Category: İqtisadiyyat

  • Azərbaycan həkimlərinə şad xəbər – Maaşlar artır

    Gələn ildən Azərbaycanda həkimlərin əməkhaqqı artacaq və bu, iki hissədən ibarət olacaq.

    “Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

    “Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əməkhaqqı pilot layihədəkindən fərqli olacaq. Çünki pilot layihə zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdirəcəyik.

    İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu, sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq”, – Z.Əliyev bildirib.

  • Lari büdrədi, bəs manatın taleyi necə olacaq?

    Gürcüstanın milli valyutası larinin ucuzlaşması manata psixoloji təsir etməkdədir. Artıq bir sıra valyutadəyişmə məntəqələrində dolların alış kursu çox cüzi olsa da bahalaşıb.

    Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.

    O bildirib ki, son günlər ən çox müraciət olunan suallardan biri manatın taleyi ilə bağlıdır:

    “Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır. Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləcəyi təhlükəsi lariyə təzyiqi artırır. İki ölkə arasında gərginliyin artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur”.

    Ekspert qeyd edib ki, bir sıra banklarda 1 dollar 1.7007 manata təklif edilir:

    “Doğrudur, neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Artıq neftin 1 bareli 67 dollardan baha satılır. Bununla belə, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması bizim valyuta bazarımıza təsirsiz ötüşmür. Amma yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir. Güman olunur ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa baş bankın mövqeyindən asılı olacaq.

    Bununla yanaşı, bu ilin avqust və dekabr aylarında dollara tələbin yenidən artacağı gözlənilir. Belə ki, avqustun ikinci yarısı və sentyabrın əvvəli idxal olunan məktəb ləvazimatlarına tələb artdığına görə dollar alışı yüksəlir. İlin sonunda da idxal və xarici turist səfərlərinin sayı artır. Dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və bu da dollara tələbi artırır. Ona görə də yenidən ilin sonunda dollara tələbin artacağını proqnozlaşdırırıq. Bu baxımdan Mərkəzi Bank dollar təklifini aylar üzrə optimallaşdırmağa çalışmalıdır”.
    /oxu.az/

  • Rusiya Azərbaycandan tonlarla meyvə-tərəvəz idxalına qadağa qoydu

    Yoluxmuş tərəvəz, meyvə və giləmeyvələrin Rusiya ərazisinə gətirilməsinə icazə verilməyib.

    Bu barədə məlumatı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti yayıb.

    Dövlət sərhədinin Dağıstan hissəsində, Yaraq-Kazmalyar keçid məntəqəsində, 2019-cu il iyul ayının əvvəlindən Dağıstan Respublikasındakı Dövlət Fitosanitar Xidməti İdarəsinin mütəxəssisləri karantin ərazilərdə yoluxmuş məhsullar aşkar ediblər.

    Beləliklə, Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxal olunmasına qadağa qoyulub.

  • Bankların yeni “gəlir mənbəyi” – 500 avroluq əsginaslara komissiya haqqı

    Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib.

    Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.

    V.Bayramov qeyd edib ki, bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər:

    “Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq bir faiz ödəməlidir. Məsələn, 500 əsginaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir”.

    Onun sözlərinə görə, bankların tədavüldə istifadəsi davam edən əsginas üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə gəlir əldə etmək maraqlandırır:

    “Halbuki bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komissiya haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır.

    Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində, belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.

    V.Bayramov Avropa Mərkəzi Bankının 4 may 2016-cı ildə 500 avro nominallı əsginasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qəbul etdiyi qərara da diqqət çəkib:

    “Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən, banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi, onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.

    Avropa Mərkəzi Bankının, hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər”.
    /oxu.az/

  • Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edildi

    Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

    Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

    Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

  • Azərbaycanda yeni zavod fəaliyyətə başladı

    Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb.

    Nazirlikdən verilən məlumata görə, zavod ilk sifariş olaraq 63 ton “Aran” sortundan olan buğda toxumunu emal edib.

    Zavod saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1.1 hektar olan müəssisə inzibati binadan, toxum təmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan silo və anbar üçün ayrılmış sahədən ibarətdir.

    Zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.

    Emal və ya saxlanc üçün gətirilən toxumların çəkisi 60 tonluq tərəzi ilə müəyyənləşdiriləcək.

    Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Şəki toxum emalı zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

    Şəki toxum emalı zavodu şimal bölgəsindəki toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal ediləcək, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçiriləcək.

    Zavodda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkün olacaq. Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə ilk növbədə İP təqdim ediləcək. Bununla da onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edəcəklər.//publika.az

  • Gəncə zavodu ilə “KamAZ” arasında 400 milyonluq anlaşma

    Rusiyanın “KamAZ” şirkəti maşın komplektlərinin tədarükü üzrə Gəncə Avtomobil Zavodu ilə müqavilə bağlayıb.

    TASS xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatında deyilir.

    Bildirilir ki, müqavilənin dəyəri 400 milyon rubldur.

    Qeyd edək ki, “Kamaz” ağır yük avtomobillərinin və dizel mühərriklərinin istehsalı üzrə dünyanın qabaqcıl istehsalçılarından biridir.

  • Azərbaycan Çində Ticarət Evi açacaq

    Azərbaycanın daha bir ticarət evi bu ilin sonuna kimi Çinin Sian şəhərində açılacaq.

    Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Çindən gələn dəmiryol konteynerlərinin qarşılanması mərasimində deyib. (trend)

  • Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

    Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.

    “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 0.61 faiz artım olub, ötən illə müqayisədə isə artım 2.91 faiz təşkil edib.

    Onun sözlərinə görə, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3.23 faiz azalıb, lakin ötən illə müqayisədə 1.64 faiz azalma olub:

    “İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə kimi kifayət qədər qalxıb və artıq ucuzlaşmağa başlayır”.

    N.İbrahimov, həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib. Onun sözlərinə görə, həyət və bağ evlərinin qiymətində ay ərzində 6.11 faiz artım, il ərzində isə 1.83 faiz azalma olub.

    Ekspert qeyd edib ki, artım mövsümi xarakter daşıyır. Belə ki, yay mövsümü yaxınlaşdıqca həyət və bağ evlərinə tələbat artır.

  • Bu marketlərdə yeni kassa aparatları quraşdırılır – SİYAHI

    Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb.

    Vergilər Nazirliyinin məlumatına görə, bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə – “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrində quraşdırılır.

    Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

    Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

    Hazırda Bakıda iri marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının nazirliyin informasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərin yekunlaşdırılması prosesi gedir.