Category: İqtisadiyyat

  • Dövlət geri çəkilsə, qiymətlər 15 dəfə artar – NAZİRDƏN AÇIQLAMA

    Azərbaycanda kommunal xidmətlərin özəlləşdirilməsi, sənaye parklarında dövlətin rolunun azaldılması ilə bağlı təkliflər yenidən gündəmə gəlib.

    Median.Az xəbər verir ki, bu mövzuda xarici və bəzi yerli ekspertlərin fikirləri ilə dövlət məmurlarının baxışları üst-üstə düşmür.

    Dünya Bankının eksperti Rajul Avaşti deyir ki, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi rəsmən 30%, qeyri-rəsmi isə 60%-dir. Stress-testlər də Azərbaycanda kifayət qədər böyük kölgə iqtisadiyyatının olduğunu göstərir. Buna görə də tədbirlər görülməlidir, çünki kölgə iqtisadiyyatı böyük olduqca vergi yığımları az olacaq.

    Bundan başqa, nağd əməliyyatlar, qara mühasibatlılıq gəlirləri gizlətməyə imkan yaradır. Xarici ekspert təklif edir ki, rəqəmsal ödənişlər, texnoloji hazırlıq artırılsın, eyni zamanda, dövlət sahibkarlıqdakı rolunu azaltsın.

    Bunun ardınca azərbaycanlı ekspert Samir Əliyev dövlətin xüsusən kommunal sahədən çəkilməsini təklif edib və bu sektorun özəlləşməyə nə vaxt veriləcəyini sual edərək, dövlətin iqtisadiyyatdakı rolunu azaltmasına toxunub.

    Hər iki ekspertin çıxışına ətraflı cavab isə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən gəlib:

    “Azərbaycanın əlində olan vərəsəliyə baxsaq və digər ölkələrin təcrübəsini nəzərə alsaq, heç də asan deyil və dövlət heç də birmənalı olaraq çəkilməli deyil. Bircə sahəni deyim, bu gün məişət tullantlarından dövlət geri çəkilsin, məişət tullantılarının idarəolunma xərci 15 dəfə qalxmalıdır.

    Bunun sosial təsirlərini qiymətləndirə bilərsinizmi? Və ya su tariflərinin arxasından bu gün dövlət geri çəkilsə, tariflər dəfələrlə qalxmalıdır. Məişət tullantıları sahəsində Dünya Bankı ilə birlikdə 15 illik proqram hazırladıq və nəticə də bu oldu ki, dövlət 15-20 il müddətində tədricən çəkilsin.

    Çünki bir poliqonun tikintisi 40 milyon dollar, idaəetmə xərcləri 10 milyon dollardır. Onun xərclərini çıxarması üçün gərək Avropadakı kimi, bir ailənin ancaq məişət tullantılarının aylıq kommunal xərci 30-50 avroya gəlib çatsın.

    Bu gün Azərbaycan ailəsinə o yükü yükləmək olmaz. Biz qərara aldıq ki, infrastrukturu yaradaq, tədricən 10 illik plan üzrə tarifləri istismar xərclərini ödəyəcək səviyyəyə çatdıraq, sonra özəlləşməyə getsin.

    İnanıram ki, digər kommunal sektorlar üzrə də analoji işlər görülüb. Su, dəmiryolu, elektrik enerjisi ilə bağlı proqramlar hazırlanıb. Lakin bunun iqtisadiyyata, cəmiyyətə, insanlara ciddi mənfi təsir olmadan, mərhələlərlə edilməsi düzgündür və mən inanıram ki, növbəti dövrlərdə irəliləyişləri görəcəksiniz”.

    Sənaye parkları, xüsusi zonalara gəlincə, nazir hesab edir ki, birmənalı şəkildə, dövlət dəstəyi olmalıdır və praktika göstərir ki, dünyada yaradılan 2500-dən çox xüsusi zonadan yalnız 15 faizi uğurludur. Bu isə arxasında dövlətin dayandığı Ərəb ölkələri, Çin, Vyetnam və başqa nümunələrdir.

    Millət vəkili Ziyad Səmədzadənin də reaksiyası kəskin olub:

    “Özəlləşdirmə dərdlərin dərmanı deyil. Əksər ölkələrdə dövlət sahibkarlığı var. Yaranmış iqtisadi potensialı qorumalıyıq və unutmayın ki, kölgə iqtisadiyyatının səbəbləri təkcə Azərbaycanla bağlı deyil, böyük hissəsi xaricdən gəlir”.

    İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə “Strateji yol xəritələri”ndə kommunal sahənin özəlləşdirilməsinin nəzərdə tutulduğunu qeyd edib. S.Həsənova bu prosesin mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb.//oxu.az

  • Mərkəzi Bankın valyuta ehtiyatları artdı

    Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2019-cu il martın 1-nə 5 mlrd. 761,9 mln. dollar təşkil edib.

