Category: İdman

  • İngiltərə klubu hücumçu üçün Almaniya təmsilçisinə rəsmi təklif göndərib

    İngiltərənin “Nyukasl” klubu futbolçu Benyamin Şeşko üçün Almaniya təmsilçisi “Leyptsiq”ə rəsmi təklif göndərib.

    “Report” “Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa klubu 22 yaşlı hücumçu üçün 75+5 milyon avro ödəməyi düşünür.

    Sloveniyalı oyunçu ilə “Mançester Yunayted” də maraqlanır. Forvard hazırda hər iki variantı nəzərdən keçirir.

    Qeyd edək ki, Benyamin Şeşko 2023-cü ildən “Leyptsiq”də çıxış edir. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub. Forvard 2024/2025 mövsümündə 45 matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Konor Makqreqor yenidən UFC-yə qayıtdı

    Motivasiyasızlıq və fiziki yorğunluq səbəbilə UFC-dən uzaqlaşan ikiqat çempion, irlandiyalı döyüşçü Konor Makqreqor yenidən “səkkizbucağ”a qayıdır.

    O, artıq dopinq və qadağan olunmuş maddələrlə bağlı testdən keçib.

    Bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.

    Onun UFC ilə müqaviləsi başa çatmaq üzrədir. Konor iki dəfə döyüşmək istəyir, bundan sonra BKFC-yə keçməyi düşünür. Makqreqorun mümkün rəqiblərindən biri amerikalı Maykl Çandlerdir.

    Qeyd edək ki, Makqreqor 2021-ci ilin iyul ayında baş tutan sonuncu görüşündə Dastin Puaryeyə texniki nokautla məğlub olmuşdu.

    Xatırladaq ki, K.Makqreqorun karyerasında 22 qələbə və 6 məğlubiyyət var.

  • Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

    Azərbaycan güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında finala yüksəlib.

    Hüseyn İsmayılov (65 kq) turnirin həlledici mərhələsinə adlayıb.

    O, əvvəlcə kanadalı Liam Qortonu üstələyib – 4:2. Gəncə güləş məktəbinin yetirməsi 1/8 finalda yunanıstanlı Konstantinos Mixailidisə heç bir şans tanımayıb – 11:0. İsmayılov daha sonra qırğızıstanlı Adisbek Altınbekovu çətinliklə də olsa, yolundan kənarlaşdırıb – 2:1. Hüseyn yarımfinalda isə qazaxıstanlı Yerali Askerbekdən güclü olub – 3:1. Milli üzvü sabah finalda amerikalı Arseni Kikinyovla güləşəcək.

    Rəvan Həsənzadə (48 kq) belaruslu Makar Markoviçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 12:0. Həmyerlimiz özbəkistanlı Cahangir Tulkunovla gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılıb – 4:2. Rəvan yarımfinalda amerikalı Ariah Millsə 2:7 hesabı ilə məğlub olub. Həsənzadə sabah bürünc medal uğrunda Giorgi Narimanidze (Gürcüstan) – İslam Rabadanov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

    Ruslan Əlizadə (55 kq) həm moldovalı Dan Bulqaru, həm də kanadalı Aaharen Piranavan üzərində 10:0 hesablı qələbə qazanıb. Güləşçimiz 1/4 finalda rusiyalı Çingis Sarıqlarla üz-üzə gəlib. Ruslan 6:1 hesablı üstünlük əldə etsə də, təşəbbüsü əldən verib və yekunda minimal fərqlə (8:9) xalçanı məyus tərk edib.

    Nihad Süleymanlı (80 kq) debütdə ermənistanlı Vaçe Aslanyan üzərində inamlı qələbəyə sevinib – 7:1. Süleymanlı 1/4 finala çıxmağa da yaxın olub. Ancaq sona 3 saniyə qalmış qələbəni əldən verən Nihad rusiyalı İssa Zanqiyevə 5:7 hesabıyla məğlub olub.

