Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək.
Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək.
Daha sonra isə qrafikə uyğun olaraq digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Category: İqtisadiyyat
-
Aprelin pensiyası bu tarixdə veriləcək
-
Neft bahalaşmaqda davam edir
Dünya bazarında neftin qiymətində cüzi artım qeydə alınıb.
Bu, ticarət məlumatlarından aydın olur.Bakı vaxtı ilə saat 9:20-də Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.74 dollar (0.68%) artaraq bir barel üçün 109.77 dollara çatıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 0.19 dollar (0.17%) artaraq bir barel üçün 111.35 dollar olub.
-
Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortası üzrə toplam 5 milyon 56 min manat sığorta haqqı toplayıb.
Bu göstəricinin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 74 % və ya 14 milyon 422 min manat azalıb. Ötən ilin ilk iki ayında bu sığorta növü üzrə 19 milyon 478 min manat sığorta haqqı toplanıb.Ötən iki ayda daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinin həcmi 435 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 34,8 % və ya 232 min manat azdır. 2025-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 667 min manata bərabər olub.
Qeyd edək ki, ötən ilin yanvar-fevral ayında sığorta şirkətləri sözügedən sığorta növü üzrə topladıqları hər 100 manatdan 3.4 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk ayında bu rəqəm 8.6 manat təşkil edib.
Vətəndaşların bu sığorta növünə marağının azalması nə ilə əlaqədardır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov bildirib ki, daşınmaz əmlak sığortasına marağın azalması sənədləşmə prosesinin əvvəlki kimi aktiv olmaması ilə bağlıdır:
“Daşınmaz əmlak sığortasının azalmasının ilk növbədə səbəbi keçən il sənədsiz evlərin və obyektlərin sənədləşməsi ilə bağlı ölkə başçısının sərəncamının olması idi. Həmin dövrdə ən çox deklarasiya edilən məhz bu proses idi. Əmlakın icbari sığortası sənədləşmə zamanı təqdim edilən sənədlər toplusunda vacib sənədlərdən biridir.
Bu səbəbdən sənədləşmə prosesinin intensiv olduğu dövrdə sığortaya müraciətlərin sayı da artmışdı. Lakin hazırda həmin prosesin tempinin azalması ilə paralel olaraq daşınmaz əmlak sığortasına maraq da nisbətən zəifləyib”.
Ekspert qeyd edib ki, bu sığorta növü daha çox zərurət yarandıqda həyata keçirilir:
“Əmlak sığortasında cərimələrin tam tətbiq olunmamasına görə insanlar bunu daha çox könüllü şəkildə, yaxud sənədləşmə prosesində, alqı-satqı zamanı tələb olunduğu halda həyata keçirirlər.
Qanunvericilikdə İnzibati Xətalar Məcəlləsində və “Sığorta haqqında” Qanunda cərimə tətbiqi nəzərdə tutulsa da, bu mexanizm praktiki olaraq tam və effektiv şəkildə tətbiq olunmadığı üçün vətəndaşlar avtomobillərdə olduğu kimi kütləvi şəkildə deyil, daha çox könüllü şəkildə sığortaya müraciət edirlər.
Daşınmaz əmlak sığortasına marağın azalması həm sənədləşmə prosesinin zəifləməsi, həm də cərimə mexanizminin tam işləməməsi ilə bağlıdır və bu amillər bazarda sığortanın daha çox könüllü xarakter daşımasına gətirib çıxarır”.
-
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?
Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında süd məhsulları, ət və şəkər qiymətlərinin azalması səbəbindən ardıcıl beşinci ay davamlı şəkildə düşüb. FAO Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında orta hesabla 123,9 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 0,5 bənd (0,4 faiz) azdır. Süd məhsulları, ət və şəkər üzrə qiymət indekslərində azalma taxıl və bitki yağları üzrə artımları üstələyərək indeksin ardıcıl beşinci aylıq azalmasını təmin edib.
Qlobal ərzaq qiymətləri azalırsa, niyə bu eniş Azərbaycan bazarında hiss olunmur? Bu azalma yaxın aylarda daxili bazarda real ucuzlaşmaya çevrilə bilərmi?
