Category: İdman

  • AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssis gətirir

    Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) struktur dəyişikliyi baş tutub.

    Qurum daxilində fəaliyyət göstərən Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib.

    Bundan sonra qurum, sadəcə, Hakimlər Komitəsi adlandırılacaq. Komitələri birləşdirməkdə məqsəd maliyyə xərclərini azaltmaqdır.

    Əldə etdiyimiz məlumata görə, Hakimlər Komitəsinin sədri də dəyişdiriləcək. Belə ki, yeni sədr dünya praktikasında olduğu kimi, əcnəbi mütəxəssis olacaq. Həmin mütəxəssisin adı hazırda davam edən AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacaq.

    Qeyd edək ki, bugünədək Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakimlər Komitəsinin sədri isə Əli Hüseynov idi./oxu.az

  • Azərbaycan çempionu olmuş komanda dağıldı – SƏBƏB

    Qadın həndbolu üzrə 2016/2017 mövsümünün Azərbaycan çempionu “Nur” komandası dağılıb.

    Oktyabrın 6-da həndbol üzrə XXVI Azərbaycan çempionatına start veriləcək.

    Belə ki, “ABU Arena”da təşkil olunacaq ölkə birinciliyində altısı qadınlardan (“Azərsu”, “Azəryol”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Olimpiya”, “Qarabağ”), dördü isə kişilərdən (“Bakı”, “Təhsil”, U-16, “Məhsul”) ibarət olmaqla, on komanda iştirak edəcək.

    Göründüyü kimi, ötən il Azərbaycanı Avropa Həndbol Federasiyası (EHF) kuboku turnirində təmsil etmiş və ötən mövsümün bürünc mükafatçısı olmuş Mingəçevirin “Nur” komandasının adı siyahıda yoxdur. Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov bunun səbəbini saytımıza açıqlayıb:

    “Yerli həndbolçuların inkişafı naminə bu mövsümdən yeni qaydalar tətbiq etmişik. Belə ki, legionerlərin oynamasına limit qoymuşuq. İndi start heyətdə maksimum altı legioner və bir yerli həndbolçu oynaya bilər.

    Bildiyiniz kimi, “Nur” komandası da bütünlüklə legioner qızlardan ibarət idi. Bu da çempionatda rəqabətin itməsinə səbəb olurdu. Biz onlara dedik ki, 16 nəfərlik heyətinizə azərbaycanlı da əlavə edin. Onlar belə bir oyunçu tapmadıqları üçün çempionatda iştiraklarına icazə vermədik”.

    O həmçinin Gürcüstanın “Olimpiya” komandasının Azərbaycan çempionatında iştirakının detallarını açıqlayıb:

    “Həndbol federasiyalarının prezidentləri arasında baş tutmuş danışığa əsasən, Gürcüstan komandasının Azərbaycan çempionatında iştirakına icazə verildi. Bu komanda son Gürcüstan çempionudur. Lakin ötən mövsüm onlarda iştirak etmiş dörd klubun həndbolçuları bu komandaya yığılıb.

    Belə demək mümkünsə, hamısı Gürcüstan millisinin üzvləridir. Artıq razılaşdırmışıq. Onlar dörd dövrəli çempionatımızda beş dəfə Azərbaycana gələcəklər və hər səfərdə iki oyun keçirəcəklər. Bizim komandaların hər biri isə bir dəfə Tbilisiyə gedib orada iki oyun keçirəcəklər. Yəni bizim komandaların onlara qarşı iki oyunu Bakıda, ikisi də Tbilisidə baş tutacaq”./oxu.az

  • Tanışının 30 manat pulunu ələ keçirən Avropa çempionuna hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.İsmayılov barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

    Məhkəmə onun zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb.

    Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, 30 manat pulu soyğunçuluq yolu ələ keçirdiyi üçün ittiham verilib.

    Xatırladaq ki, A. İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.//oxu.az

  • Rusiyada azərbaycanlı çempionu belə saxladılar – VİDEO

    Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərində kütləvi davada iştirak edən üç azərbaycanlı və bir ermənini saxlayıblar.

