Category: İqtisadiyyat

  • İçərişəhərdə yeni park salınır

    “Artıq 3 aydır Qoşa Qala qapılarında restavrasiya işlərinə başlamışıq. Bu böyük proses olduğu üçün restavrasiya və bərpa-konservasiya işləri bir müddət davam edəcək”.

    Bunu “Report”un sorğusuna cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov deyib.

    Onun sözlərinə görə, İçərişəhər ərazisində yeni park da salınır: “Həmçinin Bakı Xanlarının Sarayında restavrasiya işləri aparılır. İlin sonuna qədər bərpa işləri bitəcək və yeni muzey ekspozisiyası yaradılacaq. Həmin ərazidə 3 il əvvəl tapılmış yeraltı hamamla Bakı Xanlarının Sarayı arasında böyük park salınır. Bu istirahət guşəsi bütün sakinlər, Bakı şəhərinin qonaqları üçün nəzərdə tutulub. İnşallah ilin sonunda həmin ərazi təhvil veriləcək”.

    Qeyd edək ki, 2019-cu ilin may ayında Qoşa Qala qapılarında bərpa işləri başlayıb. Bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

    Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həm də Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bu işlər öncə Qala divarlarının daxili hissəsindən başlayıb.

    Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib.

  • İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzləri yaradılacaq

    Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamın icrası işlərinin bir istiqaməti kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət sifarişləri üzrə üç şəhər və rayonda (Gəncə şəhəri, Lənkəran və Göyçay rayonları) insan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzlərinin yaradılması da nəzərdə tutulub.

    Nazirliyin məlumatına görə, sözügedən sərəncam digər həssas qruplar kimi, insan alveri qurbanlarının sosial reabilitasiya imkanlarının da artırılmasına imkan yaradıb.

    Mərkəzlər müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq.

    Həmin mərkəzlərdə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək göstərilməsi, onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə zəruri xidmətlərlə, hüquqi, psixoloji, tibbi yardımlarla təmin edilmələri, məşğulluq problemlərinin həlli və s. üçün müvafiq işlər aparılacaq. Həmçinin insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün mərkəzlər tərəfindən maarifləndirmə tədbirləri də həyata keçiriləcək.

    Qeyd edək ki, hazırda ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi də fəaliyyət göstərir və yaradılacaq yeni mərkəzlər insan alveri qurbanlarının sosial reabilitasiyası istiqamətində fəaliyyət mütəvisinin genişlənməsinə şərait yaradacaq.

  • Kənd yerlərində məşğulluq artacaq – Ekspert rəyi

    Azərbaycanda həyata keçirilən islahatlar kənd yerlərində məşğulluq səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərəcək.

    Bunu oxu.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatları şərh edərkən bildirib.

    Onun sözlərinə görə, regionun ucqar bölgələrində yaşayan, birbaşa aqrar istehsal fəaliyyəti ilə məşğul olan istehsalçıların iqtisadi aktivliyinin təmin olunması dövlət siyasətinin başlıca məqsədlərindən biridir:

    “Azərbaycan ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır, on milyon nəfərə çatan əhalimizin 47 faizi kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür. 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır”.

    Ekspert qeyd edib ki, aqrar sığorta bazarının formalaşdırılması yerlərdə istehsalın şaxələnməsinə təkan verəcək tədarük sisteminin və fermer-dövlət iqtisadi münasibətlərinin güclənməsinə təkan verə bilər:

    “Xüsusilə məşğulluğa ciddi mənfi təsir göstərən istehsalçılar arasında dağınıq iqtisadi münasibət aradan qaldırılmalıdır. Xırda istehsalçıların kooperasiyalarda birləşməməsi, torpaqların meliorativ vəziyyəti haqqında məlumat bazalarının olmaması, peşəkar mütəxəssislərin çatışmazlığı həll olunması zəruri olan vacib məsələdən biridir.

    Təhlillər göstərir ki, regionlarda emal infrastrukturunun – taxıl anbarı kompleksləri, müasir suvarma sisteminin tətbiqi ilə yeni təsərrüfatlar, damazlıq yumurta və broyler təsərrüfatları, cins heyvandarlıq kompleksləri, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatları, süd, ət emalı müəssisələri, kəsim məntəqələri, quru meyvə istehsalı müəssisələri, eləcə də digər yerli potensialı ifadə edən emal və sənaye məhsulları istehsalı müəssisələrinin yaradılması qarşıda duran hədəflərdəndir”.

