Category: İqtisadiyyat

  • Qızılın qiyməti tarixi maksimumu yenilədi

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 550 dolları ötərək, tarixi maksimumu yeniləyib.

    Bunu ticarət platformasının məlumatları göstərir.

    Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 5:23-də 1.88% artaraq, bir trua unsiyası üçün 4 553.4 dollar təşkil edib.

    Bakı vaxtı ilə saat 6:15-də isə qızılın qiyməti 1.58% azalaraq, 4 540 dollar səviyyəsində qərarlaşıb.

    Eyni zamanda, 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti trua unsiyası üçün 72.325 dollara (+5.48%) yüksəlib.

  • Gümüş bahalaşdı

    Gümüşün qiymətləri yeni bir rekord səviyyəyə yüksələrək unsiyası üçün 71 dollara çatıb.

    12 dekabrda birjada gümüşün qiyməti troya unsiyası üçün 65 dolları keçərək bütün zamanların ən yüksək səviyyəsinə çatmışdı. Mart ayı gümüş fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,67% artaraq unsiyası üçün 65,028 dollara çatıb. Bu, tarixdə gümüşün qiymətinin 65 dolları keçdiyi ilk haldır.

  • Dollar simvolunun maraqlı mənşəyi və qlobal təsiri

    Dollar işarəsi ($) dünyanın ən tanınmış valyuta simvollarından biridir. Bəs bu universal simvol haradan yaranıb və necə olub ki, qlobal maliyyə gücünün vizual ifadəsinə çevrilib?

    Tarixi mənbələrə görə, dollar simvolu İspan pesosunun qısaldılmış yazılışından yaranıb. “PS” kimi istifadə olunan bu ifadə zamanla “Ps” formasını alıb, daha sonra isə yalnız “S” hərfi qalıb və “P” hərfi onun içindən keçən şaquli xəttə çevrilib.

    Valyuta.az xəbər verir ki, dollar simvolu böyük ehtimalla İspan pesosunun qısaltmasından yaranıb. Digər mənşə nəzəriyyələri mövcud olsa da, onların əksəriyyəti kifayət qədər sübutla dəstəklənmir. ABŞ-ın iqtisadi gücünün artması ilə dollar simvolu sadəcə pul nişanı deyil, güc, kapitalizm, sərvət və etimadın simvoluna çevrilib.

    İspan pesosu və “dollar” adının mənşəyi

    Corctaun Universitetinin siyasi elmlər üzrə dosenti Stefan Eich bildirir ki, “dollar” sözü XVI əsrdə Müqəddəs Roma İmperiyasında dövriyyədə olan iri gümüş sikkə – “Thaler” adından yaranıb. Sonradan bu anlayış İspan İmperiyasında “dollar” formasını alıb.
    XVIII əsrdə İspaniya Şimali Amerikanın böyük hissəsinə nəzarət etdiyindən, əsas dövriyyə valyutası İspan pesosu idi. Onun rəsmi adı peso de ocho reales – yəni “səkkizlik gümüş sikkə” idi.
    Tacirlər və səyyahlar bu valyutanı tez-tez “PS” kimi qısaldaraq yazırdılar. Zamanla bu yazılış “Ps” formasına, daha sonra isə müasir dollar simvoluna ($) çevrildi. 1875-ci ildə ilk ABŞ dollar əskinası buraxıldıqda, “$” işarəsi artıq geniş yayıldı.

    Alternativ mənşə nəzəriyyələri:

    İspan pesosu nəzəriyyəsi ən çox qəbul edilən izah olsa da, dollar simvolunun mənşəyi ilə bağlı başqa fikirlər də mövcuddur.
    Ayn Rand özünün “Atlas Shrugged” əsərində dollar işarəsinin “United States” sözlərinin baş hərflərindən yarandığını iddia edirdi. Guya “U” hərfi zamanla yoxa çıxıb və yalnız “S” üzərindən keçən şaquli xətlər qalıb. Lakin bu fikir zəif sübutlara əsaslanır, çünki dollar simvolu ABŞ yaranmazdan əvvəl mövcud idi.

    Digər məşhur nəzəriyyə Herkules sütunları ilə bağlıdır. Yunan mifologiyasına görə, Herkules İspaniya ilə Mərakeş arasındakı dağları yararaq iki sütun yaradıb. Bu sütunlar üzərindən dolanan “S” formalı lent bəzi İspan sikkələrində təsvir olunub.
    Bundan əlavə, Portuqaliyada və onun müstəmləkələrində istifadə olunan “cifrão” simvolu dollar işarəsinə bənzəyirdi. Bu simvol əsasən onluq ayırıcı funksiyası daşısa da, gələcək valyuta simvollarına təsir göstərmiş ola bilər.