“Ucuzlaşma davam etsə, yerli bazarda təsirini göstərəcək”
İqtisadçı-ekspert Eyyub Kərimli bildirdi ki, hazırda dünyada bəzi ərzaq məhsulları üzrə baş verən ucuzlaşma digər idxalçı ölkələrdə dərhal öz təsirini göstərmir. Bu, əsasən müqavilələrin daha öncədən bağlanması və stoklamanın əvvəlcədən həyata keçirilməsi ilə bağlıdır: “Sözsüz ki, ucuzlaşma davam etsə, bu, öz əksini yerli bazarda idxal olunan məhsullarda tapmalıdır. Lakin ucuzlaşma yalnız xaricdən idxal olunan məhsullara aid ola bilər. Çünki bəzi ərzaq məhsulları özümüzdə istehsal olunur və onların qiymətində ucuzlaşma baş vermir. Digər tərəfdən, hazırda bəzi məhsullarda qiymət artımı logistika və nəqliyyat xərclərinin yüksəlməsi ilə bağlıdır. Həmçinin gömrük rüsumları və gömrük əməliyyatlarında gecikmələr də əlavə xərclər yaradır. Bu səbəblərdən ucuzlaşmanın təsiri bazarda bir müddət sonra özünü göstərir”.
Mürəkkəb və uzunmüddətli proses
Ekspert bildirir ki, gündəlik qiymətlərin formalaşmasında bir sıra amillər öz rolunu oynayır. Onun sözlərinə görə, gələcəkdə bəzi məhsullarda müəyyən dövlət güzəştlərinin tətbiqi mümkündür: “Məsələn, rüsumların müvəqqəti endirilməsi və xərclərin azaldılmasına yönəlmiş subsidiyalar bəzi hallarda dəstək rolunu oynaya bilər. Hazırda ölkəmizə əsasən qlobal ticarətdə çıxış payı olan məhsullar buğda və buğda məhsulları, şəkər, bitki yağları, qəhvə və çaydır. Bu kateqoriyalarda qiymətlər bəzən volatilliyə malik olur, yəni ucuzlaşma ilə yanaşı, bir neçə ay sonra qiymət artımı da ola bilər. Bu baxımdan, qiymətlərin sabitləşməsi mürəkkəb və uzunmüddətli prosesdir”.
“Bazarda tənzimləmələrin həyata keçirilməsi zəruridir”
E.Kərimli vurğulayır ki, ucuzlaşmanın yerli bazarda hiss olunması üçün rəqabət mühitinin liberallaşması böyük əhəmiyyət kəsb edir: “Eyni zamanda, təchizat zəncirinin şaxələndirilməsi vacibdir. Məhsulların bir ölkədən yox, bir neçə ölkədən idxal edilməsi problemi kökündən həll edə bilər. Digər tərəfdən, bəzi hallarda inflyasiya sahibkarları əlavə marja əldə etməyə sövq edir və süni qiymət artımları da bazarda rol oynayır. Bu səbəbdən, daha ciddi tənzimləmələrin həyata keçirilməsi zəruridir”.
“Dövlətin tənzimləyici alətləri ucuzlaşmaya səbəb ola bilməz”
İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, hazırkı vəziyyətdə dövlətin tənzimləyici alətləri ucuzlaşmaya səbəb ola bilməz: “Çünki Tarif Şurası qiymətləri artıran addımlar atıb. Məsələn, dizel və benzinin qiyməti artırıldı. Həmin vaxt əvvəlki artımların nəticələri hələ bazar tərəfindən həzm edilməmişdi. 2024-cü ilin yayında dizel yanacağı 25%, benzin isə 10% bahalaşmışdı. Bu ilin yanvar ayının əvvəlində isə dekabrın sonu üçün dizel yanacağı daha 10%, benzin isə təxminən 5% bahalaşdı. Bunun nəticəsində kommunal xərclərdə də artımlar müşahidə olundu. Bütün bunlar sahibkarların xərclərini artırır. Yəni Tarif Şurasının son dövrlər qərarları qiymət endirimi deyil, qiymət artımı istiqamətindədir. Dövlətin tənzimləyici alətlərinin təsiri isə artıq subsidiya və digər mexanizmlər vasitəsilə bazara ötürülüb. Yəni, bu məsələlərin bazarda hər hansı tənzimləyici rolu qalmayıb”.
