Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.81 ABŞ dolları və ya 1.19% azalaraq 67.03 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.84 ABŞ dolları təşkil edib.

  • Bu il Azərbaycanda restoranların dövriyyəsi 13 faiz artıb

    2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə ictimai iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13.2% artaraq 1 milyard 990.2 milyon manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövriyyənin 1 milyard 974 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus iaşə obyektlərində formalaşıb.

    Qeyri-dövlət sektorunda dövriyyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13.3% artıb, o cümlədən fiziki şəxslər üzrə göstərici 13.6% artaraq 966.1 milyon manata çatıb.

    Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51.1%-i hüquqi şəxslərin, 48.9%-i isə fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1 milyard 7.9 milyon manat olub.

  • Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 24 % azdır.

    Hesabat dövründə Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % az) 87,43 ton (-38 %), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %) məhsul alıb.

    2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3 %-i Monqolustanın payına düşüb.

  • Qızılın qiyməti enib, gümüş bahalaşıb

    Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın bir troy unsiyasının qiyməti 42,4 dollar azalaraq 4 095,4 dollara düşüb.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, gümüşün qiyməti isə 0,3 dollar artaraq bir unsiyası 48,29 dollardan ticarət olunub.

    Xatırladaq ki, 2025-ci ildə qızıl 50 faizdən çox bahalaşaraq 11 Sentyabr, 2008 maliyyə böhranı və pandemiya dövrlərini belə geridə qoymuşdu.

  • Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq?

    “Əmək pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq”.

    Bu fikirlər iqtisadçı-deputat Vüqar Bayramovun sosial şəbəkə səhifəsindəki şərhində yer alıb.

    O bildirib ki, həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.

    “Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə Mərkəzi Bank (MB) 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. MB-də bu il Azərbaycanda qiymətlərin 6 faiz artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5.7 faiz olub.

    Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq?

    Bu o deməkdir, mövcud qanuna əsasən, Mərkəzi Bankın proqnozunda kənarlaşma olmasa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artırılacaq. Yəni, bu halda əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3 min manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir”, – deyə V.Bayramov qeyd edib.

  • Torpaq bazarında qiymətlər necədir?

    Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Torpaq bazarı son illərdə dinamik dəyişikliklər yaşayır.

    Artımın əsas səbəbləri nələrdir? Artım daha çox hansı bölgələrdə müşahidə edilir?

    “Artım xüsusilə Abşeron yarımadası, Quba – Xaçmaz, Qəbələ, Gəncə-Daşkəsən və Lənkəran bölgələrində daha çox hiss edilir”.

    Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı bildirib.

    O, vurğulayıb ki, əgər 2022-ci ildə bölgələrdə bir sot torpaq sahəsinin orta qiyməti 200-300 manat civarında idisə, hazırda bu rəqəm 400-500 manat səviyyəsinə qədər yüksəlib.

    “İnfrastrukturun daha yaxşı olduğu və turizm potensialı yüksək olan zonalarda isə qiymətlər 1000 manat və daha yuxarı ola bilir. Bakıətrafı qəsəbələrdə, xüsusilə Məhəmmədi, Novxanı, Masazır və Binəqədi istiqamətlərində torpaq qiymətləri bir sot üçün artıq 3000-7000 manat aralığında dəyişir. Ümumilikdə, son iki il ərzində bölgə torpaqlarında 15-20 % civarında artım qeydə alınıb”.

    G. İsmayılqızı torpaq bazarındakı qiymət artımının əsas səbəblərini də açıqlayıb:

    “İnfrastrukturun yaxşılaşması, yeni yollar, kommunikasiya xətləri və sosial obyektlərin inşası ərazilərin bazar dəyərini artırır. Turizm və kənd təsərrüfatı potensialının artması – xüsusilə Qəbələ, Quba və Lənkəran kimi turizm bölgələrində torpaqlara tələbat çoxalıb. Elektron sənədləşmə sistemlərinin tətbiqi – qiymətləndirmə və qeydiyyat proseslərinin şəffaflaşması bazara etimadı artırır. Ərazidə miqrasiya amilləri də qiymət artımına əhəmiyyətli dərəcədə təsir göstərir.

    Mütəxəssis vurğulayıb ki, hazırda bölgələrdə torpaq fondunun böyük hissəsini bələdiyyə torpaqları təşkil edir. Bu torpaqların sənədləşmə prosesinin sadələşdirilməsi istiqamətində yeni mərhələ başlanıb:

    “Artıq bələdiyyə torpaqları qiymətləndirmədən keçdikdən və real bazar dəyəri müəyyən olunduqdan sonra, həmin dəyər əsasında formalaşan rüsum müvafiq qurumun hesabına köçürüldükdən və ya hərracda alqı-satqı baş tutduqdan sonra sənədləşmə prosedurları başlanır.

    Bu proseslərin rəqəmsallaşması nəticəsində vətəndaşlar üçün mülkiyyət hüququnun rəsmiləşdirilməsi daha şəffaf və operativ hala gəlib. Ən önəmlisi, sənədləşmə artdıqca torpaq bazarında qiymət səviyyəsinə də ciddi təsir göstərir. Hazırda sənədli və sənədsiz torpaqlar arasında orta hesabla 50 %-ə qədər qiymət fərqi müşahidə olunur. Yəni, eyni ərazidə sənədli torpaq sahəsi 10 000 manat dəyərləndirilirsə, sənədsiz torpaq təxminən 5 000 manat ətrafında bazara təklif edilir”.