    Dollar işarəsi sadəcə pul vahidi deyil. O, iqtisadi gücün, sabitliyin və kapitalizmin qlobal simvoluna çevrilib. ABŞ XIX əsrdən etibarən iqtisadi supergüc kimi formalaşıb, XX əsrdə isə beynəlxalq maliyyə sistemində dominant mövqeyini möhkəmləndirib.
    1944-cü ildə Bretton Woods razılaşması ABŞ dollarını dünyanın əsas ehtiyat valyutası elan etdi. Bu qərar dolların beynəlxalq rolunu daha da gücləndirdi.
    Dollar həm sərvət və maliyyə ambisiyasını, həm də Amerika həyat tərzini və “Amerika arzusu”nu təmsil edir. Bəziləri üçün bu azadlıq və imkanlar simvoludursa, digərləri üçün kapitalizmin sərt və maddiyyatçı tərəfini ifadə edir.

    Valyuta brendinqi və simvolun gücü

    Valyuta dizaynı yalnız estetik məqsədlərə xidmət etmir. O, maliyyə gücünü və legitimliyi nümayiş etdirən mühüm vasitədir. Pul, əslində, dövriyyədə olan bir simvoldur və onun etibarlılığı arxasında duran siyasi və iqtisadi gücdən asılıdır.
    Bu məqam xüsusilə kriptovalyutalarda aydın şəkildə görünür. Məsələn, Bitcoin simvolunun (₿) dollar işarəsinə bənzəməsi təsadüfi deyil. Bu oxşarlıq dolların güc, sabitlik və etimad assosiasiyasından faydalanmaq məqsədi daşıyır.

  • Bu dəyişiklik qiymətlərin ucuzlaşmasına səbəb olacaq? – AÇIQLAMA

    “Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limiti POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlar nəzərə alınmaqla iki dəfə artırılaraq 200 min manatdan 400 min manata çatdırılır”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, sahibkar nağdsız ödənişlərin payını artırmaqla faktiki olaraq əlavə 200 min manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək:

    “Kimsə düşünə bilər ki, bu güzəşt avtomatik olaraq qiymətlərin enməsinə gətirib çıxaracaq. Amma bu belə olmayacaq. Çünki qiyməti formalaşdıran təkcə vergi deyil. Qiymət 4-5 əsas amilin təsiri ilə formalaşır və vergi onların yalnız biridir. Bu güzəştin faydası varmı? Əlbəttə var. Bu dəyişiklik birbaşa ucuzlaşma yaratmasa da, qiymətlərin nisbətən sabit saxlanılmasına, qarşıdakı aylarda isə zəruri artım sürətinin azalmasına dəstək ola bilər. Başqa sözlə, bu güzəşt həmin sektorlar üzrə qiymət artımlarının gecikdirilməsi üçün kompensasiya mexanizmi rolunu oynaya bilər.

    Eyni zamanda yenilik nağdsız ödənişləri daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağardılmasına” xidmət göstərəcək. Ümid edək ki, bununla da nağdsız ödəniş etmək istəyən müştəriyə “POS-terminalı təmirə göndərmişik” tipli şablon bəhanə cavablarının sayı azalacaq. Və ən əsası, uzun illərdir ki, daşlaşmış “200 min manatlıq limit” nəhayət ki, qırıldı. Limitin iki dəfə artırılması 2026-cı ilin yaxşı xəbərləri sırasındadır və bu addım şəffaf və vicdanla işləyən KOB-lar üçün həqiqətən çox önəmlidir”.

  • Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycan vasitəsilə Ermənistana göndərilir

    1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Privoljski Dəmir Yolları mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, 8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.

    Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun – iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır. Privoljski Dəmir Yollarından o da bildirilib ki, yeni logistika xidməti Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin bərpası ilə mümkün olub.

  • 20 min manatdan artıq valyuta almaq niyə qadağandır?

    Gələn ildən Azərbaycanda bankların bir şəxs üçün 20 min manat dəyərində qoyduğu limit yenilənməyə bilər. Bu barədə bank əməkdaşları bildirib.

    Məlumat üçün bildirək ki, Azərbaycanda banklar hər bir vətəndaşa (fiziki şəxslər) şəxsiyyət vəsiqəsi ilə 20.000 AZN (təxminən 11,750 dollar) ekvivalentində xarici valyuta satışı həyata keçirir. Bu limit bitibsə, həmin şəxs bir il müddətinə valyuta ala bilməz.

    Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bu proseduran əleyhinə çıxış edib:

    “Bu məsələ bir neçə ildir var. Qanunla heç bir limit yoxdur. Hər kəs istəlinən qədər valyuta ala bilər. Deyilir ki, limiti banklar qoyub. Banklar niyə limit qoysun? Bankın arzusu odur ki, müştəri gəlib ondan daha çox bank xidməti alsın. Guya bir sistem var, banklar ora daxil olanda görür ki, müştəri hansı bankdan nə qədər valyuta alıb”.

    Əkrəm Həsənov bunu bank sirrinin pozulması kimi qiymətləndirib:

    “Əgər doğrudanda bu sistem varsa, niyə banklar onu yaradıblar?”.

    Əkrəm Həsənov bu gün manata təhlükə olmadığını bildirib:

    “Amma yaxın dövrlərdə bunun ola biləcəyindən ehtiyat edilir. Çünki neft gəlirlərimiz azalır. Valyuta ehtiyatlarımız azalacaq. Manata təzyiq olacaq”.

  • Dövlət Xidmətində yeni yaradılan idarələrə rəislər təyin olundu

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni yaradılan idarələrə rəislər təyin olunub.

    İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

    Məlumata görə, Daxili audit baş idarəsinin rəisi vəzifəsinə Zeynalabdin Məmmədzadə, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəisi vəzifəsinə isə Fərid İsayev təyin edilib.

    Qeyd edək ki, ötən ay DVX-nin strukturunda üç yeni idarə – Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi və Data analitika idarəsi yaradılıb. Bundan əlavə, İnformasiya təhlükəsizliyi şöbəsi də idarəyə çevrilib.

  • ƏDV ilə bağlı dəyişiklik: Qiymətlər azala bilər? – Video

    Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində nağdsız dövriyyə üzrə əlavə dəyər vergisinin qeydiyyat limitinin 200 min manatdan 400 min manatadək artırılması nəzərdə tutulur.

    Belə ki, vergi ödəyicisinin pərakəndə ticarət və xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0.5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

    Qeyd edək ki, əlavə dəyər vergisi satılan məhsul və xidmətin üzərinə əlavə olunmaqla istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan ƏDV ilə bağlı limitin artırılması bir çox sahibkarlıq subyektini bu verginin əhatə dairəsindən çıxmasına, məhsul və xidmətlərin satışına əlavə dəyər vergisini tətbiq etməməyə gətirib çıxaracaq.

    Maraqlıdır, bəs qeyd edilən məqam qiymətlərin enməsinə səbəb ola bilər? Deputat Vüqar Bayramov bildirib ki, vergi yükünün azalması sahibkarların xərclərinə birbaşa təsir göstərəcək:

    “Vergi dərəcəsinin azalması sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq. Xərclərin azalması isə məhsul və xidmətlərin daha ucuz qiymətə təklif olunması üçün zəmin yarada bilər. Lakin qiymətlərin enib-enməməsi sahibkarların qərarlarından asılı olacaq”.

    İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, məhsul və xidmətlərə əlavə dəyər vergisinin tətbiq olunmaması qiymətlərin enməsinə səbəb olmayacaq:

    “Bu tip vergi güzəştləri qiymətlərin kəskin aşağı düşməsinə ciddi təsir göstərməyəcək. Amma qiymətlərin sabit saxlanılmasına və gələcək aylarda zəruri artım meyllərinin azalmasına dəstək ola bilər”.

    Ekspertin fikrincə, yenilik daha çox nağdsız ödənişlərin artmasına gətirib çıxaracaq. Bu da dövriyyələrin şəffaflaşmasına, iqtisadiyyatın ağardılmasına xidmət edəcək.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.46 ABŞ dollar və ya 2.27 % artaraq 65.71 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64.25 ABŞ dolları təşkil edib.

  • Qızılın qiyməti tarixi maksimumu yeniləyib

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir troya unsiyası üçün 4 500 dolları ötərək, tarixi maksimumu yeniləyib.

    Bunu ticarət platformasının məlumatları göstərir.

    Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 04:13-də 2.57% artaraq, bir troya unsiyasına görə 4 500.2 dollar təşkil edib.

    Bakı vaxtı ilə saat 04:31-də isə qızılın qiyməti daha 2.66 faiz artaraq, 4504.1 dollara çatıb.