“Eyni məhsulları 2024-cü illə müqayisədə 26% daha baha almışıq”
İqtisadçı deyir ki, 2026-cı il üçün keçən ilki səviyyədə inflyasiya proqnozlaşdırır. Həm Mərkəzi Bank, həm də hökumətin proqnozlarında inflyasiya nəzərdə tutulub: “Burada ikinci əsas məsələ odur ki, inflyasiya əsasən ölkəmizə ticari tərəfdaşlarımız vasitəsilə ötürülür. Məsələn, Türkiyə bizim əsas ticarət tərəfdaşımızdır, həmçinin Rusiya, Avropa ölkələri, İran və Çin. Yəni qiymət artımı birbaşa həmin ölkələrdən idxal olunan məhsullara təsir edir. Keçən ilin statistikasına görə, 2025-ci ildə kənd təsərrüfatı məhsullarının idxal qiymətləri indeksi 26% artıb, yəni eyni məhsulları 2024-cü illə müqayisədə 26% daha baha almışıq”.
“Vətəndaş ucuzlaşmanı hiss etməyəcək”
Mütəxəssis vurğulayır ki, vətəndaş ucuzlaşmanı hiss etməyəcək: “Gömrük rüsumları və vergilərin artımı qiymətlərin enməsinin qarşısını alır. Məsələn, telefonların gömrük rüsumları artırılıb, spirtli içkilərdə aksiz vergiləri yüksəldilib. Daha sonra telefonlara aksiz tətbiq edilib. Eyni zamanda, maşınlar üçün mövcud olan ƏDV güzəştləri ləğv olunub. Nəticədə, bazarda qiymətlərin azalması mümkün deyil, əksinə, qiymətlər yüksələcək. Vətəndaş bu ucuzlaşmanı hiss etməyəcək, çünki gündəlik qiymət enişi üçün bazarda hər hansı mexanizm yoxdur”. (“Kaspi” qəzeti)
-
Erməni nazir: “Azərbaycan tərəfi qiymətlə bağlı sorğu göndərib”
“Azərbaycan üzərindən Ermənistana malların tranziti artır”.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.“Ermənistan bir və ya iki Azərbaycan mənşəli mal alır: benzin və dizel yanacağı və demək olar ki, hər gün Azərbaycan vasitəsilə hansısa məhsul gəlir. Məsələn, bir supermarket şəbəkəsi Azərbaycan üzərindən buğda yarması, digər təşkilat Rusiya kömürünün idxalına görə müraciət edib, üçüncüsü taxıl, dördüncüsü isə artıq gübrə idxal edir. Bu, çox adi bir hal alıb. Nə qədər mal daşımalı olduğumuzu saya bilmirəm”, – deyə Papoyan bildirib.
O, həmçinin Ermənistanın Azərbaycana ixrac edə biləcəyi məhsulların olub-olmaması ilə bağlı suala da müsbət cavab verib:
“Belə məhsullar mövcuddur, folqa ilə bağlı xüsusi bir sorğu daxil olmuşdu və Azərbaycan tərəfi konkret folqa növü üçün müəyyən bir qiymət istəmişdi, bizim istehsalçımız isə bunu təqdim etmişdi. Başqa sözlə, onlar bildirdilər ki: bizi filan qalınlıqda folqa maraqlandırır, onu hansı həcmdə, hansı müddətdə və hansı qiymətə təklif edə biləcəyinizi deyə bilərsinizmi? İstehsalçımız həcmi və qiyməti təqdim edib, hələlik isə heç bir cavab almamışıq”.
-
Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIR
Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 10.89 ABŞ dolları və ya 8.33% artaraq 141.68 ABŞ dolları təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 130.79 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti sonuncu dəfə 2008-ci ilin iyul ayında 141 dolları keçib.
