Category: İqtisadiyyat

  • Bakıya yüksək gərginlikli elektrik xətti çəkilir

    Bakıya ümumi uzunluğu 108 km. olan yeni yüksək gərginlikli elektrik xətti çəkilir.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Şirvan şəhəri ərazisindəki ”Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına çəkilən xətt 220 kv-luqdur. Məqsəd enerji sisteminin etibarlılığını gücləndirməkdir.
    Bu xətt üçün lazım olan 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km. istisna olmaqla naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək. Eyni zamanda paytaxtdaxili elektrik xətləri də yenidən qurulur.

    Qeyd edək ki, ölkə üzrə yüksək gərginlikli ötürmə xətlərinin 69 faizi istismar müddətini keçdiyindən onların yenilənməsi təhlükəsizlik baxımından olduqca vacibdir.

  • Azərbaycan Rusiya üzərindən neft nəqlini dayandırdı

    2019-cu ilin mart ayında Azərbaycan Rusiya vasitəsilə neft tranzitini dayandırıb.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yanacaq-Energetika Kompleksinin (YEK) Mərkəzi dispetçer idarəsi verib.
    YEK-in məlumatlarına əsasən, yanvar-fevral aylarında Azərbaycan neftinin tranzitinin həcmi 249,5 min ton təşkil edib, martda isə tranzit həcmi olmayıb.

    Daha öncə “Reuters” agentliyi “SOCAR Trading” şirkətinin başçısı Adnan Əhmədzadəyə istinadən xəbər vermişdi ki, Azərbaycan müvəqqəti olaraq Rusiya vasitəsilə nəql olunan neft həcmini Bakı-Tbilisi-Ceyhan boru kəmərinə keçirməyi planlaşdırır.

    2019-cu ilin ilk 3 ayı ərzində Rusiya ərazisi üzrə neft tranzitinin ümumi həcmi 3,3% artaraq 4,883 milyon ton təşkil edib. Eyni zamanda, Qazaxıstan neftinin tranziti 0,9% artıb və 4,035 milyon ton təşkil edib. Türkmənistan neftinin tranzit həcmi isə 189,8 min ton olub.

    Rusiya mənbələri xəbər verir ki, Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə nəqlinin dayandırılmasının səbəbi “Transneft” şirkətininin qərarıdır. Belə ki, Rusiyanın tranzit neft kəmərləri inhisarçısı SOCAR-a Azərbaycan neftinin bu ilin aprelindən başlayaraq ilin sonuna qədər Mahaçqala limanı üzərindən ötürülməsinin dayandırılacağı haqda xəbərdarlıq edib. Baxmayaraq ki, Azərbaycan neftinin Rusiya ərazisindən nəqlinə dair müqavilə qüvvədədir. “Transneft” bunun səbəbini göstərmir.

    Ancaq neft sahəsindəki mənbələr hesab edirlər ki, ola bilsin səbəb Mahaçqala limanının texniki imkanlarının məhdudluğudur. Çünki “Transneft” Qazaxıstan və Türkmənistan neftinin nəqlinin artması səbəbindən Mahaçqala limanından neft ötürülməsinin öhdəsindən gələ bilmir.

    Mənbələr deyiblər ki, Bakı-Tixoretsk magistral neft kəmərləri sisteminin buraxılış imkanları Mahaçqala-Novorosiysk hissəsində tam istifadə olunub. Nəticədə Mahaçqalada əlavə həcmdə neftin qəbulu mümkün deyil.

  • Bankların gəlirləri azalıb

    Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib. Halbuki 2018-ci ilin ilk iki ayı ərzində bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis 141.3 milyon manat təşkil etmişdi.

    2018-ci ilin eyni dövrü ilə müqayisədə, 2019-cu ilin fevral ayı üzrə bankların xalis mənfəəti 2,9 dəfə azalıb.

    Bunun səbəblərindən biri bankların mənfəətinin böyük hissəsini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarıdır.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 950.8 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 708 milyon manat təşkil edib.