    Median.Az Karelia.news portalına istinadla xəbər verir ki, dava avqustun 25-də baş verib.

    Həmin gecə Petrozavodsk sakini evinin qarşısında döyülüb. Ağır kəllə-beyin travması alan şəxs cinayətkarların əlindən qurtula bilib.

    Şahidlərin sözlərinə görə, Cahangir Kadaşyev və onun dostları eyvanda səs-küy salıblar. Şəhər sakini avtomobilini park edən zaman bu səs-küyü eşidib və iradını bildirib. Bundan sonra münaqişə baş verib. Kadaşyev və onun dostları Zəfər Səfərəliyev, Ruslan Müslimov və Robert Tonyan həmin şəxslə dalaşıblar. Xəsarət alanın adı hələ də KİV-dən gizli saxlanılır.

    Yeri gəlmişkən, videodan görünür ki, döyülən şəxs davadan qorxmur və əlindəki silahdan havaya bir neçə dəfə atəş açır. Davanın sonunda hadisə yerinə polis əməkdaşları gəlib. 

    Karelia.news yazır ki, polis davanın bütün iştirakçılarını həbs edib (Xəsarət alan şəxsin hadisə yerindən qaçdığı və hələ də tutulmadığı bildirilib). Zəfər Səfərəliyev hadisənin görüntülərində yer almayıb.

    Polis onun davanın sonunda gələrək, şəhər sakininin avtomobilinə kərpiclə zərər verdiyini bildirib. Şahidlərin sözlərinə görə, “Audi” markalı avtomobilə ümumilikdə 400 min rubldan çox (təxminən 6000 min dollar – red.) ziyan dəyib.

    Sentyabrın 2-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, yalnız Robert Tonyan azadlığa buraxılıb. Araşdırmalar zamanı onun şəhər sakininə xəsarət yetirmədiyi, avtomobilə ziyan vurmadığı və polisin əmrlərinə tabe olduğu aydınlaşıb.

    Cahangir Kadaşyevə qarşı vəzifələrinin icrası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etmə maddəsi ilə cinayət işi başlanıb. Həmçinin, ona qarşı sağlamlığa yüngül zərər vurma və xuliqanlıq edərək başqasının əmlakına zərər vurma ittihamı irəli sürülüb. Son iki maddə yenidən təsnif edilə bilər.

    Məhkəmə istintaq prosesi zamanı Kadaşyev, Müslimov və Səfərəliyevin 60 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

    Yerli KİV-lərdə məlumat yayıldıqdan sonra Karelia.news portalına Kareliyadakı Azərbaycan diasporunun nümayəndəsi Akif Quliyev müraciət edib.

    Quliyevin sözlərinə görə, o, artıq 33 ildir Petrozavodskda yaşayır.

    “Daxili İşlər Nazirliyində, zavodda çalışmışam. Mənim uşaqlarım burada doğulub. Cahangirin valideynləri də uzun müddətdir ki, burada yaşayır. Cahangir Petrozavodskda doğulub. Onlar varlı ailədən deyil. Kasıb ailəsi ipoteka ödəyir. Ən başlıcası isə biz hamımız Rusiya vətəndaşıyıq.

    Cahangir Rusiyada sambo və karate üzrə idman ustasıdır. O, Avropa çempionu olanda Rusiya üçün döyüşürdü və yaxşı insan idi. Cinayət törətdikdən sonra isə heç kim oldu. Bu, düzgün deyil”.

    Akif Quliyev insidentin səbəbi olacaq daha bir faktı da açıqlayıb.

    “O gənc özü də günahkardır. O qızla olub və yanında silah gəzdirib, görünür ki, qızın yanında özünü göstərmək istəyib. Cahangir dostugilə qonaq gəlib. Onlar kimisə gözləyirdilər. Və o, eyvanda yüksək səslə həmin şəxsin adını çəkib. Axşam saat 10:00 olub, burada nə var ki? Gecə saat 02:00 deyildi.

