Category: İqtisadiyyat

  • Aqrar məhsullar niyə bahadır?

    Ölkə iqtisadiyyatında stabil vəziyyət davam edir, bunun əsasında müşahidə olunan müvafiq aktivlik dərəcəsi öz tempini qoruyub saxlayır. Söhbət, cari ilin birinci yarısında, yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal edilməsindən gedir. Qeyd olunan dövrdə qeyri neft-qaz sektorunda 3,2 %, neft-qaz sektorunda isə 1,3 % artıq əlavə dəyər istehsal olunub. Sözsüz ki, bütün bunlar yaxşı göstəricidir.

    Lakin, qiymətlər də yüksəlir.

    Rəsmi statistikaya əsasən, 2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsulları və xidmətlərinin qiymətləri 2,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,7, qeyri-ərzaq 1,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,2 % yüksəlib. Bütün bunlar ortaq rəqəmlərdir, bir sıra ərzaq məhsulları isə çox bahalaşıb.
    Odur ki, sual yaranır, bəs, 2,4 % artım nə anlam daşıyır?

    Yuxarıda qeyd etdim ki, qeyri neft-qaz sektorunda 3,2 % artım qeydə alınıb ki, bu rəqəm neft-qaz sektorundakından üstün olub. Diqqəti cəlb edən bir cəhət də ondan ibarət olub ki, sözügedən müddətdə aqrar istehsal da genişlənib. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul 13,0 %, o cümlədən bitkiçilik məhsulları 25,6 %, heyvandarlıq məhsulları istehsalı isə 2,9 % artıb.
    Sözügedən ötən 6 ay ərzində 13 % kiçik rəqəm deyil, son vaxtlar aqrar sektorun inkişafı üçün görülən işlərin nəticəsidir ki, özünü büruzə verir.
    Bəs, ən çox niyə məhz ərzaq məhsulları bahalaşır?

    Aqrar məhsulların bahalaşmasını bu amillərlə izah etmək olar: birincisi, Azərbaycanda bir sıra aqrar məhsulların istehsal xərci olduqca yüksəkdir, ikincisi, subyektiv amillər – daşınma, süni qiymət artımı mövcuddur, üçüncüsü, bayaq qeyd etdiyimə uyğun olaraq son vaxtlar aqrar sektorun inkişafı üçün görülən işlər nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı da artdığından, bu özü də daxili bazarlarda qiymət artımına bu və ya digər formada təsir edir, hansı ki, bunu hələki tənzimləmək mümkün deyil, dördüncüsü və ən mühümü isə əhalinin minimum gəlirləri artıb.
    Məlumdur ki, sentyabrdan minimum əməkhaqqı, oktyabrdan isə minimum pensiya məbləği artırılacaq. Və bununla əlaqər olaraq ilin sonunadək dövriyyəyə əlavə nağd vəsaitlər daxil olacaq. Bunun özünün də aqrar məhsullarının bahalaşmasına dolayı təsirləri var.

    Həmçinin, digər faktor iqlim şəraitidir. Məlumdur ki, yazın əvvəli hökm edən əlverişsiz hava şəraiti nəticəsində əksər kənd təsərrüfatı məhsulları zədələndi və məhv oldu.

    Lakin əsil problem heç də bunda deyil. ÜDM-in təxminən, yarısı sənayenin payına düşür. Daha sonra ticarət (9,9%), nəqliyyat və anbar təsərrüfatı (6,2%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (2,6%), turistlərin yerləşdirilməsi və ictimai iaşə (2,6%), informasiya və rabitə sahələri (1,7%) və digər sahələr (14,5%) gəlir.

    Demək istədiyim budur ki, aqrar sektorda 6 ayda 13 % deyil, 15-20 % artım da əldə olunsa idi belə, ÜDM-də payı azdır. Bahalaşmadan danışanda bu amili nəzərə almırıq. Nəzərə almırıq ki, bazar tam təmin olunmur və tələbin artım tempi təklifi üstələyir. Ölkədə kənd təsərrüfatı məhsulları sarıdan daxili bazarda mövcud tələbin tam ödənilməsi üçün bu sahədə istehsalın payı 10 %-dən yuxarı təşkil etməlidir. Bizdə isə bu rəqəm 6 % civarında təşkil edir.

