Category: İdman

  • Azərbaycanlı futbolçu tanınmamış ölkənin çempionu oldu – FOTO

    Azərbaycanlı futbolçu Amit Quluzadə “Drita” komandasının heyətində Kosovo çempionu olub.

    “Drita” buna son turda əsas rəqibi “Priştina” ilə səfər matçında qeydə alınan heç-heçə sayəsində nail olub.

    Qol vurulmayan görüşdə meydan sahiblərinin iki futbolçusu qırmızı vərəqə alıb.

    Bu heç-heçədən sonra xallarını 67-yə çatdıran “Drita” “Priştina”nı üç xal geridə qoyub və ardıcıl 29 matçda uduzmayaraq, rekord müəyyənləşdirib.

    Quluzadənin komandası 2018/2019 mövsümündə Kosovonu Çempionlar Liqasında təmsil edəcək. Həmin turnirdə ölkəmiz adından “Qarabağ” mübarizə aparacaq.


    Qeyd edək ki, Amit Quluzadə qış mövsümündən etibarən Kosovoda oynayır. Kosovonun müstəqilliyi isə Azərbaycan tərəfindən hələ də tanınmayıb.

  • “Qəbələ” cənubi amerikalı futbolçu ilə yollarını ayırdı

    “Qəbələ” surinamlı futbolçusu Dion Malone ilə yollarını ayırıb.

    29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıaşma ilə xitam verilib.

    Ötən ilin yayından bu komandada çıxış edən qaradərili legioner cari mövsüm “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Azərbaycan Premyer Liqasında 18 matça çıxan Niderland vətəndaşı UEFA Avropa Liqasında üç oyunda iştirak edib.

    Qeyd edək ki, Premyer Liqa başa çatmasa da, gümüş medalları özünə təmin etmiş “Qəbələ” bu il də ölkəmizi Avroliqa turnirində təmsil edəcək.

  • “Real” Bakıda futbol məktəbi açır

    Bu gün Bakıda İspaniyanın “Real” (Madrid) klubunun futbol məktəbi açılacaq.

    Futbol məktəbi “Real” fondunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə layihəsi çərçivəsində yaradılacaq.

    Futbol məktəbi Azadlıq prospekti, 128 ünvanında yerləşən “Neftçi”nin köhnə bazasında yerləşəcək.

    Qeyd edək ki, bu gün saat 15:00-da həmin məktəbin açılış mərasimi olacaq. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov da iştirak edəcək.

  • Rəsul Çunayev dünya çempionatına aparılmadı

    Rusiyanın paytaxtı Moskvada güləş üzrə hərbçilər arasında XXXIII dünya çempionatı başlayıb.

    Mayın 14-dən 20-dək keçiriləcək dünya çempionatında iyirmi ölkədən 330-dan çox idmançı iştirak edir.

    Yarışda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə hər birindən doqquz kişi, eləcə də, üç qadın güləşçi təmsil edir.
    Sərbəst güləşçilərin heyətində Əfqan Xaşalov (57 kq), Pərviz İbrahimov (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Pənah İlyaslı (70 kq), Coşqun Əzimov (74 kq), Orxan Abbasov (79 kq), Kənan Əliyev (86 kq), Asxab Həmzətov (92 kq) və Roman Bəkirov (97 kq) yer alıb.
    Yunan-Roma güləşi üzrə yarışlara Ziyad Zeynalov (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Ülvi Qənizadə (72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq) və Türmən Eyyubov (97 kq) qatılıb.
    Sona Tumarxanova (50 kq), Tatyana Varansova (53 kq) və Ceyla Nağızadə (65 kq) isə qadınların yarışında çıxış edəcəklər. Azərbaycan komandasının rəhbəri MOK-in rəisi, polkovnik-leytenant Rəsad Quliyevdir.
    Qeyd edək ki, dünya çempionumuz Rəsul Çunayev belində zədəsi olduğu üçün son anda heyətdən çıxarılıb. Onu Ülvi Qənizadə əvəzləyib.

  • Daha bir idmançımız dopinqə görə cəzalandırıldı

    Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov dopinq-testdən keçə bilmədiyi üçün dörd il müddətinə diskvalifikasiya olunub.

    Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib və ötən ilin noyabrın 24-dən qərar qüvvəyə minib.

    69 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının orqanizmindən istifadəsi qadağan olunmuş boldenon preparatı aşkarlanıb. Onun cəza müddəti 2021-ci il noyabrın 21-də bitəcək.

    Qeyd edək ki, ötən ilin sentyabrın 30-da Azərbaycan Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə bir il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub.

    Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.

    Azərbaycan beş atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

    2016-cı ildə Kostova bu ilin 10 iyununadək diskvalifikasiya edilib. 2015-ci ildə isə Azərbaycanın altı ağırlıqqaldıranından biri dörd il, beşi isə səkkiz il müddətinə cəzalandırılıb.

  • Qurban Qurbanovun növbəti sınağının saatı açıqlandı

    Azərbaycan milli komandasının Latviya yığması ilə iyunun 9-da keçirəcəyi yoldaşlıq oyununun başlanma saatı müəyyənləşib.

    Riqada keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

    Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimizin mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoxlama oyunu nəzərdə tutulub.

  • “Bakı Marafonu – 2018”ın rekord sayda iştirakçısı var

    “Bakı Marafonu – 2018”ə rekord sayda iştirakçı qatılacaq.

    Bu barədə “ layihənin icraçısı olan “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib.

    O bildirib ki, marafonda iştirak üçün 17 mindən çox şəxs qeydiyyatdan keçib.

    A.Əhmədovun sölərinə görə, marafona 30-dan çox şirkət də qatılacaq. Artıq qeydiyyat prosesi başa çatıb.

