Azərbaycanın I Liqa təmsilçisi “Difai” iki futbolçusu ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Klub Murad Şirinov və Seymur Rəhimovla yolları ayırıb.
Azərbaycan boksçusu Alfonso Domingezi Paris Yay Olimpiya Oyunlarının finalında məğlub edən özbəkistanlı Lazizbek Mullacanovun dopinq testi ilə bağlı məlumat yayılıb.
Median.Az xəbər verir ki, məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyevin sözlərinə görə, dopinq testi ötən il Fransada keçirilən yarışla bağlı deyil.
Qurum rəsmisi qeyd edib ki, müsbət nəticə verən nümunə Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra götürülüb:
“Bu, olimpiadadan sonra götürülən test nümunəsidir. Yəni Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarına aid deyil. İdmançının B nümunəsi də yoxlanılacaq. Bu, sonuncu – iyunun 11-də götürülmüş test nümunəsinə aiddir. Ona görə də bu məsələdə hələlik heç bir rəsmi proses yoxdur. Araşdırma aparılıb-aparılmayacağı isə antidopinq komissiyasının səlahiyyətində olan məsələdir. Fakt budur ki, bu nümunənin olimpiadaya aidiyyəti yoxdur”.
Qeyd edək ki, Lazizbek Mullacanov Paris-2024 Yay Olimpiya Oyunlarında 92 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, final görüşündə Azərbaycan millisinin üzvü Alfonso Domingezi məğlub edib.
26 yaşlı özbək idmançının dopinq testi metasteron üçün müsbət nəticə verib. Metasteron – əzələ kütləsinin və fiziki gücün sürətlə artmasına kömək edən sintetik anabolik steroiddir.
Mullacanovdan test nümunəsi iyunun 11-də götürülüb. O, indi B nümunəsinin təhlil edilməsini tələb etmək hüququna malikdir. B nümunəsi də eyni nəticəni göstərərsə, idmançı antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya oluna bilər.
AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün bir illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Bu qərara əsasən, son üç mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci Liqadan Premyer Liqaya yüksəlmiş klublara (“Karvan” FK, “İmişli” FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:
1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançısı və sörfinq üzrə SFA köməkçi məşqçi sertifikatına sahib Ülviyyə Əhmədova vəfat edib.
Bu barədə Oxu.Az-a açıqlama verən Azərbaycan Yelkən Federasiyasının rəsmisi Solmaz Məmmədli bildirib ki, gənc idmançı Bakıda skuterlə hərəkətdə olarkən avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Ülviyyə Əhmədova 20 yaşı var idi.
Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Özbəkistan boksçusu Lazizbek Mullajonovun dopinq-testi müsbət çıxıb.
Median.Az Beynəlxalq Test Agentliyinə (ITA) istinadən xəbər verir ki, iyunun 11-də “World Boxing” təşkilatı üçün götürülmüş yoxlama nəticəsində metasteron metaboliti aşkarlanıb.
Bu analobik steroid Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələri siyahısına daxildir. Boksçu B probunu da xahiş etmək hüququna malikdir. Bu yoxlama da müsbət nəticə versə, idmançı diskvalifikasiya olunacaq.
Qeyd edək ki, Lazizbek Mullajonov Paris-2024-də 92 kq çəki dərəcəsində çıxış edib. O, finalda Azərbaycan təmsilçisi Alfonso Domingesi məğlub edib.
“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” pilotu Maks Ferstappen ardıcıl üç Qran-pridə fəxri kürsüdən kənarda qalmaqla 2019-cu ildən bu yana ən pis nəticəni göstərib.
O, Avstriyadakı yarışı başa çatdıra bilməyib. İngiltərə Qran-prisini beşinci, Belçikada keçirilən yarışı isə dördüncü tamamlayıb.
6 il əvvəl isə niderlandlı sürücü müvafiq olaraq Rusiya, Yaponiya və Meksika Qran-prilərində fəxri kürsüyə yüksələ bilməmişdi.
