Category: İdman

  • Futbolçu ildırımvurmadan öldü

    Cənubi Afrikada “Marisburq Yunayted” klubunun şərəfini qoruyan futbolçu Luanda Nsxanqase ildırımvurma nəticəsində ölüb.

    Bu barədə “Sovetski sport” məlumat yayıb.

    21 yaşlı hücumçu martın 1-də yoldaşlıq matçı zamanı yaralanmışdı. Futbolçu xəstəxanaya çatdırılsa da, həkimlər onu koma vəziyyətindən çıxara bilməyib.

    Nsxanqasenin hadisədən iki ay sonra vəfat etdiyi bildirilir.

  • Stadnik yeddinci dəfə Avropa çempionu oldu – YENİLƏNİB

    Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

    Median.Az xəbər verir ki, qadın güləşçilərimiz yarış gününü bir qızıl və iki bürünc medalla başa vurub.

    Komandamızın lideri Mariya Stadnik (50 kq) finalda Rumıniya idmançısı Emilia Vuçla qarşılaşıb. Əvvəlki üç görüşündə 10:0 hesabı ilə qalib gəlmiş ukraynalı legionerimiz bu dəfə də eyni hesabla rəqibindən üstün olub. Ona bunun üçün cəmi 32 saniyə kifayət edib və Avropa çempionatında növbəti qızıl medalını qazanıb. Buna qədər Stadnik altı dəfə Avropa çempionatının və I Avropa Oyunlarının qalibi olub.

    59 kq çəkidə yarışan Tatyana Omelçenko bürünc medal görüşündə Belarus idmançısı Katerina Yanuşkeviçə 12:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıb. 76 kq çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva isə bürünc medal görüşündə ukraynalı İrina Pasiçnyuka 6:3 hesabı ilə qalib gəlib.

    Qeyd edək ki, sabah Azərbaycanı təmsil edən qadın legionerlərdən 57 kq çəki dərəcəsində Alyona Kolesnik bürünc görüşünə çıxacaq. Elis Manolova (65 kq) isə finlandiyalı Petra Oli ilə final görüşündə qızıl medal üçün güləşəcək. Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

    * * * * *

    Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı (AÇ) davam edir.

    Median.Az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

    Komandamızın lideri Mariya Stadnik finala yüksəlib. O, finalda Rumıniya güləşçisi Emilia Vuçla yarışacaq. Digər güləşçilərimizdən Tatyana Omelçenko ilə Səbirə Əliyeva isə bürünc medal uğrunda mübarizə aparacaq. Onların rəqibləri müvafiq olaraq Katerina Yanuşkeviç (Belarus) və İrina Pasiçnyukdur (Ukrayna).

    Final görüşləri sabah keçiriləcək. 

    50 kq

    1/8 final

    Mariya Stadnik – Jaklin Şelin (Almaniya) 10:0

    1/4 final

    Mariya Stadnik – Milana Dadaşova (Rusiya) 10:0

    1/2 final

    Mariya Stadnik – Kseniya Stankeviç (Belarus) 10:0

    55 kq

    1/4 final

    Solmaz Həşimzadə – Bediha Gün (Türkiyə) 0:4

    59 kq

    1/4 final

    Tatyana Omelçenko – Mimi Xristova (Bolqarıstan) 3:8

    68 kq

    1/8 final

    İrina Netreba – Buse Tosun (Türkiyə) 5:8

    76 kq

    1/4 final

    Səbirə Əliyeva – Janet Nemet (Macarıstan) 9:6

    1/2 final 

    Səbirə Əliyeva – Yekaterina Bukina (Rusiya) 0:10
    /oxu.az

  • “Formula-1” Bakını Mayamiyə dəyişir?

    “Formula-1” rəhbərliyi Azərbaycan Qran-Prisini Mayamidə keçirilməsi planlaşdırılan mərhələ ilə dəyişmək imkanını nəzərdən keçirir.

    “Formula-1” və Bakı arasındakı hazırkı müqavilə 2020-ci ildə başa çatır.

    Bildirilir ki, Mayami küçələrindəki mərhələ “Formula-1” təqviminə 2019-cu ildə salına bilər. Şəhər şurası bu təklifi müsbət qiymətləndirib.

    Lakin Mayami sakinləri bu təşəbbüsü bəyənməyiblər. Yarış zamanı yaranan səs-küy, həmçinin bitkilərin və yolların zədələnməsi onları qane etmir.

    Hazırda “Formula-1” təqvimində ABŞ ərazisində bir mərhələ var. 2012-ci ildən etibarən yarışlar Texas ştatının Ostin şəhərində keçirilir./oxu.az

  • Kunq Fu Federasiyasında yeni – TƏYİNATLAR

    Mayın 2-də Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin iclası keçirilib.

    Federasiyanın prezidenti Nurlan Aslanov iclası açıq elan etdikdən İdarə Heyətinin qərarı ilə bir sıra vəzifələrə təyinatlar olub, yeni tərkib formalaşıb.

    Belə ki, kikboksinq üzrə beş qat dünya çempionu, prezident mükafatçısı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Ehram Məcidov ümumi işlər üzrə vitse-prezident, iş adamı Tural Alişanlı ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident, dünya və Avropa çempionu, prezident mükafatçısı, əməkdar idman ustası Emil Hacıyev peşəkarlar üzrə baş məşqçi, böyüklər üzrə baş məşqçi, dünya və Avropa çempionu, əməkdar idman ustası Ramin Allahverdiyev, gənclərin baş məşqçisi dünya çempionatının mükafatçısı, idman ustası Aqil Mustafayev, mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İntizarə Məmmədova təyin olunub.

    Yeniyetmələrin baş məqçiliyi isə dünya çempionu, idman ustası Ellər Orucova həvalə edilib.

  • Nazir oğlu açıqladı: “Formula 1 yarışları daha 5 il keçirilə bilər” – RƏSMİ

    İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisinin Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb–artırılmamasına təşkilatçılar qərar verməlidir. 

    Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib.

    O deyib ki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: 

    “Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir. Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq. Düşünürəm ki, Formula 1 bizim üçün çox şey edib. Amma bildiyimə görə bu layihə nəinki bizim üçün, elə Formula 1 üçün də maraqlıdır. Eyni zamanda azarkeşlərin də Azərbaycan Qran-Prisinə maraqları böyükdür. Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur”.

  • Bakıda keçirilən “Formula-2” yarışında qəza – VİDEO

    Bakıda keçirilən “Formula-2” yarışında qəza baş verib.

    Campos Vexatec Racing komandasının italiyalı pilotu Luka Qiotto idarəetməni itirərək bolidi divara çırpıb.

    Qeyd edək ki, yarışmanın ikinci yarış günündə “Formula-2” sinfində birinci yarış, “Formula-1” pilotlarının isə üçüncü praktiki sessiyası keçirilir.

  • Azərbaycan Qran-Prisində ilk qəza – VİDEO

    “Formula-1” üzrə Azərbaycan Qran-Prisində ilk qəza baş verib.

    Birinci sərbəst yürüş zamanı “Red Bull”un belçikalı pilotu Maks Verstapenin idarə etdiyi bolid divara çırpılıb və sol qabaq təkərində problem yaranıb.

    Onun bolidi trassdan evakuasiya olunub.

  • Məmmədyarov futbolda uduzmalarından danışdı

    Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VI tur başa çatıb.

    Hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çin təmsilçisi Dinq Lirenlə heç-heçə oynayıb.

    Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov partiyadan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:

    “Berlindəki oyunu unutmamışam. Sadəcə indi fərqli vəziyyətdir. İddiaçılar Turnirində Lirenə uduzduğum partiyada ağ fiqurlarla oynayırdım. Berlində yalnız qələbə haqqında düşünürdüm. İndi qara fiqurlarla oynayırdım, ona görə heç-heçə normal nəticədir.

    Yeni debüt seçimi etdim, sadəcə üstünlük qazana bilmədim. Rəqib çox ehtiyatlı oynayırdı. Ona görə də səhvlər demək olar ki, olmadı. Bununla belə, qarşıdakı turlara daha ciddi hazırlaşacağam. Çünki hələ turnir cədvəlində çox şey dəyişə bilər”.