    Oğlan maşında qızla oturub, musiqiyə qulaq asırmış. O, Cahangirə deyib ki, qışqırmasın. O, bunu kobud şəkildə ifadə edib. Onların sözlü mübahisəsi düşüb. Sonda isə Cahangir ona zərbə vurub. Cahangirin niyə onu döydüyü mənə məlum deyil. Mən onu təmizə çıxarmıram. Demək istəyirəm ki, həmin gənc onu buna təhrik edib.

    Təkrar edəcəm: Cahangirin etdiyi pisdir və o, cəzasını alacaq. Ancaq məhkəmə milli məqamları nəzərə almamalı və obyektiv olmalıdır. Hüquq-mühafizə orqanlarına müraciət edirəm və onları işin obyektiv araşdırılmasına səsləyirəm”, – Quliyev bildirib.//oxu.az

  • “Qarabağ” azarkeşlərinə – ŞAD XƏBƏR

    Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyələşib.

    Qurban Qurbanovun yetirmələri ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəklər.

    Klubdan verilən məlumata görə, çoxsaylı istəklər nəzərə alınaraq, belə qərar verilib.

    Qeyd edək ki, Avropa Liqasında E qrupunda yer alan “Qarabağ” İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə üz-üzə gələcək.

    Ağdam təmsilçisi ilk ev oyununu oktyabrın 4-də “Arsenal”a qarşı keçirəcək.

  • Qayınatasını vəhşicəsinə döyən beşqat dünya çempionu həbs edildi – BAKIDA

    Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

    Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

    Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub.

    Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.

  • Millimiz Ermənistana qalib gəldi

    Dünən İranın Sircan şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında “Yadigar İmam Cup” beynəlxalq turniri start götürüb.

    Komanda yarışında ölkəmizi yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv təmsil edir.

    Millimiz qrupda İranın üçüncü komandasına və Ermənistana 8:2, İranın ikinci komandasına isə 9:1 hesabıyla qalib gəlib. Bununla da güləşçilərimiz qrup qalibi kimi finala yüksəlib. Bu gün yığmamız finalda İranın əsas komandasıyla qarşılaşacaq.

    Qeyd edək ki, yarışın hakimləri arasında həmyerlimiz Azər Allahverdiyev də var.

  • Erməni idmançılar Bakıda: Bu, necə olub?

    Azərbaycan müxtəlif dünya təşkilatları ilə sıx əməkdaşlıq edir və bütün beynəlxalq normalara riayət edir.

    Bütün beynəlxalq idman tədbirlərində, misal üçün, dünya çempionatında, Bakıda keçirilmiş Birinci Avropa oyunlarında, müxtəlif turnirlərdə Azərbaycan iştirakçıların maksimum təhlükəsizliyini təmin edir.

    Bir müddət əvvələ kimi erməni idmançılar da rahatlıqla Azərbaycana gəlir, yarışlarda iştirak edir və vətənlərinə dönürdülər. Yerevana qayıdan zaman Bakı haqqında və Azərbaycan paytaxtındakı turnirin təşkilatı ilə bağlı səmimi açıqlamalar verirdilər.

    2011-ci ildə dünya çempionatından sonra erməni hərbçi deyib:

    “Bakı çox xoşuma gəldi. Gözəl şəhərdir, orada çox vaxt keçirmək və gözəlliyindən həzz almaq istərdim. Mən Avropa Oyunlarından çox müsbət təəssüratlar qazandım. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Hər şey çox xoşuma gəldi: təşkilatçılıq da, keçirilmə də”.

    Bakıda keçirilən Avropa Oyunlarındakı maraqlı bir anı yada salmaq olar, həmin vaxt İlham Əliyev erməni boksçuya medal təqdim etdi.

    Ancaq son vaxtlar Yerevan bir neçə dəfə idmançılarını Bakıya göndərməkdən imtina edib. Sonuncu dəfə isə edilən imtina erməni tərəfinə çoxlu suallar yaradıb.

