Category: İqtisadiyyat

  • BVF: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,4 faiz artacaq

    2019-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempi 3,4 faizədək arta bilər.

    Fondun proqnozlarına əsasən, 2020-ci ildə ölkə iqtisadiyyatı 3,1 faiz artacaq.

    Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında o da qeyd olunub ki, Azərbaycanın iqtisadi artım göstəriciləri MDB-nin (müvafiq olaraq 2,2 və 2,3 faiz artım) və MDB-dəki enerji ehtiyatları ixracatçılarının göstəricilərini (müvafiq olaraq 2,1 və 2,2 faiz artım) üstələyir.

    Hesabatda həmçinin bildirilir ki, bu ilin birinci yarısında qlobal iqtisadiyyat zəif artım nümayiş etdirəcək, ilin ikinci yarısında isə bir sıra təşəbbüslər sayəsində artım sürətlənəcək. Məsələn, ABŞ Federal Ehtiyatlar Sistemi artan qlobal risklərə cavab olaraq dolların baza uçot dərəcəsinin yüksəldilməsini dayandırıb ilin sonunadək dərəcəni artırmayacağı barədə xəbərdarlıq edib.

    2019-cu ildə qlobal iqtisadi artım 3,3 faiz, 2020-ci ildə 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

  • Problemli kreditlər siyahısında adını tapa bilməyənlərin – NƏZƏRİNƏ

    Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu “Əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq”, – deyə cavab alır.

    Ekspert Vüqar Bayramlının açıqlamasına görə, bu, heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar.

    “Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlarlarla Mərkəzləşdirilmiş Kredit Reyesterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var.

    Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdən sonra kompensasiya məbləğlərini hesablaya bilər”.

    Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı fərmana əsasən, bütün siyahılar sənədlə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu, o deməkdir ki, belə mesaj alan vətəndaşlarımızla bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək.

    “Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır”, – deyə V.Bayramlı bildirib.
    //oxu.az

  • Soğan, kartof və kələmin qiyməti ilə bağlı məlumat yayıldı

    Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi birgə məlumat hazırlayıb.

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib” – deyə verilən məlumatda qeyd olunub.

    Birgə yayılan məlumatda bildirilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

    “Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək” – deyə verilən məlumatda əlavə edilib.//sputnik.az

  • Azərbaycanda bu tərəvəzin idxal rüsumu ləğv edildi

    Azərbaycan hökuməti ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv edib.

    Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir.

    Məlumatda deyilir ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib. Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib.

    “Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək”, – məlumatda qeyd olunub.

  • TANAP vasitəsilə sınaq qaz tədarükünün detalları açıqlanıb

    Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq tədarükünün başlanmasına qədər son yoxlamalar keçirilir.

    Bu barədə Trend-ə TANAP konsorsiumundan bildiriblər.

    Konsorsiumdan deyilib ki, boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək olan hissəsinin qazla doldurulması iyunun sonunadək başa çatacaq.

    Qeyd olunub ki, ilkin olaraq 40 milyon kubmetr qaz nəql olunacaq, daha sonra nəqliyyat həcmi 85 milyon kubmetrədək artacaq:

    “Qaz həcmləri TANAP-da qalacaq, çünki bu kəmər hələlik Trans-Adriatik qaz kəmərinə qoşulmayıb”.

    Bir müddət əvvəl TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol TANAP-ın birinci mərhələsi çərçivəsində sınaq tədarükünün 2019-cu il aprelin 15-də başlayacağını bildirmişdi.

    Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.

    İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

    Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

    Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

  • Amerikada əzilən, suda batan maşınlar Bakıda necə satılır?

    Amerika və ya avropa ölkələrində qəzaya uğramış avtomobilləri ölkəmizə gətirib satışını həyata keçirirlər. Hazırda Bakıda bu işlə məşğul olan çoxlu sayda şirkət var. Belə avtomobillərin qiyməti nisbətən ucuz olduğundan onlara tələbat da böyükdür.

    Qəzaya uğramış və müxtəlif detalları əzilmiş bu avtomobillər Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilir. Son zamanlar Bakıda bu işlə məşğul olan şirkətlərin sayı artmaqdadır. Buna səbəb sözügedən avtomobillər ölkə bazarındakı maşınlardan ucuz başa gəldiyindən onlara tələbatın çox olmasıdır.

