Category: İdman

  • 2018 Azərbaycan Qran Prisi çərçivəsində keçiriləcək əyləncə tədbirlərinin detalları bəlli olub

    Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeşlərin Əyləncə Zonasında 26-29 aprel tarixlərində yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq

    Dənizkənarı bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-ı saat 12:00-dan 21:00-dək, aprelin 27-i və 28-i saat 10:00-dan 19:00-dək və aprelin 29-u saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27-29 aprel tarixlərində axşam saatlarından başlayaraq Bakı Kristal Zalında bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək.

    Formula 1 ilə yaxından tanışlıq

    Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-ı, saat 14:00-dan 15:30-dək Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Azarkeş Zonasında yerləşən Abşeron tribunası tərəfdən olacaq.

    Bundan başqa, Formula 1 Azarkeş Zonasında builki Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 27-29 aprel tarixlərində saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur.

    Bu il tamaşaçılar Formula 1-in yeni pilotları ilə yanaşı Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Belə ki, aprelin 28-i, dənizkənarı bulvarda yerləşən F1 Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

    Həmçinin 26-28 aprel tarixlərində yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddət ərzində trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı şəkildə tanış ola biləcəklər.

    Yeni formatda mərasimlər

    Ötən illərdəkindən fərqli olaraq bu il tamaşaçıları salamlama mərasiminin açılışı Pilotların Paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar.

    Bundan bir az sonra yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar qrid düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən bu il qrid qızları olmayacaq və onların əvəzində pilotları yalnız himn mərasimində 7-10 yaşlardan ibarət uşaqlar müşayiət edəcəklər.

    F1 azarkeşləri üçün simulyator yarışları

    Tamaşaçılar F1 Azarkeş Zonasında yerləşən Formula 1-ə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya dəyərli mükafatlar veriləcək. Bununla yanaşı, simulyatorlarla yanaşı müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

    Konsert proqramları

    Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-i əvvəlcə səhnəyə Jamiroquai qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojack-ın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-i bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə Axwell Λ Ingrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaq. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdəkindən fərqli olaraq bu il dünya ulduzlarının konsert proqramları Bakı Kristal Zalında keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə Kristal Zal arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

    Bir-birindən zövqlü səyyar şoular

    Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara sirk və balans şouları, pantomima aktyorları və ağacayaqların orijinal hərəkətləri, müxtəlif yerli DJ-lərin və müğənnilərin musiqili əyləncə proqramları, küçə rəqsləri, eləcə də digər maraqlı nömrələr daxildir.

    Azyaşlılar üçün maraqlı əyləncələr

    Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

    Xatirə şəkli üçün fərqli mənzərələr

    Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeş Zonasının müxtəlif yerlərində tamaşaçılara şəkil və selfi çəkdirmək üçün fərqli arxafonlar, o cümlədən Azərbaycan Qran Prisinə aid podium və haştaqlar, F1 pilotlarının heykəlləri və onları təsvir edən maskotlar, divar və yerüstü rəsmlər, F1 yarışlarının keçirildiyi treklərin sxemləri, milli ornamentli F1 bolidləri və retro avtomobillər təqdim olunacaq.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tamaşaçıların büdcəsinə uyğun olaraq Azərbaycan Qran Prisinə müxtəlif qiymətə biletlər təklif edir. Yarış həyəcanını yaxından yaşamaq istəyən tamaşaçılar biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bilet seçimləri haqqında ətraflı məlumatı bu keçiddən ədlə edə bilərsiniz: www.bakucitycurcuit.com.

  • Fiziki qüsuru üstünlüyə çevirərək olimpiya çempionu olmağı hədəfləyən xanım – FOTO

    “Orada çıxış edib, medal qazanaraq kürsünün ən yüksək zirvəsinə qalxıb, Olimpiya çempionu adını qazanmaq istəyirəm”

    İdmançı dedikdə, hər kəsin ağlına sağlam bədənə sahib, cüssəli insan gəlir. Bu isə, heç də belə deyil. Elə insanlar var ki, fiziki məhdudiyyətləri olsa belə, bir çox sağlam insandan daha yaxşı məşq edir və hətta uğur qazanır.

    Azərbaycanda da paraolimpiya idman növündə iştirak edən idmançılar az deyil. Onlar nəinki məşq edir, hətta Azərbaycanı dünyada təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar. Belə idmançılardan biri də Aynur Məmmədovadır.

    Sağ əli anadangəlmə qüsurlu olan bu idmançı həyat sevgisini idmanda tapıb. Əməkdar idman ustası, ikiqat Dünya çempionu, ikiqat Avropa çempionu olan Aynur Məmmədova Sputnik Azərbaycan-a uğurlarından danışıb.

    Aynur MÉmmÉdova

    Aynur Məmmədova

    — İdmançı olmazdan əvvəl hansı işlə məşğul idiniz?

    — İdmana gəlməzdən əvvəl Azərbaycan Maliyyə İqtisad kollecində oxumuşam. Orada təhsil almaqla paralel “Əlil qadınlar cəmiyyətində” idarə heyətinin üzvü olaraq könüllü çalışırdım. 1996-cı ildən Azərbaycanda Paraolimpiya Komitəsi yarandı. Mən də 1998-ci ildən orada atıcılıq idman növü ilə məşğul olmağa başladım. O zaman heç yerdə işləmirdim, kirayədə qalırdım. Valideynlərimin, qardaşlarımın dəstəyi ilə yaşayırdım. Eyni zamanda bir çox QHT-lərin dəstəyi ilə xarici dillər, toxuculuq, kompüter kurslarına yazılmışam və bir çox biliklərə yiyələnmişəm.

    — İdmanla məşğul olmaq sizin üçün çətin deyilmi?

    — Dediyim kimi, idmana atıcılıqla başladım. Etiraf edim ki, bu idman növü mənə çətin idi. Sağ əlim olmadığı üçün silahı sol əlimlə tutmalı olurdum. Bu da çox çətin idi. Axı silah sağ əl üçün nəzərdə tutulub. Buna baxmayaraq, mübarizə aparırdım. Daha sonra taekvando idman növü ilə tanış oldum. Düşünmədən idman növümü dəyişmək qərarına gəldim. Bir çox müəllimlər əldən əlilliyi olan gəncləri öz komandalarına cəlb edirdilər. Mənə taekvandoya keçməyi Asim Xudiyev təklif etdi. Nəhayət, biz görüşdük və əməkdar məşqçi Əvəz Tağıyevin yanına gəldik. Beləliklə, mən ilk məşqlərə başladım və bu gün də orada məşq edirəm.

    — İdman həyatınızda nəyi dəyişdi?

    — Deyərdim ki, idman həyatımı yaxşılığa doğru çox dəyişdi, istər mənəvi xüsusiyyətlər olsun, istər maddi vəziyyət olsun. İdman mənim həyatımı dəyişdi, mən də neçə yüzlərlə insanların həyata baxışını dəyişdim. İdman mənə əzmkarlığı, mübarizliyi, vətənpərvərliyi, mərdliyi, səbir etməyi, şükür etməyi, yaxşını-pisi tanımağı, sağlamlığı, özüm kimi fiziki məhdudiyyəti olan insanların hər zaman qayğısını çəkməyi, onlara həyatı sevdirməyi öyrədib və hələ də öyrətməkdədir.

    Aynur Məmmədova
    Aynur Məmmədova

    — Parataekvando üzrə dünya və Avropa çempionu olmusuz. İdman karyerasında son məqsədiniz nədir?

    — Çəkdiyim əziyyət yerdə qalmadı, çox idmançıların arzusunda olan dünya və Avropa çempionu titullarını qazanmışam və hələ ki, karyeramı bitirməmişəm, çünki son hədəfim var. Qarşıda 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları gəlir. Orada çıxış edib, medal qazanaraq kürsünün ən yüksək zirvəsinə qalxıb, olimpiya çempionu adını qazanmaq istəyirəm. Buna görə də hər gün məşqlər edirəm ki, bu iki ili tam formada qala bilim və istədiyim nailiyyəti əldə edim.

    — Çətin deyilmi?

    — Əslində çox çətindir, həm sağlamlığım buna imkan vermir, həm də yaş öz işin görür. Sağlamlığım dedikdə, hər bir peşəkar idmançının zədəsi olur. Məndə də həmçinin. Artıq iki ildir ayaq topuqlarımın hər ikisində burxulma var, müalicə etdirsəm də, yenə ağrılar var, amma hələ ki, məşqlərimi davam edirəm.

    — İdmanı atandan sonra hansı işlə məşğul olmaq niyyətindəsiniz?

    — Mən idmanı atmadan artıq iş qurmuşam. Məqsədim xüsusi qayğıya ehtiyacı olan uşaqlara, gənclərə dəstək olmaq, onların həyatda öz yerlərini tapmalarına kömək etməkdir. Artıq iki ildən çoxdur ki, “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyini təsis etmişəm. Sədr vəzifəsində çalışıram. Məqsədim fiziki məhdudiyyətli uşaqları fiziki göstəricilərinə uyğun paraolimpiya idman növünə yönəltmək, idmanda uğur, nailiyyətlər qazanmalarına kömək etməkdir. İdman karyeramı bitirdikdən sonra, fikrim belə insanlara kömək etmək, onlara nümunə olmaqdır./sputnik.az

  • 11 yaşlı azərbaycanlı şahmatçı İsveçdə 1-ci yerə çıxdı – FOTO

    İsveçdə yaşayan azərbaycanlı uşaq şahmat turnirində birinci yerə çıxıb. Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

    “Turnirdə qələbə qazanan Məhəmməd Əli Nəzərli 25 ildir ki, Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun kiçik üzvlərindən biridir. Məhəmməd Əli İsveçin “Dagens Nyheter” qəzetinin təşkil etdiyi “Şahmat 2018″ yarışmasının 11 yaşlılar arasında Stokholm üzrə birinciliyini qazanıb. Bu qürurvericidir. Onun parlaq gələcəyindən xəbər verir.

    Gələcəkdə nüfuzlu yarışlarda iştirak edəcək. Bir azərbaycanlı kimi bundan fəxr etməmək mümkün deyil. Məhəmməd Əli Azərbaycan ruhunda tərbiyə alır. Valideynləri onu vətənpərvər,milli ruhda böyüdürlər. Üzvü olduğu dərnək Stokholmda fəaliyyət göstərir. Dərnək Azərbaycanla bağlı tədbirlər təşkil edir”.

  • Azərbaycan futbolunda üç nəfərə on oyunluq cəza verildi

    Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

    Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçında qonaq komandanın altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bakı klubu 800 manat cərimə olunub.

    Oyunun 26-cı dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Gəncə klubu 1600 manat cərimələnib.

    Region Liqasının “Şıxlar” – “Tufan” matçının 13-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Şabıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün dörd oyun cəzalanıb.

    Oyunun 14-cü dəqiqəsində “Şıxlar”ın digər futbolçusu Mərifət Qəniyev aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün ona 10 oyun cəza verilib.

    U-16 Liqasının “Turan Tovuz” – “Zirə” matçının 80-cı dəqiqəsində Bakı klubunun futbolçusu İlahi Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb.

    Matç başa çatdıqdan sonra “Zirə”nin digər oyunçusu Samir Qasımov “Turan Tovuz” klubunun rəsmi şəxsinə qarşı aqressiv davranış göstərdiyinə görə 10 oyunluq cəzalandırılıb.

    “Turan Tovuz”un məşqçisi Elxan Abdıyev isə “Zirə” klubunun futbolçusuna əli ilə zərbə endirdiyinə görə eyni sayda cəza alıb./oxu.az

  • Bakıda təntənəli açılış — FOTOLAR

    Bakı İdman Sarayında birinci Türk Şurası Universitet İdman Oyunlarının (Türk Universiadası) təntənəli açılış mərasimi olub.
    Median.Az xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türk Şurasının baş katibi Ramil Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatları, diplomatlar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Açılış mərasimində türk xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri, dahi şəxsiyyətləri barədə məlumat verilib. Azərbaycanın milli musiqi alətləri və xalq rəqslərinin müşayiəti ilə davam edən mərasim zamanı respublikamızın görməli yerləri nümayiş etdirilib.

    Türk dünyasının birliyindən danışan gənclər və idman naziri Azad Rəhimov türkdilli ölkələrin beynəlxalq arenada həmişə biri-birilərinə dəstək olduqlarını vurğulayıb. Diqqətə çatdırıb ki, biz eyni dilə, eyni dinə malik xalqlarıq. Ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Prezident İlham Əliyev türkdilli ölkələrlə əməkdaşlığı həmişə diqqət mərkəzində saxlayır. Dostluğun və qardaşlığın nəticəsində XXI əsr türk dövlətləri əsri olmalıdır.

    “Diplomatik əlaqələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirlər. Türkdilli ölkələr arasında idman sahəsində təcrübə mübadiləsinin aparılması vacib məsələlərdəndir”, – deyə nazir əlavə edib.
    Türk Şurasının baş katibi Ramil Həsənov yüksək təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, birinci Türk Universiadasının Azərbaycanda təşkil olunması çox sevindirici haldır. Universiada növbəti illərdə də təşkil olunacaq və iştirakçıların sayı artacaq. İdman dostluğu tərənnüm edir. Bu yarış yeni dostluqların yaranmasına imkan verəcək.

    Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

    Açılış mərasimi başa çatdıqdan sonra güləş yarışları təşkil olunub.

    Aprelin 10-dək davam edəcək turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan idmançıları 7 idman növü – futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo, sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışacaqlar.

  • Böyük Britaniya Rusiyadakı çempionatdan imtina etdi

    Ukrayna və Böyük Britaniya yığmaları aprelin 30-da Rusiyanın (Dağıstanın) Kaspiysk şəhərində start götürəcək güləş üzrə Avropa çempionatına qatılmaqdan imtina edib.

    Median.Az xəbər verir ki, siyasi motivlər üzündən atılan bu addım nəticəsində çempionat iştirakçılarının sayı 32-yə enib.

    Aralarında Azərbaycanın da olduğu iştirakçı ölkələr 224 medal uğrunda mübarizə aparacaqlar.

    Qeyd edək ki, Avropa çempionatı mayın 6-dək davam edəcək.

  • Ad günündə bıçaqlanmış boksçumuz danışdı

    Xəbər verdiyimiz kimi, boks üzrə Azərbaycan çempionu, IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində gümüş medal qazanmış Tamerlan Abdullayev öz ad günündə bıçaqlanıb.

    28 yaşlı yaralı boksçu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Abbasov bildirib ki, Rumıniyada yarışda olduğundan, millidəki yetirməsinin bıçaqlanmasından gec xəbər tutub. O hələ Tamerlan Abdullayevin yanına getmədiyini bildirib.

    Bizdə olan məlumata görə, Tamerlan Abdullayev “Qəbələ” klubunun üzvüdür. Adıçəkilən klubun boks bölməsinin rəhbəri Fariz Məmmədovla danışdıqda məlum oldu ki, o da idmançıya hələ baş çəkməyib:

    “Mən bu hadisədən bu gün xəbər tutmuşam. Yanına getmək imkanım olmayıb. Amma o bizim imanlı, əqidəli qardaşımızdır. Belə bir hadisənin onun başına gəlməsini eşidəndə çox pis oldum”.

