Category: İqtisadiyyat

  • Azərbaycanda manatla geniş pul kütləsi 9 %-ə yaxın artıb

    Bu il dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 662,1 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 % çox, ilin əvvəli ilə müqayisədə 4,7 % çox, 2024-cü ilin eyni dövrünə nisbətən 8,9 % çoxdur.

    O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 37 milyard 596,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,5 %, ilin əvvəli ilə müqayisədə 2,6 %, ötən ilin eyni dövrünə nisbətən 8,5 % çoxdur.

    Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 483 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 0,6 % az, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.

    Dekabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 233,7 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 8,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.

  • Azərbaycan nefti cüzi bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.1 ABŞ dolları və ya 0.15% artaraq 65.67 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.57 ABŞ dollarına bərabər olub.

  • Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

    Bir il əvvəl lisenziyası geri alınan “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.

    Median.Az Teleqraf-a istinadla xəbər verir ki, kreditorlardan iki ay ərzində tələblərin bildirmələri istənilib.

    Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Nizamnamə kapitalı 8 milyon 925 min 440 manatdır. Qanuni təmsilçisi Oqtay Pirmurad oğlu Şeydabəyovdur.

    Lisenziyası geri alınmazdan bir əvvəlki (2023) maliyyə ilini sığorta şirkəti 555 min manat mənfəətlə başa vurub. Cəmi gəlirləri 7,6 milyon manat olub. Həmin ildə 4,9 milyon manat sığorta haqqı toplayıb. Mərkəzi Bank lisenziyanın geri alınmasına səbəb şirkətin maliyyə dayanıqlılığı aşağı olmasını göstərib.

    Qeyd edək ki, “Bakı Sığorta” ASC-nin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir. “Bank Respublika” və “Toyota Abşeron Center”in Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu bildirilir.

  • Azərbaycana gətirilən reaktiv mühərrik yanacaqları üçün vergi və rüsum güzəştinin müddəti 1 il uzadılıb

    Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, ölkəyə idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növləri bu ilin sonuna qədər (daha 1 il) 15 %-lik gömrük rüsumundan azad edilib.

    Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

    Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti bu ilin sonuna qədər (daha 1 il) uzadılıb.

  • Azərbaycanda Ai-92 markalı benzin beş qəpik, dizel 10 qəpik BAHALAŞIR

    Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1.10 manatdan 1.15 manata, dizelin qiyməti 1 manatdan 1.10 manata artırılır.

    Bununla bağlı Tarif (qiymət) Şurası qərar verib.

    Bildirilib ki, son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olub.

    Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.

    Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.

    Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.

    Yanacaq tariflərinin müəyyən hissəsi “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna yönəldilməklə, əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaqdır.

    Tarif dəyişikliyindən sonra da Ai-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.

    Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

    Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.

  • Bu cərimələr 10 dəfəyə qədər artırlır

    Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə bəzi cərimələr artırılacaq.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər 300 manat (hazırkı cərimə 50 manatdır) məbləğində, hüquqi şəxslər 1000 manat (hazırkı cərimə 100 manatdır) məbləğində cərimə ediləcək.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.//qaynar.az

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.05 ABŞ dolları və ya 1.58% enərək 65.57 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Dünya Bankı ilk dəfə Azərbaycanı “B-Ready” hesabatı üzrə qiymətləndirib

    Dünya Bankı yeni “Business Ready-2025” (“B-Ready”, “Biznesə daxilolma”) hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı qiymətləndirib.

    Report Dünya Bankına istinadən xəbər verir ki, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib.

    Normativ-hüquqi baza göstəricisi üzrə Azərbaycan 71,92 bal toplayaraq 32-ci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkə ən yüksək nəticələri maliyyə xidmətləri (94,1 bal) və kommunal infrastruktur (83,6 bal) sahələrində göstərib.

    Müəssisələrin yaradılması (74,2 bal), mübahisələrin həlli (74,7 bal) və biznesin iflası (70,8 bal) sahələrində nisbətən sabit göstəricilər qeydə alınıb.

    Beynəlxalq ticarət (64,5 bal), vergitutma (66,7 bal), əmək resursları (68,1 bal) və bazar rəqabəti (52 bal) üzrə isə daha mülayim nəticələr müşahidə olunub.

    Dövlət xidmətləri göstəricisi üzrə Azərbaycan 62,7 bal toplayaraq 40-cı yeri tutub. Ən yaxşı nəticələr müəssisələrin yaradılması (87,2 bal) və maliyyə xidmətləri (89,8 bal) sahələrində qeydə alınıb.

    Bununla yanaşı, beynəlxalq ticarət (49,2 bal), bazar rəqabəti (38,5 bal) və biznesin iflası (37,5 bal) istiqamətlərində nisbətən aşağı göstəricilər qeydə alınıb.

