Category: İqtisadiyyat

  • Evlərini kirayə verənlər gələn ildən 10 faiz vergi ödəyəcəklər

    Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb olunacaq.

    Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

    Layihəyə əsasən, bu gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

    Bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.05 ABŞ dolları və ya 1.68% yüksələrək, 63.45 ABŞ dollarına çatıb.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62.4 ABŞ dolları olub.

  • Lisenziyalarla bağlı YENİ QƏRAR

    “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” təsdiq edilib.

    Median.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı müvafiq qərar imzalayıb.
    Sənədə əsasən, bu Qayda “Lisenziyalar və icazələr haqqında” Qanunun tətbiqi ilə əlaqədar yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət növünün adı göstərilməklə) üzrə lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müəyyən edir.
    Hüquqi şəxsə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkara yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növünə (fəaliyyət növünün adı göstərilməklə) lisenziya verildiyi tarixdən 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.
    Lisenziya müqaviləsi yazılı formada və müddətsiz bağlanır.
    Bu Qaydada istifadə olunmuş anlayışlar “Lisenziyalar və icazələr haqqında” Qanunda, habelə digər qanunvericilik aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
    Lisenziya sahibi qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə yanaşı, 2 nüsxədə özü tərəfindən imzalanmış, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinə münasibətdə həm də möhürlənmiş lisenziya müqaviləsini Nazirliyə təqdim edir.
    Nazirlik lisenziya verildiyi tarixdən 30 gün ərzində lisenziya müqaviləsini imzalayaraq, lisenziya sahibinə təqdim edir.
    Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, tərəflər bu müqavilənin imzalanmasından olaraq imtina edə bilməzlər.
    Lisenziya müqaviləsi müqavilənin bağlanması haqqında lisenziya sahibinə “İnzibati icraat haqqında” Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi gün qüvvəyə minir.
    Lisenziya müqaviləsi lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində bağlanmadıqda, müvafiq lisenziya hüquqi nəticələr yaratmır.
    Lisenziya müqaviləsi Mülki Məcəllədə və “İnzibati icraat haqqında” Qanunda müəyyən edilən qaydada ləğv oluna bilər.
    Məlumat üçün qeyd edək ki, qərar oktyabrın 10-da qəbul edilib, oktyabrın 21-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, oktyabrın 22-də qüvvəyə minib.
     
    ///Oxu.Az

  • Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib

    Azərbaycanın strateji valyuta ehtiyatları 80,5 milyard ABŞ dollarına çatıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bu, ilin əvvəli ilə müqayisədə 14,7 % çoxdur.

    “Strateji valyuta ehtiyatlarımız 37 aylıq idxalı maliyyələşdirməyə kifayət edir və inanılmaz yüksək göstəricidir”, – deyə baş bankir əlavə edib.

  • Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

    Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Faiz dəhlizi ilə bağlı qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

    Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.

    Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il dekabr ayının 10-da ictimaiyyətə açıqlanacaq.

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.57 ABŞ dolları və ya 0.92% yüksələrək, 62.4 ABŞ dollarına çatıb.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 61.83 ABŞ dolları təşkil edib.

  • Professor 2026-cı il icbari tibbi sığorta büdcəsini şərh etdi

    2026-cı ildə dövlət büdcəsi haqqında qanun lahiyəsinə görə, icbari tibbi sığortaya 900 milyon manatın ayrılması nəzərdə tutulub. Bu 2025-ci ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır. 

    2026-ci ildə bu sahədə yeniliklərdən biri də heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərlə bağlı olacaq. Belə ki, növbəti dəfə qanuna dəyişiklik edilməyəcəyi təqdirdə, gələn ildən onlar üçün icbari tibbi sığortanın xidmətlərinin ödənişli olması nəzərdə tutulub.

    Tibbi ekspert, professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi prosesi əslində hazırlıqsız baş verib:

    “Randevu sistemi qurulmadan, əhalinin icbari tibbi sığorta xidmətlərinə olan potensial ehtiyacını və bu xərcləri örtəcək vəsaitin miqdarı hesablanmadan icbari tibbi sığortaya başlanılıb. Bu həkimlərin fədakarlığı hesabına həyata keçdi. Bu cür Azərbaycansayağı sığorta özünü doğrulda bilməzdi. Qardaş Türkiyədə 2012-ci ilə qədər bəzi xidmətlər dövlətlə vətəndaş arasında bölünürdü. Bizdə icbari tibbi sığorta ilk növbədə az gəlirli əhali hissəsinə – işləməyən şəxslərə, tələbələrə, pensionerlərə hesablanmalı idi. Yavaş-yavaş isə əhalinin digər kateqoriyaları da daxil edilə bilərdi. Amma təəssüflər olsun ki, Azərbaycanda bunlar hesablanmadı”.

    Adil Qeybulla hesab edir ki, 2026-ci il üçün ayrılan vəsaitlə də effektiv sistem qurmaq olar:
    “Amma əsas məsələ burada bir iradənin ortaya qoyulması və mənimsəmələrin olmamasıdır. Hər şey şəffaf olmalıdır. Belə olarsa daha yaxşı bir icbari tibbi sığorta sistemi qurula bilər”.
    Professor icbari tibbi sığortanın qurulması zamanı beynəlxalq təcrübəyə müraciət olunmanın vacibliyini vurğulayıb:
    “Ən azı qardaş Türkiyə və başqa ölkələrin təcrübəsinə əsaslanmalıyıq. Yavaş-yavaş ayrılan vəsait çərçivəsində mümkün xidmətləri bura daxil etməliyik və konkret kateqoriyalar müəyyən edilməlidir. Çünki burada 4 kateqoriyalı əhali var. Məsələn, yüksək gəlirli şəxslər, biznesmenlər, işsizlər, az gəlirli əhali – tələbələr, təkuşaqlı analar və s. bunların hər biri ayrı-ayrılıqda sığortalanmalıdır. Təəssüflər olsun ki, bunlar həyata keçirilmədi və nəticədə icbari tibbi sığorta dalana dirəndi. Bu gün ölkənin iqtisadiyyatını nəzərə almaq lazımdır. Biz də işimizi buna uyğun qurmalıyıq”.

  • Oktyabrın pensiya ödənişi yekunlaşdı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

    Bu barədə nazirlik məlumat yayıb.

    Qeyd edilib ki, oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.34 ABŞ dolları və ya 0.55% azalaraq 61.83 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62.17 dollar təşkil edib.

  • 2025-ci ildə Azərbaycana gətirilən humanitar yardımın həcmi azalıb

    2025-ci ilin ilk 9 ayında Azərbaycana idxal olunan humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyələrin ümumi dəyəri 28 milyon 912.95 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2.1 dəfə az olub.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il həmin kateqoriyaya aid idxalın dəyəri 60 milyon 828.89 min manat idi.

    Eyni dövrdə ölkədən ixrac olunan humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyələrin dəyəri də azalıb. Belə ki, 2024-cü ildə bu göstərici 3 milyon 673.22 min manat olduğu halda, 2025-ci ildə 3 milyon 245.18 min manata enib.