    Bəli, Azərbaycanda dövlət aqrar sektorun inkişafı üçün bütün mümkün vasitələrdən istifadə edir və etməyə çalışır. Qeyri-neft sektorunun inkişafı ciddi şəkildə nəzarətə götürüldükdən sonra aqrar sahənin inkişafı üçün atılan addımlar daha geniş miqyas alıb. Lakin aqrar sektor elə sahədir ki, görülən işlərin istənilən nəticə verməsi qısa müddətdə mümkün deyil. Ölkə iqtisadiyyatında bu sahədə torpaq vergisindən başqa vergi tələb olunmur, bu cür güzəştin özü belə hələ də istənilən nəticəni verməyib. Bundan əlavə, əsasən bitkiçilikdə olmaqla kənd təsərrüfatı yeganə sektordur ki, dövlət burada subsidiyalaşdırma həyata keçirir. Lakin bazar yenə də idxaldan asılı vəziyyətdədir. Kreditləşdirmə də çox güzəştli xarakter daşıyır və ildən-ilə təkmilləşdirilir. Ümumiyyətlə, son illər bütün bu işlər intensiv hal alıb və nəticədə də istehsal əhəmiyyətli dərəcədə artır.

    Ancaq bahalaşmanın qarşısını almaq çətindir. Ona görə ki, şərhlərimin birində də qeyd etdiyim kimi bəli, elə şərait var ki, qiymətləri çox da basqı altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan qiymətlərin qalxmasına təsir və zəmin yaradan elementləri çərçivəyə almaq yolverilməzdir. Amma bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir və verilmir də… Bununla belə, bazarın təklif sarıdan normal təmin olunması da əsas şərtdir.

    Ümumiyyətlə, real vəziyyətdən çıxış yolu odur ki, hökumət, xüsusən onun bilavasitə aqrar sahənin inkişafına cavabdehlik daşıyan Kənd Təsərrüfatı Nazirliyi kənd məhsullarının istehsalının genişlənməsi üçün tədbirləri intensivləşdirərkən ixrac potensialı ilə daxili tələbatın uzlaşdırılması məsələsini diqqət mərkəzində saxlasın. Paralel olaraqsa, istehsalçıların xərclərini artıran təsirlər azaldılsın. Bu iki amil yerinə yetirilərsə, ölkə bazarlarındakı mövcud bahalaşmanın davamlılığının qarşısı alınar.//baku.ws

  • Naxçıvana gedən sərnişin avtobusları İranda gömrük yoxlamasından keçirilməyəcək

    Azərbaycan-İran gömrük xidmətləri arasında əldə olunan razılığa əsasən, iyulun 24-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə səfər edən sərnişin avtobusları daha tez mənzil başına çatacaq və sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamaları azaldılacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi və DANX-nin İctimaiyyətlə əlaqələr sektorunun birgə yaydığı məlumatda deyilir.

    Məlumata görə, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçirilir və bu zaman həm də sərnişinlərin əl yüklərin dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, xüsusilə gecə reyslərində səyahət edən sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.

    Son bir il ərzində İran İslam Respublikasının gömrük xidmətinin rəhbərliyi ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İran İslam Respublikasının müvafiq qurumları qarşısında məsələ qaldırılıb. Aparılan danışıqların və həyata keçirilən tədbirlərin nəticəsi olaraq iyun ayının 13-ü 2019-cu ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd keçid məntəqələrində yoxlanma prosedurlarında dəyişikliyə dair razılıq əldə olunub.

    Razılığa əsasən Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün avtobuslar İran İslam Respublikasında artıq gömrük yoxlamasından keçirilmir. Beləliklə, İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.

    İyulun 24-də yeni qaydaların tətbiqi çərçivəsində iki ölkənin gömrük orqanlarının nümayəndələri arasında görüş keçirilib. Bu gün səhər saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Naxçıvan-Bakı marşrutu ilə yola düşən avtobus saat 11:30-da Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postuna çatıb. Postun ərazisinə daxil olan sərnişin avtobusunun sərhədkeçmə prosesi hər ölkənin gömrük xidmətinin nümayəndələri tərəfindən izlənilib. Sərnişinlərə məxsus əl yükləri yoxlanıldıqdan və müvafiq nömrələrlə təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı vurularaq yola salınıb. Daha sonra nümayəndə heyətlərinin üzvləri İran tərəfə keçərək buradakı gömrük postunda həyata keçirilən prosesləri müşahidə ediblər.

    Qeyd edək ki, tərəflər arasında keçirilən görüş zamanı iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, tranzit dəhlizlərinin potensialının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.

  • Dünya Bankı Azərbaycanda 100 milyonluq proqramı maliyyələşdirə bilər

    Azərbaycanda özünüməşğulluq proqramının gücləndirilməsi məqsədilə Dünya Bankı ilə razılıq əldə edilib.

    Bunu oxu.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.

    Onun sözlərinə görə, Azərbaycan hökuməti və nazirlik tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı vacib məsələlərdən biridir:

    “Bizim qurum bir neçə il əvvəl bu tədbirlərə pilot layihə olaraq Beynəlxalq Əmək Təşkilatı ilə başlayıb. O zaman bu proqrama qoşulanların sayı 30 nəfərdən ibarət olub. Amma sonralar Azərbaycan hökuməti bu miqyası genişləndirməyi qərara aldı. Bu məqsədlə işsizlikdən sığorta fonduna yığılan vəsaitlərdən pul ayrıldı.

    Cari il ərzində rekord sayda, təxminən 10 min nəfərin bu proqrama qoşulması nəzərdə tutulub. Müşahidə etdik ki, bu proqram gözəl nəticələr verir, yəni insanların məşğulluğu təmin olunur və bizim beynəlxalq tərəfdaşlarımız da bu prosesə cəlb olunmaq istədiklərini ifadə etdilər. Biz bunu alqışlayırıq və artıq Dünya Bankı ilə danışıqlar aparıb, razılıq əldə edilib”.

    Nazir müavini vurğulayıb ki, ayrılacaq vəsait hesabına bu göstəricinin daha da artırılması nəzərdə tutulur:

    “Konkret məbləğ və say danışıqlar mövzusudur. Yekunda qərar veriləcək”.

    Qeyd edək ki, Dünya Bankı Azərbaycana “Azərbaycanda Məşğulluğa Dəstək” adlı layihəni reallaşdırmağı təklif edir. İlkin dəyəri 100 milyon manat olan layihənin əsas məqsədi həssas qrupa aid insanları özünüməşğulluğa cəlb edib, gəlir əldə etmək imkanlarını yaxşılaşdırmaqdır.

    Bu layihə üzrə razılıq əldə olunsa, Dünya Bankının Direktorlar Şurası kreditin ayrılması məsələsinə gələn ilin birinci rübündə baxa bilər.

  • Kassa çeki verilərkən diqqətli olun – Alıcıları aldadırlar

    Bir çox iri ticarət şəbəkələri, restoran və kafelər alıcılara kassa çeki əvəzinə “barkod” təqdim edirlər.

    Vergilər Nazirliyi bununla bağlı əhalini diqqətli olmağa çağırır.

    “Barkod”un çekdən fərqi

    Ticarət və ictimai iaşə obyeklərində nağd alış-verişlərin rəsmiləşdirilməsinin yeganə vasitəçisi olan kassa çekləri, ilk növbədə, vətəndaşların hüquqlarının təmin olunmasına əsas verir. Alıcılar aldıqları mal və ya xidmətdən narazı qalarlarsa, hüquqlarının bərpası üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu zaman onlara yalnız kassa çekləri yardım edə bilər. Alıcılara çek adı ilə təqdim edilən “barkod”ların isə heç bir hüquqi əsası yoxdur.

    Bəs onları kassa çekindən neçə fərqləndirmək olar?

    Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirməlidirlər. Məcəllənin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

    – vergi ödəyicisinin adı;
    – VÖEN-i;
    – çekin vurulması tarixi və saatı;
    – təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
    – malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
    – gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
    – nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
    – nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
    – malın sürətli məlumat kodu (Quick Response Code).

    Bir çox ticarət şəbəkələrində alıcılara təqdim edilən “barkod”larda isə yalnız müəssisənin adı, alınan malların siyahısı və vurulma tarixi göstərilir. Malları geri qaytarmaq istədikdə və ya digər başqa narazılıqlar olduqda isə həmin kağızlar işə yaramır.

    Digər tərəfdən, kassa çeklərinin üzərində alıcıların ödədiyi ƏDV məbləğləri də göstərilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, vətəndaşlar yaxın gələcəkdə ticarət obyektlərində alış-veriş zamanı nağd qaydada ödədikləri ƏDV-nin 10 faizini, nağdsız, yəni kartlarla ödədikdə isə 15 faizini geri ala biləcəklər. Bu proses başlayarkən kassa çeklərinin tələb edilməsi xüsusilə aktual olacaq.

  • SOCAR-ın Tresti 27 quyuda qazma işlərini yekunlaşdırdı

    SOCAR-ın Kompleks Qazma İşləri Tresti qazma işlərini uğurla davam etdirir.

    Bu barədə SOCAR məlumat yayıb.

    Məlumata əsasən, Azərbaycan qazmaçıları cari ilin altı ayı ərzində 27 quyuda qazma işlərini başa çatdıraraq mədənçilərə təhvil veriblər.

    Quyuların 48 faizi (13 quyu) Neft Daşları yatağının payına düşür.

  • Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşdü

    Azərbaycan Cüdo Federasiyasının Prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Avropa Cüdo İttifaqının Prezidenti Sergey Soleveyçiklə görüşüb.

    Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

    Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən Abdullayev son vaxtlar idmançılarımızın mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turnirlərdə medallar qazandığını diqqətə çatdırıb.

    Hər il yeniyetmələr, gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən federasiya prezidenti bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.

    Səmimi görüşə görə minnətdarlığını bildirən Avropa Cüdo İttifaqının rəhbəri Sergey Soleveyçik Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Soleveyçik hazırda Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

    Bu mötəbər festivalın cüdo yarışlarında Avropa və yerli federasiyaların birgə İşçi qrupunun fəaliyyət göstərdiyini, yarışda qitənin ən güclü yeniyetmə cüdoçularının mübarizə apardığını qeyd edib.

    Sonra Sergey Soleveyçik Avropa Cüdo İttifaqının xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.

  • Azərbaycanda “Tarla günü” keçiriləcək

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu və “Azseeds” MMC-nin birgə təşkilatçılığı ilə avqustun 8-də “Tarla günü” keçiriləcək.

    İnstitutdan Oxu.Az-a bildirilib ki, “Tarla günü”ndə 18 növ bitkinin 167 çeşidinin təqdim olunması planlaşdırılır.

    Genetik Ehtiyatlar İnstitutunun Saray dayaq məntəqəsində keçiriləcək tədbir fermer, sahibkar və alimləri hibrid və sortların səciyyəvi xüsusiyyətləri barədə məlumatlandırmaq məqsədi daşıyır.

    Qeyd edək ki, tədbir Genetik Ehtiyatlar İnstitutu ilə “Azseeds” MMC arasında ölkə əhalisinin ekoloji təmiz tərəvəz məhsulları ilə təmin olunması məqsədilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən keçirilir.

  • Bu gün Türkiyədən Gürcüstana ilk yük qatarı yola düşür

    İyulun 23-də Türkiyə ilə Gürcüstan arasında ilk yük qatarı hərəkətə düşəcək.

    “Anadolu” xəbər verir ki, qatar Ərzurum şəhərindən yola düşəcək.

    Yola salma mərasimində Türkiyə Dövlət Dəmir Yolunun rəhbəri Ali İxsan Uyğun və “Gürcüstan dəmir yolları” SC-nin sədri David Peradze iştirak edəcəklər.

    Qatarlar Bakı-Tbilisi-Qars xətti ilə hərəkət edərək ixrac yüklərini daşıyacaq.

  • Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı

    Azərbaycanda sahibkar qadınların 32,8 faizi Bakıda, 17,1 faizi Aran, 16,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

    Median.Az Trend-ə istinadən bildirir ki, fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,2%), Gəncə-Qazax (25,7%) və Lənkəran (22,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

    Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,4%), Aran (20,4%), Gəncə-Qazax (13,6%) və Lənkəran (9,9%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

    Fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 faizini isə qadınlar təşkil edib.

    Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,2 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 25,4 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.

    Hesabat dövründə hər altı fərdi sahibkardan beşi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

    2019-cu ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 mini keçib.

  • Ölkədə istehlak məhsulları və xidmətlərin QİYMƏTLƏRİ DƏYİŞİB

    2019-cu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2 faiz bahalaşıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sabit qalıb.

    Ay ərzində mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, albalının, gilasın, alçanın, əriyin, şaftalının, kələmin, pomidorun, xiyarın, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, energetik içkilərin qiymətlərində ucuzlaşma, yumru düyünün, buğda ununun, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, kərə və bitki yağlarının, limonun, çiyələyin, şabalıdın, göyərtinin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, dondurmanın, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunub.

    Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.