Category: İqtisadiyyat

  • Ramin Quluzadə Şabranda vətəndaşları qəbul edib

    Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şabran rayonunda vətəndaşları qəbul edib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

    Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə nazir Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların fikirlərini dinləyib.

    Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

    Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər Nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.

    Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

    Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

    Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.

  • Göyçayda 3 innovativ layihə “İdeyasını Biznesə” çevirmək şansı qazanıb

    “İdeyadan Biznesə” layihəsi çərçivəsində Göyçay şəhərində ilk startap turu təşkil olunub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

    Startap turunda Göyçayla yanaşı, Ucar, Yevlax, Ağdaş və Ağcabədi rayonlarından olan 100-dək gənc iştirak edib.

    Tədbir iştirakçılarına məlumat verilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” layihəsinin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

    Bildirilib ki, layihə çərçivəsində keçirilən startap turlarının əhatə etdiyi hər bir region üzrə 3 innovativ layihə qalib kimi seçilir.

    Regiondan seçilən qaliblər respublika üzrə təşkil olunan Milli Finalda iştirak hüququ qazanır. Milli Finalın qalibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi də əldə edirlər.

    İştirakçıların diqqətinə çatdırılıb ki, startap turları Göyçaydan sonra Tovuz, Bakı, Lənkəran, Zaqatala, Naxçıvan, Şamaxı və Şəkini əhatə edəcək.

    Tədbirin informativ hissəsindən sonra iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən kiçik biznes-treninq keçirilib.

    Daha sonra ideyası olan iştirakçılardan ibarət 5 komanda formalaşdırılıb. Mentorlar komandaları əsas müsabiqəyə hazırlayıb.

    İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər.

    Beləliklə, 1-ci yerə “Health belt” layihəsi, 2-ci yerə “Hərrac”, 3-cü yerə “Animal Center of Goychay” layiq görülüb.

    Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.

    Qeyd edək ki, növbəti startap turu 12 aprel tarixində Tovuzda keçiriləcək.

    İştirak etmək üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçmək zəruridir.

  • Xəzər dənizində “Azərbaycan Mirvarisi”

    Nargin adasının turizm mərkəzinə çevirmək təklif olunur.

    “Azərbaycan Mirvarisi” adlı layihədə adanın dünya səviyyəli istirahət zonasına çevrilməsi üçün konkret ideyalar ortaya qoyulub. Layihə gerçəkləşərsə, burada hotel, muzey, sərgi salonları, teatr binaları, Şərq üslubunda bazar, hətta liman və vertolyot meydançasına da rast gəlmək mümkün olacaq.
    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və bir vaxtlar Nargin adlandırılmış Böyük Zirə adası dünya səviyyəli istirahət zonasına çevrilə bilər.
    Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev bunu nəzərdə tutan “Azərbaycan Mirvarisi” adlı layihə hazırlayıb. Layihə adanın ən müasir turizm mərkəzinə çevrilməsini nəzərdə tutur. Burada müasirlik və keçmişin bir araya gətirilərək harmoniya yaradılması və ümumilikdə adanın beş zonaya bölünməsi planlaşdırılır.
    Memar layihəyə Böyük Zirə adasında ümumtəhsil və musiqi məktəblərinin, teatrların, Şərq bazarının tikintisini də daxil edib. Bundan başqa, tariximizin faciəli hadisələrinə şahidlik edən adanın qurbanlarına xatirə kompleksinin inşası da nəzərdə tutulub.

    Rasim Babakişiyev layihənin reallaşdırılması üçün lazım olan maliyyə xərclərinin təxmini hesablanmasını da aparıb.
    Memar deyir ki, “Azərbaycan Mirvarisi” layihəsi həm də adada il boyu yaşayışın olmasına da hesablanıb.

  • Kələmin kəskin bahalaşmasının səbəbi bilindi

    Bazarlarda kələm bahalaşıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir.

    Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə deyib ki, qiymətlərin artmasının əsas səbəbi kələm ixracının kəskin artmasıdır.

    Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qonşu ölkələrdə yerli kələmə ciddi tələb var. Bu səbəbdən bütün regionda məhsul qıtlığı yaşanır.

    Firdovsi Fikrətzadə onu da bildirib ki, yaxın günlərdə bazara Qusardan və digər bölgələrdən məhsul daxil olduqca, qiymətlər stabilləşəcək.

  • 140 dövlət müəssisəsinin 10 mln. manat vergi borcu var

    Azərbaycanda 140 dövlət müəssisənin əmlak və torpaq vergisi üzrə borcu silinəcək.

    Median.Az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a bildirib ki, ümumilikdə, 10 mln. manatlıq vergi borcu nəzərdə tutulur.

    Məlumata görə, bu, Prezident İlham Əliyevin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunun tətbiq edilməsi barədə imzaladığı fərmanla qüvvəyə minib.

    Yeni fərmana görə, müəssisə özəlləşdirildiyi tarixdən etibarən sahibkar 2019-cu ilin martın 1-dək olan borcunun 30%-ni il müddətinə, 50%-ni 2 il müddətinə və 70%-ni isə 3 il müddətinə ödəyərsə, borcun yerdə qalan hissəsi silinəcək.

    Q.Xəlilov deyib ki, bu prosesdə iştirak edəcək müəssisələrin sayı artıb-azalada bilər.

    Fərmana görə, bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək.

  • Bitkoinin qiyməti 5 min dolları keçib

    Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti ötən ilin noyabr ayından bəri ilk dəfə 5 000 ABŞ keçərək 5 025 dollara çatıb.

    Xatırladaq ki, vaxtilə bitkoinin 100 min dollara qədər bahalaşacağı ilə bağlı proqnozlar səslənirdi. Amma bu baş verməyib.

    Ekspertlər mövcud vəziyyəti ABŞ-ın İstiqrazlar və Mübadilə Komissiyasının (SEC – Securities and Exchanges Comission) kriptovalyuta bazarının “əliəyri” iştirakçılarına qarşı kampaniyaya başlaması ilə əlaqələndirir. Bundan sonra bitkoinlə bağlı bədbin gözləntilər üstünlük qazanıb. Tanınmış iqtisadçı, ABŞ-ın Nyu-York Universitetinin Leonard Ştern Biznes Məktəbinin professoru Niruel Rubini kriptovalyuta macərasının 2018-ci ildə başa çatdığını bildirib. Bundan sonra əsas kriptovalyutalar, o cümlədən bitkoin dəyərdən düşüb, bu sahənin investorları əllərindəki rəqəmsal pulları tələm-tələsik satmağa çalışıb.

    İndi isə bitkoinin bahalaşmasının səbəbləri və kriptovalyutanın gələcək perspektivləri barədə aktiv müzakirələr gedir. Mütəxəssislərin çoxu qiymət artımının möhtəkirlik olduğu qənaətindədir. Məsələn, “Veta” ekspert qrupunun direktoru Dmitri Jarski səbəb kimi bitkoinlə bağlı birdəfəlik satınalmanı göstərir: “ABŞ və Lüksemburqun birjalarında naməlum alıcılar 100 mln. dollar ödəyərək 20 min bitkoin alıb və bazarda canlanma yaradıb. Bitkoinin qiyməti 5 min dolları keçəndə zəncirvari şəkildə başqa kriptovalyutalara da maraq yarandı. Nəticədə bu bazara 170 mlrd. dollardan artıq sərmayə gəldi, gündəlik dövriyyə 14 mlrd. dolları üstələdi”.

    Onun fikrincə, həmin alıcılar mənafeyini güdən sərmayəçilər qrupu və yaxud treydinq robotu ola bilər: “Həmin sövdələşmələrin vahid alqoritm idarəli sifariş olması da əvvəlcədən düşünülmüş plan təəssüratı yaradır”.