    Əməliyyat səmərəliliyi göstəricisi üzrə Azərbaycan 63,3 bal toplayaraq 42-ci yerdə qərarlaşıb. Bu blokda xüsusilə müəssisələrin yaradılması prosedurları (96,7 bal), biznesin yerləşməsi (85,9 bal) və kommunal xidmətlər (87,9 bal) yüksək qiymətləndirilib.

    Eyni zamanda, beynəlxalq ticarət (48,5 bal), bazar rəqabəti (45,3 bal) və əmək resursları (57,3 bal) üzrə göstəricilər zəif olaraq qalıb. Biznesin iflası isə bu istiqamətdə sıfır balla qiymətləndirilib.

    Ümumilikdə, Azərbaycan bütün tematik istiqamətlər üzrə ən yüksək nəticələri müəssisələrin yaradılması (86 bal), maliyyə xidmətləri (87,2 bal) və kommunal xidmətlər (83 bal) sahələrində göstərib.

    Vergitutma (67,8 bal), mübahisələrin həlli (65,3 bal), əmək ehtiyatları (64 bal) və beynəlxalq ticarət (54,1 bal) üzrə nisbətən mötədil göstəricilər qeydə alınıb.

    Bazar rəqabəti (45,3 bal) və biznesin iflası (36,1 bal) isə hesabatda ən problemli istiqamətlər kimi qiymətləndirilib.

    Cənubi Qafqazın digər ölkələri üzrə nəticələr isə fərqlənir. Ermənistanın üç əsas göstərici üzrə balları 61,2-73, Gürcüstanın göstəriciləri isə 70,3-78 bal aralığında dəyişir.

    Əvvəlki “Doing Business” hesabatlarından fərqli olaraq, “B-Ready” hesabatında ölkələrin ümumi reytinq mövqelərinə xüsusi önəm verilmir. Dünya Bankı 2026-cı ildə “B-Ready” çərçivəsində qiymətləndirilən ölkələrin sayını 180-ə çatdırmağı planlaşdırır.

    Dünya Bankı Qrupunun yeni təşəbbüsü olan “B-Ready” layihəsi biznes və investisiya mühiti üzrə məlumatların toplanmasını və təhlilini əhatə edir və illik hesabat formatında təqdim olunur. Layihə Dünya Bankının özəl investisiyaların təşviqi, yeni iş yerlərinin yaradılması və məhsuldarlığın artırılmasına yönəlmiş yenilənmiş strategiyasının tərkib hissəsidir.

    “Doing Business” hesabatını əvəz edən “B-Ready”, biznes mühitinin qiymətləndirilməsində daha balanslaşdırılmış və şəffaf yanaşma təklif edir. Hesabatın metodologiyası Dünya Bankının ekspertlərinin, hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyəti institutlarının tövsiyələri əsasında formalaşdırılıb. Bu yanaşma “de jure” və “de facto” göstəricilər arasında tarazlığın qorunmasını, eləcə də məlumatların müqayisə oluna bilməsini və reprezentativliyini nəzərdə tutur.

    Xatırladaq ki, 2021-ci ilin sentyabrında Dünya Bankı əvvəlki illərdə məlumatların toplanması və təqdimatında pozuntuların aşkar edilməsindən sonra “Doing Business” hesabatlarının hazırlanmasından imtina etdiyini açıqlayıb. Azərbaycan bu kontekstdə adı çəkilən dörd ölkədən biri olub.

    Araşdırmalar nəticəsində Çin və Səudiyyə Ərəbistanının göstəricilərinin şişirdildiyi, Azərbaycanın isə 2018 və 2020-ci illər üzrə “Doing Business” hesabatlarında reytinqlərinin müəlliflərin qərəzli yanaşması səbəbindən süni şəkildə aşağı salındığı müəyyən edilib.

  • Azərbaycan manatının nominal və real effektiv məzənnələri noyabrda artıb

    Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,4 bənd təşkil edib.

    Median.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

    Bu, aylıq müqayisədə 0,5 bənd çox, ilin əvvəlinə nisbətən 5,8 bənd, ötən ilin dekabrın 1-i ilə müqayisədə 4,1 bənd azdır.

    Dekabrın 1-nə manatın real effektiv məzənnəsi 116,3 bənd təşkil edib. Bu isə noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,9 bənd çox, ilin əvvəlinə nisbətən 8,8 bənd, ötən il dekabrın 1-i ilə müqayisədə isə 6,3 bənd azdır.

  • Siqaret və arağa tələbat düşüb, makaron və şəkərə isə maraq artıb

    Ötən illə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 13,2 faiz, içki istehsalında isə 1,6 faiz azalma qeydə alınıb.

    Bu məlumatlar Dövlət Statistika Komitəsinin (DSK) rəsmi göstəricilərində yer alıb.

    Bildirilib ki, hesabat dövründə qida məhsullarının istehsalında 9,8 faiz artım müşahidə olunub.

    Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,5 dəfə, şəkər, qənd istehsalı 24,4 faiz artmış, meyvə-tərəvəz konservləri 1,8 faiz, araq istehsalı isə 5,1 faiz azalıb.