    Qeyd edək ki, mayın 13-də keçiriləcək “Bakı Marafonu – 2018” saat 10:00-da start götürəcək.

    2016-cı ildə Bakıda təşkil olunan marafona 7 min, ötən il isə 13 mindən çox şəxs qatılıb. 2017-ci ildə Gəncədə keçirilən marafonda isə 11 min nəfər iştirak edib.

  • “Real” Neymarı rekord qiymətə alacaq

    Madridin “Real” klubunun prezidenti Florentino Peres yay transfer pəncərəsində “PSJ”nin hücumçusu Neymarla müqavilə bağlamaq niyyətindədir.

    Bu barədə “Don Balon” nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.

    Nəşrin məlumatına görə, klubun rəhbərliyi Neymara görə, 260 milyon avrodan keçməyə razılaşıb.

    Bundan savayı 26 yaşlı “sambaçı”nı almaq üçün kral klubu beş futbolçusunu “PSJ”ə ötürməyə hazırdır. Klubun nümayəndələri artıq mart ayında Rioda hücumçu ilə görüşüb.

    Neymar Fransa çempionatı və Parisdəki yaşayışın səviyyəsindən narazıdır, ona görə də, klubdan ayrılmaq qərarına gəlib.

    Xatırladaq ki, Paris təmsilçisi 2017-ci ilin yayında braziliyalı futbolçuya görə 222 milyon avro ödəyib.

  • Elman Məmmədov rəis təyin edildi

    Xaçmaz rayon Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

    Müvafiq sərəncamla bu vəzifəni Məmmədov Elman Telman oğlu icra edəcək.

    E.Məmmədov 1985-ci ildə Xaçmaz şəhərində anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə bitirib. 2010-cu ildə Xaçmaz rayon Gənclər və İdman İdarəsinə aparıcı məsləhətçi vəzifəsinə təyin edilib. 2-ci dərəcəli dövlət qulluqçusudur.//report

  • Rəsul Çunayev: Soyadımı səhv tanıdan Fikrət Adıgözəlli olub

    71 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşi üzrə idmançımız Rəsul Çunayev Dağıstanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında (AÇ) qızıl medal qazanmağa çox yaxın idi.

    Dörd il əvvəl Finlandiyanın Vantaa şəhərində keçirilmiş AÇ-nin finalında macar Tamaş Lörinçə uduzmuş Çunayev bu dəfə həlledici görüşdə rus Adam Kuraka məğlub oldu.

    Lakin sonradan məlum oldu ki, Çunayevin məğlubiyyətində zədə amili rol oynayıb. Belə ki, Olimpiya mükafatçımız, dünya çempionatı və Avropa Oyunlarının qalibi finaldan sonra verdiyi açıqlamasında belində ciddi zədə olduğunu, hətta buna görə karyerasını bitirmək istədiyini bildirdi.

    Bununla belə, idmançımız Adam Kurakla görüşdə özünü qonaq kimi hiss etmədi. Bunu Oxu.Az-a açıqlamasında Çunayev belə əlaqələndirib:

    “Mənim babam Dağıstandan Balakənə köçənlərdəndir. Özüm Balakənin Yeni Şərif kəndində anadan olsam da, Dağıstanda çoxlu yaxın qohumlarım var. Məsələn, xalalarım orada yaşayır. Fikir verdinizsə, hər iki güləşçini dəstəkləyənlər vardı. Ancaq bəlkə də, ən çox dəstək mənə verilirdi. Bildiyiniz kimi, milliyyətcə avaram. Buna görə, Dağıstandakı qohumlarımdan başqa, yerli camaat da mənə dəstək olurdu

    Əbəs yerə deyil ki, Dağıstanın keçmiş rəhbəri mənə Mahaçqalada mənzil verib. Ancaq ora təmirsizdir. Demək olar ki, ora getmirəm”.

    İdmançının finaldan sonra bir xanıma forma verməsi də diqqətimizdən qaçmadı. Bəs o qız kim idi?

    “Açığı, onu tanımıram. Qohumum deyil. Sadəcə olaraq, görüşdən sonra yaxınlaşıb mənə demişdi ki, sizin fanatınızam. Mən də üzərində Azərbaycan bayrağı olan ağ formamı verdim”, – deyə Çunayev bildirir.

    Dağıstana tez-tez öz şəxsi maşını ilə gəldiyini bildirən Rəsul Çunayev millimizin dağıstanlı legionerləri ilə rus dilindən çox, yerli dildə danışdıqlarını bildirib:

    “Bizim güləş millimizdə legionerlərdən Şərif Şərifov, Camaləddin Məhəmmədov milliyyətcə Dağıstan avarıdır. Onlarla avar dilində danışırıq. Ancaq bölgələr üzrə ləhcə fərqləri var. Şəxsən Şəriflə bir-birimizi yaxşı başa düşürük (gülür). Onun doğulduğu Qunux kəndində tanışlarım yaşayır”.

    Rəsul Çunayev hər zaman müsahibələrində soyadının düzgün yazılmamasını irad tutur. Bəs bu yanlışlıq düzəldilibmi?

    “Mənim ilk dəfə soyadımı səhv deyən AzTV-nin idman müxbiri Fikrət Adıgözəlli olub. Adımı hər dəfə “Cunayev” kimi çəkirdi. Bir dəfə ona iradımı da bildirmişəm. Amma onun belə deməsindən sonra çox adam soyadımı Çunayev yox, Cunayev kimi tanıdı.

    “İdman Azərbaycan” telekanalının verilişlərindən birində qonaq olarkən qeyd etdim ki, soyadımdakı ilk hərf “çay” sözünün birinci hərfidir”./oxu.az