-
Azərbaycanda maaş və pensiyalar artırıla bilər
“Azərbaycanda belə ənənə var ki, may-iyun aylarında büdcəyə əlavələr və dəyişikliklər oluna bilər. Yəqin ki, mayın sonu iyun ayının əvvəllərində parlamentə büdcəyə əlavələr və dəyişikliklərlə bağlı qanun layihəsi təqdim olunacaq”.
Bunu “Unikal”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, burada bəzi sosial xərclərin, maaşların və təqaüdlərin artırılması nəzərdə tutula bilər.
“Bundan əvvəlki müzakirələrdə hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklif var idi. Bu il hələki minimum əməkhaqqı artırılmayıb. Ona görə minimum əməkhaqqının və minimum təqaüdün artırılması ilə bağlı qanunvericilik təklifləri ola bilər. Düşünürəm ki, ən azı 10-15%-lik artımlar gözlənilir”.
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Hazırda isə “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 100 dollardan baha satılır.
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6.5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılıb.
Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Hazırda illik inflyasiya hədəf daxilindədir. 2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır.
Cari ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin fevralında 27.7%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2026-cı ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026-cı və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvarında 6.7% olduğu halda, bu göstərici fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb.
Baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
Ötən iclasdan bəri inflyasiya riskləri balansına artırıcı təsir göstərə bilən amillərin aktivləşməsi müşahidə olunur. Regionda gərginliyin kəskin fazaya keçməsi qlobal əmtəə və maliyyə bazarlarında qiymət və indekslərin dəyişkənliyini yüksəltməkdədir. Bu şəraitdə əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Belə ki, qlobal neft-qaz təchizat zəncirlərində pozuntuların yaranması, enerji məhsullarının qiymətinin artımı və logistika xərclərinin yüksəlməsi ticarət tərəfdaşlarında inflyasiyanın artımına səbəb ola bilər. İdxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi riski ticarət tərəfdaşlarında inflyasiya prosesləri ilə yanaşı, nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. Daxili risk faktorları arasında təklif – xərc amilləri mühüm olaraq qalır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaq.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il may ayının 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
-
Trampın xalqa müraciətindən sonra neft kəskin bahalaşdı
ABŞ Prezidenti Donald Trampın xalqa müraciətində İrana növbəti iki-üç həftə ərzində “son dərəcə güclü zərbə” endirməyə hazırlaşdıqları barədə açıqlamasından sonra neftin qiyməti kəskin artıb.
Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 5.9 dollar (5.83%) artaraq bir barel üçün 107.06 dollara çatıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 4.86 dollar (4.85%) artaraq bir barel üçün 104.98 dollar olub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
-
Mərkəzi Bank mühüm qərar açıqlayacaq – Bu tarixdə
Azərbaycan Mərkəzi Bankı, pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması cədvəlinə əsasən, növbəti faiz qərarını 2 aprel 2026-cı il iclasında elan edəcək.
Median.Az xəbər verir ki, fevral ayında illik inflyasiya yanvarla müqayisədə dəyişməyərək +5,7% səviyyəsində qaldı və bu göstərici AMB-nin hədəf intervalı olan 4±2%-lik çərçivəyə uyğundur. Qlobal geosiyasi gərginliklər və yüksələn neft qiymətləri inflyasiya təzyiqlərini artırsa da, bu dəfə Mərkəzi Bankın faizləri sabit saxlamaq ehtimalı yüksəkdir və “gözləmə mövqeyi”ni seçməsi gözlənilir.
Xatırladaq ki, 4 fevral 2026-cı il qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılmış, uçot dərəcəsi 6,5%-ə, aşağı həddi 5,5%-ə, yuxarı həddi isə 7,5%-ə endirilmişdi. Önəmli meyillər arasında faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı ilə uyğunluğu, qlobal iqtisadi aktivlik, beynəlxalq maliyyə bazarlarının vəziyyəti və daxili makroiqtisadi şərait nəzərə alınır. Əvvəlki endirimlər isə dekabr 2025-ci ildə həyata keçirilmiş, uçot dərəcəsi 6,75%-dən 6,5%-ə, faiz dəhlizinin aşağı və yuxarı həddi müvafiq olaraq 5,75% və 7,75%-ə salınmışdı./kredit.az









