Category: İqtisadiyyat

  • Bakı-Tbilisi-Qars sərnişin qatarı Gürcüstana gəlib

    Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk dəfə xəttə buraxılan sərnişin qatarı Gürcüstana gəlib.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, İsveçrənin “Stadler” şirkətinin qatarı bir neçə gün əvvəl İstanbula gəlib və Türkiyədən Gürcüstana İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu üzrə yollanıb.

    “Azərbaycan Dəmir Yolları”na məxsus qatar test rejimdə xəttə buraxılıb.

    Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.

    Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

  • Türkiyənin ən böyük üçüncü limanına “SOCAR Terminal” adı verildi

    “SOCAR Türkiyənin Aliağa bölgəsində yeni neft-kimya müəssisəsi qurmaq niyyətindədir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu “SOCAR Turkey”in Xarici əlaqələr üzrə rəhbəri Murad Le Kompte (Murat LeCompte) Uludağ İqtisadi Zirvəsi zamanı “Yenişafak.com” saytına açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu müəssisə 2020-2023-cü illərdə tamamlanacaq: “Bu il üçün hələlik son investisiya qərarını verməmişik. Amma il ərzində bu qərarın da veriləcəyi yeni bir neft-kimya sərmayəmiz olacaq. Bu da yenə Aliağa bölgəsində baş tutacaq. Əgər bu il investisiya ilə bağlı son qərarı versək, gələn il üçün təməlinin qoyulacağını düşünürəm. 2020-2023-cü illərdə isə bu işlər tamamlanacaq”.

    SOCAR rəsmisi “Petlim” limanının adının “SOCAR Terminal” olaraq dəyişdirildiyini də açıqlayıb: “Bu, tamamilə türk podratçı və mühəndislər tərəfindən inşa edilmiş bir layihədir. Türkiyənin ən böyük üçüncü limanıdır. Həmin limanın köhnə adı “Petlim” idi. İndi isə həmin liman “SOCAR Terminal” olaraq adlandırılacaq. Həqiqətən də qürur duyduğumuz layihədir”.

  • Türkiyədə ev alan azərbaycanlıların sayı artıb

    Bu ilin fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə daşınmaz əmlak alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 nəfər və ya 66,67 faiz çoxdur.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 2019-cu ilin ilk iki ayında isə bu rəqəm 200 nəfər təşkil edib. Bu da illik müqayisədə 72 nəfər və ya 56,25 faiz çoxdur. Türkiyədə, ümumilikdə, fevral ayında 3 min 357 xarici vətəndaş mənzil alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz çoxdur. Yanvar-fevral aylarında isə Türkiyədə xarici vətəndaşlara 6 min 557 mənzil satılıb. Burada da illik müqayisədə 86,4 faiz artım müşahidə olunur.

    Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq ilk yerdədir. Siyahıda sonrakı yeri isə iranlılar tutur.

  • Uruqvay Azərbaycan neftini idxal etməyə başlayıb

    Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay parlamentində görüşlər keçirib.

    XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov Uruqvay Şərq Respublikasının vitse-prezidenti, eyni zamanda Senatın sədri Lusia Topolanski, sonra isə Nümayəndələr Palatasının sədri Sesilia Bottino ilə görüşüb.

    Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin intensivləşməsi, xüsusilə parlament diplomatiyasının rolu yüksək qiymətləndirilib. Bu kontekstdə hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrə önəmli töhfə verdiyi qeyd olunub.

    İki ölkə arasında siyasi sahədə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə edilərək, bu əməkdaşlığın iqtisadi, enerji, nəqliyyat və kənd təsərrüfatı istiqamətlərini əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Uruqvayın Azərbaycan neftini idxal etməyə başlamasının təqdirəlayiq hal olduğu xüsusi qeyd edilib.

    Görüş zamanı Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, müxtəlif ölkələrdəki erməni icmasının nümayəndələrinin təxribatçı fəaliyyətinin münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərdiyini bildirib. Digər tərəfdən, bu icma nümayəndələrinin vətəndaşı olduqları ölkələrin deyil, işğalçı Ermənistan dövlətinin maraqlarından çıxış etməsinin anlaşılan olmadığı vurğulanıb.