    Xatırladaq ki, sentyabrın 20-27-də Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına bir neçə gün qalmış Ermənistan Azərbaycan tərəfinin erməni idmançılarının təhlükəsizliyinə zəmanət vermədiyi ilə bağlı yalan informasiyalar yayıb və tədbirdə iştirak edə bilməyəcəyini açıqlayıb.

    Milli Məclisin gənclər və idman komitəsinin üzvü, deputat Adil Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, erməni idmançılar Ermənistan yığmasının tərkibində və ya legioner kimi heç bir təhlükə olmadan həmişə Azərbaycana gəliblər.

    “Ölkəmizə girişinə qadağan olan idmançılar işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər edən və Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına daxil olanlardır. Digər idmançıların isə təhlükəsizliyi tam təmin olunur.

    Ermənistanda bunu bilirlər. Onlar başa düşürlər ki, Bakıda idmançıların təhlükəsizliyi barədə danışmaq ağılsızlıqdır. Azərbaycana son illər ərzində onlarla erməni idmançı gəlib və təhlükəsizliklə və ya təşkilatçılıqla bağlı heç bir şikayət olmayıb”, – deputat deyib.

    O əlavə edib ki, Bakının erməni idmançıların təhlükəsizliyini təmin etməsindən başqa, bütün müvafiq qurumlar paytaxtımızın qonaqlarına qarşı ən cüzi təxribatın qarşısının alınması üçün işlər görür.

    “İdmanı siyasiləşdirmək olmaz. Ermənilər bu fəaliyyəti ilə beynəlxalq rezonans doğurmaq istəyirlər. Ancaq Yerevanda başa düşməlidirlər ki, dinindən və ölkəsindən asılı olmayaraq, Bakı Azərbaycana gələn idmançıların təhlükəsizliyini təmin edib və edəcək”, – Əliyev qeyd edib.

    Deputatın sözlərinə görə, bu, Ermənistanın son vaxtlar bütün sahələrdə mövqelərini itirməsi ilə də bağlı ola bilər.

    “Belə olan halda, təbii ki, Yerevana ancaq yalan, təxribat və s. kimi alçaq əməllərə əl atmaq qalır”, – o əlavə edib.

    //oxu.az

  • “Qarabağ”ın lediləri – FOTO

    “Qarabağ”ın avrokubok oyunlarında onları görməyə çox adət etmişik. Əslində tribunalara gözəlliyi də məhz onlar verir. Artıq “Qarabağ”ı onlarsız, onları da “Qarabağ”sız təsəvvür etmək mümkün olmur.

    Median.Az “Qarabağ”ın avrokubok matçları zamanı mərkəzi tribunalarda öz yerlərini alan xanım azarkeşlərin fotolarını təqdim edir:











    //oxu.az

  • “Qarabağ” Avroliqada – OYUNLARIN TAM TƏQVİMİ

    “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb.

    E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

    “Qarabağ”ın oktyabrın 4-də İngiltərənin “Arsenal”, oktyabrın 25-də Ukraynanın “Vorskla” komandası ilə Bakıdakı görüşləri saat 20:55-də başlanacaq. Ağdam klubunun noyabrın 29-da qəbul edəcəyi Portuqaliya “Sportinq”i ilə oyununun start fiti isə saat 21:55-də çalınacaq.

    Qurban Qurbanovun yetirmələri sentyabrın 20-da Portuqaliyanın paytaxtı Lissabondakı Joze Alvalade adına stadionda “Sportinq”lə görüşə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Köhlən atlar” noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda “Vorskla”, dekabrın 13-də İngiltərənin paytaxtı Londondakı “Emireyts” stadionunda “Arsenal”la görüşlərə Bakı vaxtı ilə saat 00:00-da start verəcək.

    Qeyd edək ki, “Qarabağ”ın ev oyunları arenasının dəyişdirilərək Bakı Olimpiya Stadionuna salınacağı istisna deyil.