Category: İdman

  • Babək Quliyev UEFA-dan yeni təyinat alıb

    Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

    O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.

    Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda baş tutacaq.

  • “Qarabağ”ın sayəsində Azərbaycan UEFA əmsallar cədvəlindəki yerini möhkəmlədib

    Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini gücləndirib.

    Bakıda baş tutan oyunda “Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubuna uduzsa da, iki oyunun nəticəsinə görə Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi sayəsində ağdamlılar ölkəmizin reytinqinə 6 bonus xalı qazandırıblar.

    Reqlamentə əsasən, bu xallar da Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb. Ona görə də yekun nəticədə əmsallar cədvəlinə daha 1.500 xal əlavə olunub. Bununla da xal ehtiyatını 21.000-a çatdıran Azərbaycan Ukrayna (19.850) və Sloveniyanı (20.468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

    Builki qazancımız isə 3.875 xaldır. Ölkə reytinqinə “Qarabağ”ın 2.750 xal, avrokuboklarda artıq çıxışını dayandırmış “Sabah”ın 0.625 xal, “Araz-Naxçıvan”ın 0.375 xal və “Zirə”nin isə 0.125 xal gətirdiyi aydın olur.

    Qeyd edək ki, Sloveniya və Ukrayna klubları bu gün Avropa və Konfrans liqalarında keçirdikləri oyunların nəticələrinə əsasən, Azərbaycanı əmsallar cədvəlində qabaqlaya bilərlər.

  • UEFA Çempionlar Liqası: “Qarabağ”ın rəqibləri bu gün bəlli olacaq

    “Ferentsvaroş”u (Macarıstan) mübarizədən kənarlaşdırmaqla UEFA Çempionlar Liqasında Liqa mərhələsinə adlayan “Qarabağ”ın rəqibləri bu gün bəlli olacaq.

    Yarışın Liqa mərhələsinin püşkü Monako şəhərində atılacaq.

    Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

    Liqa mərhələsində “Qarabağ”ın səkkiz rəqibi olacaq. Ağdam təmsilçisi oyunlardan dördünü evdə, dördünü isə səfərdə keçirəcək.

    Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.

  • “Qarabağ” UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib

    UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən “Qarabağ” Liqa mərhələsinə yüksəlib.

    Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
    Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55,pen) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.
    Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.
    Beləliklə, iki görüşün nəticəsinə əsasən “Ferentsvaroş”u mübarizədən kənarlaşdıran “Qarabağ” tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

  • Rusiyanın olimpiya çempionu vəfat edib

    Rusiyanın üzgüçülük üzrə olimpiya çempionu Yuri Prisekin vəfat edib.

    Bu barədə ölkənin Su İdmanı Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Sabiq idmançı 63 yaşında ölüb.

    Qeyd edək ki, Y.Prisekin 1980-ci ildə təşkil olunan XXII Yay Olimpiya Oyunlarında SSRİ yığmasının tərkibində 4×200 m sərbəst üslubda estafet yarışının qalibi olub.

  • Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq

    Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq.

    Bu barədə Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).

    Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq. Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq. Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.

    Qeyd edək ki, turnir 28–30 avqust tarixlərində keçiriləcək.

  • Türkiyədə bıçaqlanan Araz Musayev məhkəmənin qərarını heçə sayaraq məşqçilərə hədə-qorxu gəlir

    Türkiyədə keçirilən yarış zamanı bıçaqlanan idmançı Araz Musayev məhkəmədə hazırda Azərbaycan Muaytay-Tayboks Federasiyasının faktiki prezidenti olan Azər Həsənsoya uduzmağına baxmayaraq, məhkəmənin qərarını heçə sayır və özünü hələ də federasiya prezidenti kimi təqdim etməyə davam edir.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, Araz Musayev saxtakarlıq edərək özünü Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti kimi təqdim edib və valideynləri aldadıb, övladlarını yarışa aparacağını bildirib.

    Qanuni olaraq Azərbaycanı həmin yarışda Qadir Talıbov təmsil etsə də, digər idmançıları Araz Musayev aldadaraq yarışa aparacağını deyib.

    Azərbaycan Muaytay-Tayboks Federasiyasından saytımıza verilən məlumata görə, Araz Musayev tərəfindən aparılan idmançıların nəticəsi Gənclər və İdman Nazirliyi tərəfindən tanınmayacaq.

    Məlumata görə, Araz Musayev Türkiyədə aldığı xəsarətdən istifadə edərək, Azərbaycandakı məşqçilərə mütəmadi zəng edir, onları hədələyir və qarşıdan gələn dünya çempionatında iştirak etmələrinə, ölkəmizi təmsil etmələrinə mane olur. Bu hal həm idmançılarımızın psixoloji durumuna, həm də Azərbaycanın beynəlxalq idman nüfuzuna mənfi təsir göstərir.

