Category: İqtisadiyyat

  • Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqləndi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası, gəlirlər 17 614 128,0 min manat, xərclər 11 455 597,5 min manat və ya Fondun 2018-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 115,0%, xərclər üzrə 99,8% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib.

    Sıra №-si                                     Göstəricilər min manatla
    Gəlirlər, cəmi 17 614 128,0
      o cümlədən:  
     1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərclərini çıxmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 16 645 569,3
     2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədikləri akrhesabı ödənişlər 4 146,3
     3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 18 103,1
     4. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədikləri bonuslar (mükafatlar) 765 228,1
    5.  Digər gəlirlər və daxilolmalar 20,0
     6. Dövlət Neft Fondunun valyuta aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlər 181 061,2
    Xərclər, cəmi 11 455 597,5
      o cümlədən:  
     1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 199 979,3
     2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfert 10 959 000,0
    3.  Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 89 999,2
    4.  Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 176 128,0
    5.  2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi 7 235,7
     6. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 23 255,3

  • Nazirlik restoran və ticarət mərkəzlərində kassaları yoxlayır

    Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirləri keçirib.

    Nazirlikdən verilən məlumata görə, Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb.

    Qeyd edilir ki, istehlakçılar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Onlar bu yolla alışlarını rəsmiləşdirir və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edirlər.

    Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir.

    Vergi qanunvericiliyi nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, il ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000, il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edir.

    Vergi Məcəlləsinin keçid müddəlarına əsasən, cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanının təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

  • Beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır – İLK DƏFƏ

    Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzunmüddətli sıx əməkdaşlığı nəticəsində onlardan birinin ölkədə ilk dəfə milli valyutada (manatda) istiqrazları emissiya ediləcək.

    Palatanın məlumatına görə, MBNP iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu rəqəmin ilin sonuna qədər 50 milyon manata çatdırılması nəzərdə tutulur.

    Qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdiriləcək.

    “Bu, ölkəmiz üçün əlamətdar hadisədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın göstəricisidir. Bu, beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiya, əməkdaşlıq, Palata tərəfindən qabaqcıl beynəlxalq prinsiplər və standartların yerli qiymətli kağızlar bazarına tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.

    Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar ölkədə sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək”, – məlumatda qeyd olunub.

  • Arıçılara dörd milyon manatdan çox subsidiya veriləcək

    Bu il Azərbaycanda arıçılara 4 265 330 manat subsidiya veriləcək.

    Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bununla bağlı qurumda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə respublika komissiyasının iclasında qərar verilib.

    İclasda 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxılıb.

    Komissiya tərəfindən 1927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşğul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödənilməsi qərara alınıb.

  • Məzənnə açıqlandı

    İyulun 16-na manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, sabah rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, iyulun 15-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • “Soğanın qiyməti bundan aşağı olanda – BİZƏ SƏRFƏLİ OLMUR – FERMERDƏN AÇIQLAMA

    Bu il Bərdənin soğan əkini sahələrində fermerlərdən soğanın kiloqramı 30 qəpikdən alınıb. Fermerlər bildirir ki, qiymətlərin bundan aşağı olması onlar üçün sərfəli deyil.

    Median.Az fed.az-a istinadən bildirir ki, fermer Elmar Qasımovundediyinə görə, bu il 11 hektar sahədən 600 ton soğan yığıb. Onun sözlərinə görə, bu ilki vəziyyət ötən ildəkindən olduqca yaxşıdır.

    “Soğan mal-qaraya qismət oldu”

    Fermerin sözlərinə görə, ötən il təsərrüfat zərərlə başa gəlib.

    “Qoyduğumuz mayanı götürə bilmədik. Hətta başıma belə bir iş gəldi. Əvvəl istədik ki, sahəyə mal qaranı buraxaq ki, sahədə qalan soğanı yesin. Bu zaman bir nəfər məndən xahiş etdi ki, ona icazə verim soğanı yığıb aparıb satsın. Mən də icazə verdim. Amma bir neçə gün sonra gördüm ki, həmin adam sahəyə yaxın gəlmir. Səbəbini sorşanda dedi ki, sərf etmir. Hətta fəhlələrin pulunu çıxara bilmir. Baxın bütün sahəni əkib becərmişəm, bütün xərcləri mən etmişəm amma adam bircə malı yükləyib aparıb satmalıdır bazarda yenə sərf etmir” – deyə Elmar Qasımov bildirib.

    Fermerin sözlərinə görə bu il onlar üçün çox yaxşı olub. Belə ki, Kənd Təəsrrüfatı Nazirliynin yaratdığı şərait nəticəsində məhsulları xarici bazara çıxıb.

    “Ötən il elə olmuşdu ki, sahədə 300-400 soğan qalıb xarab olmuşdu. Çünki məhsul çox idi. Həm də xarici ölkələr bizim soğan istehsalımızdan xəbərləri yox idi. Amma bu il çox yaxşı oldu . Elə təkcə məndən Polşadan, Ukraynadan, Rumıniyadan Bolqarıstandan və Rusiyadan gəlib soğan alıb apardılar. Əgər Kənd Təsərrüfatı xarici bazarlara məhsul çıxarmağa imkan yaratmasaydılar yenə məhsulumuz xarab olacaqdı” – deyə Elmar Qasımov bildirdi.

