Category: İqtisadiyyat

  • Buğda idxalı ciddi artıb: Qiymətlərlə bağlı şübhələr var

    Ekspert: “Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb”

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan 117 milyon ABŞ dolları məbləğində 518 min 704 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 46 milyon 109 min dollar (65%), həcm baxımından isə 111 min 862 ton (27,5%) çoxdur. Ötən dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6%-ni təşkil edib.

    Buğda idxalında artım ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda yerli buğda növləri tələbatı ödəmək üçün kifayət deyil: “Burada keyfiyyət və məhsuldarlıq problemi var. Ona görə də daha keyfiyyətli məhsulların Rusiyadan, Ukraynadan, Qazaxıstandan idxal edib un üyütmə prosesində onlardan istifadə etmək məcburiyyəti yaranır. Dəyirmanlarda 100 kiloqram buğdanı keyfiyyətli una çevirmək üçün ona maksimum 30 kiloqram əlavə Azərbaycan buğdası qatılır. Bu, Azərbaycan buğdasının keyfiyyətinin aşağı olmasından qaynaqlanır”.

    “Azərbaycanda əhalinin, ölkəyə gələn turistlərin sayı artdıqca istehlak da artır. İstehlak artdıqca un və un məmulatları üçün xaricdən daha çox keyfiyyətli buğda gətirmək zərurəti yaranır. Ona görə də Azərbaycana xaricdən gətirilən buğdanın həcmi hər il artır. Bu ilin 4 ayında da ciddi artım qeydə alınıb” – deyə ekspert qeyd edib.

    Onun sözlərinə görə, buğda idxalında artımın qiymətlərə müəyyən təsiri olub: “Bir müddət öncə un məmulatların qiymətində artım müşahidə olunurdu. İdxaldan asılılıq olduğu üçün xaricdə qiymət dəyişikliyi baş verən zaman bu, Azərbaycanda qiymətlərə təsir edir. Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb. Çünki istehsalçılar çörəyə bir az spesifik yanaşır. Əhalinin qiymətlərə həssas olduğunu nəzərə alan istehsalçılar qiyməti artırmır, çörəyin çəkisini azaldır. İdxaldan asılılıq yüksək olduqca xaricdə qiymət dəyişkənliyi istər-istəməz bir müddət sonra Azərbaycanda da qiymətlərə təsir edir”.

    Qeyd edək ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci ilədək vergidən azad olunub. Bununla bağlı Azərbaycan Prezidenti Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu mart ayında imzalayıb. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.
    //sputnik.az

  • Komitə: Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi böhtandır

    Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xaricdən ölkəyə minik avtomobili gətirən şəxsdən qeyri-qanuni vəsaitin alınması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

    Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, şikayətçı olduğu bildirilən şəxsin gömrük orqanına bəyan etdiyi dəyərin miqdarında şübhələr yarandığından Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” Qanununa uyğun olaraq araşdırmalar aparılıb.

    Gömrük orqanının şübhələri öz təsdiqini tapdığından nəqliyyat vasitəsinin yenidən dəyərləndirilməsi həyata keçirilib və bəyannamədə müvafiq dəyişikliklər edilib.

    Gömrük əməliyyatları zamanı nəzərdə tutulan bütün ödənişlər isə dövlət büdcəsinə köçürülərək bu barədə həmin şəxsə qəbzlər verildiyindən hər hansı qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz. Üstəlik vəsaitin birbaşa dövlət büdcəsinə ödənildiyi yazıda da öz əksini tapıb.

    Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi onu deməyə əsas verir ki, yazı sifariş xarakterildir və məqsəd gömrük orqanlarına qarşı qərəz, böhtan xarakterli məlumatlar yaymaqdır.

    Onu da qeyd edək ki, “Gömrük tarifi haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər.

    Lakin media qurumlarına şikayət etdiyi bildirilən şəxs gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq edərək gömrük orqanının müvafiq düzəlişləri ilə razılaşdığını bildirib.

    Dövlət Gömrük Komitəsi bir daha media qurumları və nümayəndələrinə Komitənin fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən rəsmi mövqeyi də öyrənməyi tövsiyə edir.

  • Azərbaycan Novorossiyskə neft nəqlini bərpa edir

    Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə neft nəqlini iyulun 1-dən etibarən bərpa edəcək.

    “RİA Novosti”nin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov bildirib.

    “Neftin nəqli iyulun 1-dən bərpa olunacaq”, – deyə o, jurnalistlərə bildirib.

