Category: İqtisadiyyat

  • Azərbaycanda kəpək istehsalı və satışı əlavə dəyər vergisindən azad edilir

    Azərbaycanda kəpək istehsalı və satışının 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur.

    Median.Az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

    Məcəlləyə kəpək istehsalı və satışının 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı 164.1.43-cü maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunur.

    Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Azərbaycanda yeni on manatlıq əskinaslar – FOTO

    Azərbaycanda on manatlıq əskinaslar yenilənib.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki, yeni on manatlıqlarda mühafizə sistemləri artırılıb.

    Yenilənmiş on manatlıq pul nişanı bugündən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan on manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

    Belə ki, mövcud on manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub, əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.


    Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir.

    Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini mətnlər və nominalın rəqəmləri görünür.

    Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

    Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən 10 rəqəmi və AMB yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində 10 AZN yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

    Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb.

  • Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır

    Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılacaq. Komitədə müvafiq dövlət strukturlarının, bankların, eləcə də cəmiyyət nümayəndələrinin iştirakı planlaşdırılıb.

    Məlumatı oxu.az-a Maliyyə Bazarlarına Nəzarət Palatası da təsdiqləyib.

    Palatadan aldığımız məlumata görə, məqsəd prosesin həyata keçirilməsi zamanı yarana biləcək hər hansı narazılıqların obyektiv şəkildə həllinə nail olmaqdır.

    Qeyd edək ki, fərman 800 000 nəfəri əhatə edir və iş prosesində də ola bilsin ki, cüzi problemlər yaransın. Bu halda hər bir şəxsin apellyasiya hüququ olacaq. Əgər nəzərə alsaq ki, bu gün problemli kreditlərlə bağlı kredit tarixçəsi olan minlərlə insan banklardan çıxarış alıblar.

    Kompensasiya ya restrukturizasiya ilə bağlı qeyd edilən məbləğlə özünün əldə etdiyi hesabdan çıxarışla uzlaşma vaxtı hansısa suallar yarana bilər. O suallarla əlaqədar araşdırmanı məhz xüsusi Apellyasiya Komitəsi aparacaq.

    Müraciət əsasında vətəndaşın suallarına cavab veriləcək, qeyd olunan məbləğin düzgün hesablanıb-hesablanmadığı, arada nəsə fərqlər varsa, ona da aydınlıq gətiriləcək.

  • Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır

    Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bu müavinətin məbləği aprelin 1-dən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur.

    “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə təyin edilir.

    Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər də (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir.

    Sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə 46 min nəfər bu müavinətlə təmin olunur.

  • Bakıda OPEC+ ölkələrinin iclası başlayıb

    Bakıda OPEC+ ölkələrinin Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası başlayıb.

    İclas Azərbaycan prezidenti İlham Əliyevin təklifi ilə keçirilir.

    Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edəcək.

    Tədbirdə OPEC üzvlərindən Əlcəzairi energetika naziri Mustafa Qituni, BƏƏ-ni energetika və sənaye naziri Suheyl əl-Mazrui, Kuveyti neft, elektrik və su naziri Xalid Əl-Fadhel, İraqı baş nazirin müavini, neft naziri Tamer əl-Qadban, Nigeriyanı neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Konqonu neft nazirinin müşaviri Jean Baptiste Pouti, Liviyanı isə Milli Neft Korporasiyasının idarə heyətinin sədri Mustafa Sanalla təmsil edəcək.

    Qeyri-OPEC ölkələrindən isə Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, Sudanın neft və minerallar naziri Azhari Abdalla, Bəhreynin neft nazirinin müşaviri Naser əl-Sovaidi və Bruneyin energetika və sənaye nazirinin müavini Matsateji Sokiavın iştirak edir.

    Tədbir martın 18-də başa çatacaq.

    Xatırladaq ki, prezident İlham Əliyev iclasın keçirilməsi ilə bağlı təklifi ötən il martın 18-də OPEC Baş katibi Məhəmməd Barkibdonun ölkəmizə səfəri zamanı irəli sürüb. Bu təklif OPEC+ ölkələri tərəfindən müsbət qarşılanaraq, neft bazarının vəziyyətinə dair toplantıların cari ilin martında eyni tarixdə neft vətənində – Bakıda keçirilməsinə razılıq verilib.