    Onun fikrincə, sənədləşmə prosesi yalnız hüquqi deyil, həm də iqtisadi dəyəri artıran amildir. Sənədli torpaqlara tələbat artdıqca, bölgələrdə bazar qiymətləri də paralel olaraq yüksəlir:

    “Bütün bu amillər onu göstərir ki, torpaq bazarı Azərbaycanda artıq yeni mərhələyə qədəm qoyub – kağız daşıyıcıdan elektron sistemə keçid, sənədləşmə prosesinin sürətlənməsi, və bazar dəyərlərinin şəffaf şəkildə müəyyən olunması qiymətlərin formalaşmasında əsas rol oynayır.

    G.İsmayılqızı vurğulayıb ki, 2025-2026-cı illərdə bələdiyyə torpaqlarının tam rəqəmsallaşması nəticəsində bazarda daha sabit və real qiymət mexanizmi formalaşacağı gözləniləndir”.

    “Regionlarda torpaq qiymətlərində artım müşahidə edilir və bunun da müəyyən səbəbləri var. Turizm potensiallı ərazilərdə qiymət artımı həmin ərazidə torpağa tələbin yüksək olması ilə bağlıdır. Lakin təkcə turizm bölgələrində deyil, respublikanın digər regionlarında da torpaq qiymətləri bahalaşıb”.

    Bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

    Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biri bu ilin yanvar ayından “Torpaq məcəlləsi”nə edilən dəyişikliklərlə bağlıdır:

    “Xüsusilə bələdiyyə torpaqlarının alqı-satqısında yeni qaydaların tətbiqi qiymət artımında əhəmiyyətli rol oynayır. Əvvəlki illərdən fərqli olaraq, bələdiyyə torpaqları yeni qaydalarla satışa çıxarılır. Qanunvericiliyin tələblərində də qeyd edilir ki, ərazi üzrə ən yuxarı son üç əqdin yuxarı həddi götürülməklə torpaq satışa çıxarılır. Bu, inzibati formada da qiymət artımına gətirib çıxarır”.

    R.Osmanlı torpaq satışında qiymət artımının hansı civarda dəyişdiyini də açıqlayıb:

    “Turizm tipli elə ərazilərimiz var ki, ötən il torpaq sahəsinin qiyməti 2000-2500 manat idisə, indi 3500-4000 manatadək artıb. Sotu 300-500 manata olan ərazilərdə belə nisbi artımlar müşahidə edilir. Həmin ərazilərdə belə 100-150 manat hər sot üzrə artım qeydə alınıb”.

    Ekspert hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaqlardakı qiymət artımı, xüsusi mülkiyyətdə olan ərazilərdə də artıma səbəb olub.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.09 ABŞ dolları, yaxud 1.6 % artaraq 67.84 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.75 ABŞ dolları olub.

  • Gələn il büdcə gəlirlərinin 44 faizi vergilərin payına düşəcək

    2026-cı il üçün dövlət büdcəsi gəlirlərinin 16 milyard 910 milyon manatı və ya 43.8%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək.

    Bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb

    Büdcə gəlirlərinin 12 milyard 835 milyon manatı (33.2%) Dövlət Neft Fondundan transfertlər, 6 milyard 862 milyon manatı (17.8%) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 1 milyard 21 milyon manatı (2.6%) büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 981 milyon manatı (2.6%) isə digər gəlirlər hesabına formalaşacaq.

    Dövlət Vergi Xidməti üzrə proqnozlaşdırılan daxilolmaların məbləği ümumi daxili məhsulun (ÜDM) 12.6%-i həcmində olmaqla cari ilin proqnozu ilə müqayisədə 1 milyard 410 milyon manat və ya 9.1%, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 102 milyon manat və ya 7% çoxdur.

  • Ötən ay karxanada xəsarət alan fəhlə öldü

    Abşeronda ötən ay hündürlükdən yıxılaraq xəsarət alan şəxs ölüb.

    1992-ci il təvəllüdlü Nurlan Balaqardaşov sentyabrın 28-i Güzdək qəsəbəsinin ərazisində yerləşən daş karxanasında hündürlükdən yıxılıb.

    Nurlan Balaqardaşov xəstəxanaya yerləşdirilib, oktyabrın 22-də orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Gürcüstan və Ukraynaya yemiş satışını bərpa edib

    Bu ilin yanvar-avqust aylarında Azərbaycan 645,3 min ABŞ dolları dəyərində 1 045 ton yemiş ixrac edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 5,4 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycan Rusiyaya 313,75 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çox) 414,2 ton (+3 dəfə), Gürcüstana 256,4 min ABŞ dolları dəyərində 515,9 ton, Ukraynaya 66,6 min ABŞ dolları dəyərində 113,9 ton və Səudiyyə Ərəbistanına 8,5 min ABŞ dolları dəyərində (-87 %) 1 ton (-83 %) məhsul satıb.

    Azərbaycan 1 il 10 aylıq aradan sonra Gürcüstana, 1 il 9 aylıq fasilənin ardından isə Ukraynaya yemiş tədarükünü bərpa edib.

    2024-cü ildə Azərbaycandan ixrac edilmiş 195 ton yemişin 71 %-i Rusiyanın payına düşüb.