    Bu, ötən iki ayda Mərkəzi Bankın valyuta ehtiyatlarının 136.2 mln. dollar və ya 2,4% artdığını göstərir.

    Qeyd edək ki, 2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artaraq, ilin sonuna 5 mlrd. 625,7 mln. dollar təşkil edib.

  • Problemli krediti olanlar mütləq izləsin – İNFOQRAFİKA

    Azərbaycanda problemli kreditlərin həllinə yönəlmiş prezidentin məlum fərmanı ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Video icmal” hazırlayıb.

    Fərmana əsasən, kredit təşkilatları, həmçinin Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

  • Bu avtomobillər gömrük rüsumundan azad edildi

    Bu gündən Azərbaycanda sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları qüvvəyə minib.

    Median.Az report-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarına əsasən, bu gündən həmçinin məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.

    Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq. Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.

  • Baş nazirdən ödənişli yollarla bağlı – MÜHÜM QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.

    Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Sənədə əsasən, yeni qayda özəl və bələdiyyə yollarına şamil olunmur.

    Aşağıdakı hallarda və müddətdə avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması barədə qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu Komissiyaya müraciət edir:

    – alternativ ödənişsiz avtomobil yolundan istifadəyə mane olan hallar yarandıqda – 6 aydan artıq olmayan müddətə;

    – hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə – bu barədə qərarda qeyd olunmuş hallar başa çatanadək;

    – avtomobil yollarında yenidənqurma və ya əsaslı təmir işləri görüldükdə – yenidənqurma və təmir işləri başa çatanadək;

    – avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndis qurğularının möhkəmliyində qüsurlar aşkar edildikdə və zəruri yol işləri yerinə yetirildikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə – müvafiq hallar aradan qalxanadək;

    – yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün real təhlükə yarandıqda – həmin təhlükə aradan qalxanadək;

    – kütləvi tədbirlər keçirildikdə – həmin tədbirlər başa çatanadək.

    Fövqəladə hallar və təbii fəlakətlər, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı avtomagistraldan istifadə ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqanın (qurumun) qərarı əsasında 24 saatdan artıq olmayan müddətə müvəqqəti məhdudlaşdırıla bilər.

    Bu barədə həmin müddət başa çatanadək müvafiq qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.

    Qərar olmadan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə yalnız fövqəladə hadisələr, həmçinin qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müvafiq qurumun razılığı əsasında yol verilir.

    Avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edildikdə, avtomobil yolunun sahibi avtomobil yolunun istifadəçilərinə nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbi, yeri, vaxtı və şərtləri, habelə alternativ yoldan istifadə imkanları barədə əvvəlcədən məlumat verməyə və bu məlumatın kütləvi informasiya vasitələri ilə yayımlanmasını təmin etməyə borcludur.

    Ödənişli avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda göstərilən şərtləri və ya qadağan edilməsi müddətini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

    Avtomagistraldan ödənişli əsaslarla istifadə ilə bağlı qərarda göstərilən istifadə müddəti bitdikdə, Komissiyanın qərarı əsasında avtomagistraldan ödənişli əsaslarla istifadəyə xitam verilir və bu barədə kütləvi informasiya vasitələrində yayımlanmaqla, avtomobil yolunun sahibi tərəfindən əhalinin məlumatlandırılması təmin edilir.

  • “AzerGold” təhlükəli tullantıları Sinqapura satmaqdan gəlir əldə edib

    “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 min manata yaxın məbləğdə mənfəət əldə edib

    “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 min manata yaxın məbləğdə mənfəət əldə edib.

    Sputnik Azərbaycan qurumun saytına istinadla xəbər verir ki, beynəlxalq standartlar əsasında fəaliyyət göstərən “AzerGold” QSC istehsalat nəticəsində formalaşan civənin qanunamüvafiq şəkildə, ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində əməli tədbirlər həyata keçirir.

    Məlum olduğu kimi, Çovdar filiz emalı sahəsində istismar işləri zamanı çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, həmçinin müəyyən miqdarda civə də mövcuddur. İnsan həyatı və ətraf mühit üçün təhlükəli olan bu element xüsusi civə tutan avadanlıqdan istifadə edilərək ayrılır və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla qəbul edilmiş xüsusi standartlara uyğun qablaşdırılır.

    “AzerGold”-un məlumatına görə, hazırda dünya praktikasında civənin torpaqda basdırılması və təkrar istehsalda istifadəsi kimi iki utilizasiya üsulu mövcuddur. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir. Ekoloji və sosial məsuliyyətin “AzerGold” QSC-nin prioritetlərindən biri olduğu nəzərə alınaraq, QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirilməsini tətbiq etməkdədir.

    Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılıb. Tələbatın olmadığından sadalanan şərtlər çərçivəsində çoxsaylı xarici şirkətlərlə müvafiq danışıqlar aparılaraq bütün tələblərə cavab verən və daha sərfəli şərtlər təklif edən, həmçinin KYC (Know Your Customer), hüquqi və texniki audit (“due diligence”) şərtlərinə cavab verən Sinqapurun “Asia Mercury” şirkəti ilə müqavilə imzalanıb. Nəticədə “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 000 manata yaxın məbləğdə mənfəət əldə edib.

    Qurumun bildirdiyinə görə, cari ilin yanvar ayında “Asia Mercury” şirkətinin direktorunun Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinə səfəri baş tutub. Səfər çərçivəsində şirkət nümayəndəsi hasilat prosesi zamanı xammalın tərkibindən civənin təhlükəsizlik qaydalarına uyğun ayrılması və saxlanılması, yaradılmış şərait, müasir texnologiyaların tətbiqi, əməyin təhlükəsizliyi ilə bağlı görülmüş tədbirləri yüksək qiymətləndirib.

    Baş tutan ixrac, bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla reallaşdırılıb. Qeyd edək ki, Minamata Konvensiyasına əsasən civə tullantılarının insan sağlamlığı və ətraf mühitə təsirini önləmək məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir.

    Qeyd edək ki, “AzerGold” ASC 11 fevral 2015-ci ildə AR prezidentinin sərəncamı ilə təsis edilib. Cəmiyyətin əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

    Hazırda ən müasir avadanlıqların köməyi ilə kəşfiyyat və geofiziki tədqiqatlar uğurla həyata keçirilir, eyni zamanda Azərbaycanın bir neçə regionunu əhatə edən irimiqyaslı qazıntı işləri üçün proqram hazırlanır.

  • Nazirlər Kabineti: Şəki aeroportunun bərpası məsələsinə baxılır

    Hazırda Şəki Hava Limanının bərpa edilərək işə salınması ilə bağlı məsələlərə baxılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti (NK) açıqlayıb.

    NK bildirib ki, Şəki şəhəri və ətraf yaşayış məntəqələri üzrə sərnişindaşımaların yaxın beynəlxalq hava limanları vasitəsilə həyata keçirilməsi, regiona sərnişin-turist axını araşdırıldıqdan və büdcə tərəfindən maliyyələşdirildikdən sonra Şəki Hava Limanının fəaliyyəti bərpa ediləcək. “Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb.

    NK qeyd edib ki, son illərdə sözügedən bölgədə, yəni Qəbələdə yeni hava limanı tikilib, Zaqatalada isə hava limanı yenidən qurularaq istifadəyə verilib.

    Şəki hava limanı isə hazırda ancaq bütün tip vertolyotları qəbul və yola salmaq imkanına malikdir.

  • Azərbaycanın xarici borcunun ümumi məbləği bəlli oldu: Adambaşına düşən məbləğ

    Azərbaycanda adambaşına düşən xarici borcun məbləği bəlli olub.

    ONA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

    Sənəddə qeyd edilib ki, Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2019-cu il yanvarın 1-i tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 14169,0 milyon ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb.

    İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 12,393,9 milyon ABŞ dolları ekvivalentində vəsait istifadə edilib.

    2019-cu ilin 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3466,8 milyon ABŞ dolları məbləğində əsas borc qaytarılıb.

    Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən, 2019-cu il 1 yanvar tarixinə 8927,1 milyon ABŞ dolları ekvivalentində olub.

    Adambaşına düşən xarici dövlət borcunun məbləği 2018-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 54,5 dollar azalaraq, 2019-cu il 1 yanvar tarixinə 895 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

  • Meşələrdən 14,5 ton qoz, 3,1 ton şabalıd toxumu yığılıb

    2018-ci ildə meşələrdən 14,5 ton qoz, 3,1 ton şabalıd toxumu yığılıb.

    Median.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb.

    Görülmüş tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

    Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb.

  • Qubada yem emalı müəssisələri istifadəyə verilib

    Quba rayonunun Talabıqışlaq, Qəçrəş və Zərdabi kəndlərində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisələri fəaliyyətə başlayıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

    Bununla əlaqədar keçirilmiş tədbirdə çıxış edən Nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. E.İbrahimov qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Quba rayonunun Talabıqışlaq, Qəçrəş və Zərdabi kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.

    Diqqətə çatdırılıb ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən müəssisələrdə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

    Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz Zeynalov çıxışında yem emalı müəssisələrinin istifadəyə verilməsinin Talabıqışlaq, Qəçrəş və Zərdabi kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

    ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Eylin Loules bu kimi birgə layihələrin əhəmiyyətindən danışıb, regionların inkişafına töhfə verdiyini qeyd edib.