Category: İqtisadiyyat

  • Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib

    Dünya Bankı 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2%, 2027-ci ildə isə 1.8% artacağını proqnozlaşdırır.

    Bu barədə məlumat Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə iqtisadi proqnozunun (ECA Economic Update) son yenilənməsində yer alıb.

    Bildirilir ki, yanvar qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0.2 və 0.1 faiz bəndi artırılıb. Qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 1.4% artıb.

    Dünya Bankının proqnozlarına əsasən, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3.4%-ə çatacaq.

  • Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıdlandı

    İndiyədək Azərbaycandan Serbiyaya ümumilikdə 444,6 milyon kubmetr qaz ixrac olunub.

    Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

    “Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi çərçivəsində enerji əməkdaşlığının əsas istiqamətləri – təbii qaz, elektrik enerjisi|nin istehsalı, Yaşıl Enerji Dəhlizi, enerji səmərəliliyi və istilik təchizatı üzrə müzakirələr apardıq. İndiyədək Azərbaycandan Serbiyaya ümumilikdə 444,6 milyon kubmetr qaz ixrac olunub”, – paylaşımda qeyd edilib.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təkcə bu ilin yanvar ayında isə Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞ dolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminə görə isə 73 min kubmetr və ya 0,2% azalıb.

    Bundan başqa, Serbiyadan Azərbaycan iqtisadiyyatına əhəmiyyətli investisiya qoyuluşları da reallaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bnakının məlumatına görə, 2025-ci ildə Serbiyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 6,490 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 6,271 milyon dollar və ya 29,6 dəfə çoxdur.

    Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Serbiyadan reallaşan investisiyaların payı 0,1% təşkil edib.

  • İki həftəlik atəşkəs neft qiymətlərini azaldacaq?

    “İki həftəlik atəşkəsdən sonra neft qiyməti dərhal aşağı düşsə də, bu, real təklif artımına görə yox, bazarın “risk əlavəsini” çıxarmasına görə oldu. Yəni, qiymətdə olan müharibə qorxusu bir qədər silindi”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, işin texniki tərəfi fərqlidir:

    “Faktiki bazarda vəziyyət hələ də gərgindir. Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb, sığorta xərcləri yüksək qalır, bəzi marşrutlarda risk hələ də qiymətə daxildir. Bu faktorlar neftin kəskin ucuzlaşmasının qarşısını saxlayır. Digər tərəfdən, bu atəşkəs çox qısadır. İki həftəlik razılaşma bazar üçün strateji ola bilməz. Ona görə də böyük fondlar və treyderlər hələ mövqelərini tam dəyişmirlər, sadəcə risklərini azaldırlar. Bu da qiymətin sərt düşüb sonra stabilləşməsinə səbəb olur.

    Hazırda ən real ssenari budur ki, qiymətlər 90 dollar ətrafında dalğalansın. Bir qədər də aşağı enə bilər, amma 70-80 dollarlıq zona üçün ya uzunmüddətli siyasi razılaşma, ya da bazara əlavə böyük həcmdə neft girişi lazımdır. Bazarlar qulaqlarını şəkləyib, diqqətlə xəbər gözləyir. Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa, qiymətlər çox sürətlə geri qayıda bilər”.

  • Analitiklərdən ən çox tələb olunan metallardan biri ilə bağlı xəbərdarlıq

    “Goldman Sachs Group Inc.” analitikləri xəbərdarlıq ediblər ki, Hörmüz boğazı açılmasa, misin qiyməti düşə bilər. Hazırda metal bazarları ABŞ Prezidenti Donald Trampın İranla razılaşma üçün müəyyən etdiyi müddətin nəticəsini gözləyir.

    Bu barədə “Bloomberg” yazır.

    “Biz hesab edirik ki, əgər boğaz bizim əsas ssenarimizdən daha uzun müddət bağlı qalarsa, qısa müddətli risklər aşağı istiqamətə yönəlir. Bu isə enerji qiymətlərinin uzunmüddətli yüksək qalmasına və qlobal iqtisadi artımın yavaşlamasına səbəb ola bilər”, deyə analitiklər bildirib.

    Ötən ay metalların əksəriyyəti təzyiq altında olub, çünki neft və qazın sürətlə bahalaşması iqtisadi artımı zəiflədir və sənaye xammalına tələbi azaldır. Hazırda bazarlarda qeyri-müəyyənlik hökm sürür, investorlar isə Trampın Tehranla bağlı açıqlamalarını qiymətləndirirlər.