    Sektorun balans kapitalı 4 milyard 242.8 milyon manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348 milyon manat), öhdəlikləri 0.9% (222.3 milyon. manat), balans kapitalı isə 3.0% (125.5 milyon manat) artıb.

    Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 milyon manat) artaraq, 12 milyard 629.9 milyon manat təşkil edib.

    2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.

    Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam edib. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 95 nəfər artaraq, 17 683 nəfər təşkil edib.

  • Bu şəxslərin 1000 manata qədər olan borcları bağışlanacaq – QƏRAR

    “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

    Median.Az ABA-ya istinadən xəbər verir ki, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1 000 manata kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

    Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə olunub.

  • Azərbaycan neftinin QİYMƏTİ bahalaşıb

    CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 69,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel çoxdur.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel çoxdur.

    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,09 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.

    Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 67,99 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.

  • Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək

    “İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib”. Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib. Onun sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub: “Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib”.

    Maraqlıdır, İranda kartof və soğan ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir edə bilərmi? Median.Az xəbər verir ki, ekspertlər Sputnik Azərbaycan-a açıqlamalarında bu sualı şərh ediblər.

    İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, son həftələr Azərbaycanda soğanın qiymətində artımlar müşahidə edilir və qiymətin artması bu məhsulun qıtlığı ilə bağlıdır: “Soğan istehsalının azalması qiymətlərin artmasına gətirib çıxarır. O baxımdan son həftələr soğanın qiymətində artımlar müşahidə edirik. Soğanın qiymətində artımlar davam edir, çünki bu məhsula tələb dəyişməyib. Amma təklif, yəni bazara çıxarılan soğanın həcmi azaldığına görə qiymətlər artıb”.

    O bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarını idxal etdiyi ölkələrdən biri də İrandır: “Baxmayaraq ki, xüsusilə yerli məhsul istehsalının artırılması məqsədilə son dövrlər İrandan idxalın azaldılmasına çalışılıb. Amma bütün hallarda İran tərəfindən kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyulması Azərbaycan bazarına təsir göstərir. Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının bir hissəsi İrandan idxalın hesabına ödənilir”.

    “Əgər həm kartofa, həm də soğana olan tələbatın ödənilməsində İranın payı çoxdursa, nəticə etibarilə ixraca qadağalar Azərbaycanda həmin məhsullara olan tələbatın ödənilməsində müəyyən qıtlığın yaranmasına gətib çıxaracaq” – deyə o bildirib.

    İqtisadçının fikrincə, kartof istehlakında bunun kompensasiya yolları var: “Çünki Azərbaycana kartof alternativ olaraq digər ölkələrdən idxal edə bilir. Sahibkarlar kartofa olan tələbatın ödənilməsini digər ölkələrdən idxalın hesabına kompensasiya edə bilərlər. Rusiya və Türkiyədən Azərbaycana kartof idxalı İrandan ölkəmizə edilən bu məhsulun idxalını əvəz edə bilər. Çünki Azərbaycan əvvəlki dövrlərdə Türkiyə və Rusiyadan kartof idxalı həyata keçirib. Bu kontekstdən onun kompensasiya edilməsi mümkündür”.

    Onun sözlərinə görə, bütün hallarda Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, xüsusilə sahibkarların təşviq edilməsi yolu ilə digər ölkələrdən bu məhsulların idxalının artırılmasına nail ola bilsin: “Əgər qıtlıq yaranarsa, həmin məhsulların qiymətlərində artım müşahidə edilə bilər. Nazirlik indiki məqamda tələbatın ödənilməsində digər idxal mənbələrdən istifadə etməyə çalışmalıdır”.

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də deyib ki, Türkiyədə də soğan qıtlığı yaranıb və Azərbaycandan Türkiyəyə kifayət qədər soğan ixracı həyata keçirilib: “Bu, bizdə daxili bazarda soğanın qiymətinə təsir göstərib və son günlər soğanın qiymətində artım var”.

