Category: İqtisadiyyat

  • Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 317,941 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% çoxdur.

    2 aylıq ticarət dövriyyəsinin 3 152,129 milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

    Son nəticədə xarici ticarətdə 986,317 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 30% çoxdur.//report.az

  • Bakıda avtomobillərin qiyməti kəskin bahalaşıb

    Bakının avtomobil bazarında orta qiymət 13,27% bahalaşıb və 48,12 min manat təşkil edib.

    “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, bu ilin fevral ayında paytaxtın avtomobil bazarında 1,738 min avtomobil satışa çıxarılıb.

    “Yanvar ayı ilə müqayisədə, avtomobil bazarında təkliflər portfeli 1,94% artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 78,83%-i benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 21,17%-ni təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 72,32%, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 27,68% təşkil edib”, – deyə N.İbrahimov bildirib.

    Onun sözlərinə görə, fevral ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 145,839 min kilometr (azalma 3,17%) olub. Avtomobillərin orta yaşı 10 il olub ki, bu da cari ilin yanvar ayının göstəricisi ilə müqayisədə, 0,02% çoxdur.

    Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,11% təşkil edib:

    “Eyni zamanda, yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 6,08%, beş ildən 10 ilədək olan avtomobillərdə 3,85%, 10 ildən 15 ilədək olan avtomobillərdə 2,82%, 15 ildən 20 ilədək olan avtomobillərdə 1,43%, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 0,74% təşkil edib”.

  • Azərbaycanın xarici borcu açıqlandı

    Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 milyard 927 milyon ABŞ dolları təşkil edib.

    Bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır.

    Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

    Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
    //oxu.az

  • Azərbaycan və İran birgə avtobus istehsal edəcək

    Hacıqabul Sənaye Məhəlləsində sabah İran tərəfi ilə “Scania” avtobuslarının birgə istehsal müəssisəsinin yaradılmasına dair müqavilə imzalanacaq.

    Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

    Nazir ölkələr arasında iqtisadi əlaqələrin son illər inkişaf etdiyini bildirib:

    “2018-ci ildə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə, 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, tranzit, sənaye, sərmayələr, kənd təsərrüfatı və turizm sahəsində əlaqələrimiz genişdir”.

    Ş.Mustafayev vurğulayıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi ikitərəfli əlaqələrdə mühüm əhəmiyyət daşıyır.Onun sözlərinə görə, keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yük 10 dəfədən çox artıb.

    Nazir əlavə edib ki, gələn ilin sonuna qədər Astara-Bakı yolu kimi Şimal istiqamətində avtomobil yolu fəaliyyətə başlayacaq:

    “İran sahibkarları yüksək səviyyəli avtomobil nəqliyyatından istifadə edib yüklərini daşıya biləcəklər”.
    /oxu.az

  • Problemli kreditlərlə bağlı ən çox verilən suallara cavab

    Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərlə bağlı ən çox verilən sualları və onlara verilən cavabları yayımlayıb.

    “Qafqazinfo” həmin yazını təqdim edir:

    – Fərmana əsasən kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur?

    – Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin xarici valyutada olan əsas kredit borclarının qalıq məbləğlərinin cəmi devalvasiya baş verən tarixlərə (2015-ci il 21 fevralın 21-i və (və ya) dekabrın 21-i) 10 000 ABŞ dollarından çox olmayan bütün növ (istehlak, biznes) təminatlı və təminatsız kreditlərinə şamil edilir.

    – Bir neçə bank üzrə əsas kredit borcunun məbləği ayrı-ayrılıqda 10 000 ABŞ dollarınadək olan, lakin ümumilikdə əsas borcu 10 000 ABŞ dollarından çox olan fiziki şəxslərə bu Fərman şamil olunurmu?

    – Xeyr. Bu Fərman 1-ci (2015-ci il 21 fevralın 21-i) və (və ya) 2-ci (2015-ci il dekabrın 21) devalvasiyaların tarixlərinə fəaliyyətdə olan və ya lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10 000 ABŞ dollarından yuxarı olmayan fiziki şəxslərə şamil edilir.