    “Goldman Sachs”ın əsas ssenarisinə görə boğazda hərəkətlilik aprelin ortalarından bərpa olunacaq. Lakin analitiklər qeyd edirlər ki, mis artıq öz “ədalətli dəyər”indən yuxarı səviyyədə ticarət olunur və bu göstərici təxminən 11 100 dollar/ton təşkil edir.

    Analitiklərin sözlərinə görə, mis hələ də ABŞ-dan kənarda məhdud təklif və strateji ehtiyatların yığılması ehtimalı ilə dəstəklənir. Lakin qlobal iqtisadiyyat üçün “son dərəcə mənfi” ssenari reallaşarsa, bu amillər əhəmiyyətini itirə bilər.

    “Fundamental faktorlar misin hazırkı qiymət səviyyəsini dəstəkləmir, bu da iqtisadi perspektivlər pisləşərsə və investorlar riskləri azaltmağa çalışarsa, onu daha da ucuzlaşmaya həssas edir”, deyə analitiklər yazır.

    Ekspertlər bu il üçün misin orta qiymət proqnozunu əvvəlki 12 850 dollar/tondan 12 650 dollar/tona endiriblər.

    Bakı vaxtı ilə saat 7:25 etibarilə London Metal Birjasında misin qiyməti 12 400 dollar/tonadək yüksəlib, digər metalların qiymətləri isə qarışıq dinamika göstərib.

    19 martda mis bu ilin bütün qiymət artımlarını itirib, çünki Yaxın Şərqdə gərginliyin artması enerji qiymətlərini yüksəldib və qlobal iqtisadiyyata zərər riski yaradıb. 23 martda isə metal son üç aydan çox müddətin ən aşağı səviyyəsinə düşüb.

    1 apreldə isə mis qiymətləri 1%-dən çox artıb, çünki ABŞ Prezidenti Donald Tramp İranla müharibənin 2–3 həftə ərzində bitə biləcəyini bildirib.
    //valyuta.az

  • Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

    Bələdiyyələrin ödəniş tələbi ilə qarşılaşanları ən çox maraqlandıran sual bu ödənişin hansı məqsədlə toplanmasıdır.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bildirişlərdə göstərilən məbləğlərin necə hesablanmasını da bu sıraya aid etmək olar.
    Məsələ burasındadır ki, müşahidələr digər məlum amillərlə yanaşı, bu sahədə məlumatsızlığın da əhalini belə ödənişləri etməkdən yayınmağa sövq etdiyini göstərir.

    Bəs bələdiyyələrin topladığı ödəniş nədən ibarətdir və onun məbləği necə hesablanır

    Əvvəlcə ondan başlayaq ki, Vergi Məcəlləsinə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycanın ərazisində yerləşən tikililər əmlak vergisinə cəlb olunur. Fiziki şəxslər üzrə əmlak vergisi isə bələdiyyələrə ödənilir.
    Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Vergi binaların sahəsinin hər kvadratmetrinə görə tətbiq olunur.

    Belə ki, hər kvadratmetrinə görə:
    – Bakıda 40 qəpik;
    – Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 30 qəpik;
    – Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzlərində 20 qəpik;
    Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 10 qəpik vergi hesablanır.

    Bina Bakı şəhərində yerləşdikdə, həmin qiymətə 0,7-dən 1,5-dək əmsallar tətbiq edilir. Əmsal binanın yerləşdiyi əraziyə uyğun olaraq müəyyən olunur.
    Burada ən aşağı əmsal paytaxtda 12-ci zonaya – Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərə aid edilir. Bu ərazidə binanın hər kvadratmetri üçün vergi 28 qəpikdən hesablanır.

    Ən yüksək əmsal isə 1-ci zonaya tətbiq olunur. Bakı şəhəri üzrə 1-ci zonaya Əl Oyunları Sarayından (Bakı İdman Sarayı) başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları Sarayınadək ərazi aiddir.

    Bu ərazi üzrə fiziki şəxslərin əmlak vergisi hər kvadratmetrə görə 60 qəpikdən hesablanır.

    Onu da bildirək ki, yaşayış sahələrinin 30 kvadratmetrə qədər hissəsinə vergi tətbiq edilmir.

    Bu o deməkdir ki, mənzilin sahəsi 50 kvadratmetrdirsə, onun yalnız 20 kvadratmetrinə görə vergi hesablanır. Həmçinin binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunla müəyyən olunan şəxslərin, habelə pensiyaçıların əmlak vergisininin məbləği 30 manat azaldılır.

    Qanunla bələdiyyələr verginin ödənilməsi barədə bildirişi vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq elektron qaydada verməlidirlər.
    Verginin məbləği bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi göstərilən ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

    Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin əmlak vergisi vaxtında ödənilmədikdə faiz hesablanmır.