    Xatırladaq ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqli planlı yoxlama işləri ilə əlaqədar, martın ortalarında müvəqqəti olaraq dayandırılmışdı. SOCAR rəsmisi İbrahim Əhmədov neft boru xəttində yoxlamaların aparıldığını, aşınma və nasazlıqların aşkarlanaraq təmir olunduğunu bildirmişdi.

    “Transneft” şirkəti prezidentinin müşaviri İqor Demin bundan əvvəl mart ayında “RİA Novosti”yə verdiyi açıqlamada Bakıdan neft nəqlinin dayandırılmasından sonra “SOCAR”ın rəsmi şəkildə törəmə “Çernomortransneft” şirkətini Azərbaycandan neftin nəqlinin müvəqqəti olaraq Bakı-Tbilisi-Ceyhan” neft kəməri sistemi ilə gerçəkləşdiriləcəyi ilə bağlı məlumatlandırdığını bildirib.

    Onun sözlərinə görə, Bakı-Novorossiysk xətti ilə neft nəqli məcburiyyətdən – aşkarlanmış nasazlıqların aradan qaldırılması ilə əlaqədar dayandırılıb.

    Qeyd edək ki, Bakı-Novorossiysk neft boru xətti 1,33 min kilometrdir. Kəmərin Azərbaycandan keçən hissəsinin əməliyyatçısı SOCAR-dır.

  • Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq

    Azərbaycan Mərkəzi Bankı (AMB) satışda olan yubiley və xatirə pul nişanları barədə məlumat yayıb. FED.az xəbər verir ki, AMB-nin rəsmi internet səhifəsinin “Milli pul nişanları” bölməsində satışda olan yubiley və xatirə pul nişanları, o cümlədən onların satış qiymətləri barədə məlumatlar gündəlik olaraq yerləşdirilir.

    Qeyd edək ki, bu pullar ödəniş vasitəsi üçün deyil və kolleksiya məqsədilə istifadə edilir.

    Satışda olan yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə (link: https://contact.e-cbar.az/) daxil olaraq əldə etmək istədiyi yubiley və xatirə pul nişanlarının adı və sayını qeyd etməklə sifariş edə bilərlər.

    Qeyd edək ki, hazırda Mərkəzi Bankdan bir sıra tarixi hadisələr, Azərbaycan üçün önəmli yeniliklər və tarixi şəxsiyyətlərin şərəfinə buraxılan xatirə nişanları və pullar almaq olar.

    Xatirə nişanları qiymətli metallardan – qızıl, platin və gümüşdən hazırlanıb. Bunlar Heydər Əliyevin 95 və 90 illiyinə, Naxçıvan MR-in 90 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, TANAP qaz kəməri və «Azerispace» kosmik peykinin buraxılması şərəfinə, eləcə də Nizami Gəncəvi, Məhəmməd Füzulinin şərəfinə və sair hadisələrə görə buraxılıb.

    Xatirə nişanlarının qiymətləri və göstəriciləri ilə BURADAN tanış olmaq mümkündür.

  • Vergilər “Binə” və “Sədərək” məsələsini həll etdi – YENİLİK

    Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər – “Binə” və “Sədərək”in vergidən yayınmasının qarşısı demək olar ki, alınıb.

    Median.Az “fed.az”a istinadən xəbər verir ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.

    Bu o deməkdir ki, “Sədərək” və “Binə”də çalışan sahibkarların vergidən yayınma dövrü bitib.

    Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.

    Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub:

    “Bizim idxalda böyük problemlərimiz “karqo şirkəti” adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, “Binə”, “Sədərək” və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar.

    Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər”.

    Qeyd edilib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb.

  • SOCAR “Günəşli”də yeni qazma işlərinə başladı

    “SOCAR AQŞ” Xəzərdə dörd neft və qaz yatağında, o cümlədən, dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan beş platformada altı qazma qurğusu vasitəsilə qazma işləri aparır.

    Müəssisədən verilən məlumata görə, kompleks qazma və quyu xidmətləri göstərən “SOCAR AQŞ” bu günlərdə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2713 metr olan 339 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə, vaxtından tez və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

    Müəssisə 7 saylı özüldən layihə dərinliyi 4150 metr olan Qala lay dəstəsinə qazılan 38 nömrəli kəşfiyyat quyusunda və layihə dərinliyi 2670 metr olan Balaxanı lay dəstəsi – X horizonta qazılan 342 nömrəli quyuda qazma işlərinə start verib.