    Fariz Məmmədov onu da bildirib ki, hazırda Tamerlanla “Qəbələ”ni heç nə bağlamır:

    “Bizdə idmançılarla hər il müqavilələr yenilənir. O, yanvarda keçirilmiş Azərbaycan çempionatında iştirak etmədi deyə, müqavilənin müddəti uzadılmadı. Onun baş toxumlarında problem yaranmışdı deyə, müalicə alırdı. Amma boksdan tamamilə ayrılmamışdı. Sağaldıqdan sonra boksa geri qayıdacaqdı”.

    Qeyd edək ki, Fariz Məmmədovla Tamerlan Abdullayev vaxtı ilə eyni çəkidə – 69 kq-da mübarizə aparıblar. 2014-cü ildə rusiyalı Andrey Zamkovoya məğlub olduğu döyüşdə burnundan zədə almış Fariz Məmmədov 3 ay rinqdən uzaq qalmalı olmuş, nəticədə onu həmin ilin noyabrın 29-da Bakıda keçirilmiş AİBA Pro Boxing (APB) turnirində milli komandamızın digər üzvü Tamerlan Abdullayev əvəzləmişdi. Tamerlan debüt etdiyi bu turnirdə macarıstanlı Dyula Kateni məğlub etmişdi.

    Yeri gəlmişkən, idmançının özü ilə də əlaqə saxladıq. Abdullayev narkozdan yeni çıxdığını, bu üzdən az danışacağını bildirib:

    “Artıq əməliyyat olunmuşam. Narkozdan yeni çıxmışam. Vəziyyətim normaldır. Həkimlər sabaha-birigünə evə buraxıla biləcəyimi bildiriblər. Bıçaq aşağı nahiyədən daxil olub. Olmamalı bir hadisə idi. Ona görə bu haqda danışmaq istəmirəm”.

    Sonda Tamerlan Abdullayev onu da bildirib ki, o hələ də özünü “Qəbələ” klubunun idmançısı sayır.//Oxu.az

  • “Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsinə start verilib

    Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsi prosesinə start verilib.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, aprelin 29-dək şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq.

    Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Vauçerləri yalnız üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

    Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

    Yarış ərzində həftəsonu tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də vauçerlərini dəyişə biləcəklər.

  • Azərbaycan çempionatının oyunları güclü küləyə görə təxirə salınıb

    Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turunun bu gün keçirilməli olan oyunları təxirə salınıb.

    Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, buna paytaxtdakı güclü küləkli hava şəraiti səbəb olub. Qurumdan bildirilib ki, matçların təşkil olunduğu Voleybol Mərkəzi konstruksiyalı idman qurğusu olduğundan, güclü külək şəraitində qəzanın baş vermə ehtimalı var. Ona görə də oyunların təxirə salınması məqsədəuyğun sayılıb. Turun görüşləri aprelin 2-də keçiriləcək və eyni saatda başlayacaq.

    Qeyd edək ki, IX tur çərçivəsində “Lokomotiv” – AVF və “Abşeron” – “Azərreyl” matçları keçiriləcək. Qarşılaşmalar, müvafiq olaraq, saat 15:00-da və 17:00-da başlayacaq.

  • “Bakı”nın sabiq futbolçusu dünyasını dəyişdi

    “Bakı”nın sabiq futbolçusu Mustafa Kamal Söylemez vəfat edib.

    Median.Az goal.az-a istinadən xəbər verir ki, müxtəlif illərdə “zolaqlılar”ın şərəfini qorumuş 32 yaşlı qapıçı dəm qazından dünyasını dəyişib.

    “Bakı” Futbol Klubu Mustafa Kamalın dünyasını dəyişməsi ilə bağlı məlumat yayıb:

    “Müxtəlif illərdə klubumuzun şərəfini qorumuş, hamının hörmətini və sevgisini qazanmış Mustafa Kamalın vaxtsız vəfatından hədsiz dərəcədə kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, yerin cənnət olsun, gözəl insan!”

    Nəzərinizə çatdıraq ki, Mustafa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.