Category: İqtisadiyyat

  • Pensiyalarla bağlı YENİ XƏBƏR

    Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

    Qanun layihəsi Milli Məclisin iyunun 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Minimum əməkhaqqının artımı 950 min insanı əhatə edəcək

    Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min insanı əhatə edəcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilib ki, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.

    Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

    Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

    Qeyd edək ki, dövlət başçısının cari il fevralın 8-də imzaladığı Sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi.
    Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.

  • Azərbaycan Ukraynadan 5 mln. dollarlıq dondurulmuş mal əti idxal edib

    Azərbaycan cari ilin ilk beş ayı ərzində Ukraynadan 1,91 min ton və ya 5,8 milyon dollar məbləğində dondurulmuş mal əti idxal edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidməti məlumat yayıb.

    Bildirilir ki, Ukrayna hesabat dövründə xaricə ümumilikdə 7,48 min ton və ya 22,7 mln. dollar məbləğində dondurulmuş iribuynuzlu heyvan əti ixrac edib.

    Əsas tədarük istiqamətləri:

    Qazaxıstan – 2,67 min ton və ya 8,1 mln. dollar;

    Azərbaycan – 1,91 min ton və ya 5,8 mln. dollar;

    Belarus – 1,24 min ton və ya 3,8 mln. dollar;

    Digərləri – 1,65 min ton və ya 5 mln. dollar.

  • Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

    “Şahdəniz” qazı Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə Avropa sərhədinə çatdırılıb.

    SOCAR-ın məlumatına əsasən, Azərbaycanın “Şahdəniz” yatağından qaz 2019-cu il iyunun 15-də, tarixi bir gündə – Milli Qurtuluş Günündə Yunanıstan sərhədinə çatdırılıb.

    “Şahdəniz” qazı 2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olmuşdu.

    Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizin tərkib hissəsidir. Boru kəmərinin ilkin buraxılış gücü 16 milyard kubmetr təkil edir.

  • Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

    Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin şirkətlərinin 75 faizi ölkəyə yenidən investisiya qoya biləcəklərini bəyan edirlər.

    Bu barədə Aİ tərəfindən hazırlanan 2019-cu il üzrə biznes mühiti hesabatında deyilir.

    Aparılan sorğunun məqsədi Aİ şirkətlərinin fikirlərinə əsaslanaraq Azərbaycandakı cari makroiqtisadi vəziyyət, eləcə də biznes və investisiya mühiti haqqında məlumat verməkdir.

    Şirkətlər diqqəti Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün önəmli olan beş amil üzərində cəmləşdiriblər.

    Belə ki, Aİ şirkətlərinin qənaətincə, biznes mühitinin təşkili üçün siyasi və sosial sabitlik, ixtisas və bacarıqlar, məhsuldarlıq, əməyin dəyəri və immiqrasiya istiqamətlərində yaradılan qənaətbəxş şərait xarici şirkətləri Azərbaycana yenidən investisiya yatırmağa təşviq edir.

  • OPEC: Dünyada neftə olan tələbat azalacaq

    OPEC 2019-cu ildə neftə olan qlobal tələbatın günə 99,86 milyon barelə qədər azalacağını proqnozlaşdırır.

    Bundan əvvəl təşkilat neft tələbatının günə 100 milyon bareli ötəcəyini gözləyirdi.

    OPEC-in proqnozlarını aşağı salması ilk növbədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdə cari ilin birinci rübündə neftə olan tələbatın aşağı düşməsidir.

    Aprelə olan məlumata görə, İƏİT ölkələrində neft ehtiyatları 2,874 milyarda çatıb. Bu, keçən ilin aprel ayındakı göstəricilərlə müqayisədə, 54,4 milyon barel çoxdur.

  • Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırılıb

    Prezident İlham Əliyev “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Dəyişikliyə əsasən Qida Təhlükəsizliyi Agentliyi (bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi) Səhiyyə Nazirliyi ilə ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən edəcək; ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin edəcək.

    Dövlət başçısının digər fərmanına əsasən isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala baytarlıq sertifikatı, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı və xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı veriləcək.

  • Narazılığa səbəb olan rüsumlar azaldıldı – DƏYİŞİKLİK

    Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun dərəcələri azaldılıb.

    Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda Milli Məclisin (MM) iyunun 13-də keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirə edilib.

    Qanun layihəsinə təklif olunan 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 12000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 12000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12000 manat dövlət rüsumu tutulacaq.

    Sənəd birinci oxunuşda qəbul edilən zaman akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumunun tutulması qeyd edilmişdi.

    MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, ilk müzakirələrdən sonra verilən təkliflərə, səslənən iradlara baxılıb və onların bir qismi nəzərə alınıb:

    “Artıq cəmiyyət də, millət vəkilləri də rahat olsunlar. Burada problem yaradacaq məsələ qalmayıb. Rüsumlar normaldır”.

    Qeyd edək ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun yüksək olduğunu bildirmişdilər.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

    //oxu.az

  • Bu banklar və kredit təşkilatları cərimələnəcək

    İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

    Məcəllənin 471-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (Maliyyə Bazarlarına Nəzarət Palatası) ödənilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

    Məcəlləyə dəyişiklik parlamentin növbədənkənar sessiyasının ilk plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

    //oxu.az

  • Bu məhsullar və xidmətlər bahalaşdı – SİYAHI

    2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb.

    Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

    Ay ərzində aşağıdakı məhsulların qiymətində ucuzlaşma müşahidə olunub:

    Uzun düyü

    Qarabaşaq yarması

    Mal, qoyun və toyuq əti

    Suda bişmiş kolbasa, sosiska

    Təzə balıq

    Pasterizə olunmamış üzlü süd, yoğurt, brınza pendiri, kərə yağı.

    Bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, quru noxudun, mərcinin, çayın, arağın, pivənin və tütün məmulatlarının da qiymətlərində ucuzlaşma müşahidə olunub.

    Yumru düyünün, manna yarmasının, makaron məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, xamanın, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan, qarğıdalı və zeytun yağlarının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, dondurmanın, qəhvənin, kakaonun, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunub.

    Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2019-cu ilin may ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.