Category: İdman

  • “Qarabağ” klubu ilk transferini rəsmiləşdirib

    “Qarabağ” klubu 2018/19-cu illər mövsümü üçün heyətini gücləndirməyə start verib.

    Median.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi xorvatiyalı futbolçu Filip Ozobiçi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, Filip Ozobiç son olaraq “Qəbələ” klubunda çıxış edib.

  • Şikar Bədəlov “Qəhrəmanlıq döyüşü”nə çıxacaq

    İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq idmanı üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle” (Qəhrəmanlıq döyüşü) keçiriləcək.

    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, iyirmi ölkə idmançısının mübarizə aparacağı döyüşdə Azərbaycanı Dünya kubokunun gümüş mükafatçısı, bir sıra yarışların qalibi Şikar Bədəlov təmsil edəcək.

    Qeyd edək ki, Şikar Bədəlov XXI “Heroic battle” döyüşünün qalibi olub.

  • Zabit Səmədova qələbəsinə görə bahalı “Mercedes” hədiyyə edildi

    Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov fransalı Freddi Kemayonu məğlub etdiyi üçün ona bahalı hədiyyə edilib.

    Həmyerlimizə Əhməd Kadırov Fondu tərəfindən “Mercedes” markalı maşın bağışlayıb.

    Zabit bu hədiyyəyə görə Çeçenistan lideri Ramzan Kadırova və Fonda təşəkkür edib.

    Qeyd edək ki, Zabit Səmədov fransalı Freddi Kemaya ilə “King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda mübarizə aparıb. Böyük mübarizəyə səhnə olan görüş mayın 30-da Moskvada, “Crocus City Hall”da baş tutub.

    Qarşılaşmadan Zabit Səmədov qalib ayrılıb.

  • Ramil Şeydayev Avstriya klubuna keçə bilər

    Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Avstriyanın “Matersburq” komandasına keçə bilər.

    “Qarabağ”dan ayrılan futbolçu bu barədə Avstriya mətbuatında çıxan xəbərləri təkzib etməyib.

    Qeyd edək ki, Ramil Şeydayev müqavilə ilə Türkiyənin “Trabzonspor” klubuna məxsusdur.

  • “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri – SİYAHI

    “Qarabağ” klubunun futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

    Median.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi iyunun 19-da keçiriləcək püşkatma zamanı “səpələnmişlər” səbətində yer alacaq. “Səpələnməmişlər” səbətində isə bu komandalar olacaq:

    “Şkendiya” (Makedoniya), “Olimpiya” (Lyublyana, Sloveniya), “Düdelanj” (Lüksemburq), “Spartak” (Trnava, Slovakiya), “Valletta” (Malta), “Vikinqur” (Farer adaları), “Kruzayders” (Şimali İrlandiya), “Alaşkert” (Ermənistan), “Sutyeska” (Monteneqro), “Suduva” (Litva), “Kork Siti” (İrlandiya), “Spartak” (Yurmala, Latviya), “Valür” (İslandiya), “Flora” (Estoniya), “Torpedo” (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi.

    İlkin mərhələdə “Linkoln” (Cəbəllütariq), “Santa-Koloma” (Andorra), “La Florita” (San Marino) və “Drita” (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək.

    UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermədiyindən, “Qarabağ”a “Alaşkert” istisna olmaqla, “səpələnməmişlər” səbətindəki istənilən komanda rəqib ola bilər.

    Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.

  • İdmançımız finalda ermənini məğlub edərək çempion oldu – FOTO + VİDEO

    Azərbaycanlı idmançı Nurlan Musayev Moskvada qaydasız döyüş üzrə yarışın finalında erməni rəqibinə qalib gəlib.

    16 yaşlı idmançımız mayın 27-də keçirilən yarışın finalında Levan Babayanla qarşılaşıb.

    Erməni rəqibinin həm yaşca, həm də boy və çəki baxmından üstün olmasına baxmayaraq, idmançımız onu məğlub edə bilib.

    N.Musayevin sözlərinə görə, bu yarış onun üçün çox önəmli olub. Çünki bu qələbə məhz 28 May Cümhuriyyət günü ərəfəsinə təsadüf edib./oxu.az



  • “Qarabağ”dan göndərilən futbolçular məşhur klublara transfer olur

    “Qarabağ” klubundan göndərilən əcnəbi futbolçular nüfuzlu klublara transfer ola bilər.

    Bu barədə ATV kanalının aparıcısı, idman jurnalisti Sənan Şəfizadə sosial şəbəkədə yazıb.

    Onun sözlərinə görə, Şehiç, Almeyda və Gerye özünü yeni klub tapıb:

    “Çempionlar Liqası istənilən klub və təmsil etdiyi ölkə üçün böyük təbliğatdır. “Qarabağ”ın ÇL-də iştirakı həm də futbolçulara reklam oldu. İbrahim Şehiç A seriyasına – “Parma”ya yollanır, Riçard Almeydanın iki sərfəli təklifi var. Geryenin də getmək variantı var idi. Təəssüf ki, xaricə yollananlar arasında azərbaycanlı futbolçu yoxdur”.

  • “Qarabağ” doqquz futbolçu ilə yolunu ayırdı

    “Qarabağ” Futbol Klubu İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, eyni zamanda, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    Klub adıçəkilən doqquz futbolçuya “Qarabağ”dakı xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

  • “Qəbələ” klubunun futbolçularına 100 min pul “atdılar”

    Azərbaycan millisinin və “Qəbələ” klubunun futbolçuları – Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

    “Report”un əldə etdiyi məlumata görə, həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək, hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər.

    Futbolçular müraciətlərində qeyd ediblər ki, A.Məhərrəmov onların etibarlarından sui-istifadə edərək, C.Hüseynovdan 40 min, E.Məmmədovdan isə 60 min manat pul alıb.

    Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə 100 min manat pulu geri qaytarmayıb.

    Lakin A.Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib.

    Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

    A.Məhərrəmovun vəkili Ceyhun Yusifov “Report”a faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.

    Qeyd edək ki, A.Məhərrəmov dələduzluqda ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, C.Hüseynov 2015-ci ildə “Ann.tv”nin əməkdaşı Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyülərək öldürülməsi ilə bağlı cinayət işi üzrə həbs edilib.

    O, Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilib.

    Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 il 2 aya endirib. Həmin müddət bitdiyindən, o, azadlığa buraxılıb.

  • “Qarabağ”a çempionluq kuboku verildi – VİDEO

    Məlum olduğu kimi, “Qarabağ” ölkə çempionu olub.

    Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün son oyununda “Qəbələ” – “Qarabağ” qarşılaşması baş tutub.

    “Qarabağ”ın ispan yarımmüdafiəçisi Dani Kintananın 22-ci dəqiqədə penaltidən vurduğu qolla meydan sahibləri 1:0 qələbə qazanıb.

    Oyundan sonra mükafatlandırma mərasimi baş tutub. “Qarabağ”a qızıl, “Qəbələ”yə gümüş və “Neftçi”yə bürünc medallar verilib. Bundan başqa, “Qarabağ”a çempionluq kuboku, “Qəbələ”nin fransalı hücumçusu Baqaliy Daboya 13 qolla bombardir olduğu üçün xüsusi mükafat (qızıl suyuna çəkilmiş buts) təqdim olunub.