    “Əvvəl əsasən Gürcüstandan alıb aprırdılar soğanı. O da o zaman baş verir di ki, qiymət onlara sərf etsin. Misal üçün elə olub ki, kilosunu 15 qəpiyə də satmışıq elə də olub ki, 25 qəpiyə . Birazdan soğanın kütləvi yığınına başlanacaq ki, bu zaman soğanın bir kisəsi 5 -6 manat olacaq. Onda Gürcüstandan olan alıcılar axışacaq bizim bazara. Ötən il soyuducuya vurduğumuz soğanı Türkiyədən olan alıcılar alıb apardı.” – deyə feremer bildirdi.

    Elmar Qasımovun sözlərinə görə, azərbaycanlı fermerlər qiyməti qaldrıan kimi Gürcüstandan olan alıcılar soğanı almaqdan imtina edir.
    “Gürcüstan bizdən tutalım ki, 25 qəpiyə kilosunu alırsa Gürcüstan öz gömrüyündə kilosuna görə də 25 qəpik gömrük alırlar. Onlarda soğan baha satılır. Bizdən ala biməyəndə Türkiyədən alırlar. Keçən dəfə Türkiyədən aldılar bizə dedilər ki, Türkiyədən almaq sizdən 20 qəpik daha ucuz başa gəldi. Amma indi Türkiyədə qiymət qalxdılğı üçün gözləyirlər ki, bizdə qiymət stabilləşsin gəlib aparsınlar” – deyə o bildirdi.

    Elmar Qasımov FED.az-a müsahibəsi zamanı bildirdi ki, Azərbaycanda soğanın ən ucuz vaxtı sentyabrda olacaq. Onun sözlərinə görə, qiymətin hətta 15 qəpiyə də ola bilər. Bizdə ən ucuz vaxt sentyabrda olacaq. Ola bilər ki hətta 15 qəpik olsun. Bu qiymət maya dəyəridir.Məhsulu sahədə saxlamaq olmur yağışlar başlayır ona görə məcbur olursan satasan. Avqustun 15-dən sonra başlayırlar soyuduculara vurmağa malları qışa ehtiyyat üçün. Bu yenə qiyməti saxlamağa kömək olur.

    “O qədər soğan gördüm ki 10 Azərbaycana bəs edər”

    Bu il soğan çox əkilib. Mən dünən Ağdam Ağcəbədi zonasında oldum. Orda o qədər o qədər soğan var ki, 10 Azərbaycanı görər.

    “Soğan xərcli təsərrüfatdı”

    Elmar Qasımovun sözlərinə görə, soğan sahəsi böyük xərc tələb edir. Belə ki, o min manat damlamaya, 4200 manat məhsulun becərilməsinə, hər hektradan yığılan məhsula isə 1500 manat pul sərf etdiyini bildirdi.
    “Soğan xərcli təsərrüfatdı. Mən 25 manat iki ayda fəhləyə əməkhaqqı vermişəm. 34 kiloluq kisənin biri 1 manata yığılır. Fəhləyə gündəlik 3 manat yol pulu verilir. Onların briqadirinə gündəlik 20 manat pul verilir.Bunlar hamısı xərcdir. Bunun günün istisində 37-40 dərəcə isti olur əziyyətli işdi. Soğan elə şeydir ki, yerə düşəndən uşaq kimi nazıyla oynamalısan. Bu dəqiqə mən hektara 13 kamaz peyin verirəm. Bu kamazı 50 manata alıram 20 manat da aqreqat sahəyə səpir. Min manata yaxın elə gübrəyə pul gedir. Biri var kübrə verəsən biri var peyin verəsən. Dərmanları hamısı xaricdən gəlir bahadır. Toxumlar da xaricdən gəlir bahadır. Toxumları ona görə xaricdən gəitirik onlar daha dözümlü olur . Türkiyədən NTN , mergi və digər növ soğan toxumları gətiririk” – deyə Elmar Qasımov qeyd edib.

    Mənfəət

    Təsərrüfat sahibinin sözlərinə görə, normalda bir hektardan 5 min manat mənfəət götürmək olur. Bu mənfəət məhsulun xarici bazara satılmasında da eynidir. Sadəcə bu zaman məhsul sahədə qalıb xarab olmur.

    Elmar Qasımovun sözlərinə görə, əsas qazanc əldə edənlər məhsulu onlardan alıb Bakıya satmağa aparanlardır.
    “Biz bir il əziyyət çəkirik əkib becəriirik onlar isə bizdən 30 qəpiyə bəzən də elə olur ki, hətta 15 qəpiyə alıb aparıb üstünə də 15 qəpik də pul qoyub satırlar. Mən 30 qəpiyə soğan satıramsa bunun 10 qəpiyi mənim xeyrim 20 qəpiyi isə xərcimdir.Onlar hazır məhsula şərikdirlər. Sahədə 50 nəfər işlədirəm hər gün onların əməkhaqqını verməliyən digər işlərə nəzərt etməliyəm. Bütün bu işlərə gğrə məhsulu özüm bazara çıxara bilmirəm” deyə Elmar Qasımov söyləyib.