    Bu işlə məşğul olanlar deyirlər ki, avtomobil internet üzərindən seçilir və sifarişə uyğun olaraq müştəriyə ya Gürcüstanın Poti limanında, ya da Bakıda təhvil verilir. Eyni avtomobilin yerli bazarla müqayisədə qiymət fərqi isə 20-40 %-ə qədər olur.

    Bundan başqa, müştəri təmir və gömrük rüsumlarını öz üzərinə götürsə, bu zaman avtomobil müştəriyə təhvil verilərkən qeyd edilən nasaz hissələrdən başqa digər detalların sazlığı təsdiq edilir və problem yarandığında şirkət müştəriyə əlavə ödəniş edir.

    Şirkət rəsmisi bildirir ki, avtomobil gətirilərkən Poti limanına qədər təkcə yol xərci 1100-2000 dollar arasında dəyişir. Avtomobilin Bakıya çatdırılması üçün isə əlavə 350-400 dollar ödəniş alınır. (Xəzər TV)

  • Nazirlər Kabineti bəzi gömrük rusumlarına dəyişiklik etdi

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli və 5 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilir:

    1.1. 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ dolları*) sözləri ilə və 0701 10 000 9, 0701 90 100 0, 0701 90 500 0, 0701 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin;

    1.2. 0703 10 190 0, 0703 10 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda (15.12.2019-cu il tarixinədək 1 kq – 0,6 ABŞ dolları) sözləri (31.05.2019-cu il tarixinədək 1 kq – 2,0 ABŞ dolları*) sözləri ilə və 0704 90 100 0, 0704 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (31.05.2019-cu il tarixinədək 1 kq – 2,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin.

    1.3. “QRUP 07”nin cədvəlindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

    “Qeyd.

    Bu mal qrupuna daxil olan alt yarımmövqelərinin 4-cü sütununda qeyd edilmiş ulduz işarəsi ixrac gömrük rüsumlarının dərəcələrini göstərir.”.

    Bu qərarın 1.1-ci bəndi 2019-cu il aprelin 30-dək, 1.2-ci və 1.3-cü bəndləri 2019-cu il mayın 31-dək qüvvədədir.

  • Kartofa gömrük rüsumu tətbiq edildi – Bir kiloqrama bir dollar

    Təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib.

    Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

    Qərara əsasən, hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş kartofun idxalı gömrük rüsumundan azad edilir.

    Digər aylarda isə kartofun gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunur.

    Dəyişikliyə əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.

    Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulacaq.

  • Həftəsonu ölkədə qızıl-gümüş bazarı ucuzlaşdı

    Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, aprelin 5-də qızılın qiyməti aprelin 4-ü ilə müqayisədə 5,423 manat azalaraq 1 unsiya üçün 2192,184 manat təşkil edib.

    Gümüş 0,0269 manat ucuzlaşaraq 1 unsiya üçün 25,7333 manata bərabər olub.

    Trend-ə görə, platinin qiyməti 27,3275 manat artaraq 1513,663 manat, palladiumun qiyməti isə 62,1435 manat azalaraq 2335,528 manat təşkil edib.

  • İstanbuldan yola düşən blok qatarı Bakıya çatdı

    İstanbuldan yola düşən ilk blok qatarı Bakıya çatıb.

    Təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir xətti üzərindən həyata keçirilib.

    Son illər ölkə daxilində nəqliyyat infrastrukturuna xeyli vəsait qoyulub. Xəzər dənizində ən böyük ticarət limanı da məhz Azərbaycana məxsusdur. Ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılmasında mühüm rol oynayır. Regionun avtomobil, dəmir və dəniz yollarını birləşdirən logistik mərkəzlərin yaradılması hesabına Azərbaycan Qərbi Şərqə qovuşdurur. Yükdaşımada Azərbaycan ərazisindən istifadə olunması isə xərcləri azaldır.

    Abşeron Logistika Mərkəzinin gündəlik yükdaşıma gücü 30 min tona bərabərdir. Bu isə il ərzində 11 milyon ton deməkdir. Ölkəmizin tranzit və logistik potensialından daha səmərəli istifadəyə Bakı-Tbilisi-Qars dəmir yolu da geniş imkanlar yaradacaq.

    Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Proqnozlara görə, bu dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton yük daşınacaq, yükdaşımalardan başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək. (AzərTAc)