    – Fərman kredit borcunu devalvasiyalardan öncə götürmüş və devalvasiyadan sonra ödəyib bitirmiş fiziki şəxslərə da şamil olunurmu?

    – Bəli. Fərmana əsasən kredit borcunu devalvasiyalardan öncə götürmüş və devalvasiyadan sonra ödəyib bitirmiş fiziki şəxslərə müvafiq devalvasiya tarixlərində əsas kredit borcunun qalıq məbləğinə uyğun kompensasiya ödəniləcəkdir.

    – Əgər fiziki şəxs 2015-ci il fevralın 21-i tarixindən öncə 10 000 ABŞ dolları məbləğindən artıq kredit götürmüşdürsə, bu Fərman onlara şamil olunurmu?

    – Əgər fiziki şəxsin 2015-ci il 21 fevral tarixindən öncə 10 000 dolları məbləğindən artıq götürdüyü kreditin əsas borc üzrə qalıq məbləği 2015-ci il 21 fevral və (və ya) 2015-ci il 21 dekabr tarixinə 10 000 ABŞ dollarından çox deyilsə, bu halda Fərman həmin şəxslərə şamil edilir.

    – Fiziki şəxs 21 fevral 2015-ci il tarixinə 10 000 dolları həcmində əsas borc üzrə qalığı olan kreditinin bir hissəsini (misal üçün: 2000 ABŞ dollarını) 2015-ci il 22 fevral – 21 dekabr tarixləri aralığında, qalan hissəsini isə (misal üçün: 8000 ABŞ dollarını) 2015-ci il 21 dekabr tarixindən sonra ödəmişdirsə, bu halda ona kompensasiya necə hesablanacaqdır?

    – Bu halda kompensasiya 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə əsas kredit borcu üzrə qalıq məbləğlərə münasibətdə ayrılıqda hesablanacaqdır. Yəni, 2015-ci il 21 fevral tarixinə əsas kredit borcu üzrə qalıq məbləği 10 000 ABŞ dolları təşkil etdiyi üçün 2500 manat, 2015-ci il tarixinə 21 dekabr isə əsas kredit borcu üzrə qalıq məbləği 8000 ABŞ dolları təşkil etdiyi üçün 4800 manat məbləğində, cəmi 7300 manat məbləğində kompensasiya ödəniləcəkdir. Fiziki şəxslərin əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsini https://pk.fimsa.az/az/calculator linkinə daxil olmaqla hesablamaq mümkündür.

    – Fiziki şəxs devalvasiyalardan öncə götürdüyü 10 000 ABŞ dolları krediti üzrə ödənişlər etsə də, krediti tam bağlaya bilməmişdir. Bu halda, ona kompensasiya ödəniləcəkmi?

    – Bəli, kompensasiya devalvasiyadan öncə götürülmüş, lakin devalvasiyadan sonra bağlanmış və ya hələ də ödənişi tam başa çatmamış bütün kreditlər üzrə verilir.

    – Fiziki şəxsin ödəmə müddəti keçmiş kredit borcu olduqda, ona kompensasiya – ödəniləcəkdirmi?

    – Bəli. Lakin bu zaman kompensasiya, ilk növbədə, fiziki şəxsin fəaliyyətdə olan və (və ya) lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, artıq qalan məbləğ isə həmin fiziki şəxsə təqdim ediləcəkdir.

    -2015-ci il 22 fevral – 2015-ci il 21 dekabr tarixləri aralığında əsas borcunun həcmi 10 000 ABŞ dolları məbləğinədək olan kredit müqaviləsi imzalamış və həmin aralıqda müvafiq kredit borcunu ödəmiş fiziki şəxs üçün hər hansı güzəştlər nəzərdə tutulurmu?

    – Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. Müvafiq tarix aralığında devalvasiya baş vermədiyindən, fiziki şəxs onun iradəsindən asılı olmayaraq heç bir maliyyə itkisi ilə üzləşmədiyindən ona bu məqsədlə kompensasiya ödənilməsi nəzərdə tutulmur.

    – Manatla krediti olanlara hər hansı güzəşt nəzərdə tutulurmu?

    – Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq onun üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. 2015-ci il 21 dekabr tarixindən sonra ölkədə devlavasiya baş vermədiyindən fiziki şəxs bu səbəbdən hər hansı maliyyə itkisi ilə üzləşməmişdir. Bununla əlaqədar olaraq, bu məqsədlə fiziki şəxslərə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır.

    Bununla belə, həmin fiziki şəxsin 2019-cu il martın 1-i tarixinə kredit borcu üzrə gecikmə müddəti 360 gündən çoxdursa, banklar tərəfindən həmin şəxslərə əsas kredit borclarının restrukturizasiya olunması, bu kreditin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən güzəştli kreditlə əvəzlənməsi təklif olunacaqdır. Həmçinin, bu zaman həmin kreditlərə hesablanmış faizlərin və dəbbə pullarının (cərimə, penya) silinməsi nəzərdə tutulur.

    – Devalvasiya baş vermiş tarixlərdən sonra dollar krediti restrukturizasiya olunaraq manat kreditinə çevrilmiş fiziki şəxslərə Fərmana əsasən kompensasiya ödəniləcəkmi?

    – Fiziki şəxsin 2015-ci il 21 fevral və (və ya) 21 dekabr tarixlərinə xarici valyutada əsas kredit üzrə qalıq borcu 10 000 ABŞ dollarından çox olmadıqda, onlara müvafiq kompensasiyalar ödəniləcəkdir.

    – Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya avro və rubl kreditlərinə də şamil olunurmu?

    – Bəli. Fərmana əsasən kompensasiya ödənişi və ya restrukturizasiya bütün xarici valyutada olan kreditlərə şamil edilir. Bu zaman kompensasiya ödənişi həmin kreditlərin valyutalarının 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə, restrukturizasiya isə 2019-cu il 1 mart tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq hesablanmaqla həyata keçirilir.

    – Hansı kredit borclarının restrukturizasiya olunacağı nəzərdə tutulur?

    -Borcun xarici valyuta və ya manatla alınmasından asılı olmayaraq, 2012-ci il yanvar 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödənişi 360 gündən çox gecikdirilmiş kreditlərin restrukturizasiyası nəzərdə tutulmuşdur.

    – Manatla krediti olanlara hər hansı güzəşt nəzərdə tutulurmu?

    – 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə milli valyutada əsas borcun qalıq məbləğinin cəmi 17 000 manatadək olan və 360 gündən çox gecikdirilmiş kreditlər restrukturizasiya olunacaqdır.

    – Fərmana əsasən kreditlərin restrukturizasiyası nəyi nəzərdə tutur?

    – Fərmana əsasən kreditlərin restrukturizasiyası 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödəniş müddəti 360 gündən çox gecikdirilmiş kreditlər üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsini və həmin kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti ilə) verilən yeni kreditlə əvəzlənməsinə dair bankla fiziki şəxs arasında yeni kredit müqaviləsinin bağlanmasını nəzərdə tutur.

    – Fərmanın qüvvəyə mindiyi tarixə işi məhkəmələrdə olan və ya icra sənədi üzrə icraata daxil olan fiziki şəxslərin kredit borcları üzrə problem necə həll olunacaq?

    – 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək fiziki şəxslərin bütün valyutalarda bağlanmış kredit müqavilələri üzrə 2019-cu il mart 1-i tarixinə əsas kredit borcu 10 000 ABŞ dolları və ya 17 000 manatdan çox olmayan və 360 gündən çox gecikməsi olan kreditləri üzrə məhkəmədə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

    -Güzəştlərin əldə edilməsi üçün fiziki şəxslər hansı addımları atmalıdır? Fiziki şəxslər banklara müraciət etməlidirlərmi?

