Category: İqtisadiyyat

  • Qızılın qiyməti 4200 dolları keçərək tarixi maksimumu yeniləyib

    Nyu York Ticarət Birjasının bölməsi olan “Comex”də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 200 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.

    Bu barədə Median.Az ticarət platformasının məlumatlarına istinadən xəbər verir.

    Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün 4 202,4 dollar (+0,64%) təşkil edib. Bakı vaxtı ilə saat 05:17-yə olan vəziyyətə görə, qızılın dəyəri bir unsiya üçün 4 199,8 dollara qədər artımını yavaşladıb (+0,58%).

  • Ramiz Mehdiyevin ailə bankı ciddi zərər görüb

    “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Bankın maliyyə hesabatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

    9 ay ərzində “Bank BTB”nin əməliyyat gəlirləri 30.12 milyon manat (illik müqayisədə 9.3% çox), əməliyyat xərcləri 25.724 milyon manat (8.4% çox), xüsusi ehtiyatlara ayırmaları 2.205 milyon manat (4.9 dəfə çox), gözlənilməz xərcləri isə 2.831 milyon manat (27% az) təşkil edib.

    Bu il oktyabrın 1-nə “Bank BTB”nin aktivləri 389.268 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5.7% çoxdur. Bunun 276.304 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0.4% böyüyüb.

    Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 7% artaraq 338.413 milyon manat, o cümlədən depozit portfeli 11.9% artaraq 167.873 milyon manat, balans kapitalı isə 2.2% azalaraq 50.855 milyon manat olub.

    Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.74%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

    Qeyd edək ki, Nigar Mehdiyeva ötən gün cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlinidir.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 2.17 ABŞ dolları və ya 3.27% azalaraq 64.11 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.28 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda sadələşdirilmiş verginin bəyannaməsini artıq öncədən doldurmaq mümkün olacaq

    Azərbaycanda “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib.

    Median.Az bu barədə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Yeni “prefiling” sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

    Bəyannamənin əvvəlcədən doldurulması sistemi həm vergi ödəyiciləri, həm də vergi inzibatçılığı üçün bir sıra üstünlüklər verir. Sistem inzibatçılıq yükünü azaldır, vergi ödəyicilərinin vaxtına qənaət edir, məlumatların düzgünlüyünü artırır və hesabatlılıq prosesini sadələşdirir. Eyni zamanda, vergi bəyannamələrinin daha operativ və dəqiq tərtib edilməsinə, məlumatların öncədən yoxlanılması ilə səhvlərin aradan qaldırılmasına, nəticədə, vergi ödəyicilərinə göndərilən uyğunsuzluqların azalmasına və əlavə yazışmaların qarşısının alınmasına şərait yaradır. Ümumilikdə, “prefiling” sistemi vergi hesabatlarının keyfiyyətinin və səmərəliliyinin artırılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə və vergi ödəyicilərinin inzibati yükünün əhəmiyyətli dərəcədə azalmasına xidmət edir.

    “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması xidmətinin tətbiqi bəyannamələrin tərtib edilməsi istiqamətində həyata keçirilən islahatların davamıdır. Yaxın gələcəkdə Dövlət Vergi Xidməti tərəfindən digər bəyannamələr üzrə də öncədən doldurulma (“prefiling”) sisteminin də istifadəyə verilməsi planlaşdırılır.

    Qeyd edək ki, “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “yol xəritəsi”ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi nəzərdə tutulur.

  • Mobil telefon rabitə sahəsində əldə olunan gəlirlər 23 milyon manatdan çox artıb

    İnformasiya və rabitə xidmətlərinin həcmi artıb.

    Cari ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2 milyard 740,7 milyon manat dəyərində xidmət göstərilib.

    Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 185,5 milyon manat və ya 7,26% çoxdur.
    Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 2 milyard 555,2 milyon manat təşkil edib.

    Hesabat dövründə xidmətlərdən əldə edilən gəlirlərin 932,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
    Ötən ilin eyni dövründə bu sahədə gəlirlər 908,9 milyon manat idi. Beləliklə, mobil rabitədən əldə edilən gəlirlər 23,4 milyon manat və ya 2,57% artıb.

  • VÖEN-i necə aktivləşdirmək olar?

    Bir müddət əvvəl fəaliyyətimi dayandırdığım üçün VÖEN-i bağlatdırmışam. Onu yenidən necə aktivləşdirə bilərəm?

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs fəaliyyətini aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı və ya “Fiziki şəxsin fəaliyyətinin bərpası” arayışını təqdim etməlidir.

    Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı Dövlət Vergi Xidmətinin internet səhifəsinin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə istifadəçi təlimatı vasitəsilə tanış ola bilərsiniz.

    Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası: https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

  • Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Qiymət 35% bahalaşıb

    Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 98 milyon 703,2 min dollar dəyərində 13 min 625,6 ton kərə yağı idxal olunub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 7,2 dollar (12,2 manat) olub.

    Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) təşkil edib.
    Açıqlanan rəqəmlərdən də göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri son bir ildə 35,5% bahalaşıb.

    Onu da bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycan 18 ölkədən kərə yağı idxal edib.

    Ən çox kərə yağı İrandan (5 372,9 ton), ən az isə İspaniya və Lüksemburqdan (hər birindən 0,01 ton) gətirilib.

    Ən baha kərə yağı Lüksemburqdan (bir kiloqramı 117,3 manat), ən ucuz isə Hindistandan (9,8 manat) idxal edilib.

    Ötən ildən fərqli olaraq, bu il Azərbaycana Səudiyyə Ərəbistanından da böyük miqdarda – 1 011,4 ton kərə yağı gətirilib.

    Bu ilin ilk 8 ayında Azərbaycan aşağıdakı ölkələrdən kərə yağı idxal edib:

    İran – 5 372,89 ton (bir kiloqramının orta gömrük dəyəri 10,5 manat)
    Türkiyə – 161,62 ton (13,1 manat)
    Yeni Zelandiya – 3 205,55 ton (13,1 manat)
    Ukrayna – 1 078,7 ton (12,6 manat)
    Səudiyyə Ərəbistanı – 1 011,42 ton (14,5 manat)
    Belarus – 924,55 ton (12,9 manat)
    Finlandiya – 749,51 ton (16 manat)
    Hindistan – 429 ton (9,8 manat)
    Fransa – 259,68 ton (16,6 manat)
    Almaniya – 236,89 ton (16,4 manat)
    Belçika – 82,5 ton (15,2 manat)
    Litva – 55,12 ton (15,4 manat)
    Türkmənistan – 20 ton (9,9 manat)
    İtaliya – 17,46 ton (20,6 manat)
    Polşa – 14,95 ton (15 manat)
    Rusiya – 5,07 ton (17,9 manat)
    Portuqaliya – 0,64 ton (38,3 manat)
    İspaniya – 0,01 ton (11,9 manat)
    Lüksemburq – 0,01 ton (117,3 manat)

    Məlumat üçün onu da qeyd edək ki, bu ilin avqust ayında marketlərdə kərə yağının orta pərakəndə satış qiyməti bir kiloqram üçün 24,1 manat olub.

  • Marketlərdə 40, köşklərdə 80 qəpik – Fərqin səbəbi nədir?

    Təcili nəsə almaq lazım olanda, yol keçəndə üz tutduğumuz yerlərdən biri də köşklərdir. Lakin burada məhsullar eyni olsa da, qiymətləri daha fərqli – baha olur. Məsələn, marketdən 45 qəpiyə aldığımız su köşklərdə 80 qəpiyə satılır.

    Köşklərdə məhsulların baha satılmasının əsaslı səbəbləri varmı? Niyə köşklər məhsulları baha qoyur?

    Valyuta.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, köşklə supermarketin biznes modeli fərqlidir:

    “Supermarketdə hər şey var. Supermarketlər qazanclarını çoxlu satışdan əldə edir. Hər məhsulun üzərinə kiçik marja qoyur və qazancını dövriyyədən götürür. Amma köşklərdə isə biznes modeli fərqlidir. Köşklər az-az satıb daha çox qazanmaq istəyir. Çünki bilir ki, onun müştərisi supermarketə girən müştəri deyil, onun müştərisi təsadüfən, təcili lazım olanda alış edən müştəridir. Yəni məsələ fərqli biznes modellərinin olmasıdır. Köşklər az satıb, satdığından daha çox qazanmaq istəyir. Supermarketlərdə isə davamlı, dayanıqlı və çoxlu satışla pul qazanmaq məqsəd qoyulur. Məsələn, köşkdə gün ərzində 10 su satılırsa, supermarketdə 150–200 və ondan çox satılır”.

    Ekspertin sözlərinə görə, həm köşkün, həm də supermarketin özünəxas xərcləri var:

    “Köşk əlçatan olduğuna görə, əsasən sürətli alış-verişlər üçün nəzərdə tutulur. Biznes modelləri fərqlidir və bizi heç kim məcbur etmir ki, gedib köşkdən nəsə alaq. Dünyanın hər yerində də bu belədir. Köşklər və turistlik məkanlardakı satış nöqtələri supermarketlərlə müqayisədə daha bahalı olur”.

  • Azərbaycan əhalisinin gəlirləri 8 %-ə yaxın artıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 66 milyard 267,3 milyon manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 % çoxdur.

    Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 7,2 % artaraq 6 471,8 manata çatıb.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.08 ABŞ dolları və ya 0.12% azalaraq 66.28 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.36 ABŞ dolları təşkil edib.