    O qeyd edib ki, Azərbaycana kartof və soğanın idxal istiqamətlərindən biri də İrandır: “İran belə bir qadağa həyata keçirsə, Azərbaycan bazarında sözügedən məhsulların təklifi azalacaq. Bunun daha böyük qiymət artımına gətirib çıxarmaması üçün alternativ yollar axtarıla bilər. Rusiya, Ukrayna kimi ölkələrdən Azərbaycana idxal həyata keçirmək mümkündür. Sahibkarlar bu istiqamətdə maarifləndirilməlidirlər”.

    “İran qadağa tətbiq etsə, qısa müddətli dönəmdə ölkəmizdə həmin məhsulların qiymətində müəyyən artım müşahidə edə bilərik” – deyə o əlavə edib.

    Qeyd edək ki, son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib. İranda soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

    Onu da bildirək ki, Kənd Təsərrüfatı Nazirliyindən “Report”a bildirilib ki, ölkəmizdə soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır: “Daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək”.

  • Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır

    Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun tikintisinə yaxın vaxtlarda başlanılacaq.

    Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

    Onun sözlərinə görə, müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Avtobusların qiyməti yerli istehsal olduğu üçün aşağı olacaq və yerli tələbatın ödənilməsi ilə yanaşı, qonşu ölkələrə ixracı da nəzərdə tutulur.

    Qeyd edək ki, ilkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Müəssisə təxminən beş hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri 11 milyon manatdır.

    Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də istehsal ediləcək. Bu layihənin dəyəri isə 7 milyon manatdır və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək.

    “Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50% olacaq.

  • Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı – VİDEO

    Gündəlik ən çox istifadə edilən ərzaqlardan olan yumurtanın qiyməti ucuzlaşıb. Qiymətin aşağı düşməsi 4-5 qəpik arası müşahidə edilir. Belə ki, bir həftə əvvəl 12-13 qəpiyə satılan yumurtanın qiyməti indi 7-8 qəpiyədir. Xəzər xəbər quşcular cəmiyyətindən ucuzlaşmanın səbəbini öyrənib.

    Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.

    Son bir həftədə yumurtanın qiyməti 5 qəpikaşağı düşüb. Satıcılar deyir ki, əvvələr 12-13 qəpiyə satılan yumurta indi 7-8 qəpiyə təklif edilir.

    Qiymətin ucuzlaşması alıcıların da ürəyincə olub.

    Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev “XəzərXəbər”ə bildirb ki, bayramdan sonra yumurtaya tələbat azalıb. Ucuzlaşmaya səbəb istehsalın çox, tələbatın isə az olmasıdı. Buna gorə istehsalcılar eyni həcmdə yumurtanın qiymətini endirməyə məcbur olublar.

  • Pensiya və müavinət alanlara şad xəbər – Bu gündən artım olacaq

    Prezident İlham Əliyevin I qrup əlilliyə görə əmək pensiyasının, müharibə əlilləri və onlara bərabər tutulanlara, beşdən çox uşağı olan qadınların hər uşağına görə verilən müavinətlərin artırılmasını nəzərdə tutan sərəncamı qüvvəyə minib.

    “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən, yaşa görə sosial müavinətin məbləğinin 130, sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150, II qrup əlilliyə görə 130, III qrup əlilliyə görə isə 110, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150, ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması əksini tapıb.

    Eyni zamanda, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdləri təsis olunub.

    Sənədə əsasən, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği I qrup əlilliyə görə 250, II qrup əlilliyə görə 230, III qrup əlilliyə görə 210 manat təşkil edir.

    Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləği 100 manata çatdırılıb.

    1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150 manata çatdırılıb.

  • Məcburi köçkünlər müavinətlərini bu gündən artımla alacaqlar

    Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncamı bu gündən qüvvəyə minir.

    Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

    2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək. Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq.

    Qeyd edək ki, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. 2018-ci ilin mart ayının 1-dən isə bu müavinətlər 10 faiz artırılıb.