    “Soğanın xaricə çıxarılmasına 2 dollar rüsum qoydular”

    Ən azı 30 qəpikdən verməliyik ki, biz soğanı əkək. Aprel ayında fərman verildi yolları bağladırlar . Soğanın ölkədən xaricə çıxamsı üçün hər kq 2 dollar rüsum qoydular. Bizdə etiraz etdik. Nazirlik sağolsun prezidentə çatdırdı şikayətimizi yolları açdırlar bizim məhsulumuz xarici bazarlara çıxdı. O məsələ çıxan kimi hamı başladı məhsulunu göy-göy yığmağa. Misal üçün yığmalı idi 40 ton yığdı 1 ton. Oan görə də soğanın qiyməti də düşdü 15 qəpiyə. Hamı çalışdı ki tez satsın. Ona gör biz yığışıb şikayət etdik. Məsələ öz həllini tapdı. Bundan sonra hamı yığımı dayandırdı. 300 tonda yerli bazara satdıq. Bu dəqiqə xaricdə də maraqlanırlar ki, Azərbaycan da misal üçün soğanın kilosu 30 qəpikdi gəlib alırlar əgər biz onlar üçün qiyməti artırsaq onlar gəlməzlər.

    “Sovetin vaxtında soğanı 2 dollara satırdıq”

    Soğanı 30-50 qəpiyə satırıq deyirlər ki, bahadır. Amma soğan baha deyil. Mən sovet vaxtında təsərrüfat briqadiri işləmişəm. Kolxozda rəhbər vəzifədə çalışmışam. O dövrlər bir dollar 51 qəpik idi. O vaxt soğanı 1 manata bəzən isə manat yarıma satırdıq . Onda soğan 2 dollara başa gəlirdi. Soğan baha başa gələn şeydi. Soğan əkənlərin çoxu bankdan kredit götürür o da qazancı olmayanda ziyan edir. 3 dənə hell alıb içib atırlar amma o pula soğan alanda nə qədər müddət evdə qalır və faydalı olur deyə – Elmar Qasımov bildirdi

  • Özəl kliniklar İcbari Sığortaya qoşula biləcək?

    Özəl klinikalar İcbari Tibbi Sığortaya qoşula bilmək üçün xüsusi kriteriyalara cavab verməlidirlər. Biz də bu kriteriyaları hazırlamışıq. Qaydalar təsdiqini tapandan sonra ictimaiətə təqdim olunacaq.

    Median.Az fed.az-a istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib.

    “Bildiyimiz kimi pasientlərdən kim hansı xəstəxananı seçsə orda da müalicə alacaq və ödəniş də həmin tibb müəssisəsinə olunacaq. Ola bilər ki, elə özəl klinika ola bilər ki, ora bir ay ərzində müraciət olunmasın . İlkin olaraq belə müəssisələrdə dəstək almalıdır. Hesab edirik ki, özəl kliniklara o zamana qədər dəstək almalıdırlar ki, pasientləri qəbul edə bilirlər xidmtə də gsötərə bilirlər. Ona görə də təbii ki, biz buna dəstək olacayıq.” – deyə Zaur Əliyev bildirib.

    Agentliyin sədrinin sözlərinə görə, xəstəxanalara ayrılacaq vəsaitin icmal büdcənin bir hissəsi olması ehtimal edilir. Büdcə barədə məsələlər parlamentdə öz təsdiqini tapandan sonra icmal büdcə fond şəklində formalaşacaq və xəstəxanalara ödənişlər veriləcək. Daha sonra isə xərclərin aid qaydada auditi aparılacaq.

  • Qoşqu və yarımqoşqular üçün idxal gömrük rüsumu ilə bağlı – DƏYİŞİKLİK

    Çəkisi 1600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələri üçün idxal gömrük rüsumu müəyyənləşib.

    Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Belə ki, indiyə qədər çəkisi 3500 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınıb.

    Dəyişikliyə əsasən, bundan sonra 1600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin də hər bir ədədinə gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq ediləcək.

  • Əməkhaqqının daha yüksək olduğu sahələr açıqlandı

    2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1590,7 min nəfər olub, onlardan 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Bu barədə BAKU.WS-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Muzdla işləyənlərin 21 faizi təhsil, 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat olub.

    İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Rusiyanın Azərbaycandan meyvə-tərəvəz idxalına qadağasına münasibət

    Ötən gün RF Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycandan Rusiyaya idxal edilən 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxalına qadağa qoyduğuna dair məumat yayıb.

    Sözügedən məsələ ilə bağlı Azərbaycan Qida Təhlüəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusunu cavablandırıb.

    Bildirilib ki, Fitosanitar tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verilməlidir:

    “Qaydalara əsasən, tələblərə uyğun gəlməyən məqam aşkar edildikdə, rəsmi məlumat verilməlidir. Bununla bağlı agentliyə heç bir rəsmi məlumat daxil olmayıb.

    Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər”.