    Qeyd edək ki, son illərdə həyata keçirilən islahatların yeni mərhələsi kənd təsərrüfatı sahəsini də əhatə edib. Bu istiqamətdə dövlət siyasətini tənzimləyən strukturda kadr dəyişiklikləri ilkin müsbət nəticələri verir. Aqrar sahənin dayanıqlı inkişafı üçün sistemli addımlar atılır. Aqrar sahədə qarşıya qoyulan hədəflərdən biri də kənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsidir.

  • Tütün məhsullarının ümumi aksiz dərəcəsi təsdiqlənə bilər – AİB qərar verdi

    Avrasiya İqtisadi Birliyi yarım ildən sonra tütün məhsullarının ümumi aksiz dərəcəsi haqqında saziş imzalamağı planlaşdırır.

    Bu barədə “İzvestiya” qəzeti Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidmətinə istinadən xəbər verir.

    Sazişin iyunun 21-də hazırlanmış layihəsində AİB ölkələri üçün tütün məhsullarına aksiz vergisinin yeridilməsinin prinsipləri əks olunub. Layihə artıq AİK şurası tərəfindən təsdiqlənib və Birliyin bütün iştirakçılarına göndərilib.

    Sənədə əsasən, Birlik ölkələrində tütünə olan aksiz dərəcəsi 2024-cü ildən başlayaraq 1 min ədədə görə 35 avro təşkil edəcək. Lakin deyilən məbləğin 20% çox və ya az da ola bilməsi nəzərdə tutulur.

  • POS-terminalların sayı azalıb

    Cari ilin altı ayında aparılan nağdsız əməliyyatların həcmi iki milyard manat təşkil edib. Bu, keçən il aparılan nağdsız əməliyyatların həcmindən 58 faiz yüksəkdir.

    Bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

    O bildirib ki, bu ilin altı ayında kart sahiblərinin sayı 6,7 milyon olub:

    “Kart dövriyyəsində nağdsız əməliyyatların həcmi 20,1 faiz təşkil edib. Keçən il bu rəqəm 15,1 faiz idi. Elektron ticarətin həcmi keçən ilin altı ayı ilə müqayisədə 96 faiz artıb. Ödəniş sistemlərinin həcmi 125 milyard olub”.

    Departament direktoru qeyd edib ki, POS-terminalların sayında cüzi azalma var:

    “Bu, narahatedici fakt deyil, çünki POS-terminalların sayı yox, aparılan əməliyyatlar vacibdir”.
    /oxu.az/

  • Elman Rüstəmov manatdan danışdı

    İlin əvvəlindən manatla pul bazası yeddi faiz artıb.

    Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

    Onun sözlərinə görə, pul təklifinin artım tempinin yüksəlməsi başlıca olaraq sosial xarakterli fiskal stimulların həyata keçirilməsi nəticəsində xəzinə hesabından aktivləşmə ilə bağlıdır:

    “Ötən ilə nisbətən ümumi daxili məhsul 2,4 faiz artıb. Bu il qeyri-neft sahəsində artım 3,9 faiz olub. Kənd təsərrüfatı gəlirlərinin artım tempinin yüksəlməsi və ya gecikmə ilə olsa da, pərakəndə ticarət və pullu xidmətlərin artım tempinə müsbət təsir göstərib”.

    E.Rüstəmov qeyd edib ki, inflyasiya riskləri balansında xarici amillər əhəmiyyətli olaraq qalır:

    “Əhalinin gəlirləri və istehlak davranışlarının analizi göstərir ki, ilin ikinci yarısında bu amillərin inflyasiyaya təsiri bir qədər arta bilər”.
    /oxu.az/

  • Mikayıl Cabbarov rəisi sərəncama götürdü – YENİ TƏYİNAT

    Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyində dəyişiklik edilib.

    8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Elçin Kazımovun yerinə Zaur Adilov təyinat alıb.

    Elçin Kazımov sərəncama götürülüb.

    Z.Adilov buna qədər Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Bəyannamələrinin təhlili və kameral vergi yoxlamaları idarəsinin direktor müavini vəzifəsində çalışıb.
    /oxu.az/

  • Bakıda təkrar mənzil bazarı ucuzlaşıb

    Yay ayları olduğu üçün ümumiyyətlə mənzil bazarında nisbi ucuzlaşma hiss olunur. Konkret olaraq yay ərəfəsində – mayda Bakının təkrar mənzil bazarında qiymətlər aprel ayı ilə müqayisədə artıq 1,8 faiz azalıb, ötən ilin may ayı ilə müqayisədə isə 5,1 faiz artıb.

    Median.Az bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətindən bildiriblər.

    Bu ilin mayında mənzilin bir kvadrat metri üçün orta qiymət 1008 dollar təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 959 dollara bərabər olub.

    Təkrar bazarda ekonom tipli mənzillərin qiyməti bu ilin mayında bir kvadrat metr üçün 712 dollar təşkil edib. Ötən ilin aprelində bu rəqəm 767 dollar olub.

    Təkrar mənzil bazarında satışa çıxarılan mənzillərin 35,9 faizi üçotaqlı, 30,2 faizi ikiotaqlı, 13 faizi birotaqlı mənzillər olub.

    Dörd və daha çox otaqlı mənzillərin payı 20,8 faiz təşkil edib.

    Bakıda təkrar mənzillər daha çox Yasamal (23,9 faiz), Nərimanov və Binəqədi (17,2 faiz), Xətai (16,7 faiz) və Nəsimi rayonlarında (14,5 faiz) satışa çıxarılıb.

  • İşçilərin sayını və maaşını gizlədənlərə – XƏBƏRDARLIQ

    Vergilər Nazirliyi əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanı təsdiq edib. Sənəd vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir.

    Nazirliyin məlumatına əsasən, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq səkkiz min manatadək əldə etdikləri gəlirlərin yeddi il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bir hissəsidir.

    Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur.

    Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir.

    Bundan başqa, bəzi sahibkarlar işin mahiyyətinin muzdlu iş hesab olunması üçün əhəmiyyətli əsaslar olduğu halda, işə cəlb etdikləri şəxslərlə xidmət müqavilələri bağlayırlar. Eyni zamanda, əksər vergi ödəyiciləri işçilərlə bağlanan müqavilələrə əsasən, ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.

    Vergi ödəyicilərinin muzdla işləyən işçilərinə əməkhaqqını uçotdankənar verməsi və əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilməməsi həmin şəxslərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da səbəb olur.

    Bu cür hallar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyac yaradır. Təsdiq edilmiş yeni konsepsiyanın da əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir.

    Risk qrupuna daxil olan vergi ödəyicilərini müəyyən etmək üçün Vergilər Nazirliyinin informasiya sistemləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemindən və digər mənbələrdəki məlumatlardan da istifadə edilməsi nəzərdə tutulub.

    Vergi orqanı əmək münasibətləri sahəsində vergi ödəyiciləri üzrə işçi sayı, əməkhaqqı fondu, o cümlədən bir işçiyə düşən orta aylıq əməkhaqqı məbləği, bəyannamə, hesabat göstəriciləri və “Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlar əsasında təhlil apararaq riskləri müəyyən edəcək.

    Təhlillər aparılarkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz.

    Konsepsiyaya əsasən, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndəriləcək.

    Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə vergi ödəyicisi vergi orqanına dəvət ediləcək və görüş zamanı vergilərin, o cümlədən, işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq.

    Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim edilən dəlil və sübutlarla razılaşdıqda müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təmin ediləcək. Əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək.

  • SOCAR Gürcüstanda yeni qaz xətləri aldı

    Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəməsi “SOCAR Georgia Gas” şirkəti ölkədə yeni qaz xətləri alıb.

    Report xəbər verir ki, Gürcüstan hökumətinin qərarı ilə qaz xətləri şirkətə 24 milyon 177 326 lariyə (8,3 mln. dollar) satılıb.

    “SOCAR Georgia Gas”ın aldığı 94 qaz xətti bütün Gürcüstanı əhatə edir. Ən çox qaz xətləri isə Zestafoni, Kaspi və Lançxuti rayonlarının payına düşüb.

    Sövdələşməyə əsasən, “SOCAR Georgia Gas” aldığı daşınmaz əmlakın dəyərini 18 il müddətində tam ödəməlidir.