    Bitkoinin bahalaşmasına əsas görmərən Rusiyadakı Beynəlxalq Maliyyə Mərkəzinin eksperti Heydər Həsənov da möhtəkirliklə bağlı fikirləri bölüşür. Onun fikrincı, ən ağlabatan səbəb alqoritm sistemi vasitəsilə bir neçə birjadan bitkoinin satın almasını təşkil edən ayrıca alıcının olmasıdır: “Tələm-tələsik kriptovalyuta alanlar bundan sonra nə edəcəyini düşünürlər. Xüsusilə də 5 000 dollara yaxın vəsait ödəyənlər gözləmək və yaxud bitkoni satmaq barədə götür-qoy edirlər. Yaxın vaxtlarda daha yüksək qiymətə yeni alıcılar ortaya çıxmasa, onda 3 000 dollarlıq qiymətləri görə bilərik”. (Report.az)

  • Mərkəzi Bankdan inflyasiya AÇIQLAMASI

    İl ərzində Azərbaycanda inflyasiya sabit qalacaq.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Bakıda “Fitch Ratings” agentliyinin illik konfransında deyib.

    Onun sözlərinə görə, cari əməliyyatlar balansı ÜDM-in 13 faizini təşkil edir:

    “Azərbaycan cari əməliyyatlar balansı ikirəqəmli olan nadir ölkələrdəndir”.

    A.Ələsgərov qeyd edib ki, ölkənin valyuta bazarı balanslaşdırılmış rejimdə fəaliyyət göstərir, valyuta ehtiyatları artır, dollarlaşma isə azalır. Mərkəzi Bankın pul siyasəti bazarda qiymətlərin sabitləşməsinə yönəlib.

  • Azərbaycanda qızıl-gümüş bazarı bahalaşdı

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, aprelin 3-də qızılın qiyməti aprelin 2-i ilə müqayisədə 12,0445 manat artaraq 1 unsiya üçün 2198,2785 manat təşkil edib.

    Gümüş 0,2163 manat bahalaşaraq 1 unsiya üçün 25,813 manata bərabər olub.

    Trend-ə görə, platinin qiyməti 17,425 manat artaraq 1461,15 manat, palladiumun qiyməti isə 34,7905 manat artaraq 2444,3705 manat təşkil edib.

  • “Moody’s” Azərbaycanda problemli kreditlər məsələsinin həllini müsbət qiymətləndirir

    “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə sabit proqnozu dəstəkləyir.

    Median.Az bildirir ki, bunu Trend-ə agentliyin vitse-prezidenti və Azərbaycanın bank sektoru üzrə analitiki Pyotr Paklin deyib.

    O bildirib ki, ötən ilin avqustunadək üç il ərzində proqnoz mənfi olub:

    “Qiymətin dəyişməsi əməliyyat mühitinin yaxşılaşması, kredit portfellərinin problemli ssudalardan təmizlənməsi ilə bağlı gözləntilər, eləcə də səhmdarların köməyi sayəsində kapitallaşmanın yaxşılaşması və bankların fəaliyyətinin mənfəətliliyinin bərpa olunması əlaqədardır”.

    Vitse-prezident qeyd edib ki, agentlik Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlər məsələsinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərmanını müsbət qiymətləndirir:

    “Bu tədbirlər ev təsərrüfatlarının kredit qabiliyyətliliyini yaxşılaşdırmalı və dövlətin dəstəyi sayəsində bankların balansında problemli fərdi ssudaların həcmini azaltmalıdır”.

  • Bakı-Tbilisi-Qars qatarında 246 sərnişin yeri olacaq

    Bakı-Tbilisi-Qars dəmiryolu xəttində hərəkət edəcək sərnişin qatarında 246 yer nəzərdə tutulub.

    Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilib.

    Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunub və 10 vaqondan ibarətdir. Qatarda doqquz sərnişin vaqonu, bir restoran var.

    “Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub.

    ADY 2019-cu ilin ikinci yarısından başlayaraq, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.

    Xəbər verildiyi kimi, ADY BTC ilə sərnişin daşınmasının təşkili məqsədilə “Stadler” şirkətindən 30 vaqon sifariş edib.

    Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir.