Category: İqtisadiyyat

  • Yeni nəsil nəzarət kassa aparatlarının operatorları necə işləyəcək?

    Azərbaycanda yeni nəzarət kassa aparatları tətbiq edilməyə başlanıb. Real rejimdə işləyən bu kassalara vurulan bütün məlumatlar həmin vaxt Vergilər Nazirliyinin sistemində görünür.

    Hazırda vergi ödəyicilərini maraqlandıran əsas məsələlərdən biri də kassa aparatları ilə bağlı operatorların fəaliyyətidir.

    Operatorlar – Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən kassa sistemlərinin təchizatını, satışını, nazirliyin xüsusi nəzarət mexanizm qurğusu ilə təmin edilməsini, qeydiyyatını, sertifikatlaşdırılmasını, servis texniki xidmətlərin göstərilməsini həyata keçirir və rezident hüquqi şəxsdir.

    Kimlər operator ola bilər?

    Vergilər Nazirliyinin açıqlamasına görə, istənilən ölkə vətəndaşı hüquqi şəxs qismində qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verirsə, operator olmaq hüququna malikdir.

    “Bunun üçün ayrıca tender keçirilməyəcək. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs operatorlar üçün portal üzərindən gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş ərizəyə məlumatları daxil edərək Vergilər Nazirliyinə müraciət edir.

    Daxil olan müraciət əsasında hüquqi şəxsin irəli sürülən tələblərə uyğunluğu yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq və sertifikatlaşdırma üçün kassa sisteminin modelinin nümunəsinin ekspert komissiyasına təqdim edilməsi barədə bildiriş göndərilir.

    Texniki sınaq və sertifikatlaşdırma müsbət nəticə verdikdə kassa sistemi dövlət reyesterinə daxil edilir və hüquqi şəxsə operator statusu alması barədə bildiriş göndərilir”.

    Hansı tələblər var?

    Qeyd edək ki, operatorlar üçün bir sıra tələblərin irəli sürülməsi gözlənilir. Bu tələblərə onun bank hesabına malik olması, vergi ödəyicilərinə xidmət göstərəcək ən azı bir məntəqə və ya texniki filialının olması, dövlət büdcəsinə borcunun olmaması nəzərə alınır.

    Eyni zamanda, sertifikasiyadan keçərək dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən ən azı bir kassa modelinə, kassa sisteminin istehsalçısı ilə bağlanmış alqı-satqı müqaviləsinə və texniki xidmət göstərmək bacarığına malik ən azı bir əməkdaşa malik olmalıdır.

    Operatorun funksiyaları

    Operator bir sıra öhdəlikləri də öz üzərinə götürəcək. Operatorun başlıca vəzifəsi vergi ödəyicisini kassa aparatı ilə təmin etdikdən sonra vaxtında və keyfiyyətli xidmət göstərməkdir. Eyni zamanda kassa sisteminin düzgün işlədilməsini izah etməli və istismarını təmin etməli, kassa sistemini rübdə bir dəfədən az olmamaq şərti ilə müdaxilələrin qarşısını almaq məqsədilə yoxlamalı, iş fəaliyyəti zamanı yaranan nöqsanları aradan qaldırmalı, paylanılan kassa modellərinin müəyyən ehtiyatına malik olmalı və Vergilər Nazirliyi ilə qarşılıqlı fəaliyyət göstərməlidir.

    Operatorlar tərəfindən həmçinin istifadəçi təlimatı və kassa sisteminin istismar sənədləşdirilməsinin hazırlanması da həyata keçirilir. Bununla yanaşı, operatorlar kassa sistemi istifadəçilərinə əsas xidmətlərin təqdim edilməsini, kassa sisteminin nəzarət mexanizm qurğusu ilə təchiz edilməsini və qeydiyyatını, quraşdırılmasını, texniki dəstəyin göstərilməsini, təmirini, müvəqqəti kassa sisteminin təqdim olunmasını və uçotdan çıxarılmasını həyata keçirir.
    //oxu.az

  • Yeni idxal gömrük rüsumları martdan qüvvəyə minir – QƏRAR

    Sürücü də daxil olmaqla, tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları 2019-cu il martın 8-də qüvvəyə minəcək.

    Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə” qərarına əsasən, həmin tarixdən məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad ediləcək.

    Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq.