    – Fiziki şəxslərin banklara müraciət etməsinə zərurət yoxdur. Hazırda güzəştlərdən faydalanacaq müştərilərin siyahısı hazırlanır. Banklar bu siyahılar üzrə öz müştərilərinə müraciət edəcəkdir. Eyni zamanda, hər bir fiziki şəxs kompensasiya ödənişləri ilə bağlı yaradılacaq reyestrdə öz adının olub-olmamasını yoxlaya biləcəkdir.

  • Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?

    2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 5,5 milyard manata bərabər olub.

    Ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-fevral aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artıb.

    Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,7 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

    2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,2 faizi ticarət müəssisələri, 49,6 faizi fərdi sahibkarlar tərəfindən, 31,2 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,1 faiz artıb, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalarda 3,6 faiz azalıb.

    Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 140,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.

  • Azərbaycanda 10 min manat pensiya alan şəxslər var

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vergi Məcəlləsində edilən dəyişikliklərin Həyatın Yığım Sığortasının gəlirliyinə necə təsir etməsini şərh edib.

    Nazir ONA-ya bildirib ki, Həyatın Yığım Sığortasından dünyanın bir çox yerlərində müəyyən güzəştli şərtlərlə faydalanırlar:

    “Amma heç yerdə yüz faizlik güzəştli şərtlər yoxdur. Ona görə bizdə vacib məqam odur ki, biz sığorta şirkətlərinin, bazarda sığorta alətlərini genişləndirməsi üçün onlara müxtəlif güzəştlər veririk. Lakin bunu yüz faizlik güzəşt kimi tətbiq etmək də düzgün olmazdı. Ona görə də aparılan araşdırma zamanı belə qərara gəlindi ki, artıq onlar üçün bir neçə yüz faizlik güzəşt var və bu güzəştdən yararlanaraq müəyyən bazara sahib olublar. Bu üzdən o güzəştlər 50%-ə endirildi. Yəni istənilən şəxs həyatın yığım sığortasına müraciət edən zamanı onun əmək haqqının 50%-i tam şəkildə güzəştlərdən yararlanacaq, digər 50%-i isə pensiya sisteminə yönəldilərək sosial sığorta haqqı ödəyəcək”.

    S.Babayev qeyd edib ki, insanlar bəzən sosial sığortaya vergi kimi yanaşırlar:

    “Sosial sığorta vergi deyil. Vergi vətəndaşın dövlətə əvəzsiz ödədiyi vəsaitdir. Sosial sığorta vətəndaşa pensiya dövründə geri qaytarılacaq vəsaitdir və o, bir neçə dəfə qalxaraq vətəndaşa qayıdır. Çünki illər boyu indeksasiya olunur və ödəmə dövrü 25-30 il olduğu halda, vətəndaşın geri alma dövrü 12 ildir. Ona görə də sosial sığorta hər bir vətəndaşın özünə lazımdır. Bu gün 3, 5, 10 min manat pensiya alan vətəndaşlarımız var.

    Sırf sosial sığorta prinsiplərinə görə aldıqları əməkhaqqını tam leqal şəkildə göstəriblər, 25%-ni ödəyiblər və bu gün çox yüksək məbləğdə pensiya alırlar. Amma böyük bir kütlə insanımız var ki, onlar maaşlarını ya göstərməyiblər, ya da sosial sığorta ödəməyiblər və onlar bu gün minimum pensiya alır. Ona görə cənab prezidentimiz növbəti dəfə böyük humanist addım atdı. Minimum pensiyanı 160 manata qaldıranda vaxtilə sosial sığortanı ödəməyən 233 min insanların pensiyasını artırdı. Çünki onlar ödədikləri ödənişlə bu rəqəmə heç vaxt çatmayacaqdılar”.

  • Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu

    Problemli kreditlərlə bağlı kompensasiyaların qaytarılması və kreditlərin restruktrizasiyası ilə bağlı mexanizm martın 15-də açıqlanacaq. Kompensasiyaların verilməsinə isə ən geci aprel ayının ortalarından başlanılacaq.

    Banklarda bu kreditlərlə bağlı xüsusi İşçi qrup işləyir və hər bir müştəri ilə bağlı məlumatların toplanılması sona çatmaq üzrədir.

    İşçi qrupa bankın kredit, müştəri şikayəti üzrə mütəxəssisləri, İdarə Heyətinin üzvləri daxildir.

    Hazırda banklar gərgin rejimdə çalışırlar və gün ərzində həm telefon zənglərinə, həm də banka gələn müştərilərə məlumat verilir.

    Problemli kreditlərin çox olduğu banklarda bəzən mindən çox zəngə cavab vermək lazım gəlir, üstəlik, hər bir verilən sual rəsmiləşdirilərək, günün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilir.

    Qeyd edək ki, ölkə banklarının arasında problemli kreditlərin həcminə görə “Bank of Baku” ASC və “Unibank” ASC-də daha çox müştəri var. Ona görə də bu bankların şöbə və filialları “yüklənmiş iş rejimi”ndə çalışırlar. Xüsusən banklardan kredit tarixçələri ilə bağlı çıxarış alanların sayı çoxdur.

    İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar tərəfindən bu proses elektronlaşdırılacaq və vətəndaşın adına kart açılacaq. Banklar hər bir müştəriyə zəng vuraraq ona bütün məlumatları çatdıracaqlar və növbəli qaydada kompensasiyalar ödəniləcək. Aprelin ikinci yarısıından sonra əlaqə saxlanılmadığı halda vətəndaşın banka müraciət etməsi məsləhət görülür.

    V.Bayramovun sözlərinə görə, kredit götürənin əvəzinə borcu zamin ödəyibsə, ona fərdi yanaşma tətbiq ediləcək və kompensasiyanın ödənişindən onlar da yararlanacaqlar.
    //oxu.az

  • Bu şəxslərin maaşı artırılacaq

    “Ümumi təhsil haqqında” qanun layihəsinin 26-cı maddəsində (Ümumi təhsil müəssisəsində təhsilverənlərin sosial müdafiəsi) xüsusi təhsil müəssisələrinin işçilərinin əmək haqlarına və vəzifə maaşlarına əlavələr edilməsi məsələsi nəzərdə tutulur.

    Əlavəyə əsasən, sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin işçilərinin əmək haqlarına və vəzifə maaşlarına əlavələr ediləcək.

    Sənəddə konkret olaraq göstərilir ki, sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericilikdə müəyyən edilmiş qaydada əlavələr olunacaq.

  • Gürcüstan Azərbaycandan daha çox qaz almaq istəyir

    Gürcüstanın qaz bazarının əsas iki seqmenti – əhali və elektrik enerjisi istehsalı tamamilə Azərbaycan qazının hesabına təmin olunur və olunacaq.

    Sputnik-Gürcüstan-ın məlumatına görə, bu ölkənin iqtisadiyyat və inkişaf nazirinin müavini Natiya Turnava belə deyib.

    “Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsü olaraq qalmaqdadır və yaxın illərdə ölkəmiz Azərbaycandan daha çox qaz alacaq”.

    Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi tam işə salındıqdan sonra, Gürcüstan Azərbaycan qazının ixracında tranzit ölkə olaraq öz qaz ehtiyatlarını əldə edəcək. Bu resurslar əhalinin sosial cəhətdən zəif təbəqəsinin təmininə və elektrik enerjisi problemlərinin aradan qaldırılmasına sərf olunacaq.

    2018-ci ildə Gürcüstan Azərbaycandan 2,6 milyard kubmetr qaz alıb.