    İstirahət günü barədə danışan Məmmədyarov futbol yarışında finalda uduzduqları “Dünya yığması”nın heyəti barədə danışıb:

    “Futbol çox maraqlı anlarla yadda qaldı. İlk görüşdə təşkilatçılardan formalaşan komandanı 8:0 hesabıyla məğlub etdik. Sonradan finalda “Dünya yığma”sına qarşı oynadıq. Yorğunluq təsirsiz ötüşmədi. Əgər ilk görüşdə əcnəbi şahmatçılarla qarşılaşsaydıq, onları məğlub edəcəkdik. Finala gücümüz qalmadı.

    Həm də bizim heyətdə orta yaşlı oyunçular çox idi. Finalda 1:2 hesabıyla uduzduq. Rəqib komandada Dinq Liren, Denis Xismatulin və təbii ki, Maqnus Karlseni xüsusi qeyd edərdim. Maqnus şahmatla yanaşı, futbolu da yaxşı oynayır”./oxu.az

  • Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

    Aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

    Dörd gün davam edən yarışda baş məşqçi Şaban Donat 10 pəhləvana güvənəcək.

    Bunlar Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubovdur (130 kq).

    Qeyd edək ki, aprel 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, may 1-də isə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək.

    Medal görüşləri müvafiq olaraq, mayın 1 və 2-də olacaq.
    /oxu.az

  • “Qarabağ”ın Çempionlar Liqasındakı doqquz rəqibi – SİYAHI

    Məlum olduğu kimi, “Qarabağ” Azərbaycn Premyer Liqasının sonuna dörd tur qalmış Azərbaycan çempionu adını qazanıb.

    Ümumilikdə altıncı, ardıcıl beşinci dəfə ölkənin ən yaxşısı olan Ağdam təmsilçisi Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında növbəti dəfə Azərbaycanı təmsil etmək hüququ əldə edib.

    Qurban Qurbanovun yetirmələri turnirdəki format dəyişikliyinə görə bu dəfə Çempionlar Liqasına I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Komandamız ilk təsnifat mərhələsindən yarışa qoşulacaq 34 iştirakçıdan biri olacaq.

    Artıq bu mərhələdən mübarizəyə qoşulacaq 18 komandanın adı bəllidir. Hesabında 20,500 xal olan “Qarabağ” indidən səpələnmişlər sırasında yerini təmin edib. Azərbaycan çempionu hazırda reytinqinə görə mərhələnin üçüncüsüdür.

    Beləliklə, komandamızın doqquz rəqibi bəllidir. UEFA qaydalarına görə, “Qarabağ” Ermənistan çempionu ilə turnirdə qarşılaşa bilməz.

    Çempionlar Liqası

    I təsnifat mərhələsi

    Səpələnmişlər

    “Astana” (Qazaxıstan)

    BATE (Belarus)

    “Qarabağ” (Azərbaycan)

    “Şerif” (Moldova)

    “Malmö” (İsveç)

    “Rusenborq” (Norveç)

    HİK (Finlandiya)

    TNS (Uels)

    Kipr çempionu

    Danimarka çempionu

    Səpələnməmişlər

    “Vikinqur” (Farer adaları)

    “Sutyeska” (Monteneqro)

    “Suduva” (Litva)

    “Kork Siti” (İrlandiya)

    “Spartak” (Latviya)

    “Valyur” (İslandiya)

    “Flora” (Estoniya)

    “Torpedo” (Kutaisi, Gürcüstan)

    Ermənistan çempionu

    Şimali İrlandiya çempionu

    Qeyri-müəyyənlər

    “Şkendiya” (Makedoniya)

    “Valletta” (Malta)

    İsrail çempionu

    Polşa çempionu

    Bolqarıstan çempionu

    Serbiya çempionu

    Şotlandiya çempionu

    Bosniya və Herseqovina çempionu

    Xorvatiya çempionu

    Macarıstan çempionu

    Slovakiya çempionu

    Albaniya çempionu

    Lüksemburq çempionu

    İlkin mərhələnin qalibi

    Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 19-da keçiriləcək./oxu.az