Category: İqtisadiyyat

  • Ermənistanda Bakı benzini sürətlə satılır

    Ermənistanda Bakı benzini kifayət qədər sürətlə satılır.

    Bu barədə erməni ekspert Vardan Voskanyan yazıb.

    “Benzinlə işləyən maşın sürənlər üçün 90 dram fərqi əhəmiyyətli bir məbləğdir”, – deyə o qeyd edib.

  • Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər – QİYMƏTLƏR

    “Obyektlərin icarə qiymətlərinin formalaşmasında əsas rol oynayan faktorlar yerləşdiyi rayonların sosial-iqtisadi inkişaf səviyyəsi və infrastruktur imkanlarıdır. Bununla yanaşı, əhalinin sıxlığı və ərazinin biznes baxımından əhatə dairəsi də qiymətlərə ciddi təsir göstərir”.

    Bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

    Onun sözlərinə görə, obyektin mərkəzə və ya mərkəzə yaxın ərazidə yerləşməsi icarə haqqının yüksək olmasına səbəb olan əsas amillərdəndir:

    “Bu amili yerləşmə faktoru kimi qiymətləndirmək olar. Bununla belə, elə obyektlər mövcuddur ki, onların gəlirliliyi yerləşdiyi ərazidən asılı olmayaraq formalaşır. Belə obyektlərdə piyada axını, müştəri daxilolma sayı, göstərilən xidmətin əraziyə uyğunluğu və nəqliyyat əlçatanlığı həlledici rol oynayır.

    Hazırda icarə qiymətlərinin ən yüksək olduğu rayonlar sırasında Nəsimi, Səbail, Nərimanov, Yasamal və Xətai rayonları yer alır. Xüsusilə Nəsimi və Səbail rayonları mərkəzi ərazi hesab olunduğuna görə bu zonalarda icarə haqları daha yüksəkdir”.

    AQC sədri əlavə edib ki, qiymət bölgüsü təkcə bazar tələbi ilə deyil, həm də rayonların sosial-iqtisadi inkişaf və infrastruktur səviyyəsinə uyğun şəkildə formalaşır:

    “Orta qiymətlərin təklif edildiyi obyektlər əsasən Nizami və Binəqədi rayonlarında yerləşir. Bu ərazilər inkişaf səviyyəsinə görə aralıq zonalar kimi dəyərləndirilir.

    Ən aşağı icarə qiymətləri isə Pirallahı, Qaradağ və Suraxanı rayonlarında müşahidə olunur. Vüqar Oruc qeyd edib ki, bu ərazilərdə iri sahəli obyektlər, əsasən anbar tipli təyinatla, bir kvadratmetr üçün 3,5–4 manat aralığında təklif edilir. Sahəsi nisbətən kiçik olan obyektlərdə isə icarə qiymətləri 8–10 manat arasında dəyişir.

    Sahədən asılı olaraq qiymət fərqlərinin mövcud olduğunu vurğulayan ekspert əlavə edib ki, Səbail rayonunda bir kvadratmetr üzrə icarə haqqı orta hesabla 150 manat təşkil edir, bəzi hallarda isə bu göstərici 200 manata qədər yüksəlir. Kiçik sahəli, yüksək keçidə malik obyektlərdə isə kvadratmetr qiymətinin 400 manata qədər qalxması mümkündür”.

  • Bayramqabağı qızılın qiymətləri bahalaşacaq?

    Bayram ərəfəsində qızıl bazarında vəziyyət əsasən qlobal qiymət dəyişiklikləri və mövsümi tələbat amilləri ilə müəyyən olunur.

    Bunu Trend-ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

    O bildirib ki, son dövrlərdə beynəlxalq bazarlarda qiymətli metalların, xüsusilə qızılın qiymətində ciddi artım müşahidə edilir ki, bu da yerli bazara birbaşa təsir göstərir.

    “Hazırda dünya bazarında qızılın bir unsiyasının qiyməti 4400 ABŞ dolları ətrafında formalaşıb və bu amil daxili bazarda qızıl məmulatlarının satış qiymətlərinin artmasına səbəb olub. Ümumilikdə bazarda hərəkətlilik var, satıcılar bayram mövsümünə uyğun olaraq çeşidi artırır və tələbatı qarşılamağa çalışırlar”,-deyə o bildirib.

    R.Əmircanov vurğulayıb ki, hazırda qızıl məmulatlarının qiymətlərində artım açıq şəkildə müşahidə olunur. Bu artım əsasən beynəlxalq bazarlarda qızılın dəyərinin yüksəlməsi ilə bağlıdır.

