Category: İqtisadiyyat

  • Banklarda yeni qayda qüvvəyə mindi

    Məsafədən hesabların açılması qaydası təsdiqlənib.

    Median.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun 15 dekabr 2025-ci ildə imzaladığı müvafiq qərar 2026-cı il martın 30-dan qüvvəyə minib.

    Belə ki, bu Qayda kredit təşkilatlarında, investisiya şirkətlərində, poçt rabitəsinin milli operatorunda, ödəniş təşkilatlarında (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla), habelə elektron pul təşkilatlarında (bundan sonra – nəzarət subyektləri) məsafədən hesabların açılması qaydasını müəyyən edir.

    İki və ya daha çox şəxsə məsafədən birgə hesab açıldıqda bu Qaydanın tələbləri həmin şəxslərin hər birinə ayrı-ayrılıqda tətbiq edilir.

    Əsas anlayışlar

    Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

    məsafədən hesabların açılması- nəzarət subyekti əməkdaşının və məsafədən hesabın açılması üçün müraciət edən şəxsin (bundan sonra – müştəri) eyni zamanda birgə fiziki iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə hesabların açılması;
    hesab – bank və digər ödəniş hesabı, müştəri hesabı (depo hesabı və marja hesabı);
    şəxsin eyniləşdirilməsi – şəkil çəkilişi, videoçəkiliş və ya videozəng vasitəsilə müştərinin eyniləşdirilməsi və verifikasiyası;
    videozəng – nəzarət subyekti əməkdaşının və müştərinin iştirakı ilə real vaxtda informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi;
    şəkil çəkilişi – nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə fotoqeydiyyat formasında həyata keçirilən şəxsin eyniləşdirilməsi;
    videoçəkiliş – nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi.

    Bu Qaydada istifadə edilən “gücləndirilmiş elektron imza” anlayışı “Elektron imza və elektron sənəd haqqında” Qanunla müəyyən edilmiş mənaları ifadə edir.

    Bu Qaydada istifadə olunan digər anlayışlar digər normativ hüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənaları ifadə edir.

    Hesabların məsafədən açılması

    Məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya sistemi, proqram təminatı “Fərdi məlumatlar haqqında” Qanun və digər hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.

    Fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab açılmasına yol verilmir.

    Nəzarət subyekti məsafədən açılan hesablar ilə bağlı limitlər müəyyən etdikdə, bu barədə müştəriyə məlumat verilməli və hesab açılarkən həmin limitlərə riayət olunmalıdır.

    Nəzarət subyekti xidmət göstərdiyi şəxsin yazılı müraciəti ilə ona məsafədən hesab açılmasını məhdudlaşdırmaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət yalnız həmin şəxsin nəzarət subyektində fiziki iştirakı ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.

    Müraciətin edilməsi

    Məsafədən hesab açılması üçün müştəri tərəfindən nəzarət subyektinə elektron qaydada müraciət edilir.

    Aşağıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla müştərinin müraciəti əsasında nəzarət subyekti tərəfindən hesabın açılması üçün qanunvericiliklə tələb edilən məlumat və sənədlər nəzarət subyektinə təqdim olunmalıdır. Məlumat və sənədlər elektron formada təqdim edildikdə məlumatlar müştərinin, sənədlər onları tərtib etmiş şəxslərin gücləndirilmiş elektron imzası ilə təsdiqlənmiş formada, kağız daşıyıcıda təqdim edildikdə isə əsli və ya surəti qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş formada olmalıdır.

    Aşağıdakı hallarda müştəridən məlumat və sənədlərin nəzarət subyektinə təqdim edilməsi tələb olunmur:

    nəzarət subyektində daha öncə hesabın açılması zamanı əldə edilmiş müvafiq məlumat və sənədlər mövcud olduqda və bu məlumat və sənədlər müştəri uyğunluğu tədbirlərinin davamlı olaraq tətbiq edilməsi nəticəsində yenilənmiş olduqda;
    nəzarət subyekti “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna müvafiq olaraq qəbul edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”a (bundan sonra – MUT Qaydaları) uyğun olaraq tələb edilən məlumat və sənədləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna müvafiq olaraq üçüncü şəxslərə güvənərək əldə etdikdə;
    dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda nəzarət subyekti tərəfindən müvafiq məlumat və sənədlər həmin informasiya sistemlərindən əldə edildikdə.

    Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən MUT Qaydalarına uyğun olaraq verifikasiya tədbirləri görülür, nəzarət subyektinin daxili qaydalarına uyğun olaraq risk qiymətləndirilməsi həyata keçirilir. Risk qiymətləndirilməsi nəticələrindən asılı olaraq prosesə xitam verilməsi halları nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilir.

    Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən müştərinin fəaliyyət qabiliyyəti, səlahiyyəti və gücləndirilmiş elektron imzası qanunvericiliyə uyğun olaraq yoxlanılır.

    Şəxsin eyniləşdirilməsi

    Bu Qayda ilə müəyyən edilmiş şəxsin eyniləşdirilməsinə dair tələblərin tətbiqi üzrə biznes proseslərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasından öncə nəzarət subyekti tərəfindən əməliyyat və komplayens risklərinin təhlili və onların effektiv idarə edilməsi məqsədilə tədbirlər, o cümlədən müvafiq təhlükəsizlik tədbirləri görülür.

    Şəxsin eyniləşdirilməsindən əvvəl nəzarət subyekti tərəfindən müştəri eyniləşdirilmənin keçirilməsi ilə bağlı qaydalarla və müəyyən edilmiş şərtlərlə tanış edilir, habelə hesabın açılması üçün qanuna uyğun olaraq tələb olunan fərdi məlumatların “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq alınır.

    Bu Qaydanın “Müraciətin edilməsi” hissəsinə uyğun olaraq, müvafiq prosedurlardan keçən şəxsə münasibətdə şəxsin eyniləşdirilməsi prosesinə başlanılır.

    Şəxsin eyniləşdirilməsi risk əsaslı yanaşma nəzərə alınmaqla, nəzarət subyekti tərəfindən təsdiq edilmiş daxili qaydalar əsasında aşağıdakı üsullardan biri və ya bir neçəsinin tətbiqi yolu ilə həyata keçirilir:

    şəkil çəkilişi vasitəsilə eyniləşdirmə;
    videoçəkiliş vasitəsilə eyniləşdirmə;
    videozəng vasitəsilə eyniləşdirmə.

    Nəzarət subyekti tərəfindən şəkil çəkilişi, videoçəkiliş və ya videozəng nəticəsində müvafiq görüntülər əldə edilməlidir. Görüntülər aşağıdakı tələblərə uyğun olmalıdır:

    görüntü və səs keyfiyyəti azı sinxronizasiya olunmuş şəkildə bütün proses zamanı şəxsin eyniləşdirilməsinə və verifikasiyasına imkan verməlidir;
    görüntü rəngli olmalıdır;
    görüntüdə şəxsin üz təsviri aydın görünməli, üz təsviri açıq olmalı və üzərinə kölgə düşməməli, üz təsvirini örtən hər hansı əşya, o cümlədən eynək və ya üzüörtən hər hansı bir vasitə olmamalıdır;
    görüntüdə şəxsdən başqa üçüncü şəxslər iştirak etməməli, o cümlədən üçüncü şəxslərin köməyindən istifadə olunmamalıdır.

    Videozəng real vaxtda və fasiləsiz olaraq həyata keçirilir.

    Şəxsin eyniləşdirilməsi prosesində fiziki şəxsin canlılığını aşkarlayan üsullar istifadə edilməlidir. Canlılığın yoxlanılması proqram təminatı vasitəsilə həyata keçirilməlidir. Şəxsin canlı insan olduğundan əmin olmaq üçün ondan təsadüfi sıra ilə minimum 3 hərəkətin edilməsi tələb olunur. Proqram təminatı vasitəsilə şəxsin reaksiyalarının verilmiş tapşırıqlara uyğunluğu, şəxsin üz təsvirinin canlı dinamikası, o cümlədən onun şüurlu idarə edə bilmədiyi təbii fizioloji reaksiyaları təhlil edilir.

    Şəxsin eyniləşdirilməsi zamanı şəxsin üz təsviri onun dövlət informasiya sistemindəki fotoşəkili ilə proqram təminatı vasitəsilə üzləşdirilir.

    Nəzarət subyektində hesabı mövcud olan müştərilər tərəfindən həmin nəzarət subyektində məsafədən yeni hesabın açılması zamanı şəxsin eyniləşdirilməsinin həyata keçirilməsi tələb olunmur. Nəzarət subyekti bu qaydada hesabın açılmasını riskli hesab edərsə, yuxarıda nəzərdə tutulan üsullardan birini və ya bir neçəsini tətbiq edə bilər.

    Şəxsin eyniləşdirilməsi zamanı nəzarət subyekti ilə müştəri arasındakı rabitənin bütövlüyü və məxfiliyi, o cümlədən məlumatların ötürülməsi kanallarının tam şifrələnməsi təmin edilir.

    Müqavilələrin bağlanması

    Bu Qaydanın tələblərinə riayət olunduqda və məsafədən hesab açılmasından imtina edilmədikdə müştəri ilə nəzarət subyekti arasında hesabın açılmasına dair müvafiq müqavilə bağlanılır.

    Nəzarət subyekti tərəfindən müvafiq müqavilənin layihəsi aydın və oxunaqlı formada davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) müştəriyə təqdim edilir.

    Müştəri ona təqdim olunmuş müqavilə layihəsi ilə tanış olur və şərtləri ilə razı olduqda müqaviləni və digər əlaqəli sənədləri gücləndirilmiş elektron imza ilə təsdiq edir.

    Nəzarət subyekti həmin müqaviləni gücləndirilmiş elektron imza ilə təsdiq edir və müştəriyə davamlı daşıyıcıda təqdim edir. Nəzarət subyekti müştərinin tələbi ilə məsafədən bağlanmış müqavilənin surətini müştərinin seçdiyi formada (kağızda və ya digər davamlı daşıyıcıda) əlçatan etməlidir.

    Aşağıdakı hallarda məsafədən hesab açılmasından imtina edilir:

    bu Qaydanın 1.3-cü bəndində göstərilən hüquqi aktlarda nəzərdə tutulmuş hallar mövcud olduqda;
    bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq aparılan yoxlama nəticəsində məsafədən hesabın açılması mümkün olmadıqda;
    bu Qaydanın 5-ci hissəsinin tələblərinə uyğun olaraq şəxsin eyniləşdirilməsi mümkün olmadıqda.

    Nəzarət subyekti tərəfindən hesabın məsafədən açılmasından imtina edildikdə bu barədə müştəriyə onun təqdim etdiyi müvafiq əlaqə vasitələri ilə (SMS məlumatlandırma, elektron poçt ünvanı və s.) bildiriş göndərilir və bildirişdə imtinanın səbəbləri göstərilir.

    Yekun müddəalar

    Məsafədən hesab açılması xidmətini göstərən nəzarət subyektinin müşahidə (direktorlar) şurası (belə orqan olmadıqda nəzarət subyektinin icra orqanı) tərəfindən bu xidmətlərə dair daxili qaydalar təsdiq edilir. Şəxsin eyniləşdirilməsi prosesinin adekvatlığının yoxlanılması ildə bir dəfədən az olmayaraq nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilmiş dövriliklə həyata keçirilir.

    Təhlükəsizlik pozuntularının aşkarlanması və ya baş verməsi, aidiyyəti hüquqi aktlarda dəyişikliklərin edilməsi, nəzarət subyektinin mümkün fırıldaqçılıq və ya digər hüquq pozuntusu hallarından xəbərdar olması və şəxsin eyniləşdirilməsi ilə bağlı çatışmazlıqların aşkarlanması hallarında texnoloji inkişaf və prosesin tətbiqində qazanılan təcrübə də nəzərə alınmaqla məsafədən hesab açılması proseslərinə yenidən baxılır, zərurət olduqda daxili qaydalarda müvafiq dəyişikliklər edilir.

    Məsafədən hesab açılması zamanı əldə olunmuş bütün məlumat və sənədlər, o cümlədən şəxsin eyniləşdirilməsi zamanı yaradılmış video və audio fayllar, şəkillər, loqlar qanunvericiliyə uyğun qaydada və müddətlərdə saxlanılır.
    /Trend.Az

  • Bu şəxslərin övladlarına 140 manat verilir

    Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin məbləği 140 manatdır.

    Median.Az xəbər verir ki, müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin edilir.

    Müavinətin müddəti müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə qədərdir.

    Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

    Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

  • Azərbaycana düyü idxalı azalıb

    Bu ilin fevral ayında Azərbaycan 10 milyon 604,31min ABŞ dolları dəyərində 11 min 976,37 ton düyü idxal edib.

    Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 milyon 868,38 min ABŞ dolları (21,29 %) və 1 min 878,98 ton (13,56%) azdır.

    Qeyd edək ki, 2025-ci ilin fevral ayında Azərbaycan 13 milyon 472,69 min ABŞ dolları dəyərində 13 min 855,35 ton düyü idxal edib.

  • Ət alanların nəzərinə! – Bazarda yeni vəziyyət yarandı

    Azərbaycan bazarlarında mənşəyi bilinməyən ət məhsullarının satışının artdığı iddia edilir. Bildirilir ki, xüsusən Ramazan ayından sonra bəzi obyektlərdə at əti mal əti adı ilə vətəndaşlara təqdim edilir. Bununla bağlı aidiyyəti qurumlar tədbirlər görsə də, məsələnin kompleks yanaşma tələb etdiyi vurğulanır.

    Qaynarinfo xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova heyvan mənşəli məhsulların, xüsusilə ətin kommersiya məqsədilə satışı qida təhlükəsizliyi, baytarlıq nəzarəti və əhalinin sağlamlığının qorunması prinsiplərinə uyğun olaraq qanunvericiliklə tənzimləndiyini deyib:

    “Bu sahədə əsas hüquqi baza “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarla müəyyən edilir. Birinci qanuna əsasən, heyvan kəsimindən sonra ətin insan qidası üçün yararlılığı baytarlıq-sanitariya ekspertizası ilə müəyyənləşdirilir. Bu nəzarətdən keçməyən məhsulların bazara çıxarılması və satışı qadağandır. Dövlət baytarlıq nəzarəti yalnız müvafiq ekspertizadan keçmiş, sənədlərlə təsdiqlənmiş və üzərində xüsusi nişan olan məhsulların satışına icazə verir. Bu sənədlər olmadan ət və digər heyvan mənşəli məhsulların dövriyyəsi qanunvericiliyə zidd hesab olunur.

    Digər qanun isə qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Yəni heyvan mənşəli bütün məhsullar, o cümlədən at əti insan qidası hesab edilir və onların satışı yalnız təhlükəsizliyi təsdiqləndikdən sonra mümkündür. Təhlükəsizliyi sübuta yetirilməyən məhsulların bazara çıxarılması qadağan olunur”.

    Hüquqşünas bildirib ki, qanunvericiliyə əsasən, heyvan mənşəli məhsulların satışa çıxarılması üçün kəsim dövlət nəzarəti altında aparılmalı, məhsul baytarlıq-sanitariya ekspertizasından keçməli və müvafiq sənədlərlə təsdiqlənməlidir:

    “Bu tələblərə əməl olunmadıqda, məhsulun satışı hüquqi baxımdan yolverilməz sayılır. Nəticə etibarilə, Azərbaycanda həm at, həm də digər heyvan mənşəli məhsulların satışı yalnız baytarlıq nəzarətindən keçdiyi və təhlükəsizliyi təsdiqləndiyi halda mümkündür. Bununla yanaşı, satış zamanı məhsul başqa ət adı ilə istehlakçıya təqdim olunursa, onun dövriyyəyə buraxılması qanunvericiliyə zidd hesab olunur və qadağandır”.

  • Yaponiya Azərbaycan neftinə keçmək niyyətindədir

    Yaponiyaya məxsus INPEX korporasiyası Azərbaycan və Qazaxıstan ərazisində istehsal olunan neftin reallaşdırılması prosesində əsas diqqəti yerli Yaponiya müəssisələrinə yönəltmək qərarına gəlib.

    Bu barədə “Yomiuri” qəzeti məqalə dərc edib.

    Məlumatda bildirilir ki, Hörmüz boğazının reallıqda bağlanması ehtimalı neft təchizatının etibarlılığına dair təşviş yaradır. Buna görə də hazırkı dövrdə xam neft tələbatının 90 faizdən çox hissəsini Yaxın Şərq regionundan idxal edən Yaponiya üçün şirkət alternativ təchizat marşrutları formalaşdırmağı planlaşdırır.

    Qazaxıstan və Azərbaycandan ixrac ediləcək xam neft Aralıq və Qırmızı dənizlərdən daşınacaq. Tədarük müddəti Azərbaycandan 25-50 gün, Qazaxıstandan 35-55 gün təşkil edəcəksə, Hörmüz boğazı vasitəsilə bu proses cəmi 20 günə başa gəlir.

    Qeyd edək ki, INPEX korporasiyası Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” və Qazaxıstandakı “Kaşağan” neft-qaz yataqlarında müəyyən səhmlərə malikdir. Bu vaxta qədər korporasiya həmin mənbələrdən əldə edilən xam nefti spot satış qaydası ilə daha çox Avropa ölkələrinə ixrac edirdi. Ancaq Yaxın Şərq regionundakı gərgin vəziyyət və Yaponiya daxilində yanacaq qıtlığı riskləri fonunda rəhbərlik spot satışların müəyyən payını birbaşa olaraq öz daxili bazarına istiqamətləndirmək qərarını verib.

  • Azərbaycan neftinin qiyməti 4 illik rekordunu qırdı

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 2.99 ABŞ dolları və ya 2.5% artaraq 124.24 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 121.25 ABŞ dolları olub.

    Xatırladaq ki, “Azeri Light” markalı Azərbaycan nefti sonuncu dəfə 2022-ci il martın 9-da 124 dollar səviyyəsinə yüksəlib.

  • Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13 milyard manat olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

    Hesabat dövründə ümumi dəyərin 77,4 %-ni pərakəndə ticarət dövriyyəsi, 19,4 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

    Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin iki ayına nisbətən 4,3 % artaraq 12,4 milyard manat olub, onun 44,5 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

    İki ayda bir istehlakçı orta hesabla ayda 634,9 manat və yaxud illik müqayisədə nominal ifadədə 57,3 manat çox vəsait xərcləyib.

  • Çexiya 2 ayda Azərbaycandan 170 min tona yaxın neft aldı

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan Çexiyaya 169 min 841,63 ton xam neft ixrac edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 83 milyon 922,49 min ABŞ dolları təşkil edib.

    İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,7 dəfə azdır.

    Çexiyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 4,72 % olub.

    Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

    Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.

  • Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 milyon 686 min ABŞ dolları dəyərində 3 min 132 ton nar ixrac edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 683,55 min dollar (20,3 %), həcm baxımından isə 714 ton (18,6 %) azdır.

    Hesabat dövründə nar ixracından əldə ediən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

    Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

  • “Brent” 104, “WTI” markalı neft 92 dollaradək bahalaşıb

    Neft martın 26-sı səhər saatlarında bahalaşaraq ötən gün verdiyi itkiləri bərpa edir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

    Bakı vaxtı ilə saat 09:06-ya olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 1,85 ABŞ dolları (1,81 %) artaraq bir barel üçün 104,07 ABŞ dollarına çatıb. Çərşənbə günü kontrakt qiyməti 2,27 ABŞ dolları (2,2 %) ucuzlaşaraq bir barel üçün 102,22 ABŞ dollarına düşmüşdü.

    Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron hərraclarında “WTI” neftinin may fyuçersləri 1,73 ABŞ dolları (1,92 %) bahalaşaraq bir barel üçün 92,05 ABŞ dollarına çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, bu kontraktın qiyməti 2,03 ABŞ dolları (2,2 %) ucuzlaşaraq bir barel üçün 90,32 dollara düşmüşdü.

    Nəşr qeyd edir ki, treyderlər Yaxın Şərqdə vəziyyətin inkişafını izləməyə davam edirlər.

    Vaşinqton və Tehran arasında danışıqların təşkilinə yönəlmiş səylərlə bağlı siqnallar ötən gün neft qiymətlərinə təzyiq göstərmişdi.