Category: İqtisadiyyat

  • Son 15 ildə 2 milyondan çox iş yeri açılıb

    “Son 15 il ərzində Azərbaycanda 2 milyon yeni iş yeri yaradılıb. Əhalinin sayı isə 1,6 milyon artıb. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər”.

    Median.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı söyləyib.

    “Əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq”, – deyə dövlət başçısı qeyd edib.

  • Bakıda torpaqların qiymətləri ucuzlaşdı

    2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.

    Median.az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

    N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz bahalaşıb.

    Ekspert torpaq bazarında son aylar müşahidə edilən ucuzlaşmanı mövsümi hesab edir.

    Onun sözlərinə görə, havalar soyuduqca torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.

    N.İbrahimov vurğulayıb ki, havalar istiləşməyə başladıqca bazarda canlanma yaranacaq və bu da qiymətlərin artmasına səbəb olacaq:

    “Bu aylar torpaq almaq üçün əlverişli vaxtdır”.

  • Ünvanlı sosial yardımla bağlı – MÜHÜM YENİLİK

    Bu gündən sosial yardım üçün müraciət zamanı torpağa mülkiyyət hüququna dair çıxarış tələb edilməyəcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

    Bildirilib ki, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl addımlar atılır.

    Belə ki, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də bu gündən etibarən ünvanlı dövlət sosial yardımın (ÜDSY) alınması üçün müraciət edə bilərlər. ÜDSY üçün müraciət zamanı elektron sistem Dövlət Aktı üzrə sığortaedənin uçot nömrəsinə (SUN) dair informasiya sistemindən avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumatı əldə edəcək.

    Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət prosedurunun sadələşdirilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.

    Qeyd edək ki, indiyədək torpağa dair çıxarışı olmadığına görə, xüsusən regionlarda ayrı-ayrı aztəminatlı ailələr ÜDSY üçün müraciət edə bilmir və nəticədə sosial yardım proqramından kənarda qalırdılar.

  • Nazir sahibkarları yeni iş yerləri açmağa çağırdı

    Bu gün sahibkarlar hökumətin iqtisadi qanadını təşkil edən nazirlərin hamısının birlikdə təmsil olunduğu tədbirdə onları narahat edən məsələləri danışmaq imkanı qazanıblar. Bu dəfə müzakirə media nümayəndələrinin iştirakı ilə davam edib.

    Bu “Regionların 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda baş tutub.

    Sözü iqtisadiyyat naziri Şahin Mustafayev açıb və bildirib ki, davamlı islahatlar nəticəsində müasir iqtisadi tələblərə uyğunluq, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılıb. Nazirin sözlərinə görə, ötən il regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb.

    Kənd təsərrüfatının subsidiyalaşdırılması yoxlamaların 2021-ci ilə qədər dayandırılması, dövlət satınalmalarında yerli məhsullara güzəştlərin verilməsi və vergi güzəştlərinin tətbiq edilməsi mühüm tədbirlərdən biridir. Sahibkarları sənaye parklarında çalışmağa çağıran nazir investisiya təşviqi sənədi əsasında xüsusən regionların inkişaf edəcəyini, yeni iş yerlərinin açılacağını vurğulayıb.

    16 min sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib.
    //oxu.az

  • Azərbaycan neftinin son qiyməti

    Neftin qiymətindəki dünənki azalma Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftinə təsirsiz ötüşməyib.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.75 dollar və yaxud 2.77% azalaraq 61.48 dollar təşkil edib.

    Bu gün isə hərraclarda neftin bahalaşması müşahidə edilir. 59.83 dollarla açılan ticarət hazırda 60.16-60.20 dollar arasında manevr edir.

    Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  • Azərbaycan nefti bahalaşıb

    CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,39 dollar/barel çoxdur.

    Median.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

    Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,63 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,3 dollar/barel çoxdur.

    Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 61,5 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

  • Azərbaycan və Bolqarıstan arasında turist axını artıb

    Azərbaycan və Bolqarıstan arasında turist axını Bakı-Sofiya aviareysinin açılması ilə xeyli artıb.

    Median.az xəbər verir ki, bunu Trend-ə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

    Diplomat Azərbaycan vətəndaşlarına verilən vizaların sayının ən azı 40 faiz artdığını bildirib: “Biz hesab edirik ki, yazda müntəzəm reyslərin bərpası nəticəsində bu il də müsbət tendensiya saxlanacaq”.

    Səfir vurğulayıb ki, paytaxtlar arasında birbaşa əlaqənin qurulması hər iki ölkənin liderləri tərəfindən çox müdrik siyasi qərar idi və artıq çox müsbət nəticələr verir: “Bu, xalqlarımız arasında daha sıx əlaqələr üçün böyük imkanlar, biznesdə daha intensiv təmaslar və daha dinamik iqtisadi münasibətlər yaradacaq”.

    Ölkələr arasında viza rejiminin sadələşdirilməsinə toxunan N.Yankov deyib ki, Bolqarıstan bu məsələdə Avropa İttifaqının siyasətini əsas tutur:

    “Bizim səfirliyimiz işini Avropa İttifaqı ilə Azərbaycan arasında viza verilməsinin sadələşdirilməsi haqqında sazişə uyğun qurur. Səfirliyin konsul bölməsi qısa müddətdə viza alışı ilə bağlı sənədlərin işlənməsi üçün həmişə tam gücü ilə çalışır”.

    Qeyd edək ki, Bakı və Sofiya arasında aviareysin açılması barədə razılıq 2017-ci ilin 13 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

    Bolqarıstan paytaxtı Avropa İttifaqında ilk şəhərdir ki, Azərbaycanın “Buta Airways” şirkəti birbaşa reyslər həyata keçirir.