    Uruqvay parlamentinin rəhbər vəzifəli şəxsləri münaqişə ilə bağlı Azərbaycanın mövqeyini anladıqlarını və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

  • Fərdi evlərin sənədləşdirilməsinə başlanacaq

    Çoxmərtəbəli binaların istismara qəbulu prosesi asanlaşdırıldıqdan sonra növbə fərdi evlərə də çatır. Artıq Prezident İlham Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında müvafiq qurumlara tapşırıq verib.
    Median.Az
    musavat.com-a istinadən bildirir ki, bu barədə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev məlumat verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq işlər görülür və nəticəsi barədə ətraflı məlumat veriləcək. Eyni zamanda yaxın günlərdə bununla bağlı işçi qrupu yaradılacaq: “Mühafizə zonasına düşən, dövlət şirkətinə məxsus torpaq sahəsində tikilmiş, təyinat üzrə olmayan, yəni kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində tikilən həyət evləri var. Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq. Vətəndaşların bütün problemləri aradan qaldırılacaq”.

    Qeyd edək ki, Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı yüz minlərlədir. Xüsusilə 2000-ci illərdə Bakı ətrafında bəzi məlumatlara görə, 700 mindən yuxarı belə ev inşa olunub. Bundan əlavə, Bakı kəndlərində Sovet dövründən tikilmiş evlərin çoxusunun da “kupça”sı yoxdur.

    Bir neçə il əvvəl açıqlanan rəsmi məlumatlara görə, qaz, işıq, su və dəmiryol xətlərinin mühafizə zolaqlarında 400 mindən yuxarı fərdi ev və obyekt inşa olunub. Bundan əlavə, xeyli sayda evlər SOCAR-a məxsus torpaqlarda yerləşir. Bu ev və obyektlərin sənədləşməsi üçün ən yüksək səviyyədə tədbirlərin həyata keçirilməsi zəruridir.

    Son illərdə qanunsuz evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsi üçün dəfələrlə ölkə rəhbərliyi səviyyəsində tapşırıq və sərəncamlar verilsə də, problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Bu baxımdan, hazırlanacaq yeni qaydaların maksimum çox sayda evin sənədləşməsinə imkan verməsi mühüm amillərdən biri olacaq.

    “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimovun dediyinə görə, fərdi evlərin sənədləşdirilməsi istiqamətində işlər ilk olaraq torpaqdan başlanmalıdır: “O tikililərin qanunsuz olmasının əsas səbəbi yerləşdikləri torpaqlarla bağlıdır. Torpaqlar sənədləşərsə, tikilini sənədləşdirmək çox asandır. Tikililər var ki, kənd təsərrüfatına yararlı torpaqlarda inşa olunub. Tikililər də var ki, elektrik, qaz, su, dəmiryol xətlərinin mühafizə zolaqlarında yerləşir. İlk növbədə araşdırma apararaq müəyyənləşdirilməlidir ki, bu evlərin köçürülməsi iqtisadi baxımdan daha səmərəlidir, yoxsa o torpaqlardan kənd təsərrüfatı baxımından istifadə etmək? Yaxud evləri köçürmək daha ucuz başa gələcək, yoxsa qaz, elektrik, su, dəmiryol xəttinin yerini dəyişmək? Hesablamalar apararaq bu səmərəlilik məsələsini müəyyənləşdirdikdən sonra qərar verilməlidir ki, evlər köçürülsün, yoxsa sənədləşdirilsin? Yalnız bundan sonra tikililərin sənədləşdirilməsinə başlamaq mümkündür”.

    Mütəxəssis hesab edir ki, hər bir halda, sənədsiz evlərin sənədləşdirilməsi çox vacib və zəruridir: “Bu, həm iqtisadi baxımdan dövlət üçün vacibdir, həm də həyat şəraiti baxımdan vətəndaşlar üçün. Buna görə də bu prosesin tezliklə başlanması lazımdır”.

    Şirkət rəhbəri bildirir ki, qanunsuz evlərin sənədləşməsi əmlak bazarında ciddi dəyişikliyə gətirib çıxarmayacaq: “Bu evləri onsuz da çıxarış olmadan da alıb-satırlar. Bu baxımdan, onların sənədləşməsinin bazara ciddi təsirinin olacağı gözlənilən deyil”.

    İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vuqar Bayramov da hesab edir ki, fərdi evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir: “Qeyd edim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi.

    Biz nəyi təklif edirdik və indi də məqbul hesab edirik? Əvvəla, bizim təkliflərimiz “Əmlak Aministiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

    Mərkəzin təklif etdiyi konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub: “Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.

    V.Bayramov deyir ki, bütövlükdə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir: “Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər”.

  • Dollar ucuzlaşır

    FED-in (Federal Ehtiyat Sistemi,ABŞ- red) açıq bazarlar üzrə komitəsi uçot dərəcəsini əvvəlki səviyyədə (2,25-2,5 % civarında) saxlamağa qərar verib.

    FED nümayənədələri iqtisadi artım templərinin aşağı düşəcəyindən ehtiyat etdiklərinə görə 2019-cu ildə uçot dərəcəsini artırmamağı qət edib.

    Bir çox iqtisadi şərhçilər faiz göstəricisinin bir və ya iki faiz qaldırılacağını proqnozlaşdırırdı.

    ABŞ-da təkcə 2018-ci il ərzində uçot dərəcəsi üç dəfə 0,25 faiz artırılıb.

    Faiz göstəricisinin artırılması adətən dolların digər valyutalara nisbətdə bahalaşmasına gətirib çıxarır.

    Lakin “Fed”in son qərarından sonra dünya valyuta bazarlarında dolların ucuzlaşması müşahidə olunub. Bakı vaxtı ilə saat 09.15-ə olan vəziyyətə görə, avronun dollara nisbətdə məzənnəsi 1,1423 dollara qədər yüksəlib. Dolların yenə nisbətdə məzənnəsi isə 110,55 yenə qədər aşağı düşüb.

  • Azərbaycan Gürcüstana qaz ixracını artırıb

    Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 486 014 kub metr təbii qaz idxal edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

    Qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qazın ümumi dəyəri 83 mln. 871,9 min dollar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə ixrac olunmuş qaz həcm baxımından 31 774 kub metr və ya 6,9%, məbləğ baxımından isə 3 mln. 177,8 min dollar və ya 3,9% çoxdur.

    2018-ci ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 80 mln. 694,1 min dollar olan 454 240 kub metr qaz idxal edib.

  • Banklar problemli kreditlərin həlli ilə bağlı prezident fərmanını icra edir (VİDEO)

    Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərmandan 3 həftəyə yaxın vaxt keçir.

    Median.Az “Report”a istinadən fərmanın icrasının 1 milyona yaxın ölkə vətəndaşının diqqət mərkəzində olduğunu nəzərə alaraq aparıcı banklarda bu istiqamətdəki vəziyyətlə maraqlanıb.

    Qeyd edək ki, fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı aprelin 15-nə qədər açıqlanmalıdır. Bundan sonra, bank müştərilərinə kompensasiya ödənilməsi və yaxud onlarla yeni kredit müqavilələrinin bağlanması istiqamətində işlər görüləcək.

  • Azotun güzəştli şərtlərlə səyyar satışına başlanılıb

    Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

    Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

    Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən rayonlarının ardınca növbəti səyyar satış mart ayının 18-də Şəmkir rayonunun Çənlibel kəndində baş tutub. Bu günkü satış zamanı Çənlibel və ətraf kəndlərdən 55 vətəndaş müraciət edib və 22,850 ton ammonium nitrat, 9 ton nitroammafoska, 600 kq ammofos, ümumilkdə, 32,450 ton mineral gübrə satılıb. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. Sabah – martın 19-da Qazax rayonunun Alpout kəndində növbəti səyyar satış keçiriləcək.//report.az 

  • Turkish Airlines открывает прямой рейс Анталия-Баку-Анталия

    С 31 марта авиакомпания «Turkish Airlines» открывает прямой рейс Анталия-Баку-Анталия.

    В сообщении авиакомпании отмечается, что с 31 марта по 29 мая – рейсы из Анталии в Баку будут выполняться 3 раза в неделю – по понедельникам, средам и воскресеньям, из Баку в Анталию – по понедельникам, вторникам и четвергам.

    Вылет из Анталии будет осуществляться в 23:55 по местному времени, прилет в Баку – 03:40. Вылет из Баку в 05:15 с прилетом в Анталию в 07:25

    С 1 июня 2019 текущего рейсы Анталия-Баку-Анталия будут выполняться ежедневно.