Category: İdman

  • “Kəpəz” “Neftçi”nin futbolçusunu icarəyə götürdü

    Transfer çalışmaları çərçivəsində “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Gəncə təmsilçisi “Neftçi”dən yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohorini icarəyə götürüb.

    24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında “Kəpəz”in formasını geyinəcək.

    Qeyd edək ki, Ryonosuke Ohori ötən mövsümün ilk yarısını Litvanın “Transinvest”, ikinci hissəsini isə “Neftçi”də keçirib.

  • “Sumqayıt” Şamaxı klubu ilə heç-heçə etdi

    “Sumqayıt” Misli Premyer Liqasının III turunda “Şamaxı” klubu ilə heç-heçə edib.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib – 1:1.

    Qolları 63-cü dəqiqədə “Şamaxı”nın futbolçusu Rikardo Apolinario avtoqola imza atıb. 75-ci dəqiqədə isə Edqar Adilxanov bərabərlik qolunu vurub.

    Qeyd edək ki, III tura avqustun 31-də yekun vurulacaq.

  • Azərbaycan boksçuları Çində dörd medal qazanıblar

    Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisinin üzvləri Çində keçirilən “Kəmər və Yol” beynəlxalq turnirində 4 medal qazanıblar.

    Bu barədə Boks Federasiyasından məlumat verilib.

    Yığma Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışda uğurlu çıxış edib.

    Haqverdi Həsənov (63 kq) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kq) gümüş, Raul Heydərli (57 kq) və Adil Zalov (70 kq) bürünc medala yiyələnib.

    Qeyd edək ki, komanda MDB Oyunlarına hazırlığı Çində davam etdirir. Milli sentyabrın 1-də Bakıya qayıdacaq.

  • “Beşiktaş”ın yeni baş məşqçisinin kimliyi bəlli olub

    Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisinin kimliyi bəlli olub.

    Median.Az “TRT Spor”a istinadən xəbər verir ki, “qara qartallar”ı bundan sonra Sergen Yalçın çalışdıracaq.

    Qeyd olunub ki, S. Yalçın bu gündən artıq məşqlərə də qatılacaq.

    Xatırladaq ki, bu, çalışdırıcının “Beşiktaş”da baş məşqçi kimi ikinci dönəmi olacaq. Belə ki, o, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək “qara qartallar”ın baş məşqçisi olub və komanda ilə Türkiyə Superliqasını və kubokunu qazanıb.

    Onu da bildirək ki, “Beşiktaş” norveçli baş məşqçi Ule Qunnar Sulşerlə UEFA Konfrans Liqasındakı uğursuz çıxışdan sonra yollarını ayırıb.

  • Azərbaycan təmsilçisi Türkiyə nəhənglərini kölgədə qoydu

    Azərbaycan futbolunun flaqmanına çevrilən “Qarabağ” bu mövsüm də Avropada möhtəşəm addımlarla irəliləyərək bir daha sübut etdi ki, futbol büdcə ilə ölçülmür. Dəyərləri yüzmilyonlarla avro olan Türkiyə nəhənglərinin məğlub olduğu yerdə, heyətinin dəyəri “Samsunspor”dan belə iki dəfə az olan “Qarabağ” mərdliklə, mübarizə ilə, sistem və peşəkarlıqla zirvəyə doğru irəliləyir.

    Gəlin bu mövzunu əsaslandırmaq üçün Türkiyə futboluna baxaq:

    “Fənərbağça” – illik büdcəsi 300 milyon avroya yaxın. Hər yay dünya ulduzlarını transfer edib “mövsüm bizimdir” deyirlər. Amma nəticə? Avropada növbəti fiasko. Pul çoxdur, amma futbol fəlsəfəsi yoxdur. Transfer bazarında çılğın pullar xərcləyən klub, sadə intizam və kollektiv oyun anlayışını unudub. Hətta Joze Mourinyo belə karyerası ərzində 10 klubda baş məşqçi olaraq çalışıb, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının qalibi olub. Yalnız uğursuzluğu “Fənərbağça” ilə yaşayan təcrübəli çalışdırıcı belə bu klubu dirildə bilmədi.

    “Beşiktaş” – 200 milyon avro heyət dəyərinə sahibdir. Amma meydanda nə qədər zəif, qeyri-sabit olduğunu hər kəs görür. Bu klubun tarixi, böyük azarkeş ordusu var, amma idarəçilik bərbaddır. Pul xərcləmək onları nə Avropada, nə də daxildə zirvəyə aparmır. Əksinə, “Qarabağ” kimi sistemli komandalarla müqayisədə nə qədər boş bir layihə olduqları ortaya çıxır.

    “Başakşəhər” – Türkiyənin “modern layihəsi”. Dövlət dəstəyi, böyük imkanlar, 61 milyon avroluq heyət. Amma Avropada bir “Qarabağ” qədər işıqları yanmır. Çünki layihənin içində ruh yoxdur, futbolçuların üzərində sistemli məşqçi izi yoxdur. Bu komanda kağız üzərində var, amma real gücü göstərməyə gələndə darmadağın olur.