  • Azərbaycanda əhalinin pul gəlirləri artdı

    2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 7 mlrd. 619,7 mln. manat olub.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,1% çoxdur.

    İlin ilk iki ayında isə Azərbaycanda orta illik inflyasiya 1,9% təşkil edib. Bu isə o deməkdir ki, gəlirlər inflyasiyanı üstələyir.

    Statistik məlumatlara görə, cari ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 4,2% – 772,2 manatadək artıb.

    Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 6 mlrd. 952 mln. manat qalıb ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisindən 5,2% çoxdur.

  • Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan Inşaat Kimyəviləri zavodunun yeni məhsulların istehsalına başlanılıb

    Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan İnşaat Kimyəviləri Zavodunun yeni məhsullarının təqdimatı keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

    Tədbirdə İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastuktur barədə məlumat verib, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunduğunu qeyd edib. Nazim Talıbov Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, aparılan ekoloji normallaşdırma tədbirləri və parkda yerləşən müəssisələr barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 508 hektar olan Sumqayıt Kimya Sənaye Parkının hazırda 18 rezidenti qeydiyyata alınıb və bunlardanda 13-ü artıq istehsal fəaliyyətinə başlayıb. Daha 4 müəssisənin isə 2019-cu il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polymer, Karbamid zavodu, STP, polad boru, vərəqə şüşə istehlası zavodları kimi ölkə miqyaslı iri layihələr icra edilir və hazırda sənaye parkında təqribən 6 min nəfər işlər təmin olunub.

    İnşaat Kimyəviləri Zavodunun baş direktoru Adəm Yayla müəssisənin fəaliyyəti barədə məlumat verərək bildirib ki, zavodu 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə dünya miqyasında beton konstruksiyalarının təmiri ilə bağlı 100-ə qədər layihənin icrası həvalə olunub. Şirkətin fəaliyyət istiqamətlərinə struktur birləşdirmə, birbaşa şüşələmə, akustik və gücləndirici sistemlər, avtomobillərə xidmət, o cümlədən avtomobil şüşələrinin əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan enerji və fasad mühəndisliyi sahələri daxildir. Zavodun məhsullarının əsas tətbiq sahələri enerji və sənayenin bir çox sahələrini əhatə edir. Yerli xammaldan istifadə edilərək istehsal edilən məhsullar Rusiyaya, Qazaxıstana, Özbəkistana, Qırğızıstana və Gürcüstana ixrac edilir.

    Sonra İnşaat Kimyəviləri Zavodunun istehsal etdiyi su izolyasiyası, dam örtükləri, yapışdırıcı və germetiklər və s. yeni məhsulların təqdimatı olub.//report.az

  • Beşdən çox uşağı olan qadınlara verilən müavinət gələn aydan artır

    Beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinətinin məbləği aprelin 1-dən 55 manata çatdırılacaq.

    Dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, misal üçün, ailədə altı uşaq varsa, həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə, 132 manat çox) vəsait ödəniləcək. Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınların doqquz min nəfər uşağına bu müavinət verilir.

    25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur.

    Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.

  • Millət vəkili banklarla bağlı təklif verdi

    Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi.

    Bunu Milli Məclisin (MM) növbəti plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

    “Ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsi üçün bank sistemi sağlamlaşdırılmalıdır” – deyən millət vəkili qeyd edib ki, sığorta, maliyyə şirkətlərindən, investisiya fondlarından ciddi maliyyə imkanları qazanaraq bank sistemini sağlamlaşdırmaq mümkündür.

    “Ofşor zonalarında bank və maliyyə şirkətlərin yaradılması ölkənin maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edərdi. Xarici borclar alaraq iqtisadiyyatımızın inkişafına təkan verməliyik. Çünki inkişaf etmiş ölkələrdə xarici borc ümumdaxili məhsuldan artıq olur. Amma bu, onların iqtisadi inkişafına mane olmur”, – deyə, F.Ağamalı sözlərinə əlavə edib.
    /oxu.az

  • Mərkəzi Bank açıqladı: dollar kəskin ucuzlaşa bilər

    Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

    Qərar bu gün, yəni, 15 mart 2019-cu ildən qüvvəyə minir.

    İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapozonunun aşağısında qərarlaşmışdır.

    Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas prioriteti iqtisadi aktivliyin yüksəlməsi şəraitində inflyasiyanın hədəf çərçivəsində formalaşmasını təmin etməkdən ibarətdir. 2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənilir.