Category: İqtisadiyyat

  • Sənədlər yoxlanılıb, əlavə vergi hesablanıb – Kameralın nəticəsi

    2018-ci ildə aparılan kameral yoxlamalar nəticəsində Vergilər Nazirliyi təsərrüfat subyektlərinə ümumilikdə 431,7 mln. manat məbləğində əlavə vergi hesablayıb.

    Bu 2017-ci ilin göstəricisindən 0,4% çoxdur. Lakin hesablanan kameralın yalnız 167,8 mln. manatı dövlət büdcəsinə köçürülüb, bu da 2017-ci ilin göstəricisindən 2,9% azdır.

    Səbəb isə budur ki, kameral yoxlamalarla bağlı yerdə qalan vergi hesablanması üzrə məsələlər mübahisələndirilib və ya ödənişində gecikmə var.

    Qeyd edək ki, kameral yoxlamalar yalnız maliyyə sənədləri əsasında məsafədən həyata keçirilir və vergi ödəyicisinə məlumat verilir. Vergi ödəyicisi isə 5 gün ərzində bu yoxlamaların nəticələrindən şikayət vermək hüququna malikdir.

    Cari ildə Tax Free sistemi çərçivəsində isə müştərilərə 2 mln. 395,6 min manat qaytarılıb ki, bu da 2017-ci ilin göstəricisindən 17,5% çoxdur. Bu sistemin tətbiq olunduğu 2016-cı ildən etibarən ümumilikdə fiziki şəxslərə 5 mln. 123,9 min manat qaytarılıb.

  • Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?

    Aprelin 1-dən müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların sosial müavinət və təqaüdləri artacaq.

    Bu artımlar Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamı əsasında həyata keçirilir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncama uyğun olaraq, sosial müavinətin məbləği I qrup əlilliyə görə müharibə əlilləri üçün 101 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 94 manatdan – 150 manata, Prezidentin aylıq təqaüdünün məbləği isə həmin vətəndaşlar üçün 182 manatdan 250 manata çatdırılır.

    Eyni zamanda, onlara qulluq edənlər üçün 50 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunur.

    Beləliklə, sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən vəsait I qrup müharibə əlilləri üçün 60 faiz artırılmaqla 283 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar I qrup əlilliyi olanlar üçün isə 276 manatdan 450 manata çatdırılır.

    Həmin kateqoriyalardan olan II qrup əlilliyi olanların sosial müavinəti 81 manatdan 130 manata, Prezidentin aylıq təqaüdü 158 manatdan 230 manata, nəticə etibarilə onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait 239 manatdan 360 manata çatdırılır.

    III qrup əlilliyə görə sosial müavinətin məbləği müharibə əlilləri üçün 73 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 61 manatdan 110 manata, Prezidentin aylıq təqaüdü 121 manatdan 210 manata, onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait isə 194 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 182 manatdan 320 manata çatdırılır.

    Qeyd edək ki, Sosial paketin büdcədə tutduğu maliyyə yükü isə 400 milyon manat təşkil edir.

  • Mərkəzi Bank Fransa bankı ilə müqavilə bağladı

    Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində Mərkəzi Bankla “Rotshshild&Cie” Bankı arasında əməkdaşlıq razılaşması olub.

    Məkəzi Bankın məlumatına görə, səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına və əməkdaşlığın genişləndirilməsinə həsr olumuş çoxsaylı görüşlər keçirilib.

    Birinci vitse-prezidentin vacib görüşlərindən biri də “Rotshshild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşildlə olub.

    Qeyd edək ki, “Rothschild Global Financial Advisory” şirkəti 3500-dən çox peşəkar ekspertləri ilə 40-dan çox ölkədə maliyyə məsələhət xidmətləri göstərir.

    Görüş zamanı əldə olunmuş razılaşmaya əsasən, beynəlxalq maliyyə bazarları üzrə məsləhət xidmətlərində yüksək nüfuza və geniş təcrübəyə malik olan “Rotshshild&Cie” Bankı ilə Azərbaycan Mərkəzi Bankı arasında məsləhət xidmətlərinin göstərilməsinə dair Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.

    İmzalanmış müqaviləyə əsasən üç strateji istiqamət üzrə əməkdaşlıq həyata keçiriləcək:

    – Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq;

    – Banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, prosedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi həyata keçiriləcək;

    – Milli valyutada mövcud olan maliyyə alət və bazarları, onların inkişaf perspektivləri, maliyyə institutlarının rolu, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək və tövsiyələr hazırlanacaq.

    Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq.

  • TANAP bu tarixdə Avropaya qaz tədarükünə başlayacaq

    İşlər plana uyğun davam etsə, Trans-Anadolu qaz kəməri (TANAP) 2019-cu ilin iyulunda Avropaya qaz tədarükü üçün hazır olacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

    O bildirib ki, ötən ilin iyununda TANAP-ın sıfır mərhələsi işə salındıqdan sonra Türkiyəyə qaz tədarükü başlayıb. Birinci mərhələ ilə sınaq qaz tədarükü isə aprelin 15-dən başlayacaq.

    S.Düzyol əlavə edib ki, 2018-ci il iyunun 30-dan bu il fevralın 28-dək Türkiyə TANAP vasitəsilə 1,25 milyard kubmetr qaz əldə edib.

    O vurğulayıb ki, TANAP-ın buraxılış gücü ildə 16 milyard kubmetr təşkil edir, daha sonra isə bu göstəricini 31 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

  • Əhali əlindəki manatı dollara çevirir

    Azərbaycan əhalisi xarici valyuta alışını artırıb. 2019-cu ilin yanvar ayında banklar tərəfindən nağd 163 milyon 671 min dollar alınıb, 299 milyon 627 min dollar isə satılıb.

    Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatın müqayisəsi göstərir ki, ötən ilin yanvar ayı ilə müqayisədə, əhalinin banklara satdığı dolların həcmi azalıb, banklardan dollar alışı isə əksinə, artıb.

    Xatırladaq ki, 2018-ci ilin yanvarında bankların dollar alışı 195 milyon 667 min dollar, satışı isə 162 milyon 487 min dollar təşkil etmişdi.

    Bu nisbət 2018-ci ilin sonu ilə müqayisədə, fərqlidir, çünki ilin sonunda manatın devalvasiyası ilə bağlı söz-söhbətlərin artması dolların alışı və satışını artırmışdı. Xüsusən ötən ilin dekabrında bankların dollar satışının həcmi 2019-cu ilin yanvarındakından iki dəfə çox – 584 milyon 218 min dollar olmuşdu.

    Qeyd edək ki, yanvar ayında banklar tərəfindən 29 milyon 675 min avro alınıb, 59 milyon 408 min avro satılıb və hər iki göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.
    //oxu.az

  • Vergi Məcəlləsi yenə dəyişəcək

    Vergi Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsi 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinə təqdim edilməlidir.

    Vergilər Nazirliyi digər dövlət qurumları olan İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə ölkədə nağdlaşma səviyyəsinin azaldılması, növbəti dövlət büdcəsi zərfi çərçivəsində bu dəyişikliyin əsaslarını hazırlayır.

    Bununla bağlı Vergilər Nazirliyi Maliyyə və İqtisadiyyat nazirlikləri ilə birgə çalışır. Qarşıda qoyulan tapşırıqlara əsasən, əmtəəsiz əməliyyatlar aparmaqla və yalan əqdlər bağlamaqla vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, habelə bu cür əməliyyatların vergiyə cəlb edilməsi yolları razılaşdırılacaq.

  • Dolların sabaha olan məzənnəsi

    Martın 12-nə manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 12.03.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il martın 11-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • İqtisadçıdan uşaq pulunun bərpa edilməsi ilə bağlı – TƏKLİFLƏR

    2019-cu ilin ilk iki ayında sosial sahədə qəbul edilən qərarlardan sonra ən çox verilən sual daha hansı addımların atılmasına ehtiyacın olması ilə bağlıdır.

    İqtisadçı Vüqar Bayramov “Facebook” hesabında verdiyi açıqlamada əsas sualın uşaq pulunun bərpası ilə bağlı olduğunu bildirib.

    V.Bayramov qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib.

    Təkliflər nələrdən ibarətdir və mexanizm necədir?

    Ekspert hesab edir ki, uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqi məqsədəuyğundur:

    “Hazırda ölkəmizdə 17 yaşadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. Yaşına görə xərcin məbləğindən asılı olaraq, uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etidyimiz mexanizmə görə, uşaq pulunun məbləği üç yaş qruplarına görə qruplaşdırılır. Üç yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik.

    Üç yaş daxil olmaqla, bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, bir yaşda olanlar 157.8 min nəfər, iki yaşda olanlar 164.4 min nəfər və üç yaşı tamam olanlar 168.2 min nəfərdır. Üç yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir”.

    V.Bayramovun sözlərinə görə, digər differensial uşaq pulu məbləği dörd yaşdan məktəb yaşınadək olan uşaqları əhatə edir.

    “Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın dörd, 172.3 min uşağın beş və 173.8 min uşağın isə altı yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdır.

    Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: yeddi yaş 163.3 min, səkkiz yaş 149.8 min, doqquz yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir”.

    O əlavə edib ki, bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir.

    “Bu, illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq, məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır”.

    Ekspert bildirib ki, tətbiq edilən mexanizmdə illik məbləğ nisbətən böyük görünə bilər, amma CESD bu məbləğin ödənilməsi yollarını da təklif edir:

    “Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu, o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları və xərci qarşılaya bilər.

    Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib, bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də, rayonların inzibati birləşdirilməsi yolu ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğulluq proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərini optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik”, – o əlavə edib.

    //oxu.az

  • Problemli kreditlərin həcmi açıqlandı

    2019-cu il fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 569,4 mln. manat və ya bütün kreditlərin 12,2%-ni təşkil edir.

    Ümumilikdə Azərbaycanda kredit portfelinin həcmi yanvar ayında 1,04% azalıb və 12 mlrd. 884,7 mln. manata düşüb.

    Kreditlərin 2 mlrd. 62,4 mln. manatı dövlət payına malik olan banklar tərəfindən verilib və bu bankların kredit portfelindəki azalma 1,7% təşkil edir.

    Kommersiya banklarının kredit portfelinin həcmi isə 10 mlrd. 478,6 mln. manatdır və burada azalma 0,5%-dir. Qalan kredit məbləği isə bank olmayan kredit təşkilatlarının payına düşür.

    2019-cu il fevralın 1-nə kreditlərin ümumi həcminin 8 mlrd. 63,6 mln. manatı milli valyuta, 4 mlrd. 821,1 mln. manatı xarici valyuta ilə verilib. Ümumilikdə xarici valyutada kreditlərin xüsusi çəkisi 37,4% təşkil edir.

    Kreditlərin strukturuna baxsaq, 5 mlrd. 306,3 mln. manat (41,2%) həcm ilə ev təsərrüfatı sahələri öndədir. Bu isə o deməkdir ki, istehlak kreditləri üzrə portfel yenə də şişir.

    Bundan sonra ticarət və xidmət sahələri, rabitə texnologiyalrına kredit qoyuluşları daha çoxdur.

  • Moskvada “Azərbaycan nemətləri” mağazası açılıb – FOTO

    Moskvada “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Moskvadakı “DEPO” qastromarketinin ərazisində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə “Azərbaycan nemətləri” mağazası açılıb.

    Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev mağazanın açılış mərasimində çıxış edərək bildirib ki, yeni layihəni Moskvada Azərbaycan Ticarət Evinin açılmasına doğru atılan ilk addım kimi qiymətləndirmək olar. O deyib: “Ticarət Nümayəndəliyi ixracın stimullaşdırılması məqsədilə Azərbaycan məhsullarının Rusiya bazarında yayılması sisteminin formalaşdırılmasına başlayıb. Bu sistem Azərbaycan məhsullarının Rusiyaya ixracı üzrə ixtisaslaşdırılmış şirkəti olan “Azərbaycan nemətləri” mağazalar şəbəkəsini və ölkəmizin ixrac, sərmayə və turizm potensialı barədə daimi fəaliyyət göstərən sərgini özündə birləşdirəcək”.

    AZPROMO-nun rəhbəri vəzifəsinin icra edən Yusif Abdullayev deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan məhsullarının təşviqi məqsədilə mühüm bir platforma – ticarət məkanlarının yaradılmasına başlanılıb. İlk ticarət evlərindən biri məhz Rusiyada, Həştərxanda yaradılıb. Yaxın vaxtlarda belə məkanların Moskvanın müxtəlif yerlərində açılması planlaşdırılır. “Azərbaycan nemətləri” mağazasında 15 istehsalçının 200-dən çox çeşiddə məhsulu təqdim olunur.

    Xəbər verdiyimiz kimi, “Azərbaycan nemətləri” mağazasının açıldığı qastromarket 1903-cü ildə tikilmiş və mədəni irs siyahısına daxil olan Miyus tramvay-trolleybus parkı binasında yerləşir. Kvartal 11 min kvadratmetr sahəni əhatə edir. Burada 140 mağaza və 60-dan çox restoran yerləşir. Bu ilin yayına kimi yeni məkanda bütün obyektlərin müştərilərin üzünə açılacağı gözlənilir. Layihə müəllifləri hər gün kvartala ümumilikdə 20 minədək nəfərin gələcəyinə ümid bəsləyirlər.

    Burada Azərbaycan mətbəxinin nümunələrinin təklif ediləcəyi restoranın da fəaliyyətə başlaması gözlənilir.