    Sürücü daxil olmaqla, 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.

  • Vahid aylıq müavinət neçə nəfərə şamil olunacaq?

    Vahid aylıq müavinətin məbləği 500 min nəfərə yaxın insana şamil olunacaq.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Məlumatda bildirilir:

    “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcəkdir.

    Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır”.

    Qeyd edək ki, İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.//oxu.az

  • Trampın “tweet”i nefti ucuzlaşdırdı

    ABŞ prezidenti Donald Tramp Çinlə keçirdiyi görüşlərdən sonra yenidən neftə “vaxt ayırmaq” qərarına gəlib. Tramp “Twitter” səhifəsində “Neft qiymətləri həddən artıq yüksəkdir. OPEC, zəhmət olmazsa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz”, – deyə mesaj yayımlayıb.

    Nəticədə, neft dünəndən ucuzlaşmağa başlayıb və 3,8% düşərək 64,62 dollara satılıb.

    Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 2,25 dollar və yaxud 3,29% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,24 dollar təşkil edib.

    Hazırda neftin ucuzlaşması davam edir.

  • Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 19 faiz artıb

    2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub.

    Median.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının 35 faizi İrana, 28 faizi Gürcüstana, 20,9 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər edib.

    Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olub.

    Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiyaya gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı 2,5 faiz artıb, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz azalıb.

    Cari ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,9 faizi dəmir yolu və avtomobil, 17,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

  • Bu şəxslər ayda 400 manat alacaqlar – Nazirdən AÇIQLAMA

    Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq.

    Nazirin sözlərinə görə, bu artımları icra etmək üçün büdcədən əlavə 300 milyondan çox vəsait ayrılacaq .

    Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri iki dəfə artacaq.

    Sahil Babayev bildirib ki, 1-ci qrup əlilliyi olan müharibə veteranlarının aylıq gəlirləri 450 manat olacaq.

    “2-ci qrup əlilliyi olan müharibə veteranlarının müavinət və təqaüdü birlikdə 360 manat, 3-cü qrup üzrə isə 320 manat olacaq.

    Sağlamlıq imkanı məhdud olan hər bir uşaq üçün müavinət 200 manata çatacaq.

    Əlilliyi olanlarla bağlı maliyyə paketimiz 300 milyon manat hesablanıb. Əlilliyi olanların əldə edəcəyi məbləğ ciddi şəkildə artacaq”.

    S.Babayev qeyd edib ki, ailə başçısını itirməyə görə müavinət 40 min vətəndaşı əhatə edir və hər bir şəxs aylıq 80 manat alacaq.

    Doqquz min vətəndaşın ailəsində beşdən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı.

    “Bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək”, – deyə nazir bildirib.

    Sahil Babayevin sözlərinə görə, əksər müavinətlər 100 faiz qaldırılıb.

    “Bu o deməkdir ki, 577 min insanın gəlirləri iki dəfə artacaq. Fevral ayında verilən son 3 qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır. Onların aylıq gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır”, – deyə nazir vurğulayıb.

  • Əlillərə də verilən təqaüdlər artırılacaq

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla əlillərə verilən təqaüdlərin məbləği artırılır.

    Sərəncamda müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub.

    Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması nəzərdə tutulur.

    Bundan başqa, I qrup əlilliyə görə sosial müavinətlərin məbləği 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılacaq.

    Qeyd edək ki, prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

  • Deputatdan əhaliyə şad xəbər: kreditlərlə bağlı qərar verilir

    “İpoteka kreditləri əlçatan olmalı və çox aşağı faizlə təklif olunmalıdır. O zaman ipoteka kreditləri həm iqtisadiyyata, həm də ailələrə qazanclı çıxmaq imkanı yaradır”.

    Median.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, sosial ipoteka ilə bağlı ayrıca qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

    “İndiki halda sadəcə sosial ipotekanın, yəni 4 faizlik ipotekanın bir məntiqi var. Buna da çıxış imkanları məhduddur, çünki çox az vəsait ayrılıb. Əslində isə sosial ipoteka öndə olmalı, buna çıxış imkanları artırılmalıdır. Çünki kommersiya şərtlərilə təklif olunan ipotekalar çox yüksək faizlə verilir və bir çox insanlar, gənc ailələr bu borcları qaytara bilmirlər. Bir müddət sonra isə mübahisələr yaranır. Bildiyim qədərilə hazırda məhkəmələrdə ipoteka kreditlərilə bağlı 25-30 minə yaxın mübahisəli məsələ var. Bu problemin həlli üçün ayrıca qanun layihəsi, yaxud prezidentin fərmanı lazımdır ki, sosial ipotekanın həcmi artırılsın və əlçatanlığı təmin edilsin.