    Qeyd edək ki, 2024-cü ilin noyabrında federasiyada növbədənkənar prezident seçkisi olub və Azər Həsənsoy qalib gəlib. 2022-ci ildən federasiya prezidenti olan Araz Musayev bu qərarla razılaşmadığı üçün məhkəməyə üz tutub.

    Proses bu il iyulun 9-da baş tutub.

    Məhkəmə Azər Həsənsoyun Azərbaycan Muaytay-Tayboks Federasiyasına yenidən prezident seçilməsini tam qanuni və düzgün hesab edib.

    Qərarda qeyd edilib ki, Azər Həsənsoy Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının, Azərbaycan Muaytay-Tayboks Federasiyasının və Azərbaycan Uşu Federasiyasının təsisçisi və prezidentidir.

  • Gəncədə üzgüçülük üzrə beynəlxalq turnir təşkil olunacaq

    Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında “ASF Ganja Cup 2025” turniri keçiriləcək.

    Bu abrədə “Report”a ASF-nin mətbuat xidmətindən bildirilib.

    Yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.

    Hər hansı bir klubu təmsil edən və WA balı (keçmiş FINA) 300-dən çox olan idmançıların nəqliyyat (Bakı – Gəncə – Bakı), otel və qidalanma xərcləri qarşılanacaq. Qeyd olunan meyarlara uyğun olmayan idmaçılar da istəklərinə əsasən turnirdə iştirak edə bilərlər. Lakin onlar üçün yalnız nəqliyyat təşkil olunacaq.

    Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növlərinə ev sahibliyi edəcək. Mötəbər yarışların açılış və bağlanış mərasimləri müvafiq olaraq 28 sentyabr və 8 oktyabr tarixlərində Gəncə Şəhər Stadionunda baş tutacaq.

    Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabr tarixləri arasında Gəncə İdman Sarayında keçiriləcək.

    Qeyd edək ki, “ASF Ganja Cup 2025” sentyabrın 13-14-də təşkil olunacaq.

  • Qurban Qurbanov: “Ferentsvaroş” çox təhlükəli rəqibdir”

    “Ferentsvaroş” çox təhlükəli rəqibdir.

    Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.

    Təcrübəli mütəxəssis Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını söyləyib:

    “Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. “Ferentsvaroş” çox təhlükəli rəqibdir. Yaxşı nəticələrimiz oyun üslubuna görə olub. Meydanda bacardığımız etməyə çalışacağıq. Daha çox topa sahib olmaq istəyirik. Futbolu həm azarkeşlər həm nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa, həm də nəticə qazanmağa çalışacağıq”.

    O, psixoloji hazırlığı qabardıb:

    “Psixoloji durum vacib detaldır. Futbolçular psixoloji cəhətdən hazır olmalıdırlar. Oyundankənar fikirlərə önəm versək, bu, bizə mane olacaq. Futbolçulara inamım var. Azarkeşlərimiz elə səviyyədədir ki, onlara ancaq təşəkkür edə bilərəm. Hətta az sayda olanda belə, həmişə onlara təşəkkür etmişəm”.

    Q.Qurbanov qarşılaşmanın fransalı baş hakimi Kleman Tyurpenlə bağlı fikirlərini də bölüşüb:

    “Fransalı referinin təyinatı ilə bağlı narazılığım yoxdur. Azərbaycana belə bir hakimin gəlməsi UEFA-nın ciddiliyini, matça verdiyi önəmi göstərir. Hazırda hakimlik elə bir səviyyədədir ki, fikrimizi yayındırmağa ehtiyac yoxdur”.

    Mütəxəssis rəqibin baş məşqçisinin komandanın oyun sistemində dəyişiklik etdiyini vurğulayıb:

    “Robbi Kinin təyinatı əlavə motivasiyadır. Rəqib əvvəllər fərqli sistemlə oynayırdı. Hansı “Ferentsvaroş”un daha güclü olduğunu müqayisə etmək istəməzdim. Çünki köklü klubdur və sabah qarşımıza güclü kollektiv çıxacağını düşünürəm”.

    Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

  • Azərbaycan klubu 19 futbolçusu ilə vidalaşıb

    Azərbaycanın I Liqasında çıxış edən “Cəbrayıl” 19 futbolçusu ilə vidalaşıb.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

    Bölgə təmsilçisi Zahir Mirzəzadə, Aqşin Yaqubov, Həsrət Mürsəlov, Taleh Qarayev, Mirmövsüm Canıyev, Samir İbrahimov, Nurlan Quliyev, Polad İbrahimov, Elşad Əliyev, Məhərrəm Orucov, Zeynəddin Abdurahmanov, Samir Məhərrəmli, Kənan Baxışov, Ravil Qafarov, Okan Təhməzli, Bilal İsmayılov, Ümüd Cəfərov, Vüsal Səfərov və Əkpər Vəliyevlə yolları ayırıb.

    Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. Çempionat 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.