    “Samsunspor” – 50 milyon avroluq heyəti ilə Türkiyənin ortabab komandalarından biri. Amma məhz onlar da “Qarabağ” qarşısında dərsini aldılar. Burada məsələ yalnız oyun gücündə deyil, mentalitetdədir. “Qarabağ” meydana yalnız 11 futbolçu ilə yox, həm də bir fəlsəfə, bir ideya ilə çıxır. Türkiyə klubları isə ideyasız, ruhsuz oyunçular yığını kimi görünürlər.

    Bütün bunların fonunda “Qarabağ”ın uğuru daha da parlaqdır. Çünki bu komanda illərdir sistem üzərində qurulub. Qurban Qurbanovun liderliyi ilə komanda yalnız futbol oynamır, həm də Azərbaycan futbolunu Avropa səhnəsində təmsil edən bir simvola çevrilib. Heyətinin dəyəri az olsa da, intizamı, oyun nizamı və kollektiv gücü ilə Türkiyə nəhənglərinə böyük dərs verir.

    İndi isə “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Çelsi”, “Liverpul”, “Napoli”, “Benfika”, “Ayntraxt Frankfurt”, “Atletik Bilbao” və “Kopenhagen” kimi Avropanın ən güclü klubları ilə qarşılaşacaq. Bu, sadəcə Azərbaycan futbolu üçün uğur deyil, həm də Türkiyə futbolunun hansı vəziyyətdə olduğunu göstərən acı bir reallıqdır. Çünki nəhəng büdcələrə sahib olan Türkiyə klubları kənarda qalıb, daha kiçik büdcəli “Qarabağ” isə Avropanın ən prestijli turnirində yer alır.

    Sonda açıq bir həqiqət qalır: “Qarabağ” pul futbolu ilə yox, peşəkarlıq və zəhmətlə qazanır. Türkiyə klubları isə pullarının gücü ilə yalnız öz azarkeşlərinə boş xəyallar satır.
    //oxu.az

  • Azərbaycan millisi FIFA reytiniqində GERİLƏDİ

    Azərbaycan millisi FIFA reytinqində üç pillə geriləyib.

    Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 119-cu pillədən 122-yə enib.

    Yığma hazırda 1148 xala malikdir.

    Qeyd edək ki, siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867) ikinci, Fransa (1862) isə üçüncü pillədə yer alıb.

  • “Qarabağ”ın rəqibləri müəyyən olundu

    UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan “Qarabağ”ın rəqibləri bəlli olub.

    Yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılıb.

    Liqa mərhələsində “Qarabağ”ın səkkiz rəqibi olacaq. Bunlar “Çelsi” (evdə), “Liverpul” (səfərdə), “Ayntraxt” (evdə) “Benfika” (səfərdə), “Ayaks” (evdə), “Napoli” (səfərdə), “Kopenhagen” (evdə) və “Atletik Bilbao” (səfərdə) klublarıdır.

    Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

    Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

  • “Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – MƏBLƏĞ

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə görə Macarıstan çempionu “Ferensvaroş”u mübarizədən kənarlaşdıraraq (ümumi hesab 5:4) əsas raunda vəsiqə qazanan “Qarabağ” büdcəsini xeyli zənginləşdirib.

    Publika.az-ın məlumatına görə, Ağdam klubu tarixində ikinci dəfə əsas mərhələyə yüksəlməklə UEFA-nın hər bir komandaya çatan 18,62 milyon avroluq (təqribən 36,85 milyon manat) mükafatını qazanıb. Bu, Azərbaycan futbolu tarixində qazanılan ən yüksək mükafatdır.

    Bu məbləğ bir az daha arta bilər. Turnirin mükafat qaydalarına əsasən iştiraçıların reytinqinə əsasən əlavə bonus da ödənir.

    Qeyd edək ki, Liqa mərhələsindəki qazanılacaq hər qələbənin dəyəri 2,1 milyon avro (4,155 milyon manat), heç-heçənin mükafatı isə 750 min avro (1,484 min manat) təşkil edir.

  • UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib

    UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib.

    Bu barədə qurumun prezidenti Aleksander Çeferin bildirib.
    2025/2026 mövsümündən etibarən, turnirin həlledici oyunu Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq.
    Qurum rəhbəri bu qərarın logistika və əməliyyat fəaliyyətlərinin optimallaşdırılması vasitəsilə azarkeşlər, komandalar və ev sahibi şəhərlər üçün ümumi oyun günü təəssüratını yaxşılaşdırmaq, həmçinin bir sıra üstünlüklər təmin etmək məqsədi daşıdığını və oyun günü ailələrin mövsümün ən böyük və vacib klub turnirinin matçlarına asanlıqla qatılmasına imkan verəcək rahat bir atmosfer yaratmaq olduğunu deyib.
    Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı 2026-cı il mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
    //Rpeport

  • Rəcəb Tayyib Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşüb

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət “Yüksekovaspor” komandasını qəbul edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, görüşdə bu komandada çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak ediblər.

    Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec qoşulduğu üçün görüşə qatıla bilməyib.

    Qeyd edək ki, “Yüksekovaspor” ötən mövsüm 1-ci liqanın qalibi kimi Superliqaya yüksəlib.