Category: İqtisadiyyat

  • “Gunvor” “LUKOIL”la sövdələşmədən imtina etdi

    “Gunvor” beynəlxalq enerji qrupu “LUKOIL”un xarici aktivlərinin alınması təklifini rədd etdiyini açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə şirkətin “X” sosial şəbəkəsindəki statusunda qeyd olunub.

    “Gunvor” qərarını ABŞ Maliyyə Nazirliyinin şirkətə biznes fəaliyyəti üçün lisenziya verməkdən imtina etməsi ilə əsaslandırıb.

    Şirkətdən bildiriblər ki, ABŞ Maliyyə Nazirliyinin “Gunvor”un guya Rusiya ilə mövcud əlaqəsi haqqında bəyanatı yanlışdır və həqiqətən uyğun deyil. Treyderin nümayəndələri bu anlaşılmazlığın aradan qaldırılmasına çalışacaqlar, lakin indiki şərtlərdə “LUKOIL”un xarici aktivlərinin alınması təklifini geri götürürlər.

  • Evlərini kirayə verənlərdən vergi tutulması necə tənzimlənəcək?

    Evlərini kirayə verən şəxslərdən vergi tutulacaq. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Qanuna görə, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

    Əmlak eksperti Ramil Osmanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu qərarın məqsədi vergidən yayınan və evlərini kirayə verən vətəndaşların prosesə təşviq etməkdir:

    “Məqsəd onları bu prosesə cəlb etməkdir. Əvəllər mənzillərini kirayə verən fiziki şəxslər üçün 14% idi. İndi həmin faiz dərəcəsi 14%-dən 10%-ə endirilib. Bu, müsbət addımdır. Amma nəzərə almaq lazımdır ki, buna hər hansı bir formada nəzarət imkanları olacaqmı? Yəni, proses necə aparılacaq ki, evlərini kirayə verən mülkiyyətçilər vergisini ödəyə bilsin. Bundan əlavə, həmin nəzarətdən sonra evlərini kirayə verən mülkiyyətçilər prosesə cəlb oluna biləcək, ya yox. Bu artıq başqa bir məsələnin mövzusudur”.

    Ramil Osmanlı əlavə edib ki, burada əsas məqsəd maksimum nəticə əldə etməkdir:

    “İlkin illərdə ola bilər ki, 5-10% artımlar olar. Amma sonrakı illərdə nəzarəti artırmaqla, bu cür təşviq addımları sürətləndirməklə və başqa yeni mexanizmlər tətbiq etməklə mülkiyyətçiləri, o cümlədən mənzillərini kirayə verən şəxsləri tam şəkildə prosesə cəlb etmək olacaq. Çünki vergi qanunvericiliyində vergidən yayınmağa, bəyan edilməməsinə görə cərimə və sanksiyalar nəzərdə tutulur və bunu aşkar etdikdə bununla bağlı müxtəlif addımlar atıla bilər”.

    Ramil Osmanlı hesab edir ki, prosesin özündə vətəndaşlar maraqlı olmalıdırlar:

    “Çalışmalıdırlar ki, mənzillərini kirayə verərkən gələcəkdə vergi baxımından məsuliyyətdən yayınmamaq və digər hüquqi proseduru icra etmək üçün sənədləri rəsmiləşdirsinlər. Amma proses hansı formada gedəcək, onu biz bacaracağıq, ya bacarmayacağıq, bunu növbəti ilin ilk yarım ili bitdikdən sonra biləcəyik. Ondan sonra nəticələrlə bağlı konkret fikir bildirə biləcəyik”.

  • Naxçıvandakı bu şəxslər 10 il vergidən azad olunur

    Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilir.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidentləri olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-ci il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır. Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

    Vergi Məcəlləsinə edilən əlavələrə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək.

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad olacaq.

    “Gömrük tarifi haqqında” haqqında qanuna təklif edilən dəyişikliyə əsasən, bu mallar həmin dövrdə həm də gömrük rüsumlarından azad ediləcək.

  • Bu tarixdən Bakıda mənzillər bahalaşacaq

    Oktyabr ayında Bakıda mənzil bazarında qiymətlər stabil olaraq qalıb.

    Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

    O bildirib ki, mənzil bazarında ciddi bir dəyişiklik qeydə alınmayıb və hətta bazarda bir qədər baha qiymətə təklif olunan mənzillər ucuzlaşıb: “Bəzi əmlaklar var idi ki, baha qiymətə təklif olunurdu. Misal üçün, 150-160 min manatlıq evlər indi 135-140 min manata təklif olunur. Əvvəllər, yəni sentyabr-oktyabr aylarında həmin əmlaklar bir qədər baha qiymətə qoyulmuşdu. İndi onların qiyməti real qiymətlərə uyğunlaşdırılıb, çünki süni şişirdilmiş qiymətlər idi və sonradan o qiymətə mənzili alıcısının olmadığını görüb endirim tətbiq ediblər”.

    Ekspertin fikrincə, müəyyən dövrlərdə bazarda qiymət artımından sonra stabillik höküm sürür: “Qiymətlər qalxır, sonra stabillik höküm sürür. Hazırda qiymətlərin artımına təsir göstərən ciddi faktor yoxdur”.

    R.Qasımzadə bildirib ki, növbəti ilin əvvəlindən dövlət ipotekasının verilməsi mənzil bazarında qiymətlərə təsir göstərəcək: “İpoteka bazara bir impuls verir və təsir göstərir. Çünki bazara mənzil axtaran kütlə daxil olur. Yəni bazara birdən-birə minlərlə alıcı daxil olur. Belə halda adətən bazarda təklif yetəri qədər olmur. Amma bu il yetəri qədər təklif var”.

    Qeyd edək ki, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub. Beləliklə, Fond gələn il büdcədən 100 milyon manat alacaq.

  • Yanacağa görə yol vergisi kəskin artırılacaq

    Azərbaycanda avtomobil benzini, dizel yanacağı və maye qaz üçün tətbiq edilən yol vergisinin məbləği növbəti ildən etibarən əhəmiyyətli dərəcədə artırılacaq.

    Bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.

    Dəyişikliklərə görə, hazırda hər litr üçün 2 qəpik olan yol vergisi 7 qəpiyə qədər yüksəldiləcək. Bu, 3.5 dəfə artım deməkdir.

    Toplanacaq bu yol vergisinin dövlət büdcəsinin tərkibində hansı məqsədli büdcə fondları arasında necə bölüşdürüləcəyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

  • Spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər

    Azərbaycanda spirtli içkilərin aksiz dərəcələri cüzi artırıla bilər.

    Median.Az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

    Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, içməli spirtin, arağın (vodka), tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyor və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının hər litrinə görə aksiz dərəcələrinin 4,8 manatdan 5 manata çatdırılması nəzərdə tutulur.//Yenicag.az

  • Nazir: Gələn il imtiyazlı şəxslərin mənzillə təminatına 50 milyon manat xərclənəcək

    Gələn il imtiyazlı şəxslərin (şəhid ailələri, müharibə əlilləri və s. kateqoriyalardan olan imtiyazlı şəxslərin) mənzillərlə təminatına 50 mln. manat vəsait xərclənməsi nəzərdə tutulur.

    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.

    Nazir bildirib ki, dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə 2 milyard 834 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

    O qeyd edib ki, bu da cari il üzrə ayrılan vəsait ilə müqayisədə 112 milyon manat (və ya 4%) çoxdur:

    “Bu vəsaitin 97%-i və ya 2 milyard 751 milyon manatı əhaliyə ödənişlərə sərf ediləcək. Bu da cari illə müqayisədə 151 milyon manat (və ya 5,8%) çoxdur. Belə ki, müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat və ya 76%, ÜDSY üzrə 465 milyon manat (və ya 16%), haqqı ödənilən ictimai işlərin təşkili üzrə xərclər üzrə 141,7 milyon manat (və ya 5%) vəsait nəzərdə tutulub”.

    A.Əliyev əlavə edib ki, növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarı həddinin 285 manatdan 300 manata (5,3%) artırılması proqnozlaşdırılır.

  • Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manatdan çox olub.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % və yaxud 563 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,7 % artaraq 3 milyard 503,5 milyon manatı keçib.

    Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,1 % artaraq 185,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % artaraq 141,8 milyon manata çatıb.

    İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5 % artaraq 916,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 % artaraq 650 milyon manat təşkil edib.

  • Deputat: “2026-cı ilin yanvar ayından bütün növ əmək pensiyaları artacaq”

    “Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək”.

    Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

    O bildirib ki, bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək:

    “Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar 9.2 faiz artırılacaq. İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266.4 milyon manat olacaq ki, onun da 77 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10.5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, “Məşğulluq və işsizlikdən sığorta fondu” adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı”.

    “Gələn ehtiyac meyarının 300 manata çatdırılması gələn ildən sosial yardım məbləğinin artmasına səbəb olacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq”, – deyə deputat vurğulayıb.
    //oxu.az

  • Gələn il manatın məzənnəsi necə olacaq?

    “2026-cı ilin büdcə müzakirələri zamanı, hər il olduğu kimi, bu il də çox maraqlı fikirlər səsləndirilir. Hazırkı mərhələdə ictimaiyyət üçün ən diqqətçəkən mövzulardan biri manatın gələnilki məzənnə perspektividir”.

    Bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

    Onun sözlərinə görə, Mərkəzi Bank rəhbərinin çıxışları göstərir ki, növbəti ildə də manatın məzənnə sabitliyi qorunacaq:

    “Deməli, qiymət sabitliyi və makroiqtisadi balansın təmin edilməsi prioritet olaraq qalır. MB rəhbəri xüsusi olaraq vurğulayıb ki, 2026-cı ildə pul siyasətinin əsas məqsədi inflyasiyanı hədəf diapazonunda saxlamaqdır. Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək və məzənnə sabitliyi növbəti il də qiymət sabitliyinin əsası olacaq”.

    İqtisadçı bildirib ki, vətəndaş üçün də ən həssas məsələ manatın dəyəridir:

    “Əməkhaqqı, pensiya, gündəlik gəlir və xərclər hamısı manatla formalaşır. İndiki şəraitdə manatın dollar qarşısında sabit saxlanılması həm inflyasiyanın nəzarətdə qalması, həm də insanların real gəlirlərinin qorunması üçün ən doğru yoldur. Bu yanaşmanın iqtisadi əsası varmı? Təqdim edilən proqnozlara görə var. 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyard manat profisit gözlənilir. Bu profisit, eyni zamanda, valyuta bazarında sabitliyi dəstəkləyən mühüm amillərdən biridir. Bir sözlə, 2026-cı ilə dair mənzərə sabitdir. Mərkəzi Bank üçün əsas prioritetlər yenə də qiymət sabitliyi, manatın dəyərinin qorunması və maliyyə sabitliyinin təmin edilməsidir. Bu yanaşma həm bazarda inamı gücləndirir, həm də manatının alıcılıq qabiliyyətini müdafiə edir”.