Category: İdman

  • Azərbaycanın paragüllə atıcıları dünya çempionatına 2 lisenziya qazanıblar

    Azərbaycanın paragüllə atıcıları dünya çempionatına 2 lisenziya qazanıblar.

    Bu barədə “Report”a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

    Serbiyanın Novi Sad şəhərində keçirilən Beynəlxalq Qran-pridə iştirak edən Kamran Zeynalov və Aybəniz Babayeva göstərdikləri yüksək nəticələr sayəsində mundiala lisenziya əldə ediblər.

    10 metr məsafədən atəş açmada (P1) K.Zeynalov qızıl medal qazanıb, 50 metr məsafədə (P4) isə 4-cü yeri tutub. Paris-2024 Yay Paralimpiya Oyunlarının iştirakçısı olan Aybəniz Babayeva isə yarışı müvafiq olaraq 4-cü və 8-ci pillələrdə başa vurub.

    Qeyd edək ki, dünya çempionatı 2026-cı il sentyabrın 3-dən 14-nə qədər Cənubi Koreyanın Çhanvon şəhərində keçiriləcək.

  • Azərbaycan şahmatçılarının FIDE-nin reytinq cədvəlindəki mövqeləri bəlli olub

    Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yenilənmiş reytinq cədvəlindəki mövqeləri bəlli olub.

    Median.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2741) 16-cı pilləyə geriləyib.

    Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2651) 70-ci, Eltac Səfərli (2630) 99-cu olub.

    Kişi şahmatçıların siyahısına norveçli Maqnus Karlsen (2839) başçılıq edir.

    Qadın şahmatçlardan Günay Məmmədzadə (2390) 51-ci, Ülviyyə Fətəliyeva (2385) 58-ci, Gövhər Beydullayeva (2368) 72-cidir. Gülnar Məmmədova (2323) bu dəfə ilk “100-lük”dən kənarda qalıb.

    Qadınlarda çinli Yifan Hou (2609) liderdir.

  • “Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb

    “Şamaxı” klubu Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

    “Report” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley qolunun müəllifi Edqar Adilxanov olub.

    O, Misli Premyer Liqasının III turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib.

    “Şamaxı” bu göstəricidə 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqlənib.

    Qeyd edək ki, klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də “ANS-Pivani”nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

  • Azərbaycan idmançılarının sentyabr ayına olan reytinq cədvəli açıqlanıb

    Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 1 sentyabr 2025-ci il tarixinə olan reytinq cədvəlini təqdim edib.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub.

    Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi Kokauri (190 xal), bədii gimnasitka üzrə qrup hərəkətləri komandası (185), güllə atıcısı Ruslan Lunyov (170), idman gimnastı Nikita Simonov (165 xal), yunan-Roma güləşçisi Qurban Qurbanov (160 xal), yunan-Roma güləşçiləri Həsrət Cədərov və Nihat Məmmədli, sərbəst güləşçi Giorgi Meşvildişvili (hamısı 150 xal) yer alıblar.

    Cüdo üzrə olimpiya çempionu, növbəti dəfə “10-luq”dan kənarda qalan Hidayət Heydərov ilin əvvəlində açıqlanmış reytinqdə ikinci idi.

  • Mahir Emrelinin Azərbaycan millisi ilə məşqlərə qatılmama səbəbi bəlli oldu

    Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya (5 sentyabr) və Ukrayna (9 sentyabr) ilə keçiriləcək oyunlar üçün təlim-məşq bazasında toplanacaq.

    Komanda bu gün də məşqə çıxacaq.

    Lakin Mahir Emreli Bakıdakı məşqdə iştirak etməyəcək. Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Bakıya gəlməyəcək. Onun Reykyavikdə milliyə qoşulacağı gözlənilir.

    Milli komandamız sabah saat 10:30-da çarter reysi ilə Bakıdan Reykyavikə uçacaq.

  • III MDB Oyunları ilə bağlı rəsmi gerisayım mərasimi keçirilib

    Gəncədə III MDB Oyunlarının rəsmi gerisayım mərasimi keçirilib.

    Tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

    Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Gəncədə, həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

    Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunublar.

    Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə gerisayım saatlarının işə salınması olub.

    III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

  • Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”i böyük hesabla məğlub edib

    Azərbaycan Premyer Liqasının III turunda “Zirə” “Kəpəz”i böyük hesabla məğlub edib.

    Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Rəşad Sadıqovun baş məşqçisi olduğu komandada Qismət Alıyev (13), İssa Cibrila (32), Junior Martins (37), Yeqor Boqomolski (71) və Davit Volkov (83) fərqlənib.

    Qeyd edək ki, III turun daha əvvəl baş tutan “Neftçi” – “Turan Tovuz” matçında qonaqlar qələbəyə seviniblər – 1:0. “Sumqayıt” – “Şamaxı” görüşündə isə qalib müəyyənləşməyib (1:1). Tura avqustun 31-də yekun vurulacaq.
    //report

  • Rasmus Hoylunn “Napoli”yə keçir

    “Mançester Yunayted”in hücumçusu Rasmus Hoylunn İtaliyaya qayıdır.

    “Napoli” danimarkalı forvardın transferi ilə bağlı razılıq əldə edib.

    İtaliya çempionu 22 yaşlı futbolçunu 6 milyon avro müqabilində 1 illik icarəyə götürəcək. Neapol klubu müqavilədə göstərilən şərtlərə əsasən 44 milyon avro ödəməklə Hoylunnun transfer hüquqlarına sahib ola biləcək.

    Xatırladaq ki, “Mançester Yunayted” Rasmus Hoylunnu 2023-cü ilin yayında “Atalanta”dan 77 milyon avroya transfer etmişdi. Danimarka millisinin üzvü ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 52 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

  • “Qarabağ”ın U-19 komandasının UEFA yarışında təqvimi açıqlandı

    “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının təqvimi bəlli olub.
     
    Ağdam təmsilçisi turnirdə 6 matç keçirəcək.
     
    Azərbaycan çempionu ev oyunlarını “Azersun Arena”da keçirəcək.
     
    UEFA Gənclər Liqası
     
    I tur
     
    16 sentyabr
     
    “Benfika” (Portuqaliya) – “Qarabağ”
     
    II tur
     
    1 oktyabr
     
    “Qarabağ” – “Kopenhagen” (Danimarka)
     
    III tur
     
    22 oktyabr
     
    “Atletik” (İspaniya) – “Qarabağ”
     
    IV tur
     
    5 noyabr
     
    “Qarabağ” – “Çelsi” (İngiltərə)
     
    V tur
     
    25 noyabr
     
    “Napoli” (İtaliya) – “Qarabağ”
     
    VI tur
     
    10 dekabr
     
    “Qarabağ” – “Ayaks” (Niderland)
     
    Qeyd edək ki, 36 iştirakçının mübarizə aparacağı mərhələdə 1-22-ci yeri tutan komandalar 1/16 finala yüksələcək.

  • Ronaldu karyerasında 940-cı qolunu vurub

    Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 940-cı qolunu vurub.

    Avqustun 29-da “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının ilk turunda “Əl-Taavun”u məğlub edib, oyun 5:0 hesabı ilə başa çatıb. 40 yaşlı forvard penaltidən fərqlənərək 940-cı qolu vurub.

    Ümumilikdə Ronaldunun “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl-Nəsr”də isə 101 qolu var. Portuqaliyalı qalan qollarını Lissabonun “Sportinq” komandası və Portuqaliya millisinin heyətində vurub.

    Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr” komandasının hücumçusu olub. Ölkədə qadın və kişinin nikahsız bir evdə altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.

    2023-cü ilin yayında Ronaldu “Əl-Nasr” ilə Ərəbistan çempionatının Klublar Kubokunu qazanıb. Bu kubok futbolçu Səudiyyə Ərəbistanına köçdükdən sonra ilk idi, lakin o vaxtdan bəri klub bir dəfə də olsun kubok qazana bilməyib.