Category: İqtisadiyyat

  • 94 min nəfərin pensiyası 30 faiz artacaq – Nazirlik məlumat yaydı

    Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət sektorunda əməkhaqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən, xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının 30 faizdən çox artmasına səbəb olacaq.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumatına görə, onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və b. daxildir.

    Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Həmin şəxslərin pensiyalarına edilən artımlar əməkhaqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.

    Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın, əməkhaqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib.

    Nəticədə, cari il ərzində reallaşan ikinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib.

  • Bakı-Novorossiysk kəməri ilə neft nəqli bərpa edildi

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib.

    Bunu Report-a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

    Xatırladaq ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb. Bu, kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədar idi.

    Qeyd edək ki, 2018-ci ildə SOCAR Şimal (Bakı-Novorossiysk) neft kəməri ilə 1 298,8 min ton həcmində xam neft ixrac edib. Bu isə 2017-ci ilin göstərici ilə müqayisədə 199,7 min ton azdır.

    Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur.

    Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

  • Bakıda 8 milyard manatdan çox pul hara xərclənib?

    2019-cu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8 milyard 041,7 milyon manat olub.

    Median.Az trend-ə istinadən xəbər verir ki, in məlumatına görə, paytaxtın ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3 milyard 518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4 milyard 523,1 milyon manata bərabər olub.

    İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

  • Bakıda orta aylıq əməkhaqqı 820 manatdır

    2019-cu yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820,0 manat olub.

    Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

    Səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə ən aşağı əməkhaqqı qeydə alınıb.//ölkə.az

  • SOCAR Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır

    Gürcüstanın Tercola (Terjola) şəhəri yaxınlığında SOCAR brendi ilə yeni yanacaqdoldurma kompleksi inşa olunur.

    Bunu Report-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi – “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

    O qeyd edib ki, bu kompleks “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər uzanan əsas magistral avtomobil yolunda SOCAR brendi ilə fəaliyyət göstərəcək beşinci kompleks olacaq:

    “Bilirsiniz ki, Gürcüstanda geniş yanacaqdoldurma şəbəkəmiz var. Bu, Azərbaycandan kənarda ilk şəbəkəmiz olub və indi də bu şəbəkə inkişaf etməkdədir. SOCAR Gürcüstanda şəbəkəsini genişləndirməkdə maraqlıdır. Hazırda Gürcüstanda bütün ölkə üzrə şəbəkə torunu yaratmışıq. Qonşu ölkənin elə bir yeri yoxdur ki, orada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə (YDM) rast gəlməyəsiniz.

    Həmçinin, Tbilisidən başqa Gürcüstanın bütün ərazisində Azərbaycanın qaz distribusiya şəbəkəsi fəaliyyət göstərir. Hazırda YDM şəbəkələri baxımından şirkətin belə böyük inkişaf planı elan etməsinə ehtiyac yoxdur. Biz müəyyən həddə çatmışıq ki, geniş inkişafa ehtiyac yoxdur. Amma Gürcüstanda böyük tikintilər həyata keçirilir.

    Bu isə müəyyən yolların əhəmiyyətini artırır, yaxud azaldır. Ölkənin infrastruktur xəritəsi dəyişməyə başlayır və biz buna reaksiya veririk. Xüsusilə “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər ölkənin əsas magistral avtomobil yolunun xüsusiyyətini, əhəmiyyətini nəzərə alıb, yeni YDM-ləri kompleks şəkildə inşa edirik. Bizim belə bir kompleksimiz Tercola (Terjola) məntəqəsi yaxınlığında inşa olunur. Yol boyu artıq belə dörd böyük məntəqəmiz var, bu da beşinci olacaq”, – M.Məmmədov əlavə edib.

  • Azərbaycan şirkəti UHY şəbəkəsinə qoşuldu

    Beynəlxalq audit və konsaltinq şirkəti UHY yeni tamhüquqlu üzvünü – Azərbaycan şirkəti MA Audit LLC və onun törəmə müəssisəsi MA Consulting LLC-ni təqdim edib. Şirkətlər hazırda UHY brendinin qəbul edilməsi prosesindədir və tezliklə UHY AUDIT LLC və UHY LLC kimi tanınacaqlar.

    “Biz “UHY Audit” MMC və onun törəmə şirkətini salamlayırıq. UHY MA Audit MMC-nin sıralarımıza daxil olması Avrasiya regionunda fəaliyyətimizi genişləndirəcək, regional bazar təcrübəsini zənginləşdirəcək və eyni zamanda həm bu, həm də digər regionlarda beynəlxalq müştərilərə xidmət etmək bacarığımızı artıracaq” – deyə UHY-nin direktoru Rik Devid bildirib.