Qeyd edək ki, Maks Ferstappen hazırda 185 xalla sürücülərin sıralamasında üçüncü sırada qərarlaşıb. Siyahıya “Maklaren”in pilotu Oskar Piastri (266 xal) başçılıq edir.
Fransanın “Marsel” və Niderlandın “Feyenoord” klubları İqor Payşanın transferi ilə bağlı razılığa gəliblər.
Median.Az “L’Equipe”ə istinadən xəbər verir ki, transferin dəyəri bonuslarla birlikdə 35 milyon avro təşkil edəcək.
Sövdələşmənin yaxın günlərdə tamamlanacağı gözlənilir.
Qeyd edək ki, 25 yaşlı braziliyalı vinger “Feyenoord”un heyətində ötən mövsüm meydana çıxdığı 47 matçda 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Finlandiyalı Valtteri Bottas “Cadillac” komandasına birinci pilot kimi qoşulacaq.
Bu barədə “GPblog” məlumat yayıb.
Bildirilir ki, idmançı artıq ABŞ komandası ilə razılığa gəlib və müqavilə yaxın zamanda imzalanacaq.
Hələlik ikinci pilotun kim olacağı və Bottasla birlikdə çıxış edəcəyi məlum deyil. Serxio Peres bu rol üçün əsas namizəd hesab olunur.
Qeyd edək ki, “Cafillac” 2026-cı il mövsümündə “Formula 1” üzrə dünya çempionatının 11-ci iştirakçısı olacaq. Hazırda Bottas Almaniyanın “Mercedes” komandasının ehtiyat pilotudur.
Bu gün Bakı vaxtı ilə 03:00-da ingilis klubları “Mançester Yunayted” və “Vest Hem” arasında keçirilən futbol matçında 2025-ci ilin tamaşaçı sayı üzrə rekord qırılıb.
Median.Az “Sky Sports”a istinadən xəbər verir ki, İst-Raterfordda (Nyu-Yorkun yaxınlığında – red.) keçirilən dostluq matçı 82 566 tamaşaçı toplayıb. Bu göstərici hətta 81 118 nəfərin iştirak etdiyi PSJ və “Çelsi” arasında keçirilən Klublararası dünya çempionatının finalını belə üstələyib.
Matça marağın artmasının səbəblərindən biri biletlərin daha əlçatan olmasıdır: qiymətlər 77 dollardan başlayıb.
Xatırladaq ki, Klublararası dünya çempionatının finalına stadiondan baxmaq istəyənlər isə minimum 200 dollar ödəməli idi.
Sözügedən görüş “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatı. Bruno Fernandeşin dubluna Carred Bouen 1 qolla cavab verib.
Azərbaycan millisinə keçidi baş tutmayan fiqurlu konkisürən Veronika Jilina Rusiya yığmasına qayıdıb.
Bu barədə SSRİ-nin əməkdar məşqçisi Tatyana Tarasova “Sport24” saytına açıqlamasında deyib.
“Jilina Rusiya millisinin lideri olmağa qadir qızlardan biridir. O bu il bizimlə qalacaq. Veronikanın çıxışlarından sonra ümumi vəziyyətə baxacaqlar. O, hazırda komandadadır. Bizim çox yaxşı qızlarımız var, Veronika da onlardan biridir. Jilina bu il Rusiya üçün çıxış edəcək. Əgər onun Azərbaycanı təmsil etmək istəyi qətidirsə, o zaman daha bir il buraxmalı olacaq”, – deyə Tarasova bildirib.
Qeyd edək ki, Beynəlxalq Konkisürmə Birliyi (ISU) Veronika Jilinanın Azərbaycan millisinə keçidinə icazə verməyib. 17 yaşlı idmançı mayın 14-də sosial şəbəkə hesabında Azərbaycan pasportunu aldığını bildirib.
Bundan əvvəl FFKKR Jilinanı Azərbaycan millisinə buraxmaqdan imtina etmişdi. Milli federasiyanın prezidenti Anton Sixarulidze bildirib ki, Veronika uzun illər Rusiya millisinin lideri ola bilər.