarıstan) gücünü yoxlayıb. İlk iki döyüşündə Hayk Alaberkyan (Ermənistan) və Eduard Voskanyanı (Rusiya) məğlub edən idmançımız bu dueldən də qalib ayrılıb. Həmyerlimiz bolqarıstanlı rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Zamanov final üçün Mixail Saranu (Moldova) ilə döyüşəcək.

    80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də yarımfinala vəsiqə qazanıb. 1/8 finalda türkiyəli Əmir Büyükdağı mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti görüşdə Vladislav Novikova (Belarus) tam üstünlüklə qalib gəlib. O, üçüncü qarşılaşmasında Andrey Voyvodinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

    Digər boksçumuz Əhməd Əhmədov (+80 kq) görüşü aktivinə yazıb. Serbiyalı Mixail Miliçə tam üstünlüklə qalib gələn boksçumuz 1/4 finalda litvalı Edvin Ostapenkonu 5:0 hesabı ilə məğlub edib. Əhmədov yarımfinalda macarıstanlı Levent Kislə qüvvəsini sınayacaq.

    Bu üç boksçumuz 1/2 finala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı təmin ediblər.

    Onlardan fərqli olaraq, Türkeş Mustafayevin (66 kq) 1/4 final qarşılaşması məğlubiyyətlə yekunlaşıb. Həmyerlimiz rusiyalı İqor Kuznetsova uduzub.

    Qeyd edək ki, Avropa birinciliyində yarımfinal görüşləri bu gün keçiriləcək.