Category: İqtisadiyyat

  • Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytardı

    Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan bu vilayətə gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.

    Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Bu məlumat müxtəlif laborator ekspertizalarla təsdiqini tapıb.

    Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.

  • Maliyyə Nazirliyinin vəzifəli şəxsi işdən ayrıldı

    Azərbaycan Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov təqaüdə çıxması ilə əlaqədar tutduğu vəzifədən ayrılıb.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Məlumata görə, boş qalmış posta hələlik yeni təyinat yoxdur.

    N.Süleymanov 28 aprel 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Əmək fəaliyyətinə 1973-cü ildə başlayıb.

    1999-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatında Kadrlar idarəsinin rəisi vəzifəsində işləyib. 2006-cı ilin fevral ayında Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

  • Deputat: Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?

    Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib.

    O, İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində çıxışı zamanı bankların krediti yüksək faizlə verdiyinə diqqət çəkib.

    Deputat “Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?” deyə məsələ qaldırıb və bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir:

    “İkincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir. Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır”.

    Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə hər bir özəl bankın öz strategiyası olduğunu qeyd edib:

    “Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır.

    O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir”.

    V.Əhmədov onunla razı olmadığını deyib:

    “Dərinə getsək, başqa şeylər çıxacaq. Mən sənin dediyinlə razı deyiləm. Sual verirəm, niyə bank əmanəti 12 faizlə götürür, mənə 25 faizlə verir? O dediyin kreditlər yoxdur. Biz Azərbaycanda yaşayırıq da, Amerikadan gəlməmişik ki”.

    Məlumat üçün bildirək ki, Vahid Əhmədov hər zaman bankların düzgün kredit siyasəti yeritmədiyini bildirir, bunun tənzimlənməli olduğuna dair fikirlər səsləndirir.

  • Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri artıb

    2019-cu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çox olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatında deyilir.

    Bu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. Bu, şirkətin əldə etdiyi ümumi gəlirin 89 faizini təşkil edib.

    “Azərkosmos” tərəfindən 17 ölkəyə, o cümlədən ABŞ, Malayziya, Fransa, Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.

  • Azərbaycan Rusiya bazarlarından Çin məhsullarını sıxışdıracaq

    Rusiya Azərbaycan ərzaq məhsulları idxalını artırmaq niyyətindədir. Bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində keçirilən “Rusiya-Azərbaycan” biznes dialoqunda bildirib.

    Nazir hazırda Azərbaycandan ərzaq məhsulları tədarükünün artım tempinin yaxşı səviyyədə olduğunu bildirib. M.Oreşkinin sözlərinə görə, mövcud vəziyyətə əsasən, Rusiya bazarında Türkiyə və Çin məhsulları üstünlük təşkil edir.

    Nazir əlavə edib ki, Rusiya tərəfi Azərbaycandan məhsullarının Rusiya bazarlarına hansı həcmdə tədarükünün mümkün olduğunu göstərmək istəyir.

    Azərbaycanlı həmkarı Şahid Mustafayev ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 19 faiz artdığını, 2019-cu ilin ilk rübü ərzində isə 23 faiz çoxaldığını diqqətə çatdırıb.

    Nazir ticarət dövriyəsinin daha da artırılması üçün potensialın olduğunu və tərəflərin hər iki hökumətin yaratdığı şəraitdən yararlanmalı olduğunu vurğulayıb.

    “Biz uzunmüddətli əməkdaşlığa ümid edirik. Əldə etdiyimiz razılaşmaya görə, Rusiya tərəfi uzun müddətli tələbatları (ərzaq məhsullarına olan – red.) ilə bağlı bizi məlumatlandıracaq”, – deyə nazir bildirib.

    Ş.Mustafayev Azərbayca tərəfinin məhsulların hazırlanması, logistikası və emalını təmin etməyə və onların vaxtında Rusiya bazarına çıxarılması üçün (Rusiya tərəfi ilə birgə) əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

    Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,55 milyard dollar, 2019-cu ilin ilk rübündə isə 839,08 milyon dollar təşkil edib.
    //oxu.az

  • Azərbaycan və Rusiya investorlarlarının problemləri müzakirə olunacaq

    İyunun səkkizində Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Azərbaycan biznes dialoqu keçiriləcək.

    Bu haqda TASS məlumat verir.

    Tədbirin proqramına görə, Rusiya və Azərbaycan hökumətləri ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini qarşıya məqsəd qoyub.

    Hazırda aqrosənaye komplekslərində əməkdaşlığın işə salınması ilə bağlı birgə tədbirlər planı, turizm sahəsində əməkdaşlıq proqramı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin gerçəkləşdirilməsi üzrə tədbirlər planı həyata keçirilir, milli valyutalarda qarşılıqlı əməliyyatların həcminin artırılması istiqamətində hazırlıq işləri görülür.