    “Yerli bazarda qiymətlər dünya bazarındakı tendensiyalara uyğun formalaşır və mövcud şəraitdə qiymətlərin qısa müddətdə aşağı düşəcəyi gözlənilmir. Qiymətli metal bazarındakı bu artım yalnız qızılla məhdudlaşmır – hazırda gümüşün bir unsiyasının qiyməti təxminən 70 ABŞ dolları civarındadır ki, bu da əvvəlki dövrlərlə müqayisədə yüksək göstəricidir. Hazırda alıcıların ümumi sayı sabitdir, lakin istehlakçı davranışında müəyyən dəyişikliklər müşahidə olunur”.

    İqtisadçı bildirib ki, qızılın qiymətinin yüksək olması alıcıların bir hissəsinin daha çox büdcələrinə uyğun, çəkisi az olan məmulatlara üstünlük verməsinə səbəb olur.

    “Eyni zamanda, qiymət artımı fonunda bəzi alıcılar alternativ olaraq gümüş məmulatlarına yönəlirlər. Təcrübə göstərir ki, Yeni il və digər bayramlar ərəfəsində qızıl və digər qiymətli metallara tələbat adətən artır. Bu il də bayrama yaxın günlərdə bazarda canlanma və satışların artması gözlənilir”,-deyə o əlavə edib.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.48 ABŞ dolları və ya 0.73% artaraq 66.62 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.14 ABŞ dolları olub.

  • Azərbaycanda gələn il üzrə pul siyasətinin əməliyyat hədəfləri və alətləri məlum olub

    2026-cı ildə də Azərbaycanda qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcək.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

    Qeyd olunub ki, qurumda Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcək. AMB və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi) arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fəaliyyətinə dəstək verəcək.

    2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək. Pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcək. Banklararası pul bazarındakı faizlərin AMB-nin faiz dəhlizi daxilində hərəkəti üçün qurum arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə yararlanacaq. Təminatsız bazarda əqdlər üzrə orta çəkili faiz göstəricisi olan AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, onun AMB-nin uçot dərəcəsinə yaxın səviyyədə hərəkətinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə daimi imkan alətləri və açıq bazar əməliyyatları fəal şəkildə tətbiq ediləcək.

    Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcək. Daimi imkan aləti kimi gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcək. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaq.

    Açıq bazar əməliyyatları olaraq sterilizasiya məqsədli müxtəlif müddətli not, habelə 7 günlük əməliyyatlar üzrə hərraclar keçiriləcək. Bu alətlər üzrə faiz dərəcələri AMB-nin İdarə Heyətinin müəyyən etdiyi qaydada formalaşacaq. Əvvəlki illərdə olduğu kimi növbəti ildə də alətlərin tətbiq olunma qaydaları maliyyə bazarı iştirakçılarına öncədən açıqlanacaq. Açıq bazar əməliyyatlarının istiqaməti (sterilizasiya və ya emissiya) bank sisteminin likvidlik mövqeyindən asılı olaraq müəyyənləşdiriləcək. Açıq bazar əməliyyatlarının kəmiyyət parametrlərinə və müddətlərinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən (izafi likvidlik və likvidlik çatışmazlığı) asılı olaraq operativ şəkildə veriləcək. Bu qərarlar əməliyyatlar keçirilməzdən öncə müvafiq bazar iştirakçılarına kommunikasiya ediləcək.

    Növbəti ildə də bank sisteminin likvidlik mövqeyinin müntəzəm monitorinqi və proqnozlaşdırılması davam etdiriləcək. Likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə fiskal orqanlarla informasiya mübadiləsinin daha da gücləndirilməsi nəzərdə tutulur.

    Pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarının inkişafı istiqamətində tədbirlər 2026-cı ildə də həyata keçiriləcək. Bu zaman beynəlxalq maliyyə təşkilatları və bank ictimaiyyəti ilə məsləhətləşmələr davam etdiriləcək. Qeyd olunan istiqamətdə islahatlar ölkədə maliyyə alətlərinin diversifikasiyasını, bazar likvidliyinin artmasını və ölkə iqtisadiyyatının dayanıqlı maliyyələşməsini daha da gücləndirəcək.

  • 2026-cı ildə Mərkəzi Bankın pul siyasəti qərarlarının açıqlanma tarixləri məlum oldu

    Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında məlumat yayılıb.