    Bunun üçün də vətəndaşlarla dövlət arasındakı operator banklara müəyyən güzəştlər tətbiq etmək lazımdır ki, ayrılan vəsaitin üzərinə əlavə faiz qoymasınlar. Yəni, operator bankların özləri də cüzi gəlirlə işləməyə razılıq versinlər. 4, uzağı 5 faizlik sosial ipoteka ilə əlçatanlığı təmin etmək və kifayət qədər gənc ailənin problemini həll etmək olar. Bu, həmçinin ailədaxili problemlərinin də həllinə öz müsbət təsirini göstərər. Çünki ölkədə boşanma saylarının artması onu göstərir ki, ayrıca mənzilin olmamağı ailədaxili problemlərin də, sosial-psixoloji gərginliyin də artmasına gətirib çıxarır”.

    Milli Məclisin deputatı Hadı Rəcəbli isə açıqlamasında ipoteka məsələsinin hələlik Milli Məclisin gündəmində olmadığını, lakin yaxın vaxtlarda yeniliklərin olacağını bildirib:

    “Yaxın 1 həftə, 10 gün ərzində yeni, maraqlı islahatlar olacaq. Bu, əvvəldən nəzərdə tutulan məsələlərdir. İpoteka hələlik gündəmdə yoxdur, amma əhalinin banklardan aldığı kreditlər məsələsi müzakirə edilir”.

  • Maliyyə bazarlarının yoxlanılmasına qoyulan moratorium ləğv edildi – QƏRAR

    Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklikləri təsdiq edib.

    Əvvəllər yalnız “vergi yoxlamaları”na icazə verilmişdisə, dəyişikliklərə əsasən, bu siyahıya “maliyyə bazarları sahəsində aparılan yoxlamalar,” sözləri əlavə edilib.

    Beləliklə, sahibkarlıq subyektlərində yoxlamaların aparılacağı halların siyahısı genişləndirilib.

    İndi yoxlamalar Azərbaycanın maliyyə bazarlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərində də aparıla bilər.

    Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanun imzalayıb. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək uzadılıb.

    Qanuna əsasən, 2015-ci il noyabrın 1-dən 2021-ci il noyabrın 1-dək yalnız vergi yoxlamaları, gömrük auditi və eləcə də, əhalinin həyat və sağlamlığına, ölkənin milli və iqtisadi təhlükəsizliyinə təhdidlərin olduğu hallarda yoxlamalar aparıla bilər.
    //oxu.az

  • Əməkdaşlarını işdən sonra işlədənlərin nəzərinə: Dəyişiklik olacaq

    Müddətli əmək müqavilələrinin maksimal müddəti və iş vaxtından artıq vaxtda işə cəlb edilmə ilə bağlı Əmək Məcəlləsində dəyişikliklərin edilməsi istiqamətində hazırda işlər aparılır.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimlinin sözlərinə görə, Azərbaycanda əmək bazarı üzrə göstəricilərin yaxşılaşması üçün təkliflər hazırlanır və aidiyyəti qanunvericiliyin təkmilləşdirilməsi də diqqətdə saxlanılır.

    Bu dəyişikliklərlə bağlı layihələr sosial tərəfdaşlarla da müzakirə olunacaq. Hazırda işçi qrupunun 2019-cu il üzrə Fəaliyyət Planı hazırlanır. Planda “Qlobal Rəqabətlilik Hesabatı”, “İqtisadi Azadlıq İndeksi”, eləcə də “Qlobal İnnovasiyalar İndeksi”ndə mövcud olan indikatorlar (işə götürmə və işdən çıxarma praktikası, işçi-işəgötürən münasibətlərində əməkdaşlıq, əmək bazarı siyasətinin təsirliliyi, işçi qüvvəsində qadınların iştirak səviyyəsi, əməyin azadlığı, biliyə əsaslanan məşğulluq və s.) əsasında aparılacaq işlər əksini tapacaq.
    //oxu.az