  • “Brent” markalı neftin qiyməti 110 dolları keçdi

    Dünya bazarında neft bahalaşmaqda davam edir.

    Bu, ticarət məlumatlarından aydın olur.

    Bakı vaxtı ilə saat 9:13-də Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 1.31 dollar (1.19%) artaraq bir barel üçün 111.08 dollara çatıb.

    Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 2.85 dollar (2.54%) artaraq bir barel üçün 115.26 dollar olub.

  • “Bitcoin”in dəyəri 10 min dollaradək azala bilər? – Ekspert xəbərdarlıq etdi

    “Bitcoin” 75 min dollar səviyyəsini qoruya bilməsə, qiymətində kəskin eniş müşahidə olunacaq.

    Bu barədə “Bloomberg” agentliyinin eksperti Mayk Makqlon xəbərdarlıq edib.

    Mütəxəssis “Bitcoin” dəyərinin uzunmüddətli tənəzzül dövrünə daxil ola biləcəyini qeyd edib. Analitikin proqnozuna görə, aparıcı rəqəmsal valyuta 75 min dollarlıq psixoloji həddi aşmasa, onun məzənnəsi 10 min dollara qədər geriləyə bilər:

    “2020 və 2021-ci illər ərzində “Bitcoin”in dəyəri əsasən 10 min dollar ətrafında dəyişirdi və yenidən həmin mövqeyə qayıda bilər. 2017-ci ildən etibarən 10 min dollarlıq hədd əsas kriptovalyuta üçün ən çox dövriyyə olunan qiymət nöqtəsidir”.

    Aprelin 6-da “Bitcoin” təxminən 69 min dollar səviyyəsində qərarlaşıb. Ötən iki ay ərzində kriptovalyutanın dəyəri 65 minlə 75 min dollar diapazonunda dəyişib.

    Ekspert, həmçinin vurğulayıb ki, bazardakı digər kriptovalyutaların məhdudiyyətsiz emissiyası və artan rəqabət “Bitcoin”in inkişafına mane olur. O, “stablecoin”lərin daha stabil dinamikaya malik olduğunu və 2026-cı ilə qədər USDT-nin həm “Bitcoin”, həm də “Ethereum”u geridə qoyacağını proqnozlaşdırır.

  • İki su elektrik stansiyasının tikintisinə 43 milyon manatdan çox pul xərclənəcək

    Azərbaycanda iki kiçik su elektrik stansiyası (KSES) tikiləcək.

    Bununla bağlı müvafiq prosedurlara start verilib.

    Belə ki, “Çardaqlı-1” və “Çardaqlı-2” KSES-lərdə tikintisi işləri nəzərdə tutulacaq.

    İşlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 43 milyon 514 min 112 manatdır.
    //oxu.az

  • “Hazırda pul daha yavaş hərəkət edir” – İqtisadçı

    “Bu il martın 1-nə manatın dövretmə sürəti 2,83 olub. Bu o deməkdir ki, eyni 1 manat il ərzində cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün deyim ki, 2005-ci ildə bu rəqəm 15,7 idi”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68-ə düşmüşdü.

    “Yəni trend aydındır, hazırda pul daha yavaş hərəkət edir. İnsanlar və bizneslər daha çox gözləyir, daha az xərcləyir. Pul iqtisadiyyatda dövr etməkdənsə, dayanır və gözləyir. Dayanıb gözləmə səbəbləri isə çoxdur. Pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin ritmini göstərən göstəricidir. Pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat o qədər canlanır. Pul yavaşlayanda isə iqtisadiyyatın nəfəsi zəifləyir”.

  • Azərbaycan nefti nə qədər bahalaşa bilər? – AÇIQLAMA

    “Neftin və qazın qiymətinin bahalaşmasının fundamental iqtisadi təməl səbəbləri yoxdur. Burada yeganə səbəb müharibədir”.

    Bunu “Unikal”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, nə vaxt müharibə dayanacaqsa, həmin vaxt qiymətlərin kəskin şəkildə və bir neçə gün ərzində hətta 90 dollardan aşağı düşməsi gözlənilir

    “Məsələn, 2007-2008-ci illərdə bugünkü gündən daha baha qiymətlər idi. Neftin qiyməti 148 dollara çatmışdı. Çünki hasilat ilə bağlı problem var idi. Yəni, neft hasil edən ölkələr neftin hasilatını azaltmışdı, tələb çox idi. İndi isə hasilatla bağlı problem yoxdur. Daşınma ilə bağlı problem var. Daşınma isə müharibəyə görə problemə çevrilib. Müharibə bitən kimi neftin qiymətində azalmaların şahidi olacayıq”.