    2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla (4 fevral, 2 aprel, 6 may, 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr və 23 dekabr) təqdim ediləcək.

    Qeyd olunan tarixlərdən 2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək.

    Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.

  • 2025-ci ilin ən möhkəm valyutası açıqlandı

    Rusiya rublu son 12 ay ərzində 1994-cü ildən bəri ən güclü möhkəmlənmə nümayiş etdirərək, 2025-ci ildə əsas valyutaların dollara qarşı məzənnələrini geridə qoyub.

    Median.Az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, Rusiya rublu 2025-ci ildəki artımı sayəsində platin, gümüş, palladium və qızıldan sonra dünyanın ən gəlirli ilk beş aktivi sırasına daxil olub.

    İlin əvvəlindən bəri rubl 45% möhkəmlənib və hazırda dollar qarşısında təxminən 78 rubl səviyyəsində ticarət olunur.

    Bildirilir ki, rublun bahalaşmasına Rusiyada xarici valyutaya olan tələbatın azalması təsir göstərib. Rusiya Mərkəzi Bankının mövcud pul-kredit siyasəti sayəsində rusiyalılar üçün rubl aktivləri daha cəlbedici hala gəlib ki, bu da valyutanın yüksəlməsinə səbəb olub.

  • Azərbaycanda yenilənmiş 50 manatlıq tədavülə buraxılır

    Bu gündən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.

    Bu barədə AMB məlumat yayıb.

    Bildirilib ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib.

    Nişanın üzərində həmçinin “2025” istehsal ili əks olunub.

    Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Əsginas hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

  • Azərbaycanın Tunisə ixrac etdiyi neftin həcmi məlum oldu

    Cari ilin yanvar- noyabr aylarında Azərbaycandan Tunisə 198,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 370,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

    Median.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Bu göstərici ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 79,9 milyon ABŞ dolları və ya 28,7, həcm baxımından isə 73,4 min ton və ya 16,5 faiz azdır.

    Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan Tunisə 278,6 milyon dollar dəyərində 443,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

    Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

    Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.

  • Rusiyadan Azərbaycan üzərindən Ermənistana göndəriləcək yeni yüklərlə bağlı AÇIQLAMA

    “Rusiya Azərbaycan ərazisindən tranzit yolu ilə Ermənistana çatdırılan yüklərin çeşidini genişləndirməyi düşünür”.

    Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Rossiya 24” telekanalının efirində məlumat verib.

    Məlumata görə, taxıldan əlavə, gübrə tədarükü, eləcə də Ermənistandan Rusiyaya geri yükdaşımaların təşkili müzakirə olunur.

    “Mühüm bir hadisə baş verdi və biz bunu həqiqətən əhəmiyyətli hesab edirik – Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana keçdi. Yəni 30 ildən çox müddətdə İrəvana ilk dəfə, eləcə də Ermənistan və Azərbaycanın müstəqillik dövründən bəri ilk dəfə olaraq taxıl daşıyan ilk qatar keçdi”, – deyə o bildirib.

    Baş nazirin müavini qeyd edib ki, hazırda bu nəqliyyat dəhlizinin mineral gübrələr də daxil olmaqla, digər növ yüklərin daşınması üçün istifadə edilməsi imkanı araşdırılır.

    Bundan əlavə, Overçuk xatırladıb ki, bu yaxınlarda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar göndərilib. Paralel olaraq, Moskva və İrəvan əks istiqamətdə – Ermənistandan Rusiyaya Azərbaycan üzərindən tranzitlə daşınmaların təşkili perspektivini müzakirə edirlər.

    Baş nazirin müavininin sözlərinə görə, bu cür addımlar hələ yaxın vaxtlara qədər, demək olar ki, qeyri-mümkün görünürdü, lakin indi praktik məzmun qazanmağa başlayır.

    Xatırladaq ki, Rusiya buğdasının partiyası Ermənistan sərhəd dəmiryol stansiyası olan “Ayrum”a (Ermənistan-Gürcüstan sərhədi) noyabrın 5-də axşam, Qazaxıstan buğdası isə noyabrın 8-də çatıb. Bunlar 35 il ərzində Rusiyadan Azərbaycan üzərindən və ya onun ərazisindən keçməklə Gürcüstana və daha sonra Ermənistana (çünki Qazaxıstandan gələn buğda da Rusiya Federasiyası ərazisindən keçirdi) ilk birbaşa dəmiryol daşınmaları idi.