    Hakim Tağıyev (110 kq) debütdə belaruslu Mikita Tkaçiki vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Pəhləvanımız amerikalı Aleksander Teylora da gücünü göstərib – 7:6. Tağıyev 1/4 finalda rusiyalı Avropa çempionu Maqomedrasul Omarovla bacarmayıb – 0:5. Rəqib finala yüksəldiyi üçün Hakim sabah təsəlliverici görüşə çıxacaq. Onun rəqibi ya Laert Movsesyan (Ermənistan), ya da Yu Çuanq (Tayvan) olacaq.

  • PFL prezidentinin son durumu açıqlanıb

    Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.

    Bu barədə “Report”a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

    O, E.Səmədovun müalicəsinin davam etdiyini bildirib:

    “Həkimlər fizioterapiyaya ara verməməyi, fasiləsiz davam etdirməyi tapşırıblar. Nəticələrə uyğun olaraq, yaxın zamanlarda əməliyyatın vaxtını müəyyənləşdirəcəklər. Həkimlər hər şeyin onların tapşırıqlarına uyğun müsbətə doğru getdiyini bildirirlər”.

    Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.

  • Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb

    Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyununa təyinat alıb.

    O, Rumıniyada ÇFR və Portuqaliyanın “Braqa” komandaları arasında keçiriləcək ilk matçı idarə edəcək.

    Ədalət təmsilçisinə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR-da ispan Sezar Soto Qrado, AVAR-da Alexandro Munyis Ruis əyləşəcək.

    Qeyd edək ki, qarşılaşma avqustun 7-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

  • “Çelsi” futbolçusunu icarəyə verib

    İngiltərə təmsilçisi “Çelsi” futbolçusu Mamadu Sarrı Fransanın “Strasburq” komandasına icarəyə verib.

    19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünün sonuna qədər Liqa 1 təmsilçisində çıxış edəcək.

    Qeyd edək ki, M.Sarr 2 ay əvvəl məhz “Strasburq”dan “Çelsi”yə transfer olunub. London klubu onunla 2033-cü ilə qədər müqavilə bağlayıb.

  • “Sabah” və “Araz-Naxçıvan”ın cavab oyunlarının hakimləri müəyyənləşdilər

    Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına təyinatlar bəlli olub.

    “Sabah”ın Bakıda Bolqarıstanın “Levski” (Sofiya) komandasına qarşı keçirəcəyi matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

    FIFA referisi Mikola Balakinə Oleksandr Berkut və Viktor Matyaş kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksiy Derevinski, AVAR-da Klim Zabroda əyləşəcəklər.

    “Araz-Naxçıvan”ın Kiprdə “Omoniya”ya qarşı keçirəcəyi görüşdə isə Danimarkadan olan ədalət qoruyucuları söz sahibi olacaqlar. Baş hakim Yakob Kehletə Lars Hummelqaard və Martin Markus yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikel Redder yerinə yetirəcək. VAR-da Sandi Putros, AVAR-da Morten Kroq əyləşəcəklər.

    Qeyd edək ki, “Sabah” – “Levski” matçı saat 20:00-da, “Omoniya” – “Araz-Naxçıvan” qarşılaşması isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

  • Azərbaycan millisi Avropa çempionatını üçüncü pillədə başa vurdu

    Azərbaycanın ağırlıqqaldırma üzrə komandası İspaniyanın paytaxtı Madriddə keçirilmiş U-15 Avropa birinciliyində üçüncü yeri tutub.

    Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

    Qitəmiqyaslı yarışda Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı üç qızıl və dörd gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.

  • Azərbaycanın güllə atıcısı Avropa çempionatında gümüş medal qazanıb

    Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında gümüş medal qazanıb.

    “Report” xəbər verir ki, yarışın 6 raundu üzrə Lunyov ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb.

    Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.

  • “Ferrari” rəhbəri ilə müqavilənin müddətini uzadıb

    “Formula 1” komandası “Ferrari” rəhbəri, fransalı Frederik Vassyorla müqavilə müddətini uzadıb.

    Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

    Müqavilənin dəqiq müddəti açıqlanmır, lakin çoxillik olduğu bildirilir.

    Qeyd edək ki, 57 yaşlı F.Vassyor 2023-cü ildən komandaya rəhbərlik edir.