    Qeyd edək ki, müəssisə 7 saylı stasionar dəniz özülündə, eyni zamanda iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir. SOCAR AQŞ “Günəşli” yatağında “Hong Hua ZJ 70/4500 DZ” qazma qurğusu vasitəsilə özüldən 38 və eyni özüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyuların qazılmasını həyata keçirir.

    Bununla yanaşı, SOCAR AQS dayazsulu “Günəşli” yatağında 11 saylı özüldən 346 nömrəli quyuda qazma işlərinə başlayıb.

    Qeyd edək ki, 346 nömrəli quyunun Fasilə lay dəstəsinə qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3550 metr təşkil edir.

    Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

  • “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb

    “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Bankın uzunmüddətli defolt reytinqi (IDR) Sabit proqnozdan Pozitiv proqnoza dəyişdirilməklə “B-” səviyyəsində təsdiqlənib.

    Median.Az-ın banka istinadən verdiyi məlumata görə, “Fitch” hesab edir ki, növbəti 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankının kredit profili daha da yaxşılaşacaq. Agentliyin rəyinə görə, bankın uzun və qısamüddətli IDR reytinqləri, həmçinin dayanıqlılıq reytinqi bankın aktivlərinin aşağı risk səviyyəsində olmasını, yüksək likvidliyini və gəlirliliyinin artmasını əks etdirir.

    Açıqlamada o da göstərilir ki, 2018-ci ilin nəticələrinə görə bankın kredit portfeli 9% artmışdır. Agentlik ekspertlərinin fikrincə, yeni Strateji Planı üzərində işi başa çatdırıldıqdan sonra bankın kredit portfelinin artımı daha sürətlə davam edə bilər.

    Eyni zamanda, bankın aktivlərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, aşağı maliyyələşmə xərcləri, xərclərin optimallaşdırılması, mənfəətlilik mövqeyinin bərpası bankın kapital göstəricilərini daha da yüksəltmişdir. Beləliklə, Bankın əsas kapitalı “Fitch” agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 37% təşkil edib.

    “Fitch” ekspertlərinin təhlillərinə görə, Azərbaycan Beynəlxalq Bankının açıq valyuta mövqeyinin bağlanması halında bankın müvafiq reytinqləri yenidən yüksəldilə bilər.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.//ona.az

  • Aranda hava kəskin dəyişdi – “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

    “Azərişıq” ASC Mərkəzi Aran regionlarında güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür.

    Mərkəzi Aran regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 24-i axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

    Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

    “Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır”, – deyə qurum rəsmisi qeyd edib.

  • Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşə bilər

    Bu ilin payızında Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşə bilər.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz Dəmir Yolu İdarəsinin rəisi Vladimir Piastolov məlumat verib.

    Bildirilib ki, payızdan etibarən iki şəhər arasında rahat SV vaqonlarından ibarət qatarın sərnişinlər üçün əlverişli cədvəl əsasında hərəkəti nəzərdə tutulur. Belə ki, qatar axşam yola düşüb səhər tezdən mənzil başına çatacaq.

    Qeyd edək ki, Mahaçqala ilə Bakı arasında qatar reysinin açılması məsələsi hələ 2018-ci ilin aprel ayından gündəmdədir. Həmçinin Azərbaycanla Dağıstan paytaxtları arasında birbaşa təyyarə reysinin də açılması bir müddət əvvəl gündəmə gətirilmişdi.

  • Qazaxıstan Azərbaycanın 54 milyardlıq dövlət istiqrazlarını satıb

    Qazaxıstanın Milli Bankı Vahid Təqaüd Yığım Fondunun (VTYF) investisiya portfelində olan Azərbaycan dövlət istiqrazlarının qalan hissəsini satıb.

    Bu barədə fondun saytında mayın 24-də dərc olunan hesabatda qeyd olunur.

    Mart yekunlarına görə, VTYF sərəncamında Azərbaycana aid 54 milyard (244,4 milyon manat –red.) tenge məbləğində dövlət istiqrazı olub. Bütün istiqrazlar aprel ayı ərzində satılıb.

    Qeyd edək ki, Qazaxıstan Azərbaycan Beynəlxalq Bankının istiqrazları əvəzinə Azərbaycan dövlət istiqrazlarını əldə etdikdən sonra onları satmağa başlayıb.

    VTYF 2014-cü ildə Azərbaycan Beynəlxalq Bankının 250 milyon dollar məbləğində istiqrazını almışdı.

    2017-ci ilin sentyabr ayında fond onları ölkənin dövlət istiqrazlarına dəyişib. Mübadilə Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyası çərçivəsində baş tutub.