    UHY Audit MMC-nin İdarə Heyətinin üzvü Teymur Nağıyev isə əməkdaşlığı belə şərh edib: “UHY şəbəkəsi ilə əməkdaşlıq firmamız üçün həm Azərbaycandakı, həm də bölgədəki rəqibləri ilə müqayisədə üstünlük olacaq. UHY-nin təcrübə və bilikləri təkcə yerli və beynəlxalq səviyyədə imkanlarımızı genişləndirməyəcək, eyni zamanda müştərilərimizin sayını və onların əməliyyat imkanlarını da artıracaq. Ümid edirik ki, UHY şəbəkəsi daxilindəki digər şirkətlərlə uğurlu əməkdaşlıq sayəsində biznesimizi yeni səviyyəyə çatdıracağıq”.

    UHY LLP UHY Advisors, Inc və onun törəmə müəssisələri ilə birlikdə alternativ praktik strukturda sertifikatlaşdırma xidmətlərini təmin edən lisenziyalı müstəqil planlaşdırma, dəyərləndirmə və qiymətləndirmə (CPA) firmasıdır.

    UHY Advisors, Inc. vergi və biznes konsaltinq xidmətlərini təklif edir. UHY Advisors, Inc. və onun törəmə müəssisələri CPA lisenziyalı firmalar deyil.

    UHY LLP və UHY Advisors, Inc. Britaniyanın Urbach Hacker Young International Limited şirkətinin amerikalı səhmdarları və hüquqi cəhətdən müstəqil mühasibat və konsaltinq şirkəti UHY-nin beynəlxalq şəbəkəsinin bir hissəsidir.

    “UHY” UHY beynəlxalq şəbəkəsinin ticarət nişanıdır. Bu sənəddə təsvir edilən hər hansı xidmət UHY və ona daxil olan hansısa şirkət tərəfindən deyil, UHY LLP və ya UHY Advisors tərəfindən təqdim edilir. UHY və ya UHY üzvü olan şirkətlər digər üzvlər tərəfindən verilən xidmətlər üçün heç bir məsuliyyət daşımır.

    Qeyd edək ki, 1986-cı ildə yaradılan və Böyük Britaniyanın paytaxtı Londonda yerləşən UHY əsas müstəqil auditorlar şəbəkəsi kimi fəaliyyət göstərir və 100 ölkənin 320-dən çox biznes mərkəzlərində şöbəsi olan müstəqil audit, mühasibat, vergi və konsaltinq firmasıdır.

    8200-dən çox işçisi ilə dünyada miqyas baxımından 16-cı beynəlxalq mühasibat və konsaltinq şəbəkəsidir.

    UHY-nin hər bir üzvü hüquqi cəhətdən müstəqil və sərbəst şirkətdir. UHY haqqında daha ətraflı məlumat üçün www.uhy.com ünvanına baxın.

    UHY beynəlxalq mühasibat firmalarının birləşməsi olan Firmalar Forumunun (Fövqəladə Forum) üzvüdür.

    Firmalar Forumu haqqında daha ətraflı məlumat üçün www.forumofirms.org səhifəsinə keçin.

  • Neft hasilatı yenə azaldılacaq – Müddət artırıldı

    OPEC neft hasilatının azaldılmasına dair razılaşmanın müddətini daha 9 ay uzadıb.

    “RİA Novosti” xəbər verir ki, bu barədə qərar Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında verilib.

    İclasdan sonra jurnalistlərlə görüşən BƏƏ-nin Energetika naziri Suheyl əl-Mazrui xəbəri təsdiqləyib.

    O, media nümayəndələrinin sualını qısa cavablandırıb: “Bəli, razılaşma uzadıldı”.

    Qeyd edək ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşmışdı.

  • Manatın məzənnəsi dəyişmədi

    Manatın sabaha olan məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 02.07.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il iyulun 1-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • Elman Rüstəmov inflyasiya və devalvasiyadan danışdı

    Son günlərdə Gürcüstanda ABŞ dolları və avronun milli valyuta olan lariyə münasibətdə bahalaşma tendensiyası davam edir.

    Bəzi iqtisadçı ekspertlər Azərbaycanda xarici valyutanın (dollar, avro) bahalaşacağını istisna etmirlər.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur:

    “Gürcüstanda hansısa prosses gedirsə, bunun heç birinin ölkəmizə iqtisadi təsiri yoxdur. Bu olmadığı halda da dollar niyə bahalaşmalıdır ki? Hesab edirəm ki, ölkəmizdə dolların bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur”.

    E.Rüstəmov ölkədə əmək haqları və pensiyaların artımından sonra inflyasiyanın olmayacağını da dilə gətirib:

    “Bu məsələnin də nə inflyasiyaya, nədəki xarici valyutaya heç bir təsirini görmürəm və bu olmayacaqda”.

  • Əmanətlər üzrə faiz dərəcələri aşağı endirildi

    Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib.

    Bu barədə ADIF məlumat yayıb.

    Bildirilir ki, 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

    İyulun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ADIF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

    Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.