“Şamaxı” komandasında məşqçi təyinatları olub.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məşqçi Anar Vəliyev və qapıçı hazırlığı üzrə mütəxəssis Əyyub Əliyev əsas komandanın texniki heyətində yer alacaqlar.

Türkiyənin “Qalatasaray” klubu “Mançester Siti”nin və Braziliya millisinin qapıçısı Edersona rəsmi təklif göndərib.
Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi təcrübəli qolkiper üçün 10 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Edersonun İngiltərə klubu ilə müqaviləsi gələn ilin yayına kimidir.
İstanbulun “Qalatasaray” klubu “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson üçün İngiltərə təmsilçisinə rəsmi təklif göndərib.
Bu barədə jurnalist Fabritsio Romano özünün “Facebook” hesabında yazıb.
İnsayder iddia edir ki, “Cim-Bom” 31 yaşlı qapıçı üçün “Mançester Siti”yə 10 milyon avro təklif edir.
Məlumat üçün əlavə edək ki, KİV sarı-qırmızılıların Edersonun özü ilə prinsipial razılığa gəldiyini iddia edir.
ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi zədəsini sağaldıb.
Report ESPN-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.
Mütəxəssis təcrübəli oyunçunun durumunun yaxşı olduğunu bildirib:
“O, artıq komanda ilə məşq edir. Gözlənilməz heç nə baş verməsə, növbəti matçda heyətdə olacaq”.
Qeyd edək ki, “İnter Mayami” MLS-nin növbəti turunda “Los-Anceles Qelaksi” ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 03:30-da start götürəcək.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.
Median.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B qrupunun I turunda, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin II turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib.
AŞF-dən “Report”a verilən məlumata görə, 11 turdan ibarət turnirin A və B qruplarında Azərbaycanın 26 şəhər və rayonundan 250 şahmatçı mübarizə aparıb.
Müxtəlif kateqoriyalarda Daniel Konovalov, Mələk Əsədli (8 yaşlılar), Fərid Sadıqzadə, Mədinə Eyvazova (10 yaşlılar), Yusif Musasoy, Məryəm Məmmədova (12 yaşlılar), Hüseyn Qurbanov, Dinara Hüseynova (14 yaşlılar), Məhəmməd Bağırov və Sara Kərimzadə (16 yaşlılar) birinci yeri tutub.
3 və 4 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası A və B qruplarında qalib adını qazanıb. Gəncə və Ucar Uşaq-Gənclər Şahmat Məktəbinin komandası ikinci, Beyləqanla Şəki Uşaq-Gənclər Şahmat Məktəbinin kollektivi isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, reqlamentə əsasən A qrupunda oğlanlar və qızlar arasında 1-ci yer tutan Məhəmməd Bağırovla Dinara Hüseynova noyabrda Monteneqroda keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacaqlar.
Argentina millisinin sabiq futbolçusu Erik Lamela karyerasını başa vurub.
33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O, 11 ildir ombasında problem olduğunu bildirib.
Qeyd edək ki, Erik Lamela “River Pleyt” klubunun yetirməsidir. O, karyerası ərzində İtaliyada “Roma”, İngiltərədə “Tottenhem”, İspaniyada “Sevilya” və Yunanıstanda AEK komandasının formasını geyinib. Futbolçu Argentina yığmasında 25 oyunda 3 qolla yadda qalıb.
Avrokuboklarda davam edən mübarizədə San-Marino və Malta futbolu üçün tarixi nəticə qeydə alına bilər.
Əgər “Virtus” klubu İslandiyanın “Breidablik” komandasını məğlub edərsə, San-Marino tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə klub yollamış olacaq.
Oxşar vəziyyət Maltada da müşahidə olunur. Əgər “Hamrun Spartans” klubu Latviyanın RFŞ komandasını məğlub etsə, Malta da tarixində ilk dəfə avrokubokların liqa mərhələsində təmsil olunacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında məğlub olan təmsilçilərimiz “Zirə”, “Araz-Naxçıvan” və “Sabah” avrokuboklarda mübarizəni dayandırıb.
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Federiko Redondo İspaniya təmsilçisi “Elçe”yə keçib.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. ABŞ klubu onun növbəti satışından müəyyən faiz alacaq.
Qeyd edək ki, Redondo cari mövsüm “İnter Mayami”də 35 oyun keçirib.
Misli Premyer Liqasında I turun açılış oyununu FIFA referisi idarə edəcək.
“Karvan-Yevlax” – “Qəbələ” matçının baş hakimi Əliyar Ağayev olacaq.
Misli Premyer Liqası
1-ci dövrə, I tur
15 avqust (cümə)
17:00. “Karvan-Yevlax” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu
16 avqust (şənbə)
17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”
17 avqust (bazar)
20:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19 avqust (bazar ertəsi)
20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, I turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.