  • “Fitch” Azərbaycanla bağlı proqnozunu açıqladı

    “Fitch” agentliyi 2019-cu ildə Azərbaycanın xalis xarici aktivlərinin ÜDM-in 83,1 faizinədək artacağını proqnozlaşdırır.

    Agentliyin analitiklərinin hesablamasına görə, 2020-ci ildə xalis xarici aktivlərin həcmi ÜDM-in 84,7 faizinə yüksələcək.

    “Qiymətləndirmələrimizə əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanın xalis xarici aktivləri ÜDM-in 75,4%-ni təşkil edəcək. Eyni zamanda, davamlı xarici əmanətlər gələcəkdə də xalis xarici aktivlərin həcminin artımını dəstəkləyəcək. Proqnozlarımıza görə, 2019-cu ildə onların həcmi ÜDM-in 83,1%-nə, 2020-ci ildə – ÜDM-in 84,7%-nə çatacaq”.

    Agentliyin proqnozunda bildirilir ki, 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8,4%-dək artacaq. “Şahdəniz-2” yatağından hasilatın artırılması karbohidrogen ixracının artımına səbəb olacaq, bu da idxalın artmasını ödəyir. Rusiya tərəfindən ASK məhsullarının ixracına yüksək tələbat, davamlı turizm sektoru və karbamid zavodunun istifadəyə verilməsi qeyri-neft məhsulları və xidmətlərin ixracına stimul verəcək”.

    “Fitch” 2019-cu ildə Azərbaycanın icmal büdcənin profisitinin ÜDM-in 3,4%-i səviyyəsində olacağını proqnozlaşdırır.

    “2018-ci ildə hökumət icmal büdcənin profisitini ÜDM-in 3,4% səviyyəsində qeydə alıb, bu da ARDNF-nin daha yüksək gəlirləri ilə şərtlənir. Proqnozlara görə, 2019-cu ildə icmal büdcənin saldosu ÜDM-in 3,4%-i səviyyəsində qalacaq, bu da karbohidrogen ixracından gəlirlər və xərclərin orta artımı ilə dəstəklənəcək. 2019-cu ildə Azərbaycanın ümumi dövlət borcu “BB” reytinqi üçün cari orta 48,1% göstərici ilə müqayisədə, ÜDM-in 18,4%-i səviyyəsində olacağı proqnozlaşdırılır”.

    “Fitch”in qiymətləndirmələri ilə 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% artacaq.

  • Soğanın qiyməti iki dəfə bahalaşıb – VİDEO

    Türkiyədə soğanın qiymətinin fantastik dərəcədə bahalaşması Azərbaycan bazarına da təsirsiz ötüşməyib.

    Xezerxeber.az-ın məlumatına görə, son 15 gündə soğanın qiymətində 2 dəfəyədək bahalaşma müşahidə edilir. Soğan satışı ilə məşğul olanlar məhsulun bahalaşmasını Türkiyəyə ixracın artması və nəticədə yerli bazarda soğana tələbin çoxalması ilə izah edirlər.

    Türkiyədə soğanın qiyməti sürətlə artaraq bir kiloqramı bəzi satış yerlərində 6 lirəni, yəni Azərbaycan valyutası ilə 2 manatı ötüb. Bu isə Azərbaycanda soğan istehsalçıları üçün yeni və əlverişli şərait yaradıb. Amma Türkiyəyə soğan ixrac edilməsi Azərbaycanın daxili bazarında da bu məhsulun bahalaşmasına səbəb olub.

    Bazar satıcılarının dediklərindən belə nəticəyə gəlirik ki, ölkədə istehsal olunan soğan daxili tələbatı ödəməyə ancaq çatır. Belə bir halda bu məhsulun xaricə ixrac olunması daxili bazarda bu məhsula tələbatı artdırdığından qiymətlər sürətlə bahalaşıb.

    Məsələ ilə bağlı Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev “Xəzər Xəbər”ə bildirib ki, son bir ayda Türkiyəyə Azərbaycandan soğan ixracı həyata keçirilir. Və ixrac həcmi getdikcə artır. Onun sözlərinə görə, Azərbaycandan Türkiyəyə daha çox “qavrış”, Rusiya və Hollandiyanın “beyo” sortu olan soğanlar aparılır. Soğanın ixrac qiyməti isə 38-40 qəpikdən hesablanır. Azərbaycandan Türkiyəyə aparılan soğanın həcminə gəldikdə isə, bu, gələn ayın 1-ci yarısında bəlli olacaq.

    Onu da qeyd edək ki, bir neçə gün öncə Qida Təhlükəsizliyi Agentliyi soğan ixrac edən sahibkarlara müraciət ünvanlayıb. Qeyd olunub ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə bu ölkəyə xaricdən soğan daxil olmasını məhdudlaşdırma çərçivəsində Azərbaycandan ixrac edilən soğanın “zərərli risk analizi”nin aparılması barədə məlumat daxil olub.

    Məlumat daxil olduqdan sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və uyğun şərtlər daxilində Türkiyəyə soğanın ixracına icazə verilib. Ölkəmizdən bu ölkəyə aparılması nəzərdə tutulan kartofda gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərin olmamasına xüsusi diqqət yetirilir. Sahibkarların da bu məqamı nəzərə almaları xahiş olunub.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • 1 dollar 1,97 manat olacaq? – Manatla bağlı proqnoz

    “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.

    Agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.

    2019-cu ildə orta məzənnə 1,79 manat/1 dollar, 2020-ci ildə – 1,87 manat/1 dollar, 2021-ci ildə – 1,97 manat/1 dollar səviyyəsində proqnozlaşdırılır.

    “2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1,97 manat/1 dollar səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, – agentlik qeyd edir.

    2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1,7 manat/1 dollar təşkil edib.