Category: İqtisadiyyat

  • Azərbaycanda YENİ İXTİRA – Toyuqlar çox yumurtlayacaq

    Azərbaycanlı mikrobioloq alimin tədqiqatlarının nəticəsi kənd təsərrüfatında istifadə olunacaq.

    Lent.az Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, akademiyanın müxbir üzvüPənah Muradovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində əldə edilən nəticələrdən biri bioloji aktiv maddələrlə zəngin “MBB-77” yem əlavəsi ilə bağlı olub və onun istehsalata tətbiqi mümkün hesab edilib.

    “MBB-77” yem əlavəsinin heyvandarlıq və quşçuluq sahəsində tətbiq edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Nazirlikdən Baytarlıq Elmi-Tədqiqat İnstitutuna (BETİ) göstəriş verilib və qeyd edilən məhsulun heyvandarlıq və quşçuluq təsərrüfatlarında yoxlanılmasını məqsəduyğun hesab edib.
    Buna müvafiq olaraq Mikrobiologiya İnstitutu yem əlavəsindən 3 kiloqram hazırlayaraq AMEA YTP-nin nümayəndələrinin iştirakı ilə BETİ-yə təqdim edib. Təqdim edilən məhsul iribaşlı mal-qara və toyuqlar üzərində sınaqdan keçirilib. 30 gün müdətinə davam etdirilən işlər artıq başa çatıb və yem əlavəsinin iribuynuzlu mal-qarada südün miqdarının yüksəlməsinə, toyuqlarda isə yumurtlamaya müsbət təsir etməsi müəyyən olunub. Belə ki, 2,52 kq yemin istifadəsi əlavə olaraq 270 litr süd və 120 ədəd yumurta əldə edilməsinə imkan verib. Yem əlavəsinin tətbiqi nəticəsində əldə edilən məhsullar əsas göstəricilərinə görə də analiz edilib və onların da tələblərə cavab verməsi müəyyən olunub.

    Hazırlanan yem əlavəsi kənd təsərrüfatı məhsullarının istehsalında faydalı olmaqla yanaşı, praktikaya yönəlik elmi tədqiqatlara diqqətin artırılmasının zəruriliyini bir daha qeyd etməyə imkan verir.

  • Deputatlara şad xəbər: Pensiyaları artırılacaq

    Millət vəkili Fəzail Ağamalı büdcədəki artımların deputatların pensiyalarına da şamil olunması təklifi ilə çıxış edib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, F. Ağamalı bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bir neçə keçmiş deputat artımların onların pensiyalarına da şamil olunması barədə müraciət edib, deputat bu məsələyə baxılmasını istəyib.

    MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə büdcədəki artımların deputatların pensiyalarına da şamil olunacağını nəzərə çatdırıb: Deputatların və dövlət qulluqçularının əmək haqqında olan fərq təqaüddə olan deputatların və dövlət qulluqçularının pensiyasında da əksini tapacaq. Fəzail Ağamalının qaldırdığı məsələ nəzərə alınıb. Büdcədə dəyişiklik nəticəsində bu məsələ də artıq həllini tapacaq”

  • Bu şəxslərə verilən pul təminatı artırılır – Parlament təsdiq etdi

    Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən aylıq pul təminatı artırılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Təklif edilən dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

    Hazırda isə bu məbləğ fərqlidir. Belə ki, hazırkı qanuna əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

    Təklif edilən dəyişikliyə əsasən bütün hakimlərə verilən aylıq pul təminatı bərabərləşdirilir, yəni apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə verilən pul təminatı 5 faiz, birinci instansiya məhkəmələrinin hakimlərinə verilən pul təminatı isə 10 faiz artırılır.

    Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib.

  • Ekspertdən aylıq sosial ödənişin məbləği ilə bağlı – TƏKLİF

    Minimum aylıq əməkhaqqının məbləğinin 250 manata çatdırılması ilə bağlı Prezident sərəncamından sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədəuyğundur.

    Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

    Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq, sığorta haqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:

    “Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslərin minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu halda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.

    Qeyd edək ki, iyunun 18-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir. Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

  • Azərbaycanda dəmir yolu ilə sərnişindaşımaların həcmi 21% artıb

    Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5,8 mln. ton yük və 1,3 mln. sərnişin daşınıb.

    BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,7%, sərnişin daşınmasında isə 21% artım müşahidə olunub.

    Orta hesabla sutkada 277 vaqon yüklənib, 392 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,8 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

  • SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib.

    Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

    Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. “Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq “Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.

    İnvestisiya Şurasına Prezident Administrasiyası rəhbərinin müavinləri Aleksey Qonçaruk və Vadim Pristayko, prezidentin köməkçisi Andrey Yermak və müşaviri Oleq Ustenko daxil olublar.

    Razılıq əsasında Şuraya Ukrayna və xarici təşkilatların, işgüzar dairələrin nümayəndələri, sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafı məsələləri üzrə ekspertlər, iqtisadiyyat və maliyyə sahəsində mütəxəssislər daxildirlər.

    Məsələn, Şuraya “Sumitomo Согр” şirkətlər qrupunun Baş direktoru Kuniharu Nakamura və “Marubeni Corporation” Direktorlar Şurasının sədri Fumiya Kokubu (hər ikisi Yaponiya), “Posco Daewoo Corporation”ın Baş direktoru Kim Yanq-Sanq (Koreya), “DP World” şirkətlər qrupunun Baş direktoru Sultan Əhməd bin Sulayem (BƏƏ), “Turkcell İletişim Hizmetleri A.Ş.”-nin İdarə Heyətinin sədri Əhməd Akça (Türkiyə) və SOCAR-ın prezidenti Rövnəq Abdullayev daxil olublar.

  • Təmassız ödənişlər təhlükəsizdirmi? – Ekspert açıqlaması

    2007-ci ildə Böyük Britaniyada, daha sonra dünyanın bir çox yerində və bir neçə ildir ki, Azərbaycanda təmassız ödəniş üsulu həyata keçirilir.

    Plastik kartlar vasitəsilə nağdsız əməliyyatlar zamanı kartı POS-terminala daxil etmədən yalnız yaxınlaşdırmaq və heç bir PİN kod tələb etmədən sürətli ödəniş etməyə imkan yaradan bu texnologiya Azərbaycanda 2014-cü ildən bəri istifadə edilir.

    Artıq, demək olar, bütün banklar təmassız ödəmə funksiyasını kartlarına əlavə ediblər. Bu funksiya istehlakçıların işini rahatlaşdırır və vaxta qənaət edir. Bəs insanlar bu texnologiyadan razıdırlarmı və təhlükəsizlik necə təmin olunur?

    Bank rəsmisi Əli Daşdəmirovun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu əməliyyatlar üzrə bəzi təhlükəsizlik tədbirləri görülür. Buna misal olaraq kartdan birdəfəlik PİN-siz əməliyyatlar üzrə maksimal limitlərin təyin edilməsidir.

    O bildirir ki, ölkəmizdə bu texnologiya ilk dəfə yarandıqda PİN kodsuz ödəmə limiti 20 manata qədər idisə, hazırda bu limit artaraq 50 manat olub. Ödənişlər 50 manatdan yuxarı olduqda isə mütləq kod tələb olunur.

    İqtisadçı ekspert Elşad Məmmədov isə deyir ki, istehlakçıların işinin yüngülləşdirilməsi istiqamətində bu texnologiya effektivdir. Lakin Azərbaycanda təhlükəsizlik texnologiyaları ilə bağlı olan imkanlar limitin artırılmasına əsas vermir.

    Onun sözlərinə görə, bu texnologiya ölkəmizdə pilot layihədir və inkişaf etdirilməsi üçün üzərində bir sıra işlər aparılmalıdır.

    Ekspert bildirir ki, yaxın aylarda ya limitlərin artırılması, ya da ümumiyyətlə, aradan qaldırılması nəzərdə tutulur.

  • Bitkoinin qiyməti 10 min dollara yaxınlaşır – REKORD

    İyunun 21-də ən populyar kriptovalyuta hesab edilən bitkoinin qiyməti illik rekordunu yeniləyərək gün ərzində 9800 dollara yüksəlib.

    Ümumilikdə, son aylar ərzində bitkoin, demək olar, iki dəfə bahalaşıb. Belə ki, 2019-cu ilin fevral ayında onun dəyəri 3500 dollar təşkil edib.

    Son dəfə bitkoin illik rekordunu iyunun 17-də yeniləyib. O zaman 2018-ci ilin may ayından bu yana ilk dəfə olaraq kriptovalyutanın qiyməti 9322 dollaradək yüksəlmişdi.

    “Bloomberg” yazır ki, bitkoinin kursunun sürətli artımı diqqəti bir məqamdan yayındırır – onu, demək olar, heç kim ödəniş vasitəsi kimi istifadə etmir. 2019-cu ilin aprel ayında maliyyə tranzaksiyaları ilə satınalmaların yalnız 1,3 faizi bitkoin vasitəsilə həyata keçirilib.

  • Uşaq pulu ilə bağlı müzakirə gedir, yaxşı xəbər olacaq

    “Azərbaycanda uşaq pulu ilə bağlı məsələlər müzakirə olunur”.

    Median.Az xəbər verir ki, bunu millət vəkili Səyavuş Novruzov REAL TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Avropa və Asiya ölkələrinin bu sahədəki təcrübələri öyrənilir: “Müzakirələr yekunlaşdıqdan sonra bu məsələlər öz həllini tapacaq”.
    Qeyd edək ki, artıq xeyli müddətdir ki, uşaq pulu ilə bağlı məsələ müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də, 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. Təkliflərdə də uşaqların yaş qruplarına görə təsnifləşdirilməsi və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi qeyd olunub.

  • Qaz və elektrik enerjisinin qiyməti endiriləcəkmi?

    Bu gün baş nazirin müavini Əli Əhmədov deyib ki, əmək haqlarının artırılması hakimiyyətin ölkə əhalisi üçün son sürprizi deyil və əhalini çiçəklənmə gözləyir.

    O, söhbətin nədən getdiyini konkretləşdirməyib.

    Lakin şayiələrə görə, payızda hakimiyyət əhali üçün qaz və elektrik enerjisinin qiymətini endirə bilər, deyə Turan agentliyi bildirir. Ancaq bu, bir çox halda neftin qiymətindən asılı olacaq.

    Enerji daşıyıcılarının qiymətinin son artımı insanların cibinə böyük zərbə vurub və əvvəlki qiymətlərə qayıdış hakimiyyətin növbəti humanist addımı kimi qələmə veriləcək.