Category: İqtisadiyyat

  • Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib

    Bakı Gəmiqayırma Zavodu ilə bağlı vergi güzəştinin uzadılması müraciəti konsensusla dəstəklənib, çünki zavodun fəaliyyəti ölkənin iqtisadi və strateji hədəflərinə cavab verir.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

    Nazirin sözlərinə görə, zavod Orta Dəhliz üçün də mühüm əhəmiyyət kəsb edir:

    “Ölkəmizdə qeyri-kommersiya təyinatlı gəmilərin – yanğın söndürmədən tutmuş mühafizə gəmilərinə qədər – istehsal edildiyi ikinci belə müəssisə yoxdur. Uzun illər ərzində zavod mənfəətli olmamışdı, amma son 1-2 ildə əməliyyat mənfəətinə çıxıb, yükləmə səviyyəsi xeyli artıb.

    Hazırda eyni vaxtda təxminən 10 gəmi inşa olunur. Son 12 ildə isə cəmi 14-15 gəmi istehsal edilib ki, bu da istehsal dinamikasını göstərir. Biz bu dinamikanı dəstəkləyirik”.

  • Gələn il orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır

    2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat təşkil edəcəyi proqnozlaşdırılır.

    Bu, 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, bu məbləğ 2025-ci ildə gözlənilən 537 manatdan 7,9 faiz çoxdur.

    Sənəddə həmçinin vurğulanıb ki, İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2 faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 635 milyon 590 min manatadək olması gözlənilir.

    Bildirilib ki, nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi 1 faizədək dəyişməsinin təkcə illik pensiya xərclərinə təsiri təqribən 72 mln. manat ətrafında gözlənilir.

  • Növbəti il üçün dövlət büdcəsinin gəlir və xərcləri – Açıqlandı

    Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat proqnozlaşdırılır.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

    Bu da ÜDM-in 28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.

    Layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və ya 10,6 faiz çoxdur.

    Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək.

  • Azərbaycanda neft-qaz sektorunda 31,2 min nəfər çalışır

    2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorunda 31.2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 733.7 min nəfər çalışıb.

    Median.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 375.8 min nəfər təşkil edib. Onlardan 5 milyon 96.5 min nəfəri məşğul əhali olub.

    Cari ilin sentyabrın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 764.9 min nəfər təşkil edib. Onların 855.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.1%-i məhsul istehsalı sahələrində məşğul olub. Onların 7.7%-i emal sənayesində, 6.8%-i tikintidə, 2.7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1.8%-i mədənçıxarma sənayesində, 1.7%-i isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində fəaliyyət göstərib.

    Xidmət sahəsində işləyənlərin 19%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18%-i təhsil, 8.6%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4.2%-i nəqliyyat və anbar təsərrüfatı, 3.9%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3.9%-i peşə, elmi və texniki fəaliyyət, 3.7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.9%-i istirahət, əyləncə və incəsənət, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 1.9%-i informasiya və rabitə, 1.1%-i daşınmaz əmlak əməliyyatları, 1.1%-i isə digər xidmət sahələrində çalışıb.

  • SOCAR gələn il 450 milyon manat dividend ödəməli olacaq

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2026-cı ildə dövlət büdcəsinə 450 milyon manat dividend ödəməsi nəzərdə tutulur.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

    Sənədə əsasən, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12 milyon manat və yaxud 2.6% azdır.

  • İdxal olunan məhsullar 25 faiz bahalaşıb

    2025-ci ilin avqust ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1.6%, əvvəlki ilin eyni ayı ilə müqayisədə isə 25.9% artıb.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında idxal məhsullarının qiymət indeksi ötən ilin müvafiq dövrünə nisbətən 124.8% olub.

    Hesabat dövründə ölkəyə idxal edilən ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 381.95 manat təşkil edib.

  • Azərbaycandan Bolqarıstana ixrac 34 faiz artıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Bolqarıstan arasında ümumi ticarət dövriyyəsinin həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30.5% artaraq 602.2 milyon dollara çatıb.

    Median.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Bolqarıstana 584.8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.3% artım deməkdir.

    Bolqarıstandan Azərbaycana idxal isə 17.4 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə idxalın həcmi 25 milyon 823.42 min dollar olub.

    Bu dövrdə Azərbaycandan Bolqarıstana 48 milyon 231,11 min dollar məbləğində 79 min 260,85 ton həcmində xam neft ixrac edilib.

  • Sentyabrda nağdsız ödənişlərin həcmi 24 faiz artıb

    2025-ci ilin sentyabrında ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 898 milyon manat təşkil edib. .

    Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 808 milyon manatı elektron ticarətin payına düşür.

    Qalan məbləğin 1 milyard 86 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.

    İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil edib.

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.82 ABŞ dolları, yaxud 2.72% azalaraq 65.21 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.03 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda ödəniş kartlarının sayı 13 faiz artıb

    2025-ci ilin sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı avqust ayına nisbətən 239 min ədəd artaraq 21 milyon 368 min ədədə çatıb.

    Median.Az Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 13 faiz yüksəkdir.

    Hesabat dövründə ödəniş kartlarının tərkibində debet kartlarının sayı 16 faiz artaraq, 19 milyon 252 min ədədə çatıb. Debet kartların 3.309 min ədəd sosial, 2.921 min ədəd əməkhaqqı, 13.022 min ədədi digər kartlar təşkil edir.

    Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin 9-cu ayının sonunda kredit kartlarının sayı 7 faiz azalıb. Belə ki, kredit kartların sayı 2 milyon 273 min ədəddən 2 milyon 116 min ədədə enib.

    Kartların sayının artması ölkədaxili nağdsız ödənişlərin həcminə təsir edib. Sentyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 8 milyard 898 milyon manat təşkil edib.