    Tədbirdə ölkələrinə ərazisində irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün daha effektiv mexanizmlərin yaradılması yolları və azərbaycanlı və rusiyalı investorların üzləşdiyi problemlərin müzakirə olunacağı planlaşdırılır.

    Qeyd edək ki, Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun altısından səkkizinə kimi keçirilir.

    Forum 2006-cı ildən bəri Rusiya prezidentinin hamiliyi təşkil olunur.

  • Azərbaycanda bu şəxslər 1824 AZN maaş alacaq

    Azərbaycanda yeni fəaliyyətə başlayacaq kommersiya məhkəmələrinin sədrlərinin maaşları məlum olub.

    Median.Az “Report” istinadla xəbər verir ki, bununla bağlı məsələ “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə öz əksini tapıb.

    Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində – 1824 manat maddi təminat alacaq.

    Qeyd edək ki, qanuna təklif edilən yeni dəyişikliklər iyunun 13-də parlamentin növbədənkənar təşkil olunan ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Azərbaycan karbamidinin kütləvi ixracı başlayıb – FOTO

    Bu il mayın 25-də SOCAR-ın Sumqayıtda yerləşən Karbamid zavodundan kütləvi olaraq Azərbaycan karbamidinin ilk tədarükü başlayıb.

    Report-un xəbərinə görə, karbamid “SOCAR Carbamide” zavodunda maşınlara yüklənir və gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına göndərilir.

    İyunun 5-də ilk Azərbaycan karbamidini daşıyan “Phobus” (00:50) və “Coral” gəmiləri limandan yola çıxıb.

    SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Caspian EPC Company” şirkəti ilə birgə nəql ideyasının müəllifləridirlər, həmçinin, əvvəldən axıradək logistika zənciri prosesini tənzimləyir və nəzarət edir.

    İlk karbamidin alıcısı “Integral Petroleum” şirkətidir. Treydinq və logistika şirkəti olan “Integral Petroleum” 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Hazırda o, Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələri bazarlarında fəal iş görür.

    Həmçinin, nəql layihəsində Hövsan beynəlxalq limanının operatoru olan “Global Transport Partners Company” şirkəti, SOCAR və “Integral Petroleum” arasında sürveyer şirkəti olan “SGS” şirkəti, karbamidin fasiləsiz nəqli və yüklənməsi üçün yük maşınları verən “166 Yükdaşıma və Logistika” şirkəti iştirak edib.

    “Integral Petroleum” şirkəti öz məktubunda bütün layihə iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib.

    Sumqayıt kimya sənaye parkında inşa edilən SOCAR-ın Karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir.

    İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.







  • İnam Kərimov kombayna mindi – VİDEO

    Azərbaycanda taxıl biçininə start verilib.

    REAL TV xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov biçin prosesi ilə tanış olmaq üçün Neftçala rayonuna səfər edib.

    Nazir kombayna da minib.

    Kənd təsərrüfatı naziri kanala müsahibəsində builki biçin mövsümündəki yeniliklərdən danışıb.

    Qeyd edək ki, Neftçala rayonunda 40 min hektar taxıl sahəsi mövcuddur.

  • SOCAR Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşula bilər

    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşulmaq imkanlarını nəzərdən keçirir.

    Bu, müəssisənin aktivlərinin mövcud qaydalar çərçivəsində audit edilməsindən və əməliyyat fəaliyyətinin qiymətləndirilməsindən sonra baş tutacaq.

    Xatırladaq ki, zavoda nəzarət edən Rusiyanın “Sberbank”ı bəyan edib ki, SOCAR yerli törəməsi – “SOCAR-Enerqoresurs” şirkəti vasitəsilə zavodun səhmlərinin 80%-ni əldə edib. Bununla da “Sberbank”la birlikdə bir neçə investor həm zavoda, həm də onun xammal bazasını təşkil edən Orenburq vilayətindəki yataqlara nəzarəti ələ keçirib. Hazırda zavodun yeni sahiblərinin qarşısında əsas məsələ onun fasiləsiz fəaliyyətini təmin etmək, Rusiya və xarici bazarlara neft məhsulları tədarük etmək, federal və yerli büdcəyə vergi ödəməkdir.

    SOCAR təsisat ekspertizasını və əməliyyat idarəçiliyini həyata keçirməklə bu layihəni dəstəkləyir.

    Məşhur “Forbes” nəşrinin 2016-cı ildə açıqladığı reytinqə görə, Antipinsk Neft Emalı Zavodu əldə etdiyi mənfəətin məbləğinə görə, Rusiyada özəl müəssisələr arasında 43-cü yer tutub. Zavod ildə 9 milyon tondan artıq emal gücünə malik olub, onun istehsal etdiyi dizel yanacağı “Euro-5” standartına uyğundur. 2016-cı ildə burada yeni emal qurğusunun işə salınması ilə mazut emalının